Dərc edildi: Baxış sayı: 1252
Ucuz ayaqqabılardan gələn bəla
Heç kimə sirr deyil ki, ölkəmizdə ucuz ayaqqabı axtaran kifayət qədər alıcı var.
Ayaqqabıların qiymətlərini öyrənmək üçün şəhərimizdəki bir sıra ayaqqabı satış mərkəzlərinə üz tutduq. Mövzu ilə bağlı yollandığımız ilk ünvan "8-ci kilometr" bazarı oldu.
"8-ci kilometr" bazarında hər qiymətə ayaqqabı tapmaq mümkündür. Bazarda modelin eyni olmasına baxmayaraq, hər satıcı fərqli qiymət deyir. Satıcılar isə bunun səbəbini öz mallarının daha keyfiyyətli olması ilə izah edirlər.
Bazara girən kimi ortalığa topalanmış ayaqqabılar diqqətimizi çəkdi. Satıcıya yaxınlaşıb hardan gətirlidiyi, keyfiyyəti və qiymətli ilə maraqlanırıq:.
Satıcı bildirdi ki, 5-8 manat civarında olan bu ayaqqabılar Çindən gətirilir:
"Bizdə orijinal çin malıdır (gülür). Bir də ki, malı hardan gətirməyimiz bazara gələnlərin nəyinə lazımdır. Bura gələnlər keyfiyyəti deyil qiymətin ucuzluğunu üstün tuturlar. Həm keyfiyyətli, həm də ucuz olsun deyənlər də az deyil”.
Söhbətə qarışan qonşu satıcı isə əlavə etdi ki, qiymətlər əvvəlki illərə nisbətən bu il daha yüksəkdir:
“Hər malın öz qiyməti var. 15 manata da ayaqqabı göstərə bilərəm, 35 manata da. Ancaq bu il qiymətdə bahalaşma var. Əvvələr qış modelləri yay ayaqqabılardan baha olurdu. Ancaq bu il demək olar ki, eyni qiymətədir. Bizə Türkiyədən də Pekindən də mal gəlir. Deməzdim ki, Türkiyədən gələn ayaqqabılar daha keyfiyyətlidir. Elə Pekin malı var ki, o daha dözümlüdür, həm də maddi baxımdan əlverişlidir. Türkiyədən gələn fabrik malları keyfiyyətli olsa da, sex malları çox keyfiyyətsizdir.”.
Neftçilər metrosunun yaxınlığında yerləşən “Papatya” ayaqqabı mağazasında isə qiymətlər 19-29 manat civarında dəyişir. Bu mağazada da Çin malı üstünlük təşkil edir.
"28 may Ticarət Mərkəzi"ndə də eyni mənzərənin şahidi olduq. Burada da fərqli qiymətlərə Çin malları üstünlük təşkil edir.
Alıcılar burada 20 manatadan 80 manata kimi qiymətə ayaqqabı tapa bilər.
Lakin maraqlısı o idi ki, ticarət mərkəzində hər satıcı eyni ölkənin, eyni fabrikində istehsal olunmuş eyni ayaqqabı modellərinə fərqli qiymətlər qoyub.
Adının Sakit olduğunu deyən satıcıya yaxınlaşıb bunun səbəbini soruşduq. Onun sualı elə gözlədiyimiz kimi də oldu - sualımıza sualla cavab verdi:
“Sizə necə ayaqqabı lazımdır? Siz seçin mən qiymətini deyim. Bax, bu ayaqqabı 20 manat, o gördüyünüz isə 45 manatdır. Əsas odur ki, xoşunuza gəlsin, bir az endirim etmək olar”.
Ayaqqabıların hansı ölkədən gətirildiyinə gəldikdə isə satıcı yenə də qulağımızın öyrəşdiyi ölkələrin adlarını sadalamağa başladı:
"Türkiyə, Çin... Hər iki ölkədən mal vururuq. Türkiyədən gələn ayaqqabılar bizə baha başa gəlir. Pekindən gələn elə ayaqqabılar var ki, Türkiyə istehsalından daha keyfiyyətli olur. Alıcılar isə öncə dildə türk malını istədiklərini desələr də, görünüşə görə Pekin malına üstünlük verirlər. Çünki Pekin malı incə və zövqlü olur. Bizdə idman ayaqqabılarının qiyməti 20-50 manat arası dəyişir. Klassik ayaqqabılar isə 65 manatdan 120 manata qədərdir. Bu ayaqqabıların da kifayət qədər alıcısı var”.
Daha bahalı ayaqqabılarla marağlanmaq üçün şəhərin mərkəzində yerləşən mağazaya baş çəkdik. Mağazada ayaqqabılar keyfiyyətli, zövq oxşayan olsa da qiymətlər hər kəsin cibinə uyğun deyildi.
Türkiyə istehsalı olan ayaqqabılar satan brend mağazada qiymətlər 130 manatdan başlayırdı. Satıcının sözlərinə görə, burada ayaqqabılar 300 manata qədər yüksəlir: “Bizdə təmiz dəridən hazırlanmış ayaqqabılardır. Məşhur firmanın klassik modelləri və Türkiyənin 40-dan çox fabrikinə aid ayaqqabı çeşidlərimiz var”.
Şəhərin ticarət mərkəzlərində, mağazalarında satılan ayaqqabıların qiymətləri, keyfiyyəti barədə məlumat topladıq. Məqsəd təbii ki, ayaqqabıların heç də çeşidinə görə qiymətləndirilməsi deyildi. Ən başlıca məqsədimiz ucuz ayaqqabıların insan orqanizminə təsiri, hansı fəsadları yaratmasını ortaya çıxarmaqdır. Elə bu səbəblə də həkimlərin rəyini öyrənməyə çalışdıq.
Ayaqqabı alarkən nələrə diqqət etməli olduğumuzla bağlı suallarımızı travmatoloq-ortoped Ramin Rzayev cavablandırdı.
Həkim qəti olaraq bildirdi ki, keyfiyyətsiz materiallardan hazırlanmış ayaqqabılar, birinci növbədə tərkibində insan orqanizminə zərərli maddələr daşıması (allergik, kanserogen) ilə təhlükəli ola bilər:
“Keyfiyyətsiz, tələblərə cavab verməyən ayaqqabılar bir çox dermatoloji (allergiya, dəridə suluqlar, döyənəklər) və ortopedik (dırnağın dırnaq ətinə batması, bursit, tendinit, daban şporu, Morton nevrinoması və s.) xəstəliklərin yaranmasına yol aça bilər. Ayaqqabı seçimi zamanı ilk növbədə onun tərliyinin (içlik) ortopedik olmasına, ayaqqabı dabanının hündürlüyünə, ayaqqabının elastikliyi-praktik olmasına, iç materialının təbii materiallardan (parça, dəri) olmasına, ventilyasion (havalandırma) xüsusiyyətinə diqqət edilməlidir”.
Travmatoloq-ortoped Altay Cәfәrov da Lent.az-a açılamasında bildirdi ki, ayaqqabının baha və ya ucuz olmasına deyil, son dərəcə onun rahatlığına diqqət yetirilməlidir:
"Ayaqqabı seçərkən, ayağın ölçüsünə uyğun seçim etməliyik. Ayaqqabı ayaqda dəri ilə təmasda olduğu üçün natural təbii dəri, parça və ya pambıq materialdan olmalıdır. Vacib məqamlardan biri də budur ki, rənglənmə formasına diqqət edilsin və ayaqqabının yan tərəfindən dəstəyi olsun”.
P.S Reportajı yekunıaşdırıb redaksiyamıza dönərkən, ayaqlarımın ağrısını hiss edirdim. Başa düşdüm ki, həkimlərin məsləhəti elə mənə də aid imiş - ayyaqqabı alarkən qiymətinə aldanmışam...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət