Universiteti dayandırıb Azərbaycan təbiətini çəkməyə başladım
O, rayonları gəzərək Azərbaycanın gözəl yerlərini foto və videoçəkilişlərlə insanlara təqdim edir və dünyada tanıdır. Bu işlə tamamilə təmənnasız və maddi qazanc əldə etmədən məşğul olan gənc son zamanlar xüsusən diqqət cəlb edib. İki ildir bu işlə məşğul olsa da, insanlar onun işlərini son zamanlarda kəşf edib, heyran qalırlar.
Uşaqlıqda avarçəkmə, daha sonralar şəhər alpinistliyi ilə məşğul olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinə daxil olub. Amma bunun öz yolu olmadığını başa düşəndə universiteti dayandırıb sevdiyi işlə məşğul olmağa başlayıb.
Oxu.Az Vahid Həsənovla müsahibəni təqdim edir:
- Rəsmə olan həvəsiniz necə və nə vaxt yaranıb?
- Atam mənim üçün cizgi film qəhrəmanlarının rəsmlərini çəkirdi, mən də baxıb fikirləşirdim ki, mən də belə çəkmək istəyirəm. Üç-dörd yaşımdan öyrənməyə başladım. Məktəbə gedəndə artıq yaxşı rəsmlər çəkə bilirdim.
- Rəsmdən fotoya və səyahət edərək videolar çəkməyə keçidi necə etdiniz?
- Universitetdə oxuyanda rəsm işlərimin fotosunu çəkmək üçün rəsm əsərlərimin bəzilərini satıb fotoaparat almışdım. Paralel olaraq səyahətlər edirdim. Ümumiyyətlə, səyahəti sevirəm, sadəcə, fikrimdən yayınıb başqa tərəfə - memarlığa doğru getmişdim. Sonradan başa düşdüm ki, yolum səhvdir, bunu dayandırmalı və arzumun arxasınca getməliyəm.
Ölkədaxili səyahətlər edəndə Azərbaycanın çox gözəl təbiəti olduğunu, amma bunları göstərən, tanıdan heç kimin olmadığını gördüm. Telefonla, sonra aparatla çəkilişlər etməyə başladım. Həmişə rejissor olmaq, gözəl işlər ərsəyə gətirmək istədiyim üçün dron aldıqdan sonra videoçəkilişlər də etməyə başladım.
Şəkilləri çəkərkən filan yeri necə çəkmək yaxşı olar deyə düşünürdüm. Rəssamlıq ikinci plana, universitet də üçüncü plana düşdü. Universiteti dayandırıb özümü tamamilə bu işə həsr etdim.
- Rayonların sizin üçün özəllikləri nələrdir?
- Hər rayonun özəlliyi var. Məsələn, Xızıda rəngli dağlar, Qubada zirvələr, Zaqatalada meşələr, Qaxda meşələrin ortasında abidələr. Heç vaxt konkret bir yerə getmirəm, beynimdə mənzərə canlandırıb yola çıxıram və onu axtarıram. Məsələn, bilirəm ki, Qaxda şəlalə var, onu necə çəksəm, daha gözəl alınar deyə düşünürəm. Yağışlardan asılı olaraq şəlalənin suyu bəzən az, bəzən çox olur, onu hesablayıram. Hava şəraiti və vəziyyətin uyğun olmasını gözləyib sonra çəkiliş edirəm.
- Şəkillərdən pozitivlik hiss olunur, bəs iş zamanı olan çətinliklər nələrdir?
- Belimdəki aparatlarla dolu 30 kiloqrama yaxın çanta. Digər gəzginlərdən fərqli olaraq, çantaya texnika - obyektivlər, dron da qoyduğum üçün yük ağır olur. Bir də yolda yaşadığım çətinliklər var. Maşın olmadığı üçün avtostopla gedirəm. Heç kim aparmayanda meşədə çadır qurub yatıram.
- Rayonlarda başınıza gələn qeyri-adi, yaddaqalan hadisələr nələrdir?
- Çoxdur. Məsələn, çoban itlərinin üstümə hücum etməsi. Bir dəfə Göygöldən qayıdanda sərhəd zonasında axşam bircə maşın var idi, fikirləşdim ki, məni aparmazlar. Avtostop etdim, apardılar, hoteldə qonaq etdilər. Həmin gün orada qalsaydım, pis hadisələr baş verə bilərdi, çünki orada ayı, canavar var idi. Yola çıxanda yol özü sənin üçün qurulur, irəli getdikcə yol səni aparır.
- Sizcə, rayonlarda turizm imkanlarından kifayət qədər istifadə olunur?
- Xeyr, heç istifadə olunmur. Məsələn, damların hamısını eyni rəngdə etmək regionlarda gözəl görünər və insanları cəlb edər. Qədimliyi qorumaq da önəmlidir. Evlərinin fasadını qədim üslubda, amma daxildən möhkəm və soyuğa davamlı şəkildə qurmaqla kənd camaatına kömək etmək olar.
- Reklam şirkətlərindən iş təklifləri gəlir?
- Təbiət rəsmləri, bəzən də insanların şəklini çəkirəm. Toy təklifləri çox gəlir, başa düşmürlər ki, toy şəkilləri çəkmirəm. Gəlib çəksəm, həvəslə işləməyəcəyəm, çünki toy şəkilləri çəkməyi sevmirəm, qəşəng şəkil alınmayacaq.
Turizm şirkətlərinə şəkillər satıram.
- Yeni layihənizə maraq necədir?
- Hazırda elə də maraq yoxdur, lakin buna böyük maraq yaratmağa çalışacağam. İnsanlar “viner” olmaqdan başqa belə işlərlə də - səyahət etmək, fotolar, videolar çəkməklə maraqlansalar, yaxşı olar. Həm turizm inkişaf edəcək, ölkəmiz digər ölkələrdə tanınacaq, həm də özümüz tanıyacağıq. Biz hələ də ölkəmizi tanımırıq, necə yerlərin mövcud olduğunu bilmirik.
Profilimdə baxıb görə bilərsiniz ki, insanlar məəttəl qalır ki, yəni bizdə belə yerlər var? Gənclərə və bu işi görmək istəyənlərə bacardığım qədər dəstək olmağa çalışacağam.
- İnsanlar sevdikləri işi necə tapa bilərlər?
- İnsan bir yerdə ilişib qalmamalıdır, daima özünü axtarmalıdır. İnsanlar özlərinə bir sual versinlər: “Bu işi pulsuz edərdim?” Əgər cavab “yox”dursa, demək, onun işi deyil.
- Oxuculara, xüsusən, risk etməkdən qorxanlara nə deyə bilərsiniz?
- Addım atsınlar, hər şey özü gələcək. Risk etməkdən qorxmasınlar, sevdikləri işin arxasınca getsinlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət