Uels yığması Azərbaycanla oyun ərəfəsində Beyl və Remsi problemləri ilə üzləşib
Azərbaycan və Macarıstan yığmaları ilə AVRO-2020-nin seçmə mərhələ oyunları ərəfəsində Uels millisinin zədəli futbolçularının durumuna aydınlıq gəlib.
“Report” “The Sun”a istinadən xəbər verir ki, baş məşqçi Rayan Giqqzi daha çox komandanın liderləri – kapitan Qaret Beyl və Aaron Remsinin vəziyyətləri qayğılandırır.
Beyl Uelsin oktyabrın 13-də Xorvatiya ilə Kardiffdə 1:1 hesablı heç-heçə etdiyi matçda baldır əzələsindən təkrar zədə alıb. O, İspaniya təmsilçisi “Real Madrid”in heyətində son 4 oyunu buraxıb. Madridlilərin baş məşqçisi Zinəddin Zidan yenicə məşqlərə başlayan 30 yaşlı hücumçunun noyabrın 6-da Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Türkiyə “Qalatasaray”ı ilə ev, 3 gün sonra isə La Liqanın XIII turunda “Eybar”la səfər görüşündə meydana çıxacağına şübhə edir.
Zədə üzündən oktyabrda AVRO-2020-nin Xorvatiya (1:1) ilə ev və Slovakiya (1:1) ilə səfər qarşılaşmalarını buraxan Remsi isə daha çox oyun praktikasından əziyyət çəkir. 30 yaşlı yarımmüdafiəçi “Yuventus”un İtaliya A Seriyasının son 2 matçında meydana əvəzetmədən daxil olub. O, “Cenoa” (2:1) ilə ev qarşılaşmasında 61-ci, “Torino” (1:0) ilə səfər matçında isə 67-ci dəqiqədən iş başında olub.
Yarımmüdafiəçilər Devid Bruks (“Bornmut”, İngiltərə), Co Uilyams (“Sanderlend”, İngiltərə) və müdafiəçi Co Rodon (“Suonsi”, Uels) zədə üzündən Uels millisinin bu gün elan ediləcəyi gözlənilən heyətində yer almayacaqlar. Co Allen (“Stok Siti”, İngiltərə) isə cəzalı olduğu üçün Azərbaycan yığması ilə oyunu buraxacaq.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavadakı Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət