Slimfit
  1. AZƏRBAYCAN

Unudulmuş orta əsr şəhərimiz Zəyəm

Unudulmuş orta əsr şəhərimiz Zəyəm
Sakura

Unudulmuş orta əsr şəhərimiz Zəyəm

Azərbaycanın  şimal-qərb  bölgəsindəki  çox  saylı  qədim  Alban  məbədləri  barədə  yunan coğrafiyaçısı  Strabonun verdiyi  məlumat, gerçəkdən  bölgənin “Məbədlər diyarı”  olması  fikrini təsdiq  edir.

Başqa bir antik dövr müəllifi K.Ptolomey  Albaniyanı “Şəhərlər ölkəsi” adlandırırdı.

Albaniyanın  Şamaxı, Qəbələ, Telav  və  digər  şəhərləri  barədə  müxtəlif elmi  ədəbiyyatlarda məlumat  əldə  etmək  olur. Təəssüf ki, Azərbaycanın  şimal-qərb  bölgəsinin  Balakən, Zaqatala, Qax  ərazisi barədə məlumat azdır.  Bu  isə  qonşu  dövlətlərdə  bölgə  ilə  bağlı  müəyyən  iddiaların ortaya  çıxmasına imkan yaradıb.

Son   dövrlərdə  AMEA A.A.  Bakıxanov  adına  Tarix  İnstitutunda   bölgə   ilə  bağlı  aparılan  tədqiqatlar  təqdirə  layiqdir.

AMEA Şəki Regional Elmi  Mərkəzinin  “Tarixi İrs  və  Etnogratiya  şöbəsi”  son illər bölgədə  aparılan  tədqiqatlar nəticəsində  xeyli  tarixi  abidələr, o cümlədən  Alban  Xristian Məbədləri   aşkar  etmiş, onların  bəziləri  tədqiqata cəlb edilmişdir.

Qədim  Alban  Məbədlərindən olan Kürmük Məbədi (Qax rayonu  ərazisində) daha  qədim Ay məbədi yaxınlığında  erkən  orta  əsrlərdə  inşa  edilib. Hazırda  oradakı  məbəd isə, 1892-1894-cü  illərdə  Çar Rusiyasının bölgədə xristianlaşdırma  siyasəti  yeritdiyi  vaxt əvvəlki Alban məbədi üzərində, azca  dəyişik yerdə  inşa  edilib.  Sonralar, bu məbəd  bir  daha  dəyişikliyə  uğradılıb.

Daha  bir  tədqiqata  cəlb  edilən məbəd  Qaxın  Qum  kəndi  ərazisindəki  məşhur “Bazilika”dır.

Alban  hökümdarı   lll   Mömin  Vaçaqanın  əmri  ilə  müqəddəs  Yeliseyin (İsa peyğəmbərlərin şagirdi Faddeyin  davamçısı  Yelisey – M.A)  bütpərəstlər tərəfindən  öldürüldüyü  yerdə   V əsrdə  inşa  edilmişdir.

Bu  araşdırmada  isə  müxtəlif  mənbə  və  tədqiqat  əsərlərində  haqqında qısa  məlumat  verilsə də, ayrıca  tədqiqata  cəlb  edilməmiş  qədim  Zəyəm  şəhərindən  bəhs  edəcəyik.

Şimal-Qərbi  Azərbaycanın  qədim  və  orta  əsr yaşayış  yeri  kimi “Torpaqqala”dan  arxeoloq  A.Qaraəhmədovanın  yazılarında  bəhs   edilmişdir.

Son illər  Qax  və  Zaqatala (xüsusilə Zaqatala) rayonları  ərazisində  təsərrüfat  işləri  görülən  zaman və müxtəlif  adamların varlanmaq  məqsədilə apardığı  “qazıntı  işləri”  nəticəsində  tapılan  müxtəlif  əşyalar,  o  cümlədən  metal  pullar, bəzək  əşyaları və açarlıqlar  bəhs  edilən  ərazidə  orta  əsərlərin   inkişaf etmiş  ticarət  şəhərlərindən  birinin   olduğunu  deməyə   əsas  verir.

2015-ci  ildə  bir  təsadüf  nəticəsində  bölgəmizdə  olduğu  zaman birgə  müzakirələr  apardığımız numizmat  Hüsnü Öztürk  bölgəmizdə, “Əski Bazar” adlı ərazidə tapılan  açarlıqların  səlcuqlu  dönəminə  aid  olub,  səlcuqlu  ustalarının  əl  işi  olduğunu müəyyən  etdi. Tapılan  materialların  çoxluğu   və  numizmatika  üzrə  mütəxəssisin  fikirləri  bölgədə   XVII  əsrədək  mövcud  olmuş Zəyəm şəhəri  barədə  daha  ciddi  fikir söymələyə  imkan verir.

Alban  tarixçisi  Musa  Kalankatlının  “Alban  tarixi” (səh.246)   əsərində,  mərhum  akademik  Ziya  Bünyadovun  tədqiqatlarında ( “Azərbaycan  Vll-Xl  əsrlərdə”  “Azərbaycan  Atabəyləri  dövləti”)  və  bir  çox Gürcü  tarixçilərinin  əsərində  Zəyəm  şəhəri  haqqında  məlumata  rast  oluruq.

Tədqiqatçı   Şirinbəy  Əliyevin  ingiloyların  tədqiqinə  həsr  olunmuş  eyni  adlı  dissertasiyasında  da  Zəyəm  şəhərinin  inkişaf  etmiş  ticarət  və  sənətkarlıq   mərkəzlərindən  biri  olduğu  barədə  məlumatlar  vardır.

Yeddi   cildlik  “Azərbaycan  tarixi”nin   lll  cildində (səh.249)  göstərilir  ki,  “XVll əsrdə  məhsuldar  qüvvələrin inkişafı  nəticəsində  şəhərlər  inkişaf  etmişdi.  Ərəş... Şəmkir, Zəyəm, Kiş  bu dövrün  (XVl əsrin) mənbələrində   orta   və  xırda  şəhərlər  kimi  təqdim  edilir.”

Yenə  həmin  mənbədə  qeyd  edilir ki, “Bu dövrdə  Ərdəbil... Ərəş, Marağa.., Zəyəm şəhərlərində  l Şah Təhmasibin  adından   pul  vahidi  buraxan  yeni  sikkəxanalar  fəaliyyət  göstərirdi.”

(səh.259) Əsasən  mis  və  gümüş  pul  kəsilir  və  qismən də (məhdud  miqdarda) qızıl  pullar  kəsilirdi. Lahıc  da  XVl  əsr  şəhərləri  sırasında  adı çəkilən  şəhərlərdəndir.

Maraqlı  cəhətlərdən  biri  də  budur  ki,  Zaqatala  ərazisində  də  Lahıc  adlı  yaşayış  məntəqəsi,  bir  də  el  arasında  “İtmiş  Lahıc” adlı  yer  vardır.

Təəssüf ki,  bu  günədək  Balakən-Zaqatala  ərazisində   fundamental  şəkildə  arxeoloji  qazıntı  aparılmamışdır ki, bu məsələyə aydınlıq gətirilsin.

Bildiyimiz  kimi,  deyilən  fikirlər  arxeoloji  materialarla  təsdiq  ediləndə,  bu  fikir  daha  ciddi  və  elmi  fikir  kimi  qəbul  edilir.  Nəzərə  alsaq  ki,  söhbət   bu  günkü  sərhədyanı   bölgəzimdən  gedir,  o  zaman  daha  diqqətli  olmalı,  bölgənin  araşdırılmasına daha ciddi  önəm  verilməlidir.

Zaqatalanın   el  arasında  “Əski Bazar”  adlanan  ərazisindən  tapılan  at  və  digər  heyvan  fiqurları  numizmat  və  arxeoloqların  (numizmat Hüsnü  Öztürk, arxeoloq  Fariz Xəlilli)  fikrinə  görə  Səlcuqlular  dövrünə  aiddir.

Əski  Bazar  ərazisində  Şirvanşahlar, Qaraqoyunlu   və  Ağqoyunlu,  hətta  Səfəvilər   dövlətlərinə  aid  metal   pullar  tapılır  ki,  buranın “Əski Bazar”  adlanmasın da  təsadüfi  deyil.

Tədqiqatçı Şirinbəy  Əliyev  yazır: “XV əsrdən etibarən   Zəyəm  ,(Bazar)  şəhəri  yüksəlməyə  başlamışdı. Zəyəm  şəhəri  (Bazar) Əliabad  qəsəbəsindən  8  km  qərbdə  “Əski Bazar” adlanan  ərazidə  yerləşirdi. Zəyəm şəhəri  XV əsrdə  ölkənin mühüm  inzibati  ticarət-sənətkarlıq  mərkəzlərindən   biri  idi.

1616-cı ildə Şah Abbasın... yürüşü  nəticəsində  Zəyəm şəhəri  tamamilə  dağıdıldı.

Buradan  köçən  və  köçürülən  əhali  ətraf   ərazidə  Zəyəm,  Zəyəm-Muxax, Bazar, Qax-Zəyəm adlı  yeni  yaşayış yerləri  yaratdı.  Əhalinin  bir  qisminin  Mazandarana  köçürülməsi barədə  orta  əsr   tarixçisi  İsgəndər  Münşi  də  məlumat  vermişdir.  Bölgənin  tarixini, xüsusilə  ərəb  dilli  qaynaqlarını  araşdıran  Məhəmməd  Şabanoğlunun  fikrinə  görə  Azərbaycanda  10-dan  çox  “Zəyəm”  toponimi və hidronimi   vardır  və  zəyəm  sözü  qədim  türk  sözü  olub,  mənası  “düzən yer”dir.

Bildiyimiz  kimi,  “Şakkidən  İberiyayadək”  uzanan  Böyük  Şədd (“Kala  Sur”)  V-Vl  əsrlərdə  Sasani  hökümdarı  Qubad  və  onun oğlu l Xosrov  Ənuşirəvan  tərəfindən    tikdirilmiş  və  uzunluğu  120   km-dən  çoxdur. Görkəmli  tədqiqatçı  E.A.Paxomov  əsərlərindən  birini  məhz  bu  Səddin  araşdırılmasına  həsr edib.

Yaşlı   sakinlərin  daha  öncəki  nəsillərə  istinadən  söylədiyi   fikrə  görə  “Əski  Bazar”ın  da  daxil  olduğu  Zəyəm  şəhəri   qala  divarı  içərisində  olub   və  ətrafı  xəndəklə  əhatə  olunub. (əksər orta  əsr şəhərlərində   olduğu  kimi)

Haqqında  söhbət  gedən  ərazidən  tapılan  maddi-mədəniyyət  nümunələri,  burada  orta   əsərlərin  yüksək   inkişaf  etmiş  sənətkarlıq  və  ticarət  şəhərlərindən  birinin  olduğunu  deməyə  əsas  verir.

 Burada   arxeoloji  qazıntıların   aparılması  daha   ciddi   məlumatların   əldə  edilməsinə    tariximizin  və  şəhər   mədəniyyətimizin  daha  dərindən  öyrənilməsinə  kömək  edərdi.

Nəzərə  alaq ki,   bu  günədək  bölgədə  yalnız  Torpaqqalada  qismən  araşdırma  aparılmışdır. (arxeoloq A.Qarəhmədova  tərəfindən) 

Təəssüf  ki,  nə  elmi  ictimaiyyət,  nə  də  bölgə  əhalisi  Torpaqqalada  aparılmış  araşdırma  və  onun  nəticələri  barədə,   tariximizdə  onun  yeri   barədə bilgiyə  sahib  deyil.

Qeyd  etmək  yerinə  düşər ki,  hələ  antik  dövr  müəllifləri  Strabon, Plini, Ptolomey və bu  dövrün  tədqiqatçıları   Kamal  Əliyev, Rəşid  Göyüşov, D.Axundov Albaniyanın  İberiya  ilə  sərhədlərinə  yaxın  ərazilərdə   inkişaf  etmiş  Alban  şəhərlərinin  olduğundan  bəhs  etmişlər.

Bəzi  məlumatlar  o cümlədən  tədqiqatçı   Ş.H.Əliyevin  tədqiqatları   haqqında  bəhs  etdiyimiz  şəhərin (Zəyəm  şəhərinin)  l şah Abbasın 1615-1616-cı illərdəki  yürüşü  zamanı   dağıldığını  deməyə  əsas  verir.

Burdan  tapılan  mis,  gümüş  və  qızıl pulların  Şirvanşahlara, Qaraqoyunlulara, Ağqoyunlulara və  Səfəvilərə  aid  olması,  bölgənin  bütün orta əsrlər  boyu  Azərbaycana, Azərbaycan  Dövlətçiliyinə  bağlı  olmasını  tapılan  açarlıqların  əksəriyyətinin  (demək  olar  ki,  hamısının)  səlcuqlu  ustalarına  aid  olması, Zəyəm  şəhərinin  adının da  birmənalı şəkildə  türk  sözü  olub, mənasının  “düzən yer” olması, buranın  əhalisinin  ən  qədim  zamanlardan  türklər və  türk  soylu  olması  bölgənin  hər  zaman    Azərbaycanın  bir  parçası  olduğunu  göstərir.

 

Nəticə

Beləliklə, tarixi qaynaqlara  və  tapılan  maddi-mədəniyyət  nümunələrinə əsaslanaraq  Zaqatalanın  “Əski  Bazar” adlı  yerində   Səfəvilər  dövründə   özünün  ən  yüksək  inkişaf  mərhələsinə  çatmış  Zəyəm  şəhərinin   olduğunu  ortaya  çıxarmış  olduq.  Arxeoloji  qazıntılar   isə, bu şəhər   həyatı  ilə   bağlı  yeni   faktlar  ortaya  çıxaracaqdır.

Məhz  bu  tədqiqatlar  zamanı  şəhərin  Səfəvilərin   müharibələr   zamanı  tətbiq   etdiyi  “yandırılmış torpaq  taktisası”  tətbiq  etdiyi  zamanı, yoxsa  başqa  səbəblərdənmi  tənəzzül  etməsi  müəyyən  ediləcəkdir.

 

Açar  sözlər: Torpaq  qala,  Zəyəm, Şədd, Açarlıq,  Zaqatala

 

Греческий географ Страбон  назвал  северо-запад  Азербайджана “краем храмов”.

Авторы  античных   и  средновековых источников признали город  Заям  одна   из  самых  развитых  городов Aзербайжана. По  приказу сафевидского шаха Тахмасиба-первого    в  этом   городе  чеканили   монеты.

Жители    этого  региона   занимаясь   хозяйственными   работами находили  монеты  времен   Каракоюнлу ,Аккоюнлу, Сафевидов  и  Ширваншахов.

Если    бы здесь   проводились археогические раскопки  можно  было  бы   обнаружить   этот   город.  И   это  находка  явилась  бы  для  нашей  истории и очень  ценным  достояниям.

 

Greek   geographenstrabon  called  the  north  west  of  Azerbaijan  “Land of temples”.  The   authors  of  ancient  and  medieral  sources  recognired  the  city  of  Zayam  as  one  of  the  most  developed  cities  in  Azerbaijan.   By   the  order  of  the  Safavid  Shakh  Tahmasib  the   first  in  this  city  coins  were  minted.  The   inhabitants   of  this  region,doing chores, found  coins  from  the  time of  Karakoyunlu  Akkoyunlu, Safevids   and  Shirvanshahs. İf  archaeological  excavations  were  carried  out  here one  could  discover   this  city. And   this  discovery  would  be for  our  history  a  very  valuable  asset.

 

İstifadə   edilmiş  ədəbiyyat

1.     Алиев К. Античная  Кавказская  Албания.

                 Баку, Азернешр, 1992, 238с

2.     Məmmədli A. Azərbaycanın  şimal-qərb  bölgəsinin  tarixi  abidələri.

                 Bakı, Turxan, 2013, 228s

3.     Məmmədli A. Orta  əsr  şəhərimiz Qum  haqqında 

                 “Geostrategiya”  jurnalı  Nº1       2018

4.     Hüsnü Öztürk. Alaiye  Beyliyi  sikkeleri  XV  yüzyıl.

                   İstanbul  2015, 72s.

5.     Qarəhmədova A. Qafqaz  Albaniyasının  xristian  abidələri (Alazan hövzəsi)

                   Bakı, Elm, 1986, 32s.

6.     Musa  Kalankatlı Alban  tarixi .

         Bakı Elm, 1993, 272s.

7.     Azərbaycan tarixi, 7 cilddə, lll cild.

                 Bakı 2007, 592s

8.     Əliyev Ş. İngiloylar (tarixi  etnoqratik  tədqiqat) Dissertasiya Əlyazması  hüququnda.

                 Bakı, 2001, səh.36-37.

9.     Пахомов Е. А. Закатальская  стена. Труды  Азербайджанского  Университета. Серия  историческая. Выпуск l. Баку 1950, с 68-90.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR