Uşaq pulunun verilməsində İtaliya modeli
Azərbaycanda uşaq pulunun bərpası məsələsində İtaliya modelinin tətbiqi daha məqəsədəuyğundur.
Axar.az xəbər verir ki, sözləri iqtisadçı alim Vüqar Bayramov son günlər uşaq pulu ilə bağlı gedən müzakirələrlə bağlı danışarkən deyib.
İqtisadi və Sosial İnkişaf Mərkəzi bu sahədə fərqli ölkələrin təcrübəsini öyrənib. V.Bayramov bildirib ki, bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır:
“İtaliyada illik gəliri 11 422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avro ödənilir. Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir. İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaq pulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımdan vacibdir. Aydındır ki, Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaq pulu ciddi rəqəm hesab olunmaya bilər, amma 400 manat qazanan ailə üçün bu, əhəmiyyətli dəstəkdir. Yəni imkanlı ailənin uşaq puluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan, İtaliya modelində olduğu kimi, gəliri az olan ailələrin uşaqların sayına görə uşaq pulu alması daha məqsədəuyğun hesab oluna bilər”.
İqtisadçı alim bildirib ki, bunun üçün Azərbaycanda gəlirlərin deklarasiyası haqqında qanunun qəbul edilməsinə ehtiyac var:
“Kimin varlı və kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla hamının gəlirlərini bəyan etməsi vacibdir. Bu həm də şəffaflığın gücləndirilməsi baxımdan da çox vacibdir. Bu zaman artıq sosial qayğıya və ya uşaq pulunu ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi mümkündür. İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayına uyğun olaraq uşaq pulu formasında birbaşa ödəniş mümkündür. Bu, həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacib hesab oluna bilər. Bu baxımdan, uşaq pulunun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm da gəliri az olan ailələrin uşaq pulundan faydalanmasına imkan verəcək. Qeyd edək ki, bu mexanizm ünvanlı sosial yardım ilə eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir”.
V.Bayramov bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin ilkin qiymətləndirməsinə görə, bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək:
“Bu büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla istehlak bazarında qiymət tarazlığını da pozmayacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət