Türkiyəli agent: "Neftçi" "Qalatasaray" üçün asan yem deyil"
Türkiyəli futbol agenti Aykut Culdan UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Ens.az Report.Az-a istinadən xəbər verir ki, o, yerli mətbuata açıqlamasında "Neftçi"nin "Qalatasaray" üçün asan yem olmadığını söyləyib.
Culdan bildirib ki, "ağ-qaralar" "Qarabağ"la birlikdə Azərbaycanın ən böyük klublarından biridir: "Onlar "Qalatasaray"la "Fənərbağça" kimidirlər. Orada çempionatın I turu geridə qalıb. Komandalar fiziki cəhətdən hazır vəziyyətdədirlər. "Qalatasaray" bu mənada çətinlik çəkəcək. Əlbəttə, "Neftçi" "Qalatasaray" səviyyəsində komanda deyil. Amma əmin olun ki, çox yaxşı mübarizə aparacaqlar. Çünki diri komandadır".
"Neftçi"nin yeni transferi Yusuf Lavalın da agenti olan A.Culdan futbolçusunun İstanbul nəhənginə qol vurmasını istədiyini deyib: "Çox sayda sürpriz oyunçuları var. Bunlardan biri də Lavaldır. Onu böyük ümidlərlə "Neftçi"yə gətirdik. Yusufa çox güvənirəm. Özünüz də görəcəksiniz. Lavala qarşı oyunda sadəcə "Qalatasaray" deyil, Serxio Ramos da əziyyət çəkər, onunla asanlıqla bacara bilməz. Bu dərəcədə yaxşı futbolçudur. İstərdim ki, "Qalatasaray"a qol və ya qollar vursun".
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət