Slimfit
  1. ƏDƏBİYYAT

Uşaq ədəbiyyatına nə üçün maraq azdır?

Uşaq ədəbiyyatına nə üçün maraq azdır?
Sakura

Uşaq ədəbiyyatına nə üçün maraq azdır?

Bu gün ölkəmizdə uşaq ədəbiyyatının çox ciddi problemləri var. Uşaqlar bu gün nağıla deyil, internetə, sosial şəbəkələrə meyil göstərirlər.

Mütəxəssislər hesab edirlər ki, kitab oxumaq vərdişi insanlarda körpəlikdən formalaşdırılmalıdır. Çünki kitab uşağın zehni, hissi, sosial və dil baxımından inkişafında önəmli bir xəbərdarlıq və tədris vasitəsidir. Türk alimlərin araşdırmalarına görə, kitablar uşağın inkişafında önəmli yer tuturlar. Belə ki, erkən yaşlardan kitaba maraq oyatmaq uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, uşağı yavaş-yavaş həyatın gerçəkliklərinə hazırlamaqda köməkçi olur, söz ehtiyatını artırdığı üçün uşağın duyğu və düşüncələrini ifadə etməsinə imkan yaradır, dinləmək qabiliyyətini formalaşdırır və uşaqda mütaliə sevgisini yaradır. Bəs görəsən, Azərbaycanda uşaqlar arasında mütaliə qabiliyyəti formalaşıbmı? Ümumiyyətlə, ölkədə uşaq ədəbiyyatı hansı səviyyədədir

Mütaliə baxımından o şəxsləri şanslı saymaq olar ki, onlar məktəbə getdikləri ilk illərdən çox oxumağa başlayıblar, təkcə dərs tapşırığı yox, yaşlarına uyğun bədii ədəbiyyat və s. Adətən yazı yazmaq qabiliyyəti olan, istedadlı roman, hekayə, köşə yaza bilən yazıçılar uşaq ikən oxumuş insanlardır. Valideynlərin mütaliəli olması da öz sözünü deyir. Anasından bir kərə olsun nağıl, hekayə dinləməyən uşaqlar yaşıdlarından daha savadsız olur. Nağıllar, uşaq ədəbiyyatı seriyasından kitablar, elmi-fantastik əsərlər uşaq təfəkkürünü sürətlə inkişaf etdirən ədəbi vasitələrdir.

Biz də bu gün uşaq ədəbiyyatına marağın azlığını görüb, bu barədə mütəxəssislərdən xəbər aldıq. Onlar da vəziyyətin heç də ürəkaçan olmadığını qeyd etdilər.

“Göyərçin” jurnalının baş redaktoru, elmlər doktoru, əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu bizimlə söhbətində Azərbaycan uşaq ədəbiyyatının yazarlarının indi də çoxluq təşkil etdiyini bildirdi: “Azərbaycan uşaq ədəbiyyatı yazarları diqqətdən kənardadır. Çətinliyimiz isə yayımla bağlı olan məsələlərdəndir. Ancaq düşünürəm ki, “uşaq ədəbiyyatı yoxdur” ifadəsi heç də düzgün deyil. Son dərəcə yüksək potensialı olan uşaq nağıl yazarlarımız var. Onlara İlyas Tapdıq, Zaur Xəlili, Qəşəm İsabəyli, regionlardan Ələsgər Əlioğlu, Sevinc Nuruqızı, Ələmdar Quluzadə və başqaları uşaq ədəbiyyatı ilə ciddi şəkildə məşğul olurlar. Onların kitabları çap olunsa da, ancaq onlar az tirajla çap olunur. Uşaqlar üçün çap olunan balaca bir kitab böyüklər üçün çap olunan 10 kitabın həcmi qədər pul tutur. Bunun üçün müəlliflərin gücü çatmır ki, onları yüksək səviyyədə çap etsinlər və oxuculara təqdim etsinlər. Bu da uşaq ədəbiyyatının inkişafına maneçilik yaradır. İndi uşaq mətbuatının tirajı ilə böyük mətbuatın tirajı o qədər də fərqlənmir”.

R.Yusifoğlu uşaq ədəbiyyatının strateji əhəmiyyətə malik olan bir sahə olduğunu deyir. Belə ki, uşaq ədəbiyyatı böyüklər üçün hazırlanan ədəbiyyatdan heç də az əhəmiyyət kəsb etmir. Uşaqlar öz ədəbiyyatlarını oxumalı, mədəniyyətlərindən xəbəri olmalıdır: “Bu gün uşaq ədəbiyyatını oxumayan azyaşlılar sabah heç bədii ədəbiyyatı da oxumayacaqlar. Özüm də uzun müddətdir ki, uşaq ədəbiyyatı ilə ciddi məşğul oluram. Uşaq ədəbiyyatının təbliğatı demək olar ki, yox dərəcəsindədir. İldə bir dəfə qəzetdə xəbər çıxır ki, uşaq ədəbiyyatı haqqında hansısa bir müəllifin hansısa bir kitabı çap olunub. İldə bir dəfə yada düşür ki, beynəlxalq uşaq ədəbiyyatı günüdür. Hər vaxt uşaq ədəbiyyatı diqqətdə olmalıdır. İndi internet əsridir. Uşaqlar internet vasitəsi ilə başlarını qatırlar. Düzdür, çap olunuruq, dövlət qayğısı var, ancaq yayım məsələsində böyük problemlərlə üzləşirik. Bu məsələ beş-on adamın işi deyil. Uşaq ədəbiyyatının inkişafı üçün ciddi addımlar atılmalıdır. Rusların kitablarına baxıram və onlara qibtə edirəm. Yeni nəslin uşaq ədəbiyyatına gəlməməsi düşündürücü məsələdir. Yeni uşaq yazarlarını həvəsləndirmək lazımdır. O da hazırki şəraitdə mümkün deyil. Uşaq ədəbiyyatı çox geridə qalıb. Hər şeyin gözəlini biz uşaqlara veririk, ancaq bu sahə çox arxada qalıb. Hər şey valideynlərin özündən asılıdır”.

Uşaq yazıçısı, “Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova “ dünyanın inkişaf etmiş ölkələrində uşaq ədəbiyyatını özümüzə nümunə götürüb, öz ədəbiyyatımızı inkişaf etdirə biləcəyimizi deyir: “Keçid dövrü hər şeyə təsir göstərdiyi kimi uşaq ədəbiyyatından da yan keçməyib. Uşaqlar özləri gedib mağazadan nağıl kitabını alıb oxumur. Onu valideyn edir. Əvvəllər klassik əsərlər yazılırdı. Onlar da həmin dövrdə yaşayan uşaqlara həsr olunurdu. İndiki uşaqlar o nağılları oxuyanda artıq o nağıllar darıxdırıcı gəlir. Uşaqları cəlb etmək üçün nağıllarda müəyyən dəyişikliklər də olunmalıdır. Bugünkü uşağın səviyyəsinə uyğun onun maraqlarını qarşılamalıyıq. Dünya görüşünün artması, maariflənməsi üçün uşaq ədəbiyyatı vacib şərtlərdəndir. Uşağa elə bir kitab təqdim etməlisən ki, o kitabı əlinə alanda darıxmasın. Uşaqlar kitabları çox xoşlayırlar. Sadəcə olaraq uşaqlara kitabdan öncə planşet, noutbook verəndə o bütün marağını onlara yönəldir və belə olan halda uşaq səbirsiz olur, nağıl oxumaq istəmir. Əgər uşaq kitab oxumağa meylli deyilsə, günahı valideyn özündə axtarmalıdır. Valideyn saatlarla telefonla oynayırsa, sevgisini telefona göstərirsə, uşaq da valideynin sevdiyini sevəcək. O uşağını yanında əyləşdirib həvəslə maraqlı nağıl oxuyarsa o zaman uşaq ədəbiyyatı sevər. Əgər valideyn uşağa nağıl danışa bilmirsə, o uşağa kitabı necə sevdirmək olar. Əgər uşaq az yaşlarında kitab oxumursa, o heç zaman ziyalı ola bilməz”.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın sözlərinə görə, ilk növbədə uşaqlara təqdim olunan ədəbiyyatın nə dərəcədə, hansı formada təqdim olunmasına nəzarət etmək lazımdır: “İnternetin bu qədər yüksək inkişaf etdiyi bir halda hansısa nəşrlə, yayımla problemlər yaranır. Düşünürəm ki, bu nağıllar internet vasitəsi ilə yayımlansa, oxucuların sayı çoxalar. Bu gün KİV tərəfindən uşaq ədəbiyyatının təbliğatı varsa, televiziyada müəyyən verilişlər ədəbi əsərlərlə bağlı, ədəbiyyatla bağlı hansısa verilişlər olsaydı, onda daha yaxşı olardı. Uşaqları ədəbiyyata daha da yaxın tutmuş olardıq. Əgər sən ədəbiyyatı uşağa təqdim edirsənsə, onda uşaq ədəbiyyata maraq göstərir”.

Artıq bir neçə ildir ki, uşaqlarla işlədiklərini söyləyən İ.Yaqubova uşaqların nağıllara qarşı maraqlı dinləyici olduğunu deyir: “Uşaqlarla görüşəndə, onlara hansısa bir əsər barədə danışanda o qədər maraqla dinləyirlər ki, görüş bitəndən sonra müraciətlər olur ki, bu əsərlərlə bağlı materialı haradan əldə edə bilərik. Bu gün uşaq yazarlarının sayı 20 il bundan qabaqkı yazarlardan qat-qat azdır. Hər şey ədəbiyyatın təqdimatından asılıdır. Bizdə elə hesab edirlər ki, böyüklərlə bağlı hər hansı bir sahəyə diqqət yetirmək lazımdır. Fikirləşmirik ki, bu günkü böyüklər dünənin uşaqlarıdır. Kiçik yaşlarında onlara kitab oxumağı öyrətmiriksə, onlarda belə bir vərdiş yaratmırıqsa, böyüyəndə onlar nə ədəbiyyat oxuyacaqlar, nə də bu sahəyə maraqları olacaq. Belə olan halda onların dünyagörüşü, savadı, danışıq qabiliyyəti formalaşmır. Ədəbiyyat insana ilk növbədə dünyada baş verən hər hansı hadisə ilə bağlı məlumatlarla barədə təəssüratlar yaranır”.

Müsahibimiz kitab oxuyan uşağın düzgün, səlis, savadlı danışdığını deyir: “Bunların hamısının kiçik yaşda təqdim olunması çox gözəl olardı. Uşaq ədəbiyyatı bu gün çox lazımlı və zəruri məsələdir. Nəyə görə isə biznes adamları bu sahəyə yatırım etmirlər. Söyləyirlər ki, bu elə də gəlirli sahə deyil. Sovet dövründə uşaq ədəbiyyatı hər zaman ucuz nəşr olunurdu. Kitablar çox ucuz qiymətə satılırdı. Təsəvvür edin 3 qəpiyə kiçik formatda uşaq kitabları almaq mümkün idi. o zaman bir qəpiyə kibrit qutusu verirdilər. 3-5 qəpiyə isə uşaq kitabı alırdıq. Uşaq ədəbiyyatı daha ucuz olsa, ucuz şəkildə nəşr olunsa, o zaman alıcılar üçün də qiymətlər əlçatan olar və o kitabların yazılması üçün də daha yaxşı şərait yaranar”.

Göründüyü kimi, kitab oxumaq vərdişi öncə ailədə qazanılır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona ucadan kitab oxumalı və özləri də kitab oxuyaraq uşağa əsl örnək olmalıdırlar. Almaniyalı pedaqoqların fikirlərinə görə, nağıllara inamın öldüyü gün uşaqların inkişafı dayanacaq. İndi bir çox valideyn uşaqların daha nağıllara inanmadığından şikayətçidir. Bu inamı yaşatmaq üçünsə uşaq ədəbiyyatının nəşrini gücləndirmək, səmərəli təcrübələrdən yararlanmaq və bu vərdişi uşaqlara aşılamaq lazımdır.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR