Slimfit
  1. SİYASƏT

Ukraynanı Azərbaycana qarşı kim qızışdırır?

Ukraynanı Azərbaycana qarşı kim qızışdırır?
Sakura

Ukraynanı Azərbaycana qarşı kim qızışdırır?

Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayan gündən Kiyevə humanitar dəstəyini nümayiş etdirsə də, münaqişəni alovlandıran və onun diktəsi ilə oturub-durmayan bütün ölkələri bataqlığa sürüməyə çalışan Qərb ölkəmizə qarşı qərəzli münasibətini bu sahədə də davam etdirir.

Xüsusən də Ukraynanın tamamilə Qərbin nəzarətinə keçən strukturları Azərbaycanın Rusiya ilə normal qonşuluq münasibətlərini tərəf tutmaq kimi qələmə verib absurd isteriya formalaşdırıblar. Bu yanaşmanın Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərindən sonra daha da intensivləşməsi anti-Azərbaycan mövqeyinin şəxsi-qərəzdən doğduğunu açıq-aşkar nümayiş etdirir. Çünki bu dairələrin tələbi budur ki, Azərbaycan məhz onların diktəsi ilə Rusiya ilə münasibətlərini kəsib, elə onların da diktəsi ilə birmənalı şəkildə Ukraynanın tərəfində olsun.

Təsəvvür edin, həm Azərbaycanı tərəf tutmaqda ittiham edirlər, həm də tərəf tutmağa səsləyirlər. Yəni mövzu Qərbin maraqları olanda bütün dəyərləri alt-üst etmək olar. Halbuki, Azərbaycan, yuxarıda qeyd olunduğu kimi, müharibə başlayan gündən bəri nə Ukraynadan humanitar yardımlarını əsirgəyib, nə də Rusiya ilə münasibətlərini pozub. Üstəlik, Azərbaycan ən ali səviyyədə həm Ukraynanın ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dəstəklədiyini, həm Ukraynaya humanitar yardım göstərmək üçün hər cür səy göstəriləcəyini bildirib.

Əbəs deyil ki, müharibə başlayan gündən etibarən Azərbaycan Ukraynaya 40 milyon dollardan artıq həcmdə humanitar yardım edib. Bununla yanaşı, ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramının həyata keçirildiyi, ötən il keçirilən Bərpa Konfransından bu günədək ümumilikdə 154 uşağın bu proqramda iştirak etdiyi bildirilib. Rəsmi Bakının müstəqil siyasət yürütdüyünü təsdiq edən ən əsas faktlardan biri də budur ki, ölkəmiz tərəfindən ən ali səviyyədə həm Ukraynanın Müstəqillik Günü təbrik edilir, həm də Vladimir Putinlə Bakıda regional inkişaf perspektivlərini özündə ehtiva edən danışıqlar aparılır. Hətta bu danışıqlara verilən şərhlərdə belə, yenə də Ukraynanın adı çəkilir, yəni münaqişəni bitirmək üçün Azərbaycanın ən etibarlı dialoq mühiti olduğu diqqətə çatdırılır. Bəs bütün bunların fonunda Azərbaycanı ittiham etmək nəyin göstəricisidir?

İndi isə ukraynalı politoloq Dmitri Qordonun bu məsələyə münasibətinə baxaq:

"Azərbaycan da bizim kimi işğalla üzləşib və torpaqlarını azad edə bilib. Biz bu mənada onlardan nümunə götürməliyik. Bakıya getməyi arzulayıram. Ümid edirəm ki, müharibədən sonra gedə biləcəyəm.

İlham Əliyev güclü siyasətçidir. Onun üçün Azərbaycanın maraqları hər şeydən üstündür. Azərbaycan açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

SOCAR Ukraynada ən böyük vergi ödəyicilərindən biridir. Bu şirkət Ukrayna üçün çox şeylər edib. Əgər SOCAR "Qazprom"la müqavilə bağlayırsa, deməli, bu, Azərbaycanın maraqları baxımından vacibdir və Azərbaycanın milli maraqlarına müdaxilə edə bilmərik. Biz SOCAR-a və Azərbaycana Ukrayna üçün etdiklərinə görə sadəcə, təşəkkür etməliyik. Ukraynalılara isə deyirəm ki, uşaqlar, sakitləşin, onlar bizə yardım edirlər. Dövlətimiz Azərbaycanın bizə dəstəyini çox yaxşı bilir".

Bu açıqlama da kifayət edir ki, Ukraynada hələ də Qərbin dili ilə danışmayıb prosesləri düzgün analiz edənlərlə Qərbin dili ilə qeyri-obyektiv danışanların fərqini görə bilək.

Mövzunu Oxu.Az-a dəyərləndirən politoloq Azad Məsiyev də Azərbaycanın xarici siyasət doktrinasında balanslaşdırılmış siyasətə üstünlük verdiyini xatırladıb:

"Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Azərbaycan tərəf tutmur. Bakı həm Moskva, həm də Kiyev ilə iqtisadi-siyasi münasibətlərini genişləndirib və bu istiqamət indi də davam edir. Biz münaqişə başlayan gündən Ukraynaya kifayət qədər humanitar dəstək göstərmişik, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq və müharibənin sülh yolu ilə həll edilməsi üçün çağırışlar etmişik. Bununla yanaşı, Azərbaycan Rusiya ilə də qonşuluq münasibətlərində dinc, yanaşı yaşamaq prinsipinə üstünlük verir, bu ölkə ilə iqtisadi-siyasi münasibətlərini genişləndirir və bu əməkdaşlığın davam etməsində maraqlıdır. Bu, Azərbaycanın dövlət maraqlarından irəli gəlir".

Ekspertin sözlərinə görə, Azərbaycanın balanslı siyasətini qəbul etməyən dairələr var:

"Başda Amerika Birləşmiş Ştatları olmaqla Qərb Azərbaycanın bu siyasi yanaşmasını qəbul etmir və təzyiqlərə əl atılır. Halbuki, bu, bizim maraqlarımıza uyğun deyil. O cümlədən də Ukraynada fəaliyyət göstərən sorosçular Azərbaycan-Rusiya münasibətlərinin inkişafına qısqanclıqla yanaşır və bu münasibətləri Azərbaycanın tərəf tutması kimi qiymətləndirərək həm də Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salırlar. Çünki Ukraynada bütün strukturlar artıq, demək olar ki, sorosçuların nəzarətindədir".

Müsahibimiz Ukraynada SOCAR-ın boykot edilməsi ilə bağlı çağırışları da xatırladıb:

"Bu etirazlara dövlət səviyyəsində "yaşıl işıq" yandırılması ilk növbədə Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salır. Halbuki, bu addım Ukrayna xalqının maraqlarına qətiyyən uyğun deyil. Ümumilikdə isə Azərbaycan kimin nə düşünməsindən asılı olmayaraq, qonşularla dinc, yanaşı yaşamaq prinsipinə əməl edir və balanslaşdırıcı siyasətini özünün xarici siyasət doktrinasında strateji meyar sayır. Ona görə də heç kəs Azərbaycanla təzyiq dilində danışa bilməz və buna cəhd edilərsə, adekvat cavab veriləcək".

Politoloq Mətin Məmmədli də Oxu.Az-a açıqlamasında Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü və bu siyasəti həyata keçirərkən ilk növbədə özünün milli və təhlükəsizlik maraqlarını nəzərə aldığını bildirib:

"Məsələn, Azərbaycan Rusiya ilə formalaşdırdığı ikitərəfli münasibətləri digər münasibətlərdən asılı etmir. Yəni həm Rusiya ilə, həm də Ukrayna ilə Azərbaycanın yüksəksəviyyəli münasibətləri var. Bildiyiniz kimi, Rusiya ilə Azərbaycan 2022-ci ildə müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalayıblar və eyni zamanda da ölkəmizin Ukrayna ilə də yüksəksəviyyəli tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Rusiya-Ukrayna müharibəsində heç bir tərəf tutmur və münaqişə edən tərəflərdən də hər hansı birinə nə siyasi, nə də hərbi dəstək göstərir. Eləcə də Ukraynada müharibə başlayandan sonra tərəfimizdən Ukrayna rəsmilərinin də yüksək qiymətləndirdiyi zəruri humanitar yardımlar göndərilib.

Eyni zamanda, Azərbaycan bütün dövlətlərin, o cümlədən də Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşıb və bununla bağlı dəfələrlə Azərbaycan hökuməti, Azərbaycan rəsmiləri öz mövqelərini ifadə ediblər".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR