Türkiyəli politoloq: “Ermənistan rəhbərliyi BMT TŞ-nin iclasında gözlədiyi nəticənin olmayacağını bilirdi”
"Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasının Laçın yolu ətrafındakı vəziyyətə həsr olunmuş iclasının onlara lazım olan nəticəni verməyəcəyini onsuz da bilirdi. Beynəlxalq hüququn Azərbaycanı dəstəklədiyini nəzərə alsaq, Ermənistan tərəfi bilirdi ki, gözlədikləri nəticə olmayacaq".
Ens.Az-ın məlumatına görə,bunu "Report"a açıqlamasında türkiyəli politoloq Engin Özer deyib.
"Ermənistan bu addımı insanları Qarabağın erməni əhalisinin qaçılmaz olan reinteqrasiyasına hazırlamaq məqsədilə atıb. Paşinyan Ermənistanın son dəfə beynəlxalq təşkilata müraciət etdiyini, lakin bunun uğursuz olduğunu elan etməyə hazırlaşır. Onun məntiqi sadədir: o, bu hərəkətləri ilə ultramillətçi ermənilərin gərginliyini azaltmağa çalışır".
Ekspert vurğulayıb ki, faktiki olaraq, bütün dünya, o cümlədən Ermənistanın özü Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edir:
"Ermənistan hakimiyyəti bunu bilir, yaxşı bilir, amma öz xalqına başa salmaq üçün belə bir bəyanatla çıxış etməyə məcbur olublar. Təhlükəsizlik Şurasının iclasının nəticəsi bəlli idi, bu, sadəcə, ermənilərin beynəlxalq reaksiyasını görmələri üçün lazım idi”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət