Slimfit
  1. DÜNYA

Uduzan erməni diplomatiyası: məntiqsiz tezislər

Uduzan erməni diplomatiyası: məntiqsiz tezislər
Sakura

Uduzan erməni diplomatiyası: məntiqsiz tezislər

Nikol Paşinyan və onun başçılıq etdiyi hökumətin bir sıra üzvləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ziddiyyətli bəyanatlarla çıxış edirlər.

Sirr deyil ki, bu cür bəyanatların reallıqla heç bir əlaqəsi yoxdur və əslində Ermənistan rəhbərliyinin fikirləri bir-birini təkzib edir. Biri münaqişənin artıq həll olunduğundan dəm vurursa, digəri bu istiqamətdə danışıqların intensivləşdiyindən bəhs edir. Aydın görünür ki, işğalçı ölkənin münaqişənin həlli ilə bağlı konkret strategiyası yoxdur. Onlar ağıllarına nə gəldi deyirlər. Bu vəziyyətin yaranması səbəbləri az deyil. Təcrübə göstərir ki, hüquqi baxımdan Azərbaycan tam haqlıdır və bütün beynəlxalq təşkilatlar bunu sənədlərində təsbit edir. Bundan başqa, Yaxın Şərq təcrübəsi də sübut edir ki, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.

Münaqişələrin həlli: ərazi bütövlüyü prinsipinin alternativsizliyi

Cənubi Qafqaz regionunda geosiyasi dinamikanın sürətlə yeniləşməsi fonunda ekspertlər Ermənistan-Azərbaycan münaqişəsinin həlli imkanlarına yenidən baxmağa çalışırlar. Onlar bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsindən başqa yolun olmadığına əmindirlər. Qlobal miqyasda cərəyan edən geosiyasi proseslərin də məntiqi məhz bu nəticəni təsdiqləyir. Yaxın Şərqdə Suriya və İraqın ərazi bütövlüyünün təmini böyük dövlətlərin şübhəsiz qəbul etdikləri prinsiplərin başında gəlir.

Nümunə kimi Rusiyanın Türkiyə ilə danışıqlarda Suriyanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsini daim qabartmasını göstərmək olar. Moskva Suriyada kürd dövlətinin yaradılmasının mümkün olmadığını açıq ifadə edir. Bununla yanaşı, İran da Suriyanın ərazi bütövlüyü məsələsinə böyük əhəmiyyət verir. Təbii ki, Türkiyə bu prinsipi tam qəbul edir və fəaliyyəti ilə onun reallaşmasına böyük töhfə verir. Hazırda Suriyanın ərazi bütövlüyünün bərpa edilməsində şəhidlər verən yeganə dövlət Türkiyədir.

Bunun fonunda terror qrupları və onların havadarları Türkiyəyə qarşı qarayaxma kampaniyası aparmağa çalışırlar. Onlar türk ordusunun kimyəvi silahları tətbiq etdiyi fikrini ortaya atdılar. Paralel olaraq hərbi əməliyyat zamanı dinc əhaliyə, tarixi abidələrə zərər dəydiyini dedilər. Lakin BMT-nin uyğun komissiyaları hər iki iddianı rədd etdi və göstərdi ki, bunlar iftiradır. Türkiyə hərbi əməliyyatlar zamanı son dərəcə düzgün davranıb və dinc əhaliyə zərrə qədər də zərər dəyməyib.

Bunların fonunda xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Türkiyədəki tədbirində bəyan etdi ki, dünyadakı bütün münaqişələr sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Yəni məsələ yalnız Suriya ilə məhdudlaşmamalıdır. Fikirlərini inkişaf etdirən M.Çavuşoğlu Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəallığını daha da artıracağını ifadə etdi. Deməli, Ermənistan-Azərbaycan münaqişəsinin ərazi bütövlüyü prinsipi ilə həll edilməsi şansı getdikcə daha da artır.

Rusiya Suriyada bir kriteriyanı, Cənubi Qafqazda başqasını həyata keçirə bilməz. Suriyada kürd dövlətinin yaradılmasına izn verilmədiyi kimi, Azərbaycanda da erməni dövlətinin yaradılmasına izin verilə bilməz. Həm də ermənilərin buna haqları yoxdur. Onda Azərbaycanın ərzi bütövlüyünün təmini prinsipini Rusiyanın tam olaraq qəbul etdiyi nəticəsini çıxara bilərik. Türkiyənin məsələyə münasibəti çoxdan aydındır. Ankara münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həll oluna biləcəyini ifadə etməkdədir. İran da fərqli mövqe tuta bilməz. Çünki Suriyanın ərazi bütövlüyünü müdafiə edən Tehran qonşusu Azərbaycana qarşı fərqli düşünə bilməz. Baxmayaraq ki, İran rəhbərliyi Ermənistanla əməkdaşlığa daim üstünlük verir.

Bütün bunlar erməni diplomatiyasını çox çətin vəziyyətə salıb. Rəsmi İrəvan anlayır ki, bütün kartları əldən gedib. Azərbaycan intensiv fəaliyyəti ilə həqiqəti dünyaya çatdırıb və beynəlxalq hüquq da Bakının tərəfindədir. Başqa münaqişələrin həlli təcrübəsi də bir məqamı təsdiq edir: münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salına bilər. Ermənistan hakimiyyətinin çaşqınlığını son zamanlar münaqişə ilə bağlı məntiqsiz danışması da təsdiq edir.

Ermənistanın müdafiə naziri deyib ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Yəni Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmayacaq və nəticədə İrəvanın istədiyi olacaq. Bu sözlər faktiki olaraq Nikol Paşinyanın bir müddət öncə dediyi "Qarabağ Ermənistandır və nöqtə" cəfəngiyatı ilə eyni statusdadır. Konkret desək, rəsmi İrəvan növbəti dəfə öz havadarlarını zərbə altında qoyur.

Haqlı Azərbaycan: dünyanın qəbul etdiyi həqiqət

Məsələ ondan ibarətdir ki, baş nazirdən sonra müdafiə naziri də danışıqlar prosesini süni və səmərəsiz proses kimi təqdim edir. Belə çıxır ki, ATƏT-in Minsk qrupu və onun həmsədrləri oyuncaqdırlar. Onlar gözə kül üfürmək üçün mövcuddurlar. Başqa sözlə, Ermənistanın havadarları əslində Azərbaycanın başını qatırlar ki, imkan olanda, işğal edilmiş əraziləri Ermənistana qatsınlar.

Həmsədrlər isə başqa şey danışırlar. Onlar münaqişəni həll etmənin Minsk qrupundan başqa formatının olmadığını deyirlər. Bundan başqa, belə çıxır ki, ATƏT yalançı bir siyasi oyunun iştirakçısıdır. Çünki rəsmi İrəvan əmindir ki, Dağlıq Qarabağ məsələsi həll olunub və buna görə də ATƏT problemi həll etməyin imitasiyası ilə məşğuldur.

Digər tərəfdən, baş nazir N.Paşinyan öz qulbeçəsinin dediyini inkar edən fikir söyləyib. O, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətindəki dinamikadan razı qaldığını bildirib. Hesab edir ki, bu aspektdə proseslər daha da intensivləşib. Ancaq bunun nələrdə öz ifadəsini tapdığını deməyib. İndi kim düzünü deyir – baş nazirmi, yoxsa müdafiə nazirimi?

Bizcə, onların hər ikisi yalan danışır. Lakin məsələnin maraqlı tərəfi odur ki, baş nazir faktiki olaraq müdafiə nazirinin yalan danışdığını ifadə edib. N.Paşinyan, görünür, özünün əvvəlki səhvini təkrar etməkdən ehtiyatlanır və bilir ki, havadarları dərisini soya bilərlər. Ən azından hakimiyyəti itirə bilər.

Daha geniş aspektdə açıq görünür ki, rəsmi İrəvanın münaqişənin həlli ilə bağlı konkret strategiyası yoxdur. Kimin ağlına nə gəlir və radikal düşüncəyə necə sərf edir, ondan danışır. Gah danışıqları vəsf edir, gah da “məsələ bitib”, deyirlər. Əslində isə vəziyyət kifayət qədər sürətlə ermənilərin əleyhinə dəyişməkdədir. Bu, bütün səviyyələrdə aydın hiss edilir. Belə ki, Qoşulmama Hərəkatına daxil olan 120 dövlət Ermənistanı təcavüzkar adlandırdı və belə qəbul etdi. Bu, BMT, Aİ, İƏT, Türk Şurası və digər qurumların qəbul etdiyi sənədlərlə bərabər ciddi əhəmiyyəti olan hadisədir. Çünki faktiki olaraq bütün dünya dövlətlərinin Azərbaycanın haqlı olduğunu hüquqi olaraq qəbul etməsinin təsdiqidir. Bu da Azərbaycanın tədbir görməsi üçün daha geniş imkanların meydana gəldiyini göstərir. İrəvan bunu anlayır və təşvişdədir.

Digər tərəfdən, real fəaliyyət sahəsində Suriyanın timsalında gedən proseslər göstərdi ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyünün təminindən başqa variantı yoxdur. Bu faktın məntiqi nəticələrindən biri Türkiyənin diplomatik müstəvidə daha güclü təzyiqlə Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsinə çalışması olacaq. Ankaranın və Bakının bu istiqamətdə qarşısında dayanacaq güc ola bilməz.

Bunlarla yanaşı, Cənubi Qafqazda sabitliyin təmini Rusiyanın marağındadır. Burada proseslərin qeyri-müəyyənliyə yuvarlanması Moskva üçün əlavə problemlər yarada bilər. Onun artıq ilk siqnalları alınır. Belə ki, Ermənistanda bir anti-Rusiya kampaniyası başlanıb. Onu aparanlar müxtəlif hesabatlar və məruzələrlə Rusiya hərbi kontingentinin Ermənistanda hansı çətinliklər yaratdığı ilə bağlı fikir formalaşdırmağa çalışırlar. Bu, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun İrəvana səfəri zamanı aşkar hiss olunub. Kreml bunlara reaksiya verərək iki ölkə arasında münasibətləri kimlərin korlamağa çalışdığı sualını verir. Moskva açıq bəyan edir ki, aranı Ermənistanda Qərbin sifarişini yerinə yetirən sosial şəbəkə qatır. Deməli, Moskva regionda geosiyasi vəziyyətin sabitlikdən çıxarıla biləcəyindən ehtiyat edir və onun qarşısını almağa çalışır.

Yuxarıda vurğulanan məqamlar onu göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həlli yeni mərhələyə qədəm qoymaqdadır. Obrazlı desək, artıq, "cidanı çuvalda gizlətmək" mümkün deyildir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsə, Cənubi Qafqazda çox riskli vəziyyət meydana gələcək. Burada terrora təkan verən proseslər özünü göstərə bilər ki, onun qarşısını almaq xeyli çətin olar. Həmin terror dalğasının Rusiya ərazisinə sıçraya biləcəyinə də şübhə yoxdur. Vəziyyətin bu yöndə inkişafında Ermənistan maraqlıdır. Çünki bütün hüquqi şərtlər, qaydalar və beynəlxalq hüquq Azərbaycanın haqlı olduğunu göstərir. Ermənistan ancaq aranı qatmaqla, suyu bulandırmaqla, qanunsuz addımlarla prosesi ləngidə bilər. Deməli, yeni səviyyədə mübarizə başlayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR