Slimfit
  1. CƏMİYYƏT

UNİSEF rəhbəri: Gəncəli qadının o sözü...

UNİSEF rəhbəri: Gəncəli qadının o sözü...
Sakura

UNİSEF rəhbəri: Gəncəli qadının o sözü...

Axar.az UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə müsahibəni təqdim edir:

– Cəmiyyətdə uşaqların bərabərliyinin təmin olunması anlayışını necə xarakterizə edərdiniz?

– UNİSEF üçün bu, ən həssas uşaqlar üçün investisiya, xidmət və dəstəyin prioritet götürülməsidir. Azərbaycanda son 20 ildə uşaqlar üçün xeyli irəliləyişə nail olunsa da, düşünürəm ki, diqqətdən kənarda qalanlar da var. Onları digər uşaqlarla eyni səviyyəyə gətirmək üçün daha çox çalışmaq lazımdır.

– UNİSEF-in Bakı rəhbəri olaraq, fəaliyyətiniz çərçivəsində hansı uğurlara imza atmısınız?

– İndividual olaraq özümdən danışmaq istəməzdim. İcazə verin, təşkilat olaraq nələrə nail olduğumuzdan danışım. Çünki gördüyümüz iş əksəriyyətinin azərbaycanlılar olduğu əla bir komanda ilə həyata keçirilir. Əməkdaşlarımız da bu istiqamətdə çox əmək sərf edir. Məsələn, məktəbəqədər hazırlıq proqramı – çox şadam ki, son bir neçə ildə 5 yaşlı uşaqların 75 faizdən çoxu bu proqrama cəlb olunub. Bu proqramın uğurlu olduğunu isə artıq birinci sinfə gedən uşaqların necə həyəcanlandıqlarını, daha səmərəli öyrəndiklərini görən valideynlərinin dilindən eşidirik. Bu bizim qürur duyduğumuz bir uğurdur. Uşaqların qidalanmasının yaxşılaşdırılması üçün mamaçaları, tibb bacılarını, ailələrə yaxın olan sağlıq işçilərini təlimatlandırırıq. Bu, uşaqların sağlamlığına böyük təsir göstərəcək.

– “UNİSEF Azərbaycan”ın fəaliyyəti nə dərəcədə effektivdir?

– Mümkün qədər təsirli olmağa qərarlıyıq. Zənnimcə, Azərbaycanda gördüyümüz işlərin nəticələri göz qabağındadır. Və bu, təkcə bizim zəhmətimizin bəhrəsi deyil. Bizim hökumətdə, vətəndaş cəmiyyətlərində, icmalarda müttəfiqlərimiz var. Artıq həssas uşaqların ehtiyac duyduğu sosial xidmətlərə daha çox vəsait ayırırıq. Yeni sosial işçi proqramlarımız var – bu, hazırda ölkənin 3 pilot rayonunda uşaqlar üçün hazırlanan ilk sosial iş proqramıdır. Son iki ildə 10 rayonda həssas ailələr və uşaqlar üçün ilk hüquqi yardım xidmətlərini inkişaf etdirmişik. Əlilliyi olan uşaqlar üçün inklüziv təhsili inkişaf etdirmişik və bu, uzun zaman tələb edən, mürəkkəb bir prosesdir. Amma indi İnklüziv Təhsil üzrə Dövlət Proqramı əlilliyi olan uşaqların digər uşaqlarla adi məktəblərdə təhsil almasını təmin edir.

– Azərbaycandakı uşaqların gələcəyini necə görürsünüz?

– Çox müsbət. Çünki Azərbaycan böyük potensiala sahib olan, uşaqlarına və gənclərinə böyük fürsətlər təqdim edən bir ölkədir. Gənclər əhalinin üçdə birini təşkil edir. Onlar gələcəyin inanılmaz dərəcədə vacib bir hissəsi olacaqlar. Düşünürəm ki, bu ölkənin gənclərini gözləyən müsbət bir gələcək var. Onların gələcəyini bizim bu gün verəcəyimiz qərarlar müəyyən edəcək. Buna görə də gözəl gələcək üçün ən yaxşı başlanğıca sərmayə qoymaq lazımdır.

– Uşaq hüquqlarının qorunması və onların erkən yaşlarda işə cəlb edilməsi haqqında Azərbaycan qanunvericiliyi beynəlxalq standartlara cavab verirmi? UNİSEF-in bu istiqamətdə Azərbaycan hökuməti ilə hansı əməkdaşlığı var?

– Bu haqda iki söz demək olar. Birincisi qanunvericiliklə bağlıdır. Bəli, hökumət beynəlxalq standartlara uyğun bir sıra beynəlxalq konvensiyaları və qanunları təsdiq edib. Beləliklə, Azərbaycanda uşaq əməyinin, xüsusən də uşaqların təhlükəli işlərdə istismar olunma formalarının qarşısının alınması üçün qanunvericilik bazası mövcuddur. Ancaq təbii ki, qanunvericilik yalnız tətbiq edildiyi qədər təsirli olur. Düşünürəm ki, Azərbaycanda qarşılaşdığımız problemlərdən biri də işləməli uşaqların sayı barədə etibarlı məlumatların olmamasıdır. Küçələrdə və ya iş yerlərində, təhlükəli şəraitdə və ya istismar şəraitində işləyən çox sayda uşaq olduğunu müşahidə etməmişəm. Ancaq nəyisə görməməyimiz onun mövcud olmadığı demək deyil. Zənnimcə, öncə konteksti müəyyənləşdirmək lazımdır. Dünyanın hər yerində uşaqlar tez-tez müxtəlif işlərdə fəaliyyət göstərirlər. Mən özüm də uşaq yaşlarımda, məktəbli ikən dərsdən sonra işləmişəm. Bəzən uşaqlar ailə bizneslərində fəaliyyət göstərirlər. Biz bilirik ki, bəzən uşaqlar boş vaxtlarında bir az pul qazanmaq üçün işləyə bilirlər. Bu onlar üçün faciəvi şəkildə ziyanlı deyil. Faciəvi olan uşağın işləməkdən başqa seçiminin olmamasıdır. Bu onların məktəbə getmələrinə mane olur. Bəzən uşaqlar çalışdıqları riskli iş ucbatından öz həyətlarını təhlükəyə atırlar. Biz uşaq əməyinin bu növünə görə daha çox narahat olmalıyıq. Bu səbəbdən də cəmiyyətdə baş verənlərdən daha çox xəbərdar olmalıyıq. Bu isə öz növbəsində düzgün araşdırma, düzgün məlumat toplama deməkdir.

 

– Elinanın intiharından sonra siz şəxsən “mənim rəhbərlik etdiyim təşkilat da daxil olmaqla, biz hamımız həssas uşaqlar üçün müdafiə və dəstək imkanlarının təmin edilməsini artırmaq üçün daha çox şey etməliyik” dediniz. İntihardan təxminən 7 ay keçib. Bu müddət ərzində bu istiqamətdə hansı addımları atmısınız?

– Biz Təhsil Nazirliyi ilə birgə “Məktəblinin dostları” proqramına start vermişik. Bu proqram çərçivəsində təlim keçmiş şəxslər həyatlarında bəzi çətinliklərlə üzləşən şagirdləri müəyyən edir və onlara dəstək verir. Bu sahə üzrə hazırda təlim görən bir neçə yüz insan var. Həmçinin, yeni “Həyat bacarıqları” proqramımızı reallaşdırırıq ki, gənclər orta məktəblərə daha da fokuslanmış və stress, emosional davranışları idarəetmə qabiliyyətləri artmış formada göndərilə bilsinlər. Beləliklə də tədricən məktəblərdəki mühiti dəstəkləməyə çalışırıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə valideynlərə uşağın məktəbdə bullinqdən əziyyət çəkə biləcəyi əlamətlərini aşkar etməyə kömək etmək üçün yeni materiallar hazırladıq. Bu barədə Dövlət Komitəsinin saytı vasitəsilə məlumat əldə edə bilərsiniz. Yaz aylarında bu yay materiallarını yay düşərgələrində iştirak edən bir qrup gənclə sınadıq. İndi planımız uşaqları və gəncləri bu məlumatla təmin etmək üçün rayonlara gedəcək səyyar yardım proqramı hazırlamaqdır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə uşaqlar üçün qaynar xətt mərkəzini sınamaq və genişləndirmək planı üzərində çalışırıq. Hazırda bu layihə bir QHT tərəfindən idarə olunur, lakin biz nazirliklə hökumətin bu qaynar xətti daha çox işçi heyəti və daha çox resursla necə genişləndirə biləcəyini düşünürük. Beləliklə, uşaqlar üçün mövcud olan bir sıra sistem və xidmətləri inkişaf etdirməyə çalışırıq. Ancaq yenə də bütün bu atdıqlarımız kiçik bir addımdır. Düşünürəm ki, söhbət təkcə UNİSEF-dən və ya hökumətdən getmir, bu, hamımızın cavabdeh olduğumuz bir məsələdir - valideynlər, nənələr və babalar, dostlar, müəllimlər, gənclər, icma rəhbərləri... Hamımızın uşaqlar qarşısında bir məsuliyyətimiz var.

– UNİSEF rəhbəri kimi tez-tez səyahət edirsiniz. Səyahətləriniz zamanı hər hansı uşaq sizə elə bir söz deyibmi ki, onu heç vaxt unutmamısınız?

– Ağcabədidə daun sindromlu körpəsi ilə köməyə ehtiyacı olan bir ana bizim mərkəzdə sosial işçilər tərəfindən dəstək görür, özü kimi valideynlərlə görüşür, təcrübə qazanır, nələrsə öyrənirdi. O xanım mənə dedi ki, uşağı doğulandan belə bir şeylə rastlaşmayıb, bizim proqram onun həyatını dəyişib. Oxşar hadisə Gəncədə, ikiuşaqlı bir ana ilə də baş vermişdi. İki uşağını təkbaşına böyüdən bu qadın çoxlu təzyiqlərlə, problemlərlə üzləşirdi. Onun övladları psixoloq dəstəyi də alırdı. Sosial işçilərimizin dəstəyindən sonra uşaqların da yaşadığı təhsil problemi həll edildi. Onun mənə dediyi “daha öncə heç vaxt belə dəstək görməmişdim, danışmağa, kömək istəməyə heç kimim yox idi” sözləri mənim eşidəcəyim ən gözəl sözlər idi. Əgər biz ailələrin həyatını müsbətə doğru dəyişə biliriksə, deməli, xoşbəxt olmağa səbəbimiz var.

– UNİSEF-də işlədiyiniz dövrdə başınıza gələn ən gülməli və ən kədərli hadisə nə olub?

– Ən kədərlisi həyatımda ilk dəfə bir körpənin ölməyini izləmək olub. Bu, uzun müddət öncə Afrikada baş verib. Ailələrin problemləri ilə tanış olmaq, vəziyyəti anlamaq üçün onlarla söhbət edirdim. Və qadınlardan birinin əlindəki körpə biz danışdığımız zaman aclıqdan dünyasını dəyişdi. Nənəsinin qucağında balaca körpənin cansız bədənini görmək həyatımın ən kədərli səhnəsi idi. Bu məni çox hiddətləndirdi. Bəlkə də uzun illər UNİSEF üçün işləməyimin əsas səbəbi o körpədir. Gülməli xatirə yadıma gəlmir, amma ən xoşbəxt anımı bölüşə bilərəm.

– Buyurun...

– Heç vaxt unutmayacağım bu hadisə 2002-ci ildə Əfqanıstanda baş verib. Bu tarixdə Əfqanıstandakı orta məktəblər bərpa olunurdu və qızlar məktəbə yenidən qayıdırdı. Rəsmi mərasimin fonunda məktəbə geri qayıdan qızların yaşlı atalarının göz yaşı axıtmağını hələ də dünən kimi xatırlayıram. Öz həmkarımdan hər kəsin niyə bu qədər emosional olduğunu soruşmuşdum. O isə cavabında demişdi: “Çünki həyatımızın sonuna qədər bir də bu səhnəni görməyəcəyimizi düşünürdük. Qızlar məktəbə qayıdır, bu bizim həyatımızı dəyişəcək”. Qızların məktəbə qayıtması mənim üçün çox böyük xoşbəxtlik idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR