Slimfit
  1. ARAŞDIRMA

Uşaq pulları təsirlidirmi?

Uşaq pulları təsirlidirmi?
Sakura

Uşaq pulları təsirlidirmi?

Son aylarda Azərbaycanda müzakirə olunan mövzulardan biri də aylıq uşaq pullarının bərpası məsələsidir. Bəzi ekspertlər 18 yaşına çatmamış uşaqlara aylıq müavinətlərin verilməsi fikrini dəstəkləyir. Ancaq Milli Məclisdən bu məsələnin müzakirə gündəmində olmadığı və ümumiyyətlə, bu gün aktual olmadığı bildirilib. Bu təşəbbüsü dəstəkləyən bəzi ekspertlər yetkinlik yaşına qədər uşaq müavinətlərinin verildiyi inkişaf etmiş xarici ölkələri, Avropanı nümunə gətirirlər. Vəziyyəti aydınlaşdırmaq üçün xarici ölkələrin təcrübəsinə müraciət etmək qərarına gəldik.

Hansı ölkələrə uşaq pulları lazımdır?

Xarici ölkələrin sosial siyasətini araşdıraraq belə nəticəyə gələ bilərik ki, uşaq pulları ən çox demoqrafik problemlərlə qarşılaşan ölkələrdə, başqa sözlə, doğuş səviyyəsini artırmaq üçün verilir. Bununla yanaşı, demoqrafik tədqiqatlar göstərir ki, bu şəkildə doğum səviyyəsinə təsir etmək fikri demoqrafik problemlərin səbəblərindən - istər ölkədəki mövcud iqtisadi vəziyyət olsun, istər ailə institutunun deqradasiyası, istər yüksək ölüm səviyyəsi, istərsə də qısa ömür səviyyəsindən və s. asılı olmayaraq özünü doğrultmur. Məsələn, Rusiya, Ukrayna, Finlandiya, İspaniya, Yaponiya və s. kimi ölkələrdə ailədə nə qədər çox uşaq dünyaya gələrsə, müavinətlərin miqdarı da bir o qədər çox olur, ancaq doğumla bağlı vəziyyət bununla dəyişmir.

Məsələn, çoxlarının müqayisə üçün etalon hesab etdiyi, dəyərlərini və həyat tərzini tətbiq etməyə çalışdığı Avropada potensial valideynlərin sayı ildən-ilə azalır. İldən-ilə qadınlar daha gec və daha az doğur. Avropa İttifaqının Statistika Xidmətinin 2017-ci il üçün məlumatlarına əsasən, İsveçrədə qadınlar ilk uşağını orta hesabla 30,7 yaşda dünyaya gətirirlər. İtaliya və İspaniyada isə qadınlar daha gec yaşda ilk dəfə ana olurlar. Əksər hallarda uşaq doğmaq arzusu bununla da bitir.

İspaniyada analıq heç də ucuz zövq deyil. Bu səbəbdən də artım tempi, əsasən, immiqrantlar tərəfindən saxlanılan demoqrafik çöküş var. Maddi problemlərə məruz qalmadan uşaq dünyaya gətirmək və böyütmək yalnız hər iki valideynin yüksək maaşlı mütəxəssis olması təqdirində mümkündür. Buna görə də əksər hallarda ailələr uşaq sahibi olmağa tələsmirlər. Uşaq doğularkən, təqribən, 1650 dollar məbləğində analıq müavinəti verilir. Üstəlik, ödənişlər yalnız analıq məzuniyyətinə çıxmazdan əvvəl işləyən analara edilir. Uşaq pulu ilə bağlı vəziyyət də eynidir: ana işləməyibsə və ya son 2 il ərzində gəliri ayda 200 avrodan çox olmayıbsa, ona pul verilmir.

Odur ki, Avropadakı bütün bu yüksək müavinətlər, sosial paketlər və s. yalnız kənardan cəlbedici görünür.

Ukraynada isə başqa problem var. 2018-ci ildə Ukrayna əhalisinin ən çox azaldığı ölkələrin siyahısına düşüb. 2018-ci ilin yanvar-aprel aylarında Ukraynada ölüm halları doğuma nisbətən iki dəfə çox olub və bu, təkcə siyasi vəziyyətlə deyil, həm də daha çox iqtisadi amillərlə əlaqələndirilir. Ukraynada uşaq dünyaya gələrkən valideynlər, təxminən, 1500 ABŞ dolları məbləğində müavinət almaq hüququna malikdirlər, lakin onlar bu pulu dərhal almır, məbləğ bölünür və uşaq 3 yaşına çatana qədər aylıq verilir.

Digər nümunə kimi Yaponiyanı göstərmək olar. Gündoğar ölkədə demoqrafik vəziyyət o qədər kritikdir ki, bu gün dövlətin əsas məqsədi 50 il sonra (2060-cı ilədək) əhalinin sayını 100 milyon nəfər səviyyəsində saxlamaqdır. Üstəlik, hazırkı doğum səviyyəsi (1,7) qorunursa, 50 ildən sonra Yaponiya əhalisinin sayı 87 milyon nəfərə qədər azalacaq. Buna görə də ölkədə uşaq pulları hesabına çoxuşaqlılığı stimullaşdırmağa çalışırlar: birinci və ikinci uşağın doğumunda 400 dollar, hər növbəti uşaq üçün 700 dollar birdəfəlik ödəmə edilir. Lakin vəziyyət dəyişməz olaraq qalmaqdadır.

Uşaq pulları demoqrafik vəziyyəti düzəldə bilməz

Buna görə də bu mexanizmin səmərəliliyini diqqətlə araşdırsaq, bir çox ölkələrin təcrübəsinə əsasən, bunun işləmədiyini görərik.

Bəlkə də bu metodun səmərəsizliyinin ən parlaq nümunələrindən biri Finlandiyadır. Finlandiyada hər yeni doğulmuş körpə üçün xərc səviyyəsi dünyada ən yüksək göstəricilərdən biri olaraq qalır, lakin buna baxmayaraq, ölkədə doğum səviyyəsi tarixi minimum səviyyəsinə düşüb.

Aİ-nin jurnalist mükafatları laureatı Rayne Tiessalo "Bloomberg" nəşrinə açıqlamasında bildirib ki, Finlandiyada demoqrafik vəziyyətin yaxşılığa doğru dəyişə biləcəyinə heç bir əsas yoxdur. Finlandiya analara və uşaqlara ən çox qayğı göstərən on ölkədən biridir. Bu ölkədə ana və uşaqlara tibbi yardım, maddi yardım və sosial təminat dövlət büdcəsinə bir çox digər Avropa ölkələrinin "qaldıra bilməyəcəyi yük" bahasına başa gəlir. Buna baxmayaraq, fin qadınlar hələ də sərbəstliyi ailə problemlərindən üstün tuturlar.

O da sirr deyil ki, Rusiyada demoqrafik böhranla nə qədər mübarizə aparsalar da, müxtəlif müavinətlər ödənilsə də, bu ölkədə də doğum səviyyəsi yaxşılaşmır. Bu il Rusiyada uşaq doğumu üçün ödənişlər yenidən artdı. Yeni doğulmuş körpə ailəyə, ümumilikdə, bir milyon rubl (təxminən, 15 min dollar) gətirə bilər. Ancaq Rusiyada da uşaq pulu doğumla bağlı vəziyyəti dəyişdirmir. 2018-ci ilin yanvar-sentyabr aylarında Rusiyada doğum səviyyəsi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 5,2% azalıb.

Dünyanın bir çox ölkəsindəki vəziyyəti təhlil etdikdən sonra belə nəticəyə gələ bilərik ki, uşaq pullarının məbləğindən asılı olmayaraq, valideynlər onları motivasiya yox, daha çox hədiyyə kimi qəbul edirlər. Ölkədə doğum səbiyyəsi, əsasən, mədəniyyətdən, yaşayış səviyyəsindən və prioritetlərdən asılıdır. Mütəxəssislərin fikrincə, inkişaf etmiş ölkələrdə dəyərlər sistemi son onilliklər ərzində dəyişib, qadınlar uşaq dünyaya gətirib onu böyütmək əvəzinə, karyera yüksəlişinə səy göstərməyə başlayıblar.

Ona görə də bu ölkələrdə uşaq kapitalını artırmaqdansa, digər formalara diqqət yetirmək lazımdır. Bu mənada doğum səviyyəsinin qorunmasına töhfə verən uğurlu sosial siyasətin ən parlaq nümunəsi ailə siyasətini işləyən valideynləri dəstəkləməyə yönəldən Şimali Avropa ölkələridir. Bunun üçün uşaq müəssisələrinin geniş şəbəkəsi mövcuddur, qısa, lakin yaxşı ödənilən məzuniyyət təcrübəsi tətbiq edilir. Bu ölkələrdə atalara da müavinət verilir, bununla da onları uşaqlara qulluq öhdəliklərini analarla bölüşməyə təşviq edirlər. Uğurlu sosial siyasət nəticəsində Fransa və İrlandiya Avropa ölkələri arasında doğum səviyyəsi ən yüksək olan ölkələrdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR