Dərc edildi: Baxış sayı: 1170
Uşaq verilişləri onların beynini necə inkişaf etdirir?
Onlar turşu kimi boyalar və anlaşılmaz süjet xətləri ilə dolu hipnotik dünyaları təsvir edir, lakin biz böyüdükdə uşaq televiziyası bizə beynimizin necə inkişaf etməsi barədə gözlənilməz biliklər verə bilər.
Pepi Nana tərpənib yataqda oturur.
"Tidl-todl, tidl-todl", - o, qollarını yelləyərək və iri girdə gözlərini qırparaq deyir. Masaya tərəf keçir, oturur və ön cibindəki böyük qələmdən istifadə edərək Aya məktub yazır.
"Tidl-todl, zəhmət olmasa çay içməyə gəlin, bizim maraqlı hekayəmiz ola bilər. Pəncərədən, sevgilərlə, sizin Pepi Nana".
O, oyuncaq evinin eyvanına çıxır, məktubu öpür və onun gecə səmasına necə uçub getdiyini izləyir.
Pepi Nananın bilmədiyi odur ki, Ayda mum görünüşlü və gözləri qapqara bir məxluq yaşayır, adı da ki Ay Baladır (Moon Baby).
Daimi təbəssümü və mavi Mogikanı var. O, onun məktubunu oxuyur, xalatının başlığını qaldıraraq kraterindən çıxıb yerə doğru uçur...
Əksər insanların uşaqlıqdan bəyəndikləri televiziya şousu var.
Əgər siz valideynsinizsə, ola bilsin ki, uşaqlarınızın xoşladığı bir şou sizə qəribə, hətta bir az ətürpədirici gəlsin.
Hazırda, bir çox valideyn üçün bu cür şou Ay və Mən şousudur.
Bu şou Pepi Nana, cənab Onion (cənab Soğan) adlı yumşaq çəhrayı soğan və südlü, klouna bənzəyən Colly Wobble də daxil olmaqla, ay parıldadığı zaman canlanan və bir-birinə bənzəməyən kuklalar tamaşasının ardınca göstərilir.
Mənim qohumlarımın 1,5 yaşı olan uşağı bu cür skeptisizmi bölüşmür.
İzlədiyimiz epizodda o, gülümsəyir, səslər çıxarır, barmağı ilə göstərir və "vau" deyərək ekrana daha da yaxın çəkilir. Səkkiz yaşlı qızım isə həmin şounu böyük maraqla izləyir.
Görəsən, bu məktəbəqədər televiziya şoularını gənc tamaşaçılar üçün bu qədər cazibədar, böyüklər üçün isə qəribə edən nədir?
Bir ana olaraq, uşaqlarımın televiziya proqramlarına baxmaqlarının sağlam bir uşaqlıq təcrübəsi və ya uşaqlarımı inkişafdan qoyan və zehni korlayan bir fəaliyyət olub-olmadığı məni narahat edir. Bu şouları anlamamağım bu sualın cavabını axtarmaqda kömək etmir.
Ancaq məlum olur ki, qəribəlik, yaxşı bir şey ola bilər.
Uşaq beyni məlumatları böyüklərdən fərqli tərzdə qavrayır - bizim üçün qəribə olan uşaqlar üçün çox vaxt maraqlı olur.
Bu fərqləri daha yaxşı anlamaq sağlam, daha maraqlı televiziya proqramları yaratmağa kömək, uşaqların dünyanı dərk etmələrini və əylənmələrini təmin edə bilər. Bu da biz valideynlərə uşaqlarımızın izlədiyi televiziya proqramlarına dair daha düzgün qərar çıxarmağa imkan yaradır.
Məlum olur ki, Ay və Mən proqramı Teletubbies şousunun yaradıcısı Andrew Davenportla uşaqların təhsili və hekayəsöyləmə bacarıqları sahəsində ixtisaslaşmış bir tədqiqatçı Dylan Yamada-Rise arasında qurulmuş və qarşısına uşaqların oyuncaq evlərə necə reaksiya göstərdiklərini tədqiq etmək məqsədi qoyan bir araşdırma məhsuludur.
Sesame Küçəsi şousunda hər epizodun təhsilə kömək etməsi üçün inkişaf üzrə psixoloqlar və təhsil mütəxəssisləri işə cəlb olunub
Alimlərlə uşaq televiziyaları arasında belə birbaşa əməkdaşlıq yeni deyil.
2019-cu ildə 50 illik yubileyini qeyd edən "Sesame Street" (Sesame küçəsi) şousu başladığı dövrdən etibarən heyətinin bir qismini inkişaf üzrə psixoloqlar və təhsil ekspertlərindən təşkil edib.
Həmmüəllif Joan Ganz Cooney hesab edir ki, televiziya proqramlarından uşaqları uşaq bağçasına daha yaxşı hazırlamaq üçün bir tədris vasitəsi kimi istifadə edilə bilər.
1970-ci ilin yanvar ayına qədər, ilk yayımlandıqdan cəmi bir neçə ay sonra, ABŞ-da iki yaşından beş yaşınadək uşaqların təxminən üçdə biri şounu müntəzəm izləyib, hər epizodu isə orta hesabla beş milyonadək uşaq izləyib.
Əyləncəli olmasına baxmayaraq, hər epizod xüsusi təlim məqsədləri ilə planlaşdırılıb və indiyədək bu qayda ilə hazırlanır.
"Sesame proqramının məqsədi uşaqlara daha ağıllı, daha güclü və mehriban böyümələrinə kömək etməkdir", - Sesame Workshop tədris planı və proqramı üzrə baş vitse-prezident və inkişaf üzrə psixoloq Rosemarie Truglio deyir.
1960-cı illərin sonlarında ABŞ-ın əksər evlərində televizor olsa da, Sesame Küçəsi şousunun izlənmə imkanları evin harada yerləşdiyindən asılı idi, çünki bir bölgələrdə bu proqram çox yüksək tezlikli (VHF) kanalda, digər bölgələrdə isə ultra yüksək tezlikli (UHF) kanalda yayımlanırdı.
UHF siqnalları daha zəif olduğundan bəzi televizorun qəbulediciləri onları qəbul edə bilmirdi, nəticədə o zaman amerikalıların yalnız üçdə ikisinin Sesame Küçəsi şousunu izləmək imkanı var idi.
"Sadəcə şouya baxılması nəticəsində belə imkanı olan uşaqların məktəbdə göstərdikləri nəticələr müntəzəm olaraq yaxşılaşdı", - Maryland Universitetindən Melissa Kearney ilə apardığı araşdırmanın nəticələrinə istinadən Massachsetts Wellesley Kollecindən iqtisadçı Phillip Levine deyir.
Onların müəyyən etdiyinə görə, Sesame küçəsini izləyən uşaqların məktəbdə daha yaxşı nəticə göstərmək ehtimalı, həmin şouya baxmayan uşaqlarla müqayisədə daha yüksək idi. Ən əsası, VHF siqnalının tutulması valideynlərin maddi imkanından və ya təhsil dərəcəsindən asılı deyildi - bu amillərdən uşaqların sonrakı mərhələlərdə təhsil göstəriciləri asılı ola bilər.
Əslində, araşdırma "iqtisadi cəhətdən əlverişsiz" icmalarda böyüyən uşaqların Sesame küçəsi şousunu seyr etməkdən ən çox faydalandıqlarını göstərdi. Ancaq televiziya proqramlarının heç də hamısı uşaqların təhsili ilə bağlı deyil.
2000-ci illərin sonlarında Charlottesville-dəki Virginiya Universitetinin inkişaf üzrə psixoloqu Angeline Lillard uşaqların davranışına televiziya personajlarının necə təsir göstərdiyini araşdırırıb. Onun komandası ABŞ cizgi filmi olan SpongeBob SquarePants filminin çox sayda epizodlarına baxıb - bu film dəniz dibindəki ananasın içində yaşayan, danışan sarı dəniz süngəri haqqındadır.
Bu cizgi filmi ən azı eklektikdir (red. - bir-birinə zidd olan fikir və nəzəriyyələrin prinsipsiz və mexaniki surətdə birləşdirilməsi) - uşaqlar və böyüklər arasında da bu səbəbdən populyardır.
"İşçi iclaslarımızda çoxlu SpongeBob epizodlarına baxırdıq. Və mən hiss etdim ki, bundan sonra heç bir iş görə bilmərəm, - Lillard xatırlayır. - Düşündüm ki, əgər bu film mənə bu cür təsir edirsə, görəsən, dörd yaşlı uşaqlara necə təsir göstərir?"
Bu, onu televiziya proqramlarının uşaqların icra funksiyasına - diqqətin cəmləşdirilməsi, planlaşdırma, mükafatlanmanın təxirə salınması və emosiyaların idarə edilməsini özündə cəmləşdirən koqnitiv qabiliyyətlər toplusuna necə təsir göstərdiyini tədqiq edən yeni araşdırmaya başlamağa sövq etdi.
Caillou (dörd yaşlı uşağın gündəlik həyatı haqqında bəhs edir) adlı başqa bir uşaq cizgi filmini izləməklə və ya sadəcə rəngli qələmləriylə kağız üzərində nə gəldi çəkməklə müqayisədə SpongeBob dörd yaşlı uşaqların, o cümlədən, siyahıdakı nömrələri tərs oxumaq və başla toxunmaq deyildikdə ayaq barmaqlarına toxunmaq da daxil, müxtəlif testlər üzrə göstəricilərinə mənfi təsir göstərib.
O zaman, Lillard, bunun səbəbinin filmdə səhnələrin nisbətən yüksək sürətlə dəyişməsi ilə bağlı ola biləcəyini düşünürdü.
Belə ki, baxdıqları SpongeBob filminin epizodlarında səhnələr hər 11 saniyədən bir dəyişdiyi halda, Caillou filmində səhnələrin dəyişməsi hər 34 saniyədən bir olub.
Dörd il sonra o, daha təfsilatlı bir araşdırmanın nəticələrini nəşr edib.
Məlum olub ki, problem səhnələrin dəyişmə sürətində yox, süjetin nə dərəcədə fantastik olması, həyat qanunlarına zidd olan nə qədər hadisədən ibarət olmasındadır.
"Həyatın çox erkən dövründən başlayaraq, bəlkə də bu hiss anadangəlmədir, körpələr nəyin necə hərəkət edəcəyi, hansı əşyanın nə vaxt düşə biləcəyini, itələyəndə hansı istiqamətdə hərəkət edəcəyi barədə anlayışa sahibdirlər, - Lillard izah edir.
Lakin filmdə baş verənlərin reallıqda baş verməsi mümkün deyil: misal üçün, bir avtomobil hava ilə uçur, sonra kosmosa sovrulub gedir, sonra birdən onlar bir yamacdan xizəklə aşağı şütüyür, dənizin dibinə enirlər, qutudan pişik yeməyi tökürlər və qutudan çıxan yemək qutuya sığmayan dərəcədə çox olur... Bu filmdə real dünyada baş verə bilməyən hadisələr və səhnələrin ardı kəsilmək bilmir.
"Beynimiz bütün bunları qavramaq halında deyil, - Lillard deyir . - Mənə elə gəlir ki, beyin bütün bunları anlamaq üçün çox çalışır və sonra "PUF"! Bunu edə bilmir. Bütün bunlar mümkünsüzdür".
Lillard, yalnız qısa müddətli bir təsiri tədqiq etdiklərini vurğulayır - aşırı dərəcədə fantastik məzmunu seyr etmənin uzun müddət ərzində uşağınıza zərər verəcəyinə dair birbaşa sübut yoxdur - lakin altı yaşlı uşaqlar təsir altında olub (daha yuxarı yaşlarda olan uşaqlara bu effektin təsiri öyrənilməyib).
Və belə vəziyyət yalnız SpongeBob-la bağlı deyil. Martha Danışır - uşaqlara lüğəti öyrətməyi nəzərdə tutan bu proqram bir əlifba şorbası içdikdən sonra ingilis dilində danışmaq qabiliyyəti qazanan bir it haqqında proqram - eyni effektə malikdir. Eynilə bunu sehrbaz qıza Şimal Qütb parıltısını göyə qaytarmağa kömək edən və yaşları məktəb yaşından aşağı olan dörd uşaqdan bəhs edən Balaca Eynşteynlər cizgi filmi barədə də demək olar.
Hətta xoşniyyətli təhsil proqramları, məzmunu yaşa uyğun olmadıqda gözlənildiyindən tamam fərqli effekt verə bilər.
Kiçik yaşlı uşaqların diqqəti böyüklər ilə müqayisədə çox fərqli obrazlara yönəlir, buna görə televiziya şoularında uşaqlara baş verənləri izləməyə kömək etmək üçün həmin amildən istifadə olunur
Ekranda bir sıra fotoşəkillər görünür: ağ fonda iki sarı taxta ördək; suyun altında üzən iki tısbağa; Afrika savannasında iki aslan balası. Bütün bunları da sakitləşdirici klassik musiqi müşayiət edir.
Bu, Körpə Eynşteyn filmindən qısa bir parçadır: uşaqlara 1-dən 5-dək rəqəmlər öyrətməyi çalışan Rəqəmlər Bağçası və mən bu klipə Londonda Birkbeck Universitetinin Babylab şöbəsinin inkişaf üzrə psixoloqu Tim Smith ilə birgə izləyirəm.
Smith deyir ki, həmkarı bu videonu altı aylıq və 12 aylıq uşaqlara göstərib, təsvirlərə olan onların marağını ölçmək üçün və "iki" anlayışının qavranması üçün vacib olan hər iki obyektə baxıb-baxmadıqlarını müəyyən etmək üçün uşaqların baxışlarını izləyib.
Klipləri izlədikdən sonra uşaqların valideynlərindən bu barədə nə düşündüklərini soruşublar. Valideynlər deyib: "O aslan balalarını və tısbağaları gerçəkdən bəyəndim, bu çox gözəl idi. Kiçik uşağım da bu hissəni bəyəndi". Lakin tədqiqatçıların müşahidələrinə görə, uşaqlar həmin səhnələrə maraq göstərməyib.
Smith düşünür ki, bunun səbəbi, uşaqların yetişməmiş vizual sistemlərinin canlıları arxa planlardan götürmək üçün mübarizə aparmalarıdır.
Mənə Abbey Home Media adlı bir televiziya şirkəti ilə işləyən başqa bir həmkarım tərəfindən hazırlanmış ikinci bir klip göstərir.
Aparıcı "Bu bir quzudur" deyərkən yaşıl ekrana 2D formatında bir quzu fiquru enir. Eyni səhnə daha iki dəfə də təkrarlanır. Sonra bu səhnə bütövlüklə yenidən təkrarlanır, yalnız bu dəfə aparıcı hər bir quzu peyda olanda "bir, iki, üç" deyərək sayır.
Bu darıxdırıcıdır. Bu təkrarçılıqdır.
Lakin Körpə Eynşteyni izləmiş eyni uşaqlara bu səhnə göstərilərkən, onlar baxışları ilə hər bir quzunun gəlişini izləyiblər, bu da onlar üçün həmin səhnənin maraqlı olduğunu güman etməyə əsas verir.
Yaddaşımda xatirələr canlanır: divanda oturub öz uşaqlarımın BBC-nin təbiətə həsr olunmuş Mavi Planet sənədli filminə baxmalarına çalışıram. Bu film həmin anda rahatladıcı, maarifləndirici kimi görünürdü - şübhəsiz ki, həqiqi dəniz heyvanat aləmi, Şimal qütb ayıları saysız-hesabsız təkrarlanan Peppa Pig-dən daha yaxşıdır, elə deyilmi? Lakin onlara bu, tamamilə maraqsız görünürdü. İndi bunun səbəbi mənə aydındır.
Smith fərqli bir videonu göstərir. Çəhrayı naxışlı libasda üç yaşlı bir qız anasının qucağında oturub televizora baxır. Başqa pəncərə onun nəyə baxdığını göstərir: Waybuloo - Britaniya və Kanadanın birgə istehsal etdiyi uşaqlar üçün nəzərdə tutulmuş televiziya serialı. Bu serial Nara adlı fantastik bir aləm ətrafında üzən, qeyri-adi dərəcədə böyük başları və gözləri olan dörd kompüter animasiyası personajından bəhs edir.
Qız uşağı insan gözü izləmə cihazına qoşulub və qəribə, lakin cəzedici görünəni "Piplings" adlı personajlar ətrafda süzdükcə qızın gözləri dağları və ya arxa plandakı ağacları deyil, məhz həmin fiqurların hərəkətini dəqiqliklə izləyir, bu isə uşağın məhz həmin personajlara marağının olduğunu təsdiqləyir. Smith-in dediyinə görə, Waybuloo o qədər effektlidir ki, dünya boyu Babylab filialları hansısa bir uşağın diqqətini ekranda göstərdiklərinə cəlb etdirmək üçün əvvəlcə Waybuloo-dan və ya ona bənzər bir uşaq cizgi filmindən bir klip nümayiş etdirirlər.
Uşaq televiziya proqramlarının personajlarının çox vaxt böyük, sadələşdirilmiş üz və bədən cizgiləri, parlaq rəngləri olur - məqsəd körpələrin ləngiyən diqqətini həmin personajlara kökləməyə kömək etməkdir
Televizor ekranında süjet dəyişir. İndi kiçik qız hər biri parlaq rəngli bir top tutan və bir sırada düzülmüş üç qadının iştirak etdiyi filmə baxır. Smith qızın baxışlarına diqqəti cəlb edir.
Əvvəlcə o, hər qadının üzünə növbə ilə baxır.
Qadınlar yerində rəqs etməyə başlayanda isə, onun diqqəti qadından-qadına keçirir. Sonra qadınlar növbə ilə toplarını havaya atır və ya yandan-yana hərəkət etdirir, qızın isə diqqəti bu parlaq, hərəkət edən cisimlərə yönəldilir.
Mən həmin qızın bundan əvvəl bir yaşında ikən olan videoçəkilişini izləyirəm. Onun iri qəhvəyi gözləri daha ləng, daha az koordinasiyalı, ekrandakı sifətlərə daha az və hər hansı bir hərəkətə, o cümlədən, bu parlaq rəngli toplara daha çox baxırdı.
Bu, incə bir fərqdir, ancaq balaca bir uşağın diqqətini bir cismə və ya personaja yönəltmək istəyirsinizsə, siz bütün vizual məlumatları ekrana həmin obyektə yönəlmiş halda çıxarmalısınız, əks halda uşaq süjeti izləməkdə çətinlik çəkəcək.
Buna görədir ki, uşaq televiziya şoularında iri, gülməli sifətli personajlar iştirak edir, əksər hallarda başlarından da nəsə asılır. "Odur ki, onlar başlarını tərpətdikdə çox sayda periferik hərəkət əmələ gəlir, - Smith deyir. - Onların diqqətini yönləndirən parlaqlıq və rəng kontrastları da çoxdur. Siz bununla uşaqlara onları maraqlandıran obyektlərə diqqəti yönəltməyə kömək edirsiniz".
2014-cü ildə, o, böyüklər üçün altı şou ilə müqayisə etmə əsasında rəng, parlaqlıq və hərəkət kimi diqqətçəkən effektlərin uşaq televiziya şoularında kadrda danışan əsas personaja diqqəti necə yönəltdiyini göstərən bir araşdırma nəşr edib.
"Biz uşaq şouları istehsalçılarının sınaq və xəta yolu ilə körpələrə məlumatı başa düşmə və qavramasına səmərəli kömək edən texnikanı inkişaf etdirə bilib-bilmədiklərini anlamaq istəyirdik", - Smit o vaxt deyib.
Onlar bunu edə biliblər.
Hərəkətin sadələşdirilməsi körpələrin gecikmə ilə reaksiya verən diqqət və görmə sistemlərinin süjetin inkişaf sürətiylə ayaqlaşmağa imkan verir.
Və personajların gözləri çox aydın şəkildə daha seçilən edilir, onların sifətlərinin cizgiləri ağ və ya birrəngli arxa planın fonunda verilir, nəticədə personajlar daha çox seçilir.
Bu, hətta çox primitiv vizual sistemlə belə, əsas danışan personajı çox tez müəyyənləşdirmək imkanı verir.
Bu, uşaqlara süjeti izləməyi və potensial olaraq ondan öyrənməyi asanlaşdırır.
Andrew Davenport - Teletabbilər və Ay və Mən proqramının prodüseridir. O, universitetdə danışma terapiyasını öyrənib, amma əsl marağı dramaturgiya sahəsinə olub.
Universiteti bitirdikdən sonra o və dostuyla birgə bir teatr prodakşn şirkəti qurub və nəticədə Tots TV adlı Ragdoll Productions şousunda ssenarist və kuklaçı kimi işə qəbul olunub.
Teletabbilər, bəlkə də, bir və iki yaşlı uşaqlar üçün hesablandığına görə bütün dünyada populyarlıq qazanıblar
Teletabbilər 120-dən çox bölgədə 45 fərqli dildə efirə gedən Hollywood blokbasterinin ekvivalenti idi.
Tinki Vinki, Dipsi, Laa-Laa və Po personajları Ragdoll-un təsisçisi və yaradıcı direktoru Anne Wood ilə Washingtondakı Smithsonian İnstitutuna edilmiş səfərdən sonra yarandı.
Onlar kosmos haqqında bir sərgidə gəzərkən Davenport dedi: "Bütün bu texnologiyanın astronaft skafandrına necə yerləşə bilməsi qəribə deyilmi? Onların bu geyimdə necə gəzdiklərinə baxanda, onların yeriyən körpələrə oxşadıqlarını anlayırsan."
Teletabbilər texnoloji supergünbəzdə yaşayan texnoloji körpələr kimi düşünülmüşdü.
Hətta təpədəki külək dəyirmanı uşaqların ilk qarşılaşdığı texnoloji əşyalardan biri olan uşaq arabasındakı fırlanqaca bir işarədir.
Onların bədənləri parlaq işıldayan rənglərlə boyanmışdır, çünki bu, texnologiya mövzusuna uyğun gələn kimi görünürdü, personajların qarın hissəsinə televizor ekranı yapışdırılmışdı - real həyatda sadə hərəkətlər edən uşaqları göstərən televizor ekranı.
"Mənə görə, Teletabbilər uşağın öz bədənini və gəzmək, danışmaq, qaçmaq, yıxılmaq kimi fiziki hərəkətliliyini anlamağa başladığı dövr olan həyatın erkən mərhələsinə aiddirlər", - Davenport deyir.
Yaşıl təpəli arxa plan onların yaşadıqları fiziki məkanın dərinliyini qabartmaq məqsədi daşıyır və şounun çox hissəsi sadəcə Teletabbilərin ora-bura gəzişməsi və hoppanması kimi fiziki konsepsiyadan ibarətdir.
Lakin böyüklərdən bəziləri bunu anlaya bilmir. Bu şou uşaq televiziyasını "səfehləşdirməkdə" günahlandırıldı, təkrarlanma, süjetin primitivliyi və məkan hissinin çatışmazlığına görə tənqid edildi. Ancaq şou məhz bunun üçün düşünülmüşdü.
Teletabbilər, bəlkə də, bir-iki yaşlı uşaqlar üçün xüsusi hazırlanmış ilk televiziya şousu idi.
Norveç televiziyasının rəhbərlərindən biri bu şou barədə bunları deyib: "İndiyə qədər gördüyüm bazara ən çox hesablanmış uşaq proqramı".
Davenport və Wood körpələrin danışığının vizual ekvivalentini öyrənmişdilər.
Teletabbilər qəribə görünürlərsə, bunun səbəbi - zahirən və inkişaf baxımından - körpələrin qəribə görünməsindədir.
Wood üçün, Teletabbilər kimi şouların dizaynı illər ərzində edilmiş sınaq və səhvlər təcrübəsinin intuisiya ilə qarışığından irəli gəlir.
"Düşünürəm ki, yeganə bacarığım, əgər varsa, ekrana üç yaşındakı bir uşağın gözüylə baxmağı bacarmağımdır. Bu, nə vaxt fasilə etmək, nə qədər fasilə etmək, necə güldürmək, gözləmə anlarından necə istifadə etməyi bilmək deməkdir".
Uşaqlar bizimlə eyni dünyada yaşasalar da, bunu fərqli qəbul edirlər. Bir körpə qardaşı olan kiçik bir qız, bütün körpələrin oğlan doğulduğunu, sonra da qızlara çevriləcəyini, bəlkə də, düşünə bilər. Və ya uşaq ağlı, misal üçün, binaların yerə düşub sonra ayaq açıb yeridiyini düşünə bilər.
"Kiçik uşaqların tez-tez gülməli hesab etdiyimiz nələrisə söylədiklərini görə bilərsiniz, çünki onların təsəvvür etdiyi X hadisə, əslində Y hadisəsidir. Bu fərqə hörmət edilməlidir, amma eyni zamanda bu, süjet məzmunu üçün material ola bilər", - Wood deyir.
Uşaqlarının izlədikləri televiziya proqramlarına diqqət etməklə valideynlər övladlarının daha çox məlumat almalarına kömək edə bilərlər
Çox vaxt onun proqramları televiziya ilə onu seyr edən uşaqlar arasında söhbət kimi qurulur.
"İnsanlar Teletabbilərə etiraz etdikdə biz deyirdik: "Bax, Teletabbilər körpələri başa düşür, körpələr də Teletabbiləri başa düşür. Əgər siz uşaq olmadan Teletabbilərə baxırsınızsa, bu şounun yalnız yarısını anlaya bilərsiniz".
O, şounun başlanğıcını misal gətirir: qayıq hərəkət edərək kadrdan çıxır, sonra yenidən qayıdır, sonra yenidən kadrdan çıxır.
"Bu epizod çox balaca uşaqlar üçün gizlənqaç oyununu xatırladır: Qayıq hara getdi? Budur, yenə geri qayıdır".
Bu yaxınlarda keçirilmiş araşdırma, gizlənqaç oyununun körpəni güldürməyin ən yaxşı yolu olduğunu təsdiq edib.
Teletabbilərin müvəffəqiyyətindən sonra Davenport və Wood, Gecə Bağında adlı proqram hazırladılar.
Davenport bu proqramı iki-üç yaşlı uşaqlara hesablanmış "müasir uşaq bağçası şeirləri" kimi təsvir edir.
"Bu, uşağın dünyanın fiziki cəhətdən qavraması və bildiklərini abstrakt bir şəkildə ifadə etmək fikrindən heyran olduğu bir mərhələdir - bu mərhələdə bağça şeirləri, uşaq danışığı, simvolik oyunlar, oyuncaqlar əhəmiyyət kəsb etməyə başlayır".
"Hər bir personajın, misal üçün bağca şeirlərindəki Hampti-Dampti və ya Ayaqqabıda Yaşayan Qarı kimi, tək qalacağı nəzərdə tutulmuşdur.
İql-Piql adlı mərkəzi personaj isə hər şeyi dərk etməyə çalışan "hər bir uşağa" aid edilə bilər.
Davenport deyir ki, bu personajın ideyası onda "İql-Piql, İql-Piql, İql-Piql" deyən kiçik bir qıza görə yaranmışdı.
Makka Pakka adlı digər bir obraz isə açıq rəngli, yuvarlaq bədənli bir məxluqdur - daha çox daşları kolleksiya etmək və əşyaları qubka ilə yumağı xoşlayır.
Davenport tamaşaçı auditoriyasını öz maraqları sayəsində cəlb etmək imkanından ilhamlanıb.
Daş kolleksiyası yığmaq onun uşaqlıq hobbisi idi, nəyisə yumaq isə balaça uşaqların çoxu üçün çətin bir işə çevrilən əl-üz yumaq və yatağa hazırlaşmaq kimi hərəkətlərin rəmzidir.
"İdeya valideynlər və uşaqların çətin və ya çətin ola biləcəyi nədənsə şeir, nəğmə, şou şəklində birlikdə keçib paylaşacaqlarından ibarətdir", - o izah edir.
Bir çox valideyn, övladlarının izlədikləri televiziya verilişlərindən narahatdır, lakin bəzi tədqiqatlar düzgün seçilən proqramın uşağa müsbət təsir göstərə biləcəyini təsdiqləyir
Gecə Bağçası proqramının açılış süjetini xatırlayıram - həmin hissədə okeanda insan əlinə sığan kiçik qayığın çevrə vurduğu barədə bir bağça şeiri oxunur, bu zaman valideyn uşağın ovucunda sanki dairələr çəkir. Bu, oğlumu yatızdırmağın ən etibarlı bir yol idi. Bunu Davenport-a dediyim zaman o təsirləndi. "Bu cür üsullar nəticə verəndə valideynlə uşaq arasında əlaqənin tərkib hissəsinə çevrilir".
Davenport Makka Pakka mahnısını oxutdurmaqla dostunun oğlunun başının yuyulmasını asanlaşdırıb.
"Nəyinsə faydalı olduğunu gördükdə, şübhəsiz ki, bu, razılıq və sevinc hissi doğurur", - o deyir.
Bu, onu Ay və Mən şousunu yaratdığı zaman Sheffield Universitetinə müraciət etməsinə səbəb oldu.
O, iki uşaq qrupuna standart və ya Teletabbilərlə əlaqəli olan bəzi materialların dərs zamanı öyrədillməsi barədə bir araşdırma işiylə tanış olub. Teletabbilər materialı ilə işləyən uşaqlar adi dərslərə nisbətən daha çox maraq nümayiş etdiriblər - belə ki, adətən dərslərdə aktivlik göstərməyən bir uşaq ona verilmiş tapşırığını tamamladıqdan sonra başqa birini də istəyib.
"Əgər uşaqlara onların başa düşdükləri dildə müraciət edilirsə, onları daha çox həvəsləndirmək və maraqlandırmaq olur", - Davenport deyir.
Teletabbilər haqqında araşdırma ilə tanış olduqdan və uşaq dili, uşaq mədəniyyəti ideyası ilə maraqlandıqdan sonra o, tədqiqatçılara müasir uşaqların oyuncaq evlərlə necə oynadıqları barədə daha çox öyrənmək təklifiylə müraciət etdi.
Nəticədə, onun Dylan Yamada-Rise işbiriliyi yarandı və bu işbirliyi indi Londonda Kral İncəsənət Kollecində davam etdirilir.
Ay və Mən şousu Teletabbilər və ya Gecə Bağçası proqramlarıyla müqayisədə daha geniş yaş diapazonuna hesablanıb. Bu, 1940-50-ci illərdə populyar olan və bir oyuncaq evdən bəhs edən nağıl əsasında yaradılmış şoudur.
"Belə bir fikir geniş yayılıb ki, güya televiziya məhsulu böyüklər üçün hazırlanır, uşaqlar üçün isə primitiv, uşaq auditoriyasının ehtiyacını nəzərə almayan nəsə də keçərli ola bilər", - o deyir.
Lakin onların nəyisə öyrənmələrini istəyirsinizsə, həmin gənc auditoriyanın marağını oyatmağın yollarını tapmalısınız.
"Xarakterin dərinliyinə və bir personajın başqa bir personaja dərindən əhəmiyyət verdiyinə inanmırsınızsa, o zaman uşaqlarda davamlı maraq oyatmaq çətin olacaq. Və əgər siz bu personaja inanmırsınızsa, deməli, onun Aya məktub yazması da sizin üçün əhəmiyyətsiz olacaq".
Bir araşdırmaya görə, Teletabbilər ilə əlaqəli materiallardan istifadə edərək dərslər keçən uşaqlar belə materiallardan istifadə etməyənlərə nisbətən dərslərdə daha fəal iştirak ediblər
Yamada-Rice, John Lewis dükanından alınmış iki böyük oyuncaq evi birləşdirib bu konstruksiyanı mini kameralarla təchiz etdi. Həmin kameralar uşaqlara deyil, oyuncaq evin oyuncaqlarına yönəldilmişdir.
Daha sonra fərqli mədəniyət mühitindən olan birdən beş yaşınadək uşaqları bir qrupa toplayıb onların həmin oyuncaq ev və evdəki oyuncaqlarla nə edəcəkləri, necə oynayacaqları kameralara çəkilib.
Müəyyən edilib ki, uşaqların ən çox maraqlandıran oyuncaq evin keçidləri olub: pilləkənlərlə yuxarı və aşağı hərəkət; bayır qapıdan içəri və geri hərəkət; yatmaq üçün yatağa və geriyə; çay içmək üçün oturmağın əhəmiyyəti. Digər bir müşahidə, evlərin müxtəlif mərtəbələrində uşaqların çoxlu sayda bir-birindən fərqli oyun ssenariləri qurmaqları olub.
"Bunların hamısını təmin etmək sirkdə birdən bir neçə boşqab fırlatmağa bənzəyirdi", - Davenport deyir.
"Beləliklə, Ay və Mən şousunda dəfələrlə təkrarlanan səhnə bu oyuncaq evin bütün üç mərtəbəsinin açıq vəziyyətdə göstərilməsindən ibarət olub ki, tamaşaçı müxtəlif mərtəbələrdə və pilləkənlərdə personajları izləyə bilsin".
Mən Tim Smith ilə oturub bir epizodu izləyirəm. Tamaşanın aparıcısı var, o, oyuncaq evin müxtəlif mərtəbələrində personajları yatağa uzandırır. Bayır qapının zəngini Bala Ay adlı personaj çalır və Pepi Nana onu içəri buraxır. Pepi Nananın pillə-pillə pilləkənlə aşağı düşüyünü göstərən kadr var.
Smith yatağında oturarkən Pepi Nananın üzünü işıqlandıran Ay işığına diqqəti yönəldir; izləyicilərin diqqətini çəkmək və onu izləməyə sövq etmək üçün Kolli Vobblun cingiltili zəngi kimi səs-küydən istifadə edilir; cənab Soğan masaya süfrə sərərkən aparıcı "Növbədə nədir?" sualını səsləndirir, sonra zəif işıq fincanların yanında hərəkəti göstərir. Onun sözlərinə görə, bütün bunlar uşaqların diqqətini cəlb etməyə və hekayəni izləmələrinə kömək edir.
Böyükləri tamamilə çaşqınlıq vəziyyətinə salan televiziya proqramları kiçik uşaqlar üçün çox maraqlı görünə bilər
Ay və Mən şousunun ssenarisinə daxil edilən məktub yazma və hekayə danışma bacarığı kimi yüngülvari dərslər və ya obyektin sabitliyi barədə bilgi verən Pepi Nananın hərəkət edən bir çəlləyə dırmaşaraq enib qalxması kiçik yaşlı uşaq təhsilinin əsas prinsipləri əsasında qurulub.
Davenport, onun şoularının "təhsil" üçün nəzərdə tutulmadığını söyləyir.
O deyir ki, onun auditoriyası məktəbəqədər yaşında olan uşaqlardan ibarətdir.
O, "beyni yormayan məşqlər" dediyi fəallıq növünü təmin etməyə çalışır.
Bu zaman müəyyən ümumi qayda nəzərə alınır: iki yaşına çatmamış uşaqlar, əgər böyüklər onlarla birlikdə oturub onlara göstərilənləri anlamağa kömək etmirsə, həmin uşaqlar televizordan çox şey götürə bilməyəcəklər.
"Uşaqlar üçün televiziya proqramları hazırlamağımızın yolu bir-biri ilə qarşılıqlı əlaqə quran personajlar vasitəsilə müəyyən zaman kəsiyində inkişaf edən bir süjetlər yaratmaqdır, - Madisondakı Wisconsin Universitetinin inkişaf üzrə psixoloqu Heather Kirkorian deyir. - Bu cür ənənəvi süjet formatı, yəqin ki, iki yaşdan kiçik uşaqlar üçün çox da yaxşı işləməyəcəkdir."
Uşaqlar televizora çox baxsalar, bu, onları real dünya ilə ünsiyyətdən yayındırmaqla inkişaflarına hətta xələl də gətirə bilər.
İki-üç yaşlarından beş yaşına qədər uşaqlar yalnız sadə süjetləri qavraya bilirlər, daha, məsələn, sataşqan bir personajın cəza alması ilə bitən süjet kimi mürəkkəb əxlaqi dərsləri yox.
"Bu yaşda olan uşaqlar, - Polly Conway deyir, - "Bu personaj sataşqandır və o, çox pis bir obrazdır və mən ona oxşamaq istəmirəm, çünki bunun pis olduğunu öyrənirəm" kimi tərzdə düşünmürlər".
Polly Conway valideynlərə bu cür mürəkkəb situasiyalarda kömək etməyə çalışan ABŞ-dakı Sağlam Düşüncəli Media təşkilatının televiziya proqramları üzrə baş redaktorudur.
Əksinə, bu gənc uşaqlar pis davranışları təqlid etməyə çalışa bilərlər. "Onlara lazım olan Daniel Tiger (məşhur Amerika-Kanada istehsalı olan cizgi filmi personajı) kimi biri barədə filmə baxmaqdır - ayaqqabının bağını bağlamağı, ola bilsin, babasını salamlamağı öyrənməkdir".
Məktəb yaşlı uşaqlar isə daha mürəkkəb süjet və tərbiyyə səciyyəli dərslərin öhdəsindən gələ bilirlər.
"Şübhəsiz ki, səkkiz yaşdan 12 yaşa qədər uşaqlar mənfi hərəkəti görə bilir və bunun nəticəsi kimi "Bu cür mənfi hərəkəti təkrarlamayın" mesajının verilməsini başa düşürlər", - Kirkorian deyir. Bununla belə, onların yaddaşında canlanan xatirələr də öz təsirini göstərə bilər.
Əslində, uşaqlar 12 yaşınadək ekranda gördüklərini böyüklər kimi dərk etmirlər.
Onun apardığı araşdırmaya əsasən, uşaqlar televiziya şoularındansa hətta sadə interaktiv tətbiqlərdən, oyun və ya video sohbətlərdən daha çox qazana bilərlər.
"Bütün televiziya proqramları nəsə öyrətməyə çalışır. Amma sual budur ki, görəsən, həmin proqramlar nəyi öyrədir?" - Sesame Küçəsi şousunun həmtəsisçisi Joan Ganz Cooney sual edib.
Bir çox süjetlər hələ də yarasız stereotipləri təsvir edir, misal üçün, qız və oğlanların nə edə biləcəyindən bəhs edir və ya zorakılıq göstərilir. "Bu, böyük adamın beynində komediya və əyləncənin qavranması tərzindən çox fərqlidir", - Sesame Fondundan Rosemarie Truglio deyir
Gecə Bağçası şousunun personajları onları seyr edən gənc tamaşaçılarla eyni maraq və fəaliyyət dairəsinə malikdirlər
Truglio deyir ki, uşaqlar üçün proqramı izləməyin ən yaxşı yolu - həmin verilişə tərbiyəçi ilə birgə baxmasıdır. Bu qayda bütün verilişlərə aiddir.
Bu yolla televiziya proqramının təhsil mesajını gücləndirmək olar.
Proqrama yaşca daha böyük uşaqlarla birlikdə baxmaq da faydalı ola bilər, çünki onlar əxlaq və ya stereotiplər baxımından şübhə doğuran bir süjeti xoşlayarlarsa, bu zaman həmin süjeti müzakirə etmək olar.
Bir çox araşdırmalar göstərib ki, böyüklər üçün hesablanmış standart formatlar biliklərin real dünyaya çox zəif sürətdə ötürülməsinə gətirib çıxaracaq, Tim Smith qeyd edir.
Ancaq şounu kiçik uşaqlar üçün daha maraqlı edəndə, məsələn, sual verməklə və ya daha önəmlisi, əlavə bir adamın orada olması qeyd olunan əngəlin öhdəsindən gəlməyi mümükün edir.
Uşaqlar yüksək maraq göstərə və qavrama cəhətdən fəal ola bilərlər, lakin onların diqqət cəmləmə imkanı həmişə məhduddur, Smith deyir.
O, vaxtaşırı fasilə etməyi, uşaqlara izlədikləri süjeti qavramağa və müzakirə etməyə vaxt verməyi təklif edir,
İki uşağın anası kimi bütün bunlara prinsipcə mən pozitiv yanaşıram.
Ancaq bəzən biz sadəcə bir az sakitlik və dinclik istəyirik.
Bəzən işimizlə məşğul oluruq. Bəzən uşaqlarla üç saat onyanayandan sonra fasiləyə etmək ehtiyacımız yaranır.
Özüm uşaq olanda uşaqlar üçün televiziya proqramları gündə yalnız bir neçə saat göstərilirdi.
Sonra Nickelodeon və Disney Channel kanalları yarandı. İndi isə istəyəndə YouTube və Netflix kanallarını izləmək mümkündür.
Mən əminəm ki, arabir İql-Piql və ya Bala Ay şoularından istifadə etmək zərər verməz.
Eyni zamanda həvəsim də var ki, televizor və ya iPad-də şou gedəndə onları heç də həmişə maraqsız saymayım.
Çünki bir az daha artıq səy göstərməklə daha da yaxşı bir nə isə əmələ gələ bilər: birlikdə araşdıra biləcəyimiz qəribə bir dünya.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət