“Universitetimiz ixtisaslı kadrları ilə ölkənin inkişafında böyük izlər qoyub” — Günhan Hüseynli
Azərbaycanın nüfuzlu müstəqil ali təhsil ocaqlarından biri - milli kadr hazırlığına, cəmiyyətin elmi-intellektual ruhda inkişafına əvəzsiz töhfələr verən Bakı Avrasiya Universiteti artıq 27 ildir öz fəaliyyətini uğurla davam etdirir. Bakı Avrasiya Universiteti zamanın bütün sınaqlarına sinə gələrək öz varlığını nəinki qoruyub saxlaya bildi, həm də ölkəmizin yeni savadlı kadr ehtiyacını bir çox sahələrdə yetişdirdiyi məzunları ilə doldurmağı bacardı. Ötən müddət ərzində universitet müxtəlif sahələrdə uğurla çalışan çoxsaylı məzunları - ixtisaslı kadrları ilə Azərbaycanın inkişafında böyük izlər qoyub, özünəməxsus elm və təhsil ənənələri formalaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, universitetin ümumi işlər üzrə prorektoru Günhan Hüseynlidən təmsil etdiyi ali təhsil ocağı haqqında “AzərTAC”a müsahibə verib:
- Hazırda universitet müasir dövrün çağırışlarına cavab verə bilirmi, yəni yeni yanaşmaların tətbiqi hansı səviyyədədir?
- Hazırda Bakı Avrasiya Universitetində tədris prosesi sistemlilik, peşəkarlıq, millilik, eyni zamanda, beynəlmiləllik və sosiallaşma prinsipləri əsasında təşkil edilir. Hazırda 2 fakültədə bakalavr pilləsində 18, magistr pilləsində 13 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Universitetdə ixtisaslardan asılı olaraq 1, 2, hətta bəzi hallarda tələbələrin istəyinə uyğun 3 xarici dil tədris olunur. Tədris prosesinə ölkəmizin elmi ictimaiyyətinin qabaqcıl nümayəndələri, elmlər namizədləri və elmlər doktorları cəlb olunub. Onların sırasında respublika və beynəlxalq səviyyəli elmi təşkilatların üzvləri də layiqincə təmsil olunur. Universitetin əsas fəaliyyət sahələrindən biri elmi-tədqiqat işləridir. Bu işlərin əsas məqsədi universitetin istiqamət və ixtisaslarına uyğun tədqiqatlar apararaq təhsilin keyfiyyətini artırmaq, müasir tələblərə cavab verən tədris prosesini təşkil etməkdir. Aparılan elmi-tədqiqat işlərinin nəticələri müxtəlif beynəlxalq və respublika səviyyəli konfranslarda müzakirə olunub. Universiteti müxtəlif sahələr, o cümlədən beynəlxalq münasibətlərlə bağlı beynəlxalq və elmi-praktik konfranslar keçirilir. Universitetin professor və müəllimləri çoxlu sayda beynəlxalq konfransın və simpoziumun, ümumrespublika elmi-praktik konfranslarının iştirakçısı olur və məruzələrlə çıxış edirlər.
- Yeri gəlmişkən, universitetin beynəlxalq əlaqə istiqamətində işləri necə qurulub?
- Avrasiya Universiteti nüfuzlu təhsil ocaqları, elm mərkəzləri ilə təcrübə, tələbə və müəllim mübadiləsi sahəsində əlaqələrə xüsusi önəm verir. Bu məqsədlə qabaqcıl təhsil ocaqlarının təcrübəsindən yararlanaraq keyfiyyətli təhsil sistemi yaratmaq, müştərək proqramlar hazırlamaq, elmi konfranslar təşkil etmək üçün universitet müxtəlif ölkələrin elm və təhsil müəssisələri ilə, o cümlədən Rusiyanın Ali İqtisadiyyat və Mədəniyyət Məktəbi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Türkiyənin Süleyman Dəmirəl Universiteti, Girne Amerika Universiteti, Ukraynanın Diplomatiya Akademiyası, Gürcüstanın Müstəqil Diplomatiya Akademiyası, Budapeşt Korvinus Universiteti və digər ali təhsil ocaqları ilə əməkdaşlıq edir. Eyni zamanda, Bakı Avrasiya Universiteti Dünya Diplomatiya Akademiyası və Beynəlxalq Münasibətlər Universitetləri Birliyi, Mərkəzi və Şərqi Avropa Beynəlxalq Tədqiqatlar Birliyi, MDB ölkələri Beynəlxalq Münasibətlər Universitetləri Assosiasiyası, Qafqaz Universitetləri Birliyinin üzvüdür.
Bakı Avrasiya Universitetinin yarandığı ilk illərdən Tələbə Gənclər Təşkilatının fəaliyyəti daim diqqət mərkəzində olub. Universitetin gənclər təşkilatı bir çox ilklərə imza atıb və 2014-cü ilin ən məhsuldar gənclər təşkilatı fəxri fərmana layiq görülüb. Tələbə Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə bir çox layihələr də həyata keçirib. Eyni zamanda, respublika əhəmiyyətli tədbirlərin keçirilməsində universitetinin Tələbə Gənclər Təşkilatı hər zaman fəal olub.
Bakı Avrasiya Universiteti müxtəlif ölkələrin 50-dən çox universitet, akademiya və ali məktəbləri ilə tələbə, müəllim və təcrübə mübadiləsi, elm və təhsil sahəsində əməkdaşlıq, jurnalistika, menecment, kompüter mühəndisliyi, dil tədrisi istiqamətində tədbirlər, birgə layihələrin icrası, sertifikat proqramları, tədris-metodiki, mədəni əməkdaşlıq və digər sahələrdə uğurla əməkdaşlıq edir. Məhz görülmüş işlərin nəticəsidir ki, ötən dövr ərzində onlarla xarici ölkə vətəndaşı universitetin məzunu olub. Təhsil ocağında xaricilər üçün bakalavr pilləsi ilə yanaşı, magistratura və aspirantura da fəaliyyət göstərir.
- Bildiyimiz qədər sizin ali təhsil ocağının müəllim heyətində, hətta rəhbərliyində gənclərə xüsusi önəm verilir. Sizcə gəncləşmə siyasəti bütövlükdə ölkəmizin inkişafına hansı yeniliklər gətirəcək?
- Gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Son illərdə Azərbaycanda gənclərin təhsili, işlə təmin olunması, inkişafı, müasir dünyaya inteqrasiya etməsi və biliklərə yiyələnməsi, eyni zamanda, milli dəyərlərə malik olan vətəndaş kimi tərbiyə almaları istiqamətində böyük işlər görülür, dövlətin gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini tapır, mühüm tədbirlər həyata keçirilir.
Hazırda ölkəmizdə onlarla gənclər təşkilatı fəaliyyət göstərir. İstedadlı gənclərimiz beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Eyni zamanda, dünyanın hər guşəsində mədəniyyət, incəsənət, idman, elm və digər sahələrdə parlaq uğurlar qazanır, Azərbaycanın adını yüksəklərə qaldırırlar. Təsadüfi deyil ki, bütün dövrlərdə millətin adını tarixə yazan sağlam gənc qüvvələr olub. Millətin qəhrəmanlıq tarixini yazanlar da onlar olur. Bu gün adlarını qürurla çəkdiyimiz Mübariz İbrahimov, Fərid Əhmədov, Ramil Səfərov və yüzlərlə belə oğul Azərbaycanın qəhrəmanlıq tarixini yazan gənclərdir.
-Günhan müəllim, qarşıdakı illərdə Bakı Avrasiya Universiteti daha çox nələri hədəfləyib?
- Prezident tərəfindən elm və təhsilə göstərilən yüksək diqqət və qayğı, ümumilikdə bütün sahələrdə qazanılan böyük nailiyyətlər respublikanın nüfuzlu ali təhsil ocağı olan Bakı Avrasiya Universitetinin professor-müəllim və tələbə heyətini sevindirir və biz bu uğurları rəğbətlə qarşılayırıq. Bu ali təhsil ocağı, eyni zamanda, elm və təhsil işçiləri qarşısında müəyyənləşdirilən strateji vəzifələrin gerçəkləşdirilməsində sözünü deyir.
Bakı Avrasiya Universitetinin çoxsaylı professor-müəllim heyəti ürəkdən inanır ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət