Türkiyədə lirə, Bakıda türk qızılı ucuzlaşır
Son vaxtlar ABŞ-la Türkiyə arasında artan xətt üzrə yaşanan gərginlik fonunda Türkiyənin milli valyutasının ucuzlaşması gündəm mövzularından biridir.
Bu hal həmçinin Azərbaycana da təsirsiz ötüşməyib. Beləliklə ölkədə hər gün lirə dəyərini daha da itirməkdə davam edir. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının bu günə olan məzənnəsində 1 ABŞ dolları 1.7 manat, 1 türk lirəsi isə 0.2909 manatdır. Azərbaycanın qızıl bazarlarında xüsusi çəkiyə malik olan qızıllardan biri də türk qızılıdır ki, hal-hazırda bu qızıl növündən tez-tez istifadə edilir və alınır.
Lirənin ucuzlaşmasının ölkədə olan qızıl bazarına təsiri ilə bağlı olaraq paytaxtda fəaliyyət göstərən "Moskva univermağı"na üz tutduq. Əvvəllər univermaqda insan əlindən tərpənmək olmurdusa, hal-hazırda satıcılar üçün alıcı tapmaq müşkülə çevrilib. Əksər piştaxtaların qarşısı boşdur, çox az sayda piştaxtaların önündə isə müştərilər var. Lirənin qızıla təsirinin olub-olmamasını öyrənmək üçün qarşısı boş olan piştaxtalardan birinə yaxınlaşırıq. Satıcı isə onun piştaxtasında türk qızılının olmamasını, ancaq 750 əyar italyan qızılının satışı ilə məşğul olduğunu bildirir. Beləliklə, yolumuzu digər piştaxtalardan salırıq. Satıcılar bir neçə dəqiqə əvvəl söhbətləşdiyimiz satıcının sözlərini təkrarlayır.
Satıcılardan biri isə bildirir ki, türk qızılını almaq lazım deyil: “Türk qızılını almaq əvəzinə 750 əyar qızılı alsanız, daha yaxşı olar. İndi hamı italyan qızılından alır. Türk qızılını alan demək olar ki, yoxdur. Seçiminizi 750 əyardan edin”. Qarşımıza çıxan satıcılarla söhbətləşərək türk qızılının satıldığı piştaxtaların yerini öyrənirik. Az sayda olsa belə, axır ki, türk qızılı satan satıcı ilə həmsöhbət ola bilirik. Onun dediklərinə türk lirəsi qızıla təsir göstərib və türk qızılı ucuzlaşıb: “Hazırda 585 əyar türk qızılının qramı 57 manatdan başlayaraq 75 manata qədər qiymətlərlə təklif edilir. Ancaq seçim çox deyil. Türk qızılı alanların sayı düzü azalıb, əvvəllər belə deyildi. Düşünürdüm ki, türk qızılının ucuzlaşması qızılın alınmasına ciddi təsir göstərəcək, ancaq bu belə olmadı”.
Biraz aralıda olan alıcılara gözümüz sataşır və söhbətləşmək üçün onlara yaxınlaşıb bir neçə sual ünvanlayırıq: “Seçimimizi 750 əyardan edəcəyik. Sözün düzü bu gəlinimin istəyidir. Çoxları da italyan qızılının yaxşı olmasını deyir. Qiymətlər bahadır, ancaq toy elədir ki, mütləq qızıl alınmalıdır. Münasib və gəlinimin xoşu gələn seçimlərə baxırıq. Bir azdan seçimimizə tam qərar verəcəyik”.
Alıcılardan uzaqlaşaraq yenə türk qızılı olan piştaxta ovuna çıxırıq. Bayaq olduğu kimi soruşa-soruşa axır ki, gəlib birini tapırıq. Əksər piştaxtalara baxanda türk qızılının olduğu piştaxtaların daha balaca olduğu açıq-aydın hiss olunur.
Piştaxtasında türk qızılına geniş yer verən satıcının dediklərinə görə türk qızılının satışı azalıb:“Ancaq bunu deyim ki, hələ də sırf türk qızılı almaq üçün gələnlər var. Müştərilər arasında elə türklər də olur. Bir neçə gündür qızıl sata bilmişik, bu da ucuzlaşma səbəbindən olub. Amma əksərən türk qızılı almırlar, hamı 750 əyara qaçır”.
Piştaxtalara nəzər yetirərkən türk qızılı satılan piştaxtaların az və kiçik olmasından əlavə qarışıq qızıllar satılan yerlərdə də türk qızılı üçün az yer ayrılmasının şahidi oluruq. Piştaxtasında daha çox italyan qızılı olan satıcının dediklərinə görə qızılları müştərilərin istəyinə uyğun olaraq tənzimləyirlər: “Daha çox alınan qızıl nədirsə, onu satırıq. Çünki qızılları alıb burada aylarla saxlamaq bizə fayda vermir. Gətirdiklərimiz satılmalıdır ki, qazanaq və yeni modellər gəlsin”.
Fürsət düşmüşkən, elə 750 əyar qızılın qiyməti ilə də maraqlanırıq. Satıcıların dediklərinə görə, univermaqda bu qızılın qiyməti hər qramına 78 manatdan başlayır, 120 manata qədər yüksələ bilir.
Həmçinin univermağın piştaxtalarında qızılın daha çox qramla satılmadığını da diqqətinizə çatdıraq. Burada olan seçimlər arasında daha çox brilyant zinət əşyaları üstünlük təşkil edir ki, bunların da qiyməti qramla tənzimlənmir. Univermaqda türk qızılının az olması ilə yanaşı 999 əyar ərəb qızılının da az sayda satışda olmasının şahidi oluruq. Ərəb qızılının qiyməti 83 manatdan başlayaraq arta bilir.
Qızıl bazarında rus qızılının satışı isə artıq deyəsən, unudulub. Çünki satıcılar nə bu qızılın adını çəkir, nə də ki, seçimlər arasında təklif edir. Bildirək ki, zinət əşyalarının kütləvi satıldığı Mərkəzi Univermaqda da rus qızılı satılmır. Hər iki univermağın satıcılarının dediklərinə görə, artıq rus qızılı gətirilmir və alıcılar nadir hallarda onu soruşur. Son olaraq ötən illərlə bu il satılan türk qızılının qiymətlərinin müqayisəsini aparaq. Beləliklə, 2015-ci ildə ildə türk qızılı 35-40 manat, 2016-cı ildə 45-50 manat, 2017-ci ildə 65-75 manat, hal-hazırda 2018-ci ildə isə yuxarıda qeyd etdiyimiz kimi 57-75 manat arasında dəyişir.
Hicranə İsmayılova
Mənbə: Cebhe.info
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət