Uşaqlarda diş çürümələri niyə artıb?
Uşaqlarda diş çürümələri günümüzün ən aktual problemlərindən birinə çevrilib. Erkən başlayan bu çürümələr gələcəkdə də ağız və diş sağlamlığına təhlükə yaradır. Bəs balacaların dişləri nə səbəbdən çürüyür?
Stomatoloq Xatirə Həsənova e-tibb.az-a bildirib ki, uşaqlarda diş çürüməsinin əsası ana bətnindən başlayır: "Burada ananın hamiləlik dövrü qəbul etdiyi dərmanlar da xüsusi rol oynaya bilər. Həkim qan azlığı olan qadınlara dərman təyin edəndə bunu nəzərə almalıdır. Yəni diş zədələnmələri əsasən bu səbəbdən başlayır. Bundan əlavə, ananın zərərli vərdişləri - siqaret çəkmək, alkoqol, narkotik qəbul etmə də uşağın diş problemləri ilə doğulmasına gətirib çıxarır. Ananın hamiləlik dövründə hansısa infeksion xəstəlik keçirməsinə də diqqət etmək lazımdır. Bütün bunlar ana bətnindəncə gələcəkdə çıxacaq dişlər üçün problem yarada bilir".
Həkim deyib ki, uşaq doğulduqdan sonra dişlərin çürüməsinin bir çox səbəbi var. Buraya körpənin keçirdiyi infeksion xəstəlik, qəbul etdiyi qidada kalsium, minerallar, ftor çatışmazlığı da aiddir. Stomatoloq körpələrin şirin qidalar qəbul etməsini də dişlər üçün ziyanlı hesab edir: "Təsəvvür edin ki, uşağa butulkada şirin çay verirlər, hətta çay bitəndən sonra uşaq əmziyi ağzında çeynəməyə başlayır. Bu, çox ziyanlıdır. Dişlər çıxandan sonra patogen mikroblar zədələnmələrə gətirib çıxara bilir. Məsələn, ana öz qaşığında övladına yemək verərsə, başqasının fincanında su içirərsə, uşağın ağzından öpülərsə, ağız boşluğuna mikrob keçə bilər. Körpələrin dişlərinin fırçalanmaması da bu mikroblara yoluxmağa səbəb olur. Uşaqlara dişlər çıxandan sonra şirniyyat verilməsi daha təhlükəlidir. Şirniyyat qırıntıları dişlərin arasında qaldıqdan bir müddət sonra toksinlər ifraz edir ki, bunlar da dişin mina qatını kəskin zədədləyir".
Stomatoloq analara bir sıra məsləhətlər də verib: "Övladlarınızın diş sağlığını hamiləlik dövründən düşünün. Hamilələr tərkibində kalsium, minerallar, ftor olan vitaminlər içməli, öz ağız boşluğuna çox yaxşı qulluq etməlidirlər. Uşaq doğulduqdan sonra isə onları şirin qidalardan uzaq tutmağa çalışmalıdırlar. Şirin çay çox az miqdarda verilə bilər. Süd dişləri çıxan kimi tərkibində ftor olmayan pastalar və yumşaq fırçalarla dişlər təmizlənməlidir. Dişlərin üzərində heç bir qida qalığı qalmamalı,uşaqlarda dişlərin təmizlənməsi vərdişi yaradılmalıdır".
Valideynlərin uşaqlarda süd dişlərinin daimi olmaması səbəbindən onların çürüməsinə laqeyd yanaşmalarına gəlincə, həkim bunun yanlış yanaşma olduğunu vurğulayıb: "Bəlkə də əvvəllər belə bir düşüncə ola bilərdi. Müasir stomatologiya elminə görə isə, uşağın süd dişlərinin sağlamlığına daha çox fikir verilməlidir. Əgər uşağın süd dişində kariyes yaranıbsa, bu ciddi təhlükə deməkdir. Çünki bu həm də daimi dişlərin çıxmamışdan zədələnməsi deməkdir. Bundan başqa, süd dişlərinin vaxtından əvvəl çəkilməsi də doğru deyil. Süd dişinin çəkilməsi daimi dişlərin çənə skeletindəki düzülüşünə də təsir edir. Valideynlər bilməlidir ki, uşaq hər 6 aydan bir stomatoloq müayinəsindən keçməlidir. Əgər süd dişində kariyes varsa, mütləq təmizlənməli və plomb qoyulmalıdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət