Türkiyədə Osmanlı ruhu canlanır – Rusiyadan baxış
Türkiyənin F-35 proqramından çıxarılarsa, Ankara ilə yanaşı, ABŞ-da itkilərə məruz qalacaq. Bu məsələ xüsusən ABŞ aviasiya sənayesinin – “Lokid Martin”in qüruruna toxunacaq. Buna görə də həmin paketə “Damokl qılıncı” rolu veriləcək. Tramp bundan çox məharətlə istifadə etməyə cəhd göstərə bilər. Çünki hazırda Trampı buna həmçinin xarici partnyorları da sövq edir.
Bu sözləri Axar.az-a açıqlamasında ABŞ Prezidenti Donald Trampın Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı hələlik heç bir sanksiyaların nəzərdən keçirilməməsi ilə bağlı fikirlərinə münasibət bildirən rusiyalı politoloq Pavel Klaçkov deyib.
“Kiçik partnyorları, məsələn, Niderlandın Baş naziri Mark Rutte onu buna sövq etməyə çalışsa da, Tramp sanksiya tətbiq etməyə tələsmir. Bir sıra avropalı liderlərin, ümumiyyətlə, Türkiyəyə qarşı qəribə bir laqeydliyi var”, - Klaçkov bildirib.
Öz həmkarının fikirlərinə əlavə olaraq ikinci müsahibimiz politoloq Sergey Smirnov deyib ki, Ankara ilə Vaşinqton arasında fikir ayrılıqları yalnız S-400-lərin alınması ilə məhdudlaşmır:
“Türkiyə ilə ABŞ arasında Vaşinqtonun Suriyada Türkiyə sərhədləri yaxınlığında fəaliyyət göstərən kürd birləşmələrinə qarşı göstərdiyi yardımlarına görə müəyyən fikir ayrılıqları artıq çoxdandır mövcuddur. Bu problem iki ölkə nümayəndələrinin aralarında keçirilmiş görüşlərdə dəfələrlə müzakirə edilib”.
Mövzunu davam etdirən Klaçkovun sözlərinə görə, son dövrlərdə Qərbdə Türkiyə əleyhinə meyillər aydın şəkildə müşahidə olunur. Heç kimə sirr deyil ki, Türkiyədə 2016-cı il dövlət çevrilişinə cəhdin arxasında ABŞ xüsusi xidmət orqanları dayanıb və onlar hələ də FETÖ lideri Gülənin gizlənməsinə yardım edir, həmçinin kürd separatçılarını dəstəkləyir. Türkiyəyə qarşı bu ədalətsizlik ölkənin F-35 proqramından çıxarılması ilə davam etdirilir.
“Bunu hətta Türkiyəni alçaltmaq kimi də qiymətləndirmək olar. Təbii ki, Ankara buna ciddi şəkildə etiraz edəcək. Üstəlik bu müqavilənin hətta biznes çərçivəsində pozulması da heç bir tənqidə sığmır, çünki Ankara artıq 4 təyyarə alıb. Belə bir təəssürat var ki, Türkiyəni öz məqsədləri üçün istifadə etməyə çalışıblar”, - ekspert bildirib.
Sergey Smirnov isə “ultimatumların mübadiləsinə” diqqət çəkib və burada qalib gələn tərəfin Türkiyə olduğunu bildirib. Belə ki, F-35-lərin qiyməti mütəmadi şəkildə artır və bir çox ölkələr artıq onu almaqdan imtina ediblər (bununla belə, bir çox ekspertlər təyyarənin taktiki-texniki xüsusiyyətlərinin köhnəldiyini qeyd edirlər).
Türkiyənin Müdafiə Sənayesi başqanı İsmayıl Dəmir bildirib ki, F-35 proqramından çıxarılmasından sonra gələcəkdə Türkiyənin müdafiə sənayesi daha güclü olacaq. Bununla belə, Dəmir proqramda iştirak edən türk şirkətlərin əvvəlcə bir sıra çətinlikləri olacağını da etiraf edib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp ölkəsinin hələlik S-400 alışına görə Türkiyəyə qarşı sanksiya tətbiq etmək imkanlarını nəzərdən keçirmədiyini bildirib.
“Hələlik söhbətin Türkiyənin əvvəlki kimi tamhüquqlu şəkildə F-35 proqramında qalması, yoxsa əlavə sanksiyalardan imtinadan getməsi tam aydın deyil. Bir çox şeylər ABŞ Prezidentinin bundan sonra öz Tvitterində yazdıqlarından asılı olacaq”, - Smirnov bildirib.
Pavel Klaçkov əlavə edib ki, Türkiyə son illər beynəlxalq arenada getdikcə daha da özündən əmin olmağa başlayır, öz milli maraqlarında təkid edir:
“Türkiyə avtarkiya yolunda dayanıb. Bəlkə də bu imperiya ruhunun canlanmasıdır, Osmanlı imperiyasının ruhu müəyyən şəkildə Türkiyəni dünya səhnəsində özünü bu cür müstəqil aparmağa çağırır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət