UEFA-nın üçüncü klub turniri – bu, necə olacaq?
UEFA Çempionlar Liqası və Avropa Liqasından sonra klublar arasında üçüncü yarışın təşkilini nəzərdə tutur. Artıq bir müddətdir müzakirə olunan bu mövzu ilə əlaqədar UEFA-dan təsdiqləyici açıqlama da gəlib.
Qurumun klublararası yarışlarla iş üzrə komitəsinin sədr müavini, Avropa Klublar Assosiasiyasının prezidenti Andrea Anyelli (o, eyni zamanda “Yuventus”un rəhbəridir) BBC-yə deyib ki, yeni yarış 2021/22 mövsümündən start götürəcək. Amma o, yarışın adı, keçiriləcəyi müddət, prinsipi haqda hər hansı məlumat verməyib. Andrea Anyelli deyib ki, bu yarışın başlaması ilə Avropa kuboklarında iştirak edən komandaların sayı (qruplarda) 96-ya yüksələcək. Hazırda bu rəqəm Çempionlar Liqasında 32, Avropa Liqasında isə 48 olmaqla 80 klub təşkil edir.
Xorvatiyada keçirilən Avropa Klublar Assosiasiyanın baş assambleyasında çıxış edən Anyelli deyib: “Yarışa başlamazdan əvvəl beynəlxalq matçların təqvimini incəlliklə öyrənmək lazımdır”.
Britaniyanın “The Independent” qəzeti yazır ki, yeni yarışı təsis etməkdə məqsəd UEFA-nın maddi gəlirini artırmaq niyyətidir.
Bəs, bu məsələ nə vaxt gündəmə gəlib?
Avropa mətbuatı yazır ki, ilk dəfə bu ideya ötən ay Monakoda keçirilən Çempionlar Liqasının püşkatma mərasimi zamanı yüksək çinli futbol məmurları arasındakı söhbət zamanı səslənib. Təşəbbüsün birbaşa UEFA-dan gəldiyi bildirilir. Qitənin ali futbol qurumu hesab edir ki, “kiçik futbol ölkələrinin klubları” da öz qalibini müəyyənləşdirmək hüququna malikdir. Yeni turnirdə 32 komandanın iştirakı gözlənilir. Bu halda UEFA avrokubokların formatında dəyişiklik edəcək. Dəqiq olan budur ki, Avropa Liqasının qruplarında oynayan komanda sayı 48-dən 32-yə kimi ixtisar ediləcək. Çempionlar Liqasındakı komanda sayı isə indiki kimi (32) qalacaq. Beləliklə, UEFA-nın hər üç turnirinin qrup mərhələsində hər birində 32 komanda olmaqla ümumilikdə 96 klub iştirak edəcək.
Amma ÇL-in formatında da dəyişiklik istisna deyil. Yenə də UEFA-ya yaxın avropalı jurnalistlərin yazdığına görə, 2021/22 mövsümündən başlayaraq Çempionlar Liqasında indiki kimi 4 komandalı 8 qrup deyil, hər birində 8 komanda olmaqla 4 qrup təşkil edilməsi ideyası müzakirə olunur. UEFA-nın maliyyəçiləri düşünür ki, bu format qurumun onsuz da yaxşı olan gəlirini daha da artıracaq.
Qeyd etmək yerinə düşər ki, UEFA 2018/19 mövsümü klubların yarışından 3.2 milyard avro gəlir götürməyi planlaşdırır. Avropa çempionatının keçirildiyi illər isə qurumun gəliri iki dəfə artır. Bu, UEFA-ya rəqib olan FİFA-nın gəlirindən xeyli artıq deməkdir. Müqayisə üçün qeyd edək ki, bu qurum yalnız dörd ildən bir keçirilən dünya çempionatından 5-6 milyard avro qazanır.
Qayıdaq yenidən UEFA-nın yeni klub yarışına. Turnirin keçirilməsi ilə bağlı rəsmi qərarın ilin sonunda İcraiyyə Komitəsinin verəcəyi gözlənilir. Bəzi futbol adamları hesab edir ki, yeni yarış populyarlığını itirməsi səbəbindən 1999-cu ildə “Latsio” – “Malyorka” final oyunu (2:1) ilə fəaliyyətini dayandıran UEFA-nın Kuboklar kuboku turnirinin bənzəri olacaq. Amma Andrea Anyelli bunu təkzib edir və qeyd edir ki, turnir Çempionlar Liqasının indiki formatı səviyyəsində olacaq və “kiçik futbol ölkələrinin” klubları həmin yarışda iştirak etməklə daha çox oyun keçirə biləcək.
Bəs, “kiçik futbol ölkələri” dedikdə ora Azərbaycanı şamil etmək olarmı? Bu gün üçün UEFA-ya üzv olan 55 federasiya arasında Azərbaycan klub reytinqində 26-cı yerdə olduğundan “kiçik futbol ölkələri” sırasına aid edilə bilməz. Bu mənada, indiki reytinqi ilə bizim ölkənin yeni yarışda iştirak ehtimalı az görünür. Amma yenə də format, orada konkret hansı mövqeyə malik ölkələrin, yaxud klubların oynayacağı qətiləşmədiyindən fikir bildirmək çətindir.
Bəs, yeni turnirin orada iştirak edəcək komandalar üçün üstünlüyü nədir?
Yenə də Avropa mətbuatına istinad edərək bildirək ki, UEFA-nın ənənəvi pul mükafatları burada da olacaq. Üstəgəl yarışın qalibi növbəti ildən Avropa Liqasının qrupunda oynamaq hüququ əldə edəcək. Təxminən indiki Avropa Liqasının qalibinin yeni mövsümdə Çempionlar Liqasının qrupunda oynaması kimi.
Şotlandiya Futbol Assosiasiyasının icraçı direktoru Stüart Reqan isə deyir ki, qalibin Avropa Liqası deyil, Çempionlar Liqasının qrupunda oynaması ideyası da var: “Avqustda pley-off mərhələlərini adlaya bilməyən komandaların isə mübarizəni indiki kimi dayandırması deyil, yeni yarışda davam etdirməsi də müzakirə edilir”.
Həmçinin belə bir ehtimal var ki, yeni yarış bütün mövsüm boyu deyil, yalnız yayda başlayıb ilin sonunda da başa çatacaq.
İndilikdə isə onu söyləmək olar ki, UEFA-nın milli komandalar səviyyəsində təsis etdiyi Millətlər Liqası (ML) yarışının özünü doğrultması (ciddi maraq kəsb etməyən yoxlama görüşlərindənsə ML-dəki oyunlar komandaların Avropa çempionatının final mərhələsinə getməsi baxımından daha vacibdir) klublar arasında üçüncü turnir də ən azı aşağı reytinqli ölkələr üçün xüsusi maraq yaradacaq.
Mənbə: Qol.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət