UEFA prezidenti Bakını niyə seçdiklərini açıqladı
UEFA prezidenti Aleksandr Çeferin “Der Şpigel” nəşrinə müsahibəsində Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakının seçdiklərini açıqlayıb.
Axar.az xəbər verir ki, UEFA prezidenti klubların ali futbol qurumunu günahkar kimi göstərdiklərini də bildirib.
“Niyə? Çünki orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?! Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur”, - Çeferin bildirib.
UEFA prezidenti qeyd edib ki, əlbəttə, Bakı Londondan uzaqdır, lakin yeri təyin edərkən finalda hər iki komandanın İngiltərədən olacağı bilinmirdi.
Çeferin erməni əsilli futbolçu Henrix Mxitaryanın təhlükəsizlik bəhanəsi ilə Bakıya gəlməməsinə də toxunub.
“Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”, - deyə UEFA prezidenti vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət