Slimfit
  1. PSİXOLOGİYA

Uşağı döyəndə o nə hiss edir və bu hərəkətlərimiz uşaqlarda necə əks olunur?

Uşağı döyəndə o nə hiss edir və bu hərəkətlərimiz uşaqlarda necə əks olunur?
Sakura

Uşağı döyəndə o nə hiss edir və bu hərəkətlərimiz uşaqlarda necə əks olunur?

Kimsə başqa bir canlını incidəndə, ona şiddət tətbiq etdikdə, bunu çox pis qəbul edir, özlüyümüzdə bu insan “vəhşidir” deyə düşünürük. Amma övladlarımızı da cəzalandırmaq üçün çox vaxt döyürük. Sonra da “qızını döyməsən, dizini döyərsən” kimi ifadələrlə vicdanımızı sakitləşdirirərək, özümüzü sığortalamağa çalışırıq. Bəs uşağı döyəndə o nə hiss edir və bu hərəkətlərimiz uşaqlarda necə əks olunur?

Psixoloq Vəfa Rəşidovanın bildirdiyinə görə, insanların psixologiyasında çoxdan oturuşmuş belə bir tendensiya var ki, insanı qorxudarkən, vurarkən, üstünə qışqırarkən sanki onu idarə edir və ya tərbiyələndirirlər. Əslində bu hədsiz dərəcədə köhnəlmiş və utopik bir fikirdir. “Bu fikir kimə necə sərf edibsə, o cür də qəbul edib. Fikir verin, valideynlərin çoxu özünü, emosiyalarını idarə edə bilməyəndə qışqırır, uşağı vururlar. Lakin sonradan peşman olurlar. Əgər o doğru bir metod olsaydı, döyüb təhqir edəndən sonra niyə peşmançılıq hissi keçirirlər? Dəfələrlə seansların nəticəsində bunun şahidi olmuşam: valideynlərin çoxu etiraf edir ki, övladı döydüm, hətta təhqir etdim, amma 15 dəqiqədən sonra çox peşman olub kənara çəkilib ağlamağa başladım. Bu düzgün addım olmadığı üçün valideyn peşmançılıq çəkir. Təbii ki, emosiyaları əldə saxlaya bilməmək bu kimi davranışı büruzə verir”.
V.Rəşidova qeyd edib ki, valideyn tək özünü düşünməməlidir: “Bu həqiqət acı olsa da, demək istəyirəm ki, valideynlər yalnız uşaqları fikirləşməkdənsə, yalnız özlərini düşünürlər. Burada əslində iki tərəfi fikirləşmək lazımdır. Həm valideyn öz emosiyalarını bərpa etməli, öz fikirlərinin, dediklərinin üstündə durmalıdır, həm də uşağı fikirləşməlidir” deyən müsahibimizə görə, amma əksər hallarda münasibət birtəfəli olur, heç vaxt balans saxlanılmır. Belə ki, dediyinə görə, ya valideyn öz maraqlarına uyğun hərəkət edir, ya da həddindən çox uşağın tərəfin saxlayır. “Uşağın da hər dediyi ilə oturub-durmaq onda davranış pozuntusunun yaranmasına şərait yaradır. Sonra isə valideyn artıq bunun qarşısını ala bilmədiyi üçün uşağı vurmağa başlayır. Bunun isə fəsadları həddindən artıq çoxdur”.

Onun bildirdiyinə görə, bu gün cəmiyyətdə kifayət qədər nevrozdan, obsessiv kompulsiv pozuntudan əziyyət çəkən insanlar hədsiz dərəcədə çoxdur. Psixopatiyadan əziyyət çəkən xeyli insan var. Müşahidələrinə əsaslanan Rəşidovanın sözlərinə görə, psixopatiyadan əziyyət çəkən insanlar uşaqlıq dövründə o qədər təhqir olunur, pis bir davranışla üzləşirlər ki, bu onların xarakterində öz əksini tapır. “Psixopatiyadan əziyyət çəkənlərdə daim kimdənsə qisas almaq, kimisə vurmaq, alçaltmaq hissi olur. Uşaqlıqda bu davranışı görüb deyə edir. Bu səbəbdən də uşaqlıq dövründə valideynlər xüsusilə də, həssas olmalıdır. Dəfələrlə, bu sözləri təkrar edirəm ki, indiyənə qədər heç kim döymək, vurmaq, təhqir etməklə heç nə əldə etməyib. Deyl Korneqinin bir sözü var: “Tənqid ev quşları kimi bir şeydir. İnsanın özünə qayıdır”. Sonra valideyn şikayətlə gəlir: “Mənim övladım sözümə baxmır, az qalır mənə əl qaldırsın”. Bu, valideynin davranışının əksidir. Bacardığınız qədər övladlarınızı sevin, qayğı göstərin. Amma bu da qədərində olmalıdır. Bu kimi problemlərlə yaşayan, böyüyən uşaqlar həyatda xoşbəxt ola bilmirlər. Hər şeyləri olsa da, elə insanların heç nələri olmur”.

Psixoloq bildirir ki, təhqir etmək yalnız təpik vurmaq, döymək demək deyil, uşağı sözlə də alçaltmaq olur: “Ona sevgi duyğusuzluğu yaşatdıqdan sonra da təhqir etmək olur. Üzə sillə vurmaq da şəxsiyyətin aşağılanması deməkdir”.

Mütəxəssis məsləhət görür ki, valideynlər döymək əvəzinə bihevioral terapiyanı tətbiq etsinlər: “Bu cəza mükafat sistemidir. Bunu tətbiq etdikdə valideynlərin uşaqları döyməyə, aşağılamağa, vurmağa ehtiyacları qalmayacaq. Ya bunu valideynlər öyrənməlidir, ya nevrotik bir övlad böyüdəcəklər. Yaxşı olar ki, belə problemlərlə üzləşən valideynlər mütəxəssisə müraciət etsinlər. Lakin elə adamlar var ki, bunu özünə kompleks edirlər. Psixoloq yanına gedəndə utanc hissi keçirirlər ki, hamı biləcək. Onsuz da, anonimlik qorunub saxlanılır. Valideynlər birinci növbədə uşaqlarını düşünməldir”.

Həmsöhbətimiz deyir ki, bihevioral terapiyaya görə, uşaq emosional cəza ilə cəzalanır: “Emosional cəza nədir? Susmaqla uşağı cəzalandırmaq və ya hansısa məşğuliyyətinə qadağa qoymaq. Lakin cəzanın müddəti olmalıdır. Məsələn, sevdiyi əşya bir saata qaytarılmalıdır. Cəzanı təyin olunan müddətdən artıq uzatmaq olmaz. Və ya bir günlük həyətə çıxmağa qadağa qoymusuzsa, bir gündən sonra bu qadağa aradan qaldırılmalıdır”.

Dediyinə görə, cəza verəndə də uşağa bildirmək lazımdır ki, bu cəza sənə niyə verilir. “Emosional cəza zamanı uşağı vicdanla üz-üzə qoyuruq. Daha çox təsir edir. Başa salırıq ki, sən bu şeylərə görə sevdiyin əşyalardan, məşğuliyyətdən məhrum oldun. Bu cəza daha keçərli olur. Şiddət onun üçün “onsuz da vuracaq, ağrısı keçəcək, mənim üçün eyni şey olacaq” kimi başa düşülür. Övlad ağrısı keçənə qədər onun əziyyətini çəkir. Emosional cəza zamanı uşaq həm cəzasını anlayır, başa düşür, həm də düşünür. Ona görə də məntiqli fərd kimi böyüyür”.

 

Aynurə MƏMMƏDOVA

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR