Slimfit
  1. AZƏRBAYCANLI

Türkiyədə azərbaycanlıların üzləşdiyi məhkəmə işləri - vəkil danışır

Türkiyədə azərbaycanlıların üzləşdiyi məhkəmə işləri - vəkil danışır
Sakura

Türkiyədə azərbaycanlıların üzləşdiyi məhkəmə işləri - vəkil danışır

Hüquqşünas Səidə Ekmen Türkiyə məhkəmələrində Azərbaycan və Türkiyə vətəndaşları və şirkətləri arasında çıxan hüquqi çəkişmələrin həlli zamanı müraciət edilən vəkillərdən biridir.

O, Azərbaycanda Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Uzun illərdir Türkiyədə fəaliyyət göstərən Səidə Ekmən BBC News Azərbaycancaya müsahibəsində Azərbaycan vətəndaşlarının Türkiyənin ailə məhkəmələrindəki boşanma çəkişmələri, iki ölkənin iş adamlarının biznes sövdələşmələrindən yaranmış hüquqi problemlərdən danışır:

"Azərbaycanla Türkiyə vətəndaşları arasındakı hüquqi çəkişmələrdə daha çox mülki xarakterli işlər olur, ilk sırada ailə məsələlərindən qaynaqlanan problemlər, ikinci sırada iqtisadi və biznes mübahisələri yer tutur."

Son illərdə Azərbaycan vətəndaşlarının viza pozuntusu, iş və yaşayış icazəsinin olmaması, ölkə təhlükəsizliyini təhdid edən terror təşkilatları ilə bağlantılarının olması, fahişəlik, saxta evlilik kimi səbəblərdən deportasiya edilməsi haqqında qərarlarla bağlı inzibati məhkəmə işlərinin sayı da artıb.

"FETÖ hadisələrindən əvvəl vətəndaşlıq, yaşamaq icazəsi, YÖK-in (Ali Məktəblər Şurası) diplomları tanımaması ilə bağlı açılan inzibati məhkəmələri çox vaxt qazanırdıq. 15 iyul hadisələrindən sonra, ümumiyyətlə, sərt yanaşma göstərilir."

Diplomların tanınması məsələsinin FETÖ-yə nə aidiyyatı var?

- Universitetlərin tibb fakultələrində "uzmanlıq" qazanan həkimlərimiz var. Bağlanmış universitetlərdə FETÖ-yə görə "havada qalan" tələbələr var.

Türkiyə vətəndaşlarına başqa universitetlərə keçmək haqqı tanındı, amma azərbaycanlı tələbələrə başqa universitetlərə keçmək haqqı guya verilsə də, hava limanında onlara ölkəyə giriş qadağası qoyuldu və heç biri qazandıqları haqqdan istifadə edə bilmədi.

Dördüncü, beşinci, hətta sonuncu kurs tələbələri də var idi, heç biri oxuya bilmədi. Bu məhkəmələr hazırda da davam edir.

İmtina səbəblərinə G kodu (təhlükəsizlik məqsədi ilə imtina) qoyulur. Dosyasına G kodu qoyulmuş şəxslərin məhkəmələrdə qazanma şansı çox azdır.

Əvvəllər inzibati məhkəmədə dəlilləri qarşılıqlı olaraq bir-birimizə göndərirdik. İndi isə MİT-ə (Milli Kəşfiyyat İdarəsi) vətəndaş haqda müraciət göndərilir, MİT də deyir ki, bu şəxs ölkənin təhlükəsizliyinə təhdid doğurduğu üçün qəbul edilə bilməz.

Bir tək bu yazıya görə məhkəmə əcnəbinin şikayətini qəbul etmir və onun deportasiya qərarını təsdiqləyir. Amma digər hallarda deportasiya qərarları ilə bağlı şikayətləri məhkəmələr araşdırır. Terror cinayətində şübhəli olmayan şəxsin inzibati mübahisələrdə qazanmaq şansı daha çoxdur.

İqtisadi məzmunlu məhkəmələrdə əsas problem nə olur? Çünki bir sıra hallarda türk iş adamları azərbaycanlı şəriklərini sözlərini tutmamaqda, azərbaycanlı iş adamları isə onları fırıldaqçılığa meyilli olmaqda günahlandırırlar...

- İqtisadi və Ticarət Hüququnun əsas prinsipinə görə, biznesmenlərin dürüst iş adamı kimi davranmaları ticarət hüququnun təməlini təşkil edir. İndiyə qədər qarşılaşdığım biznes mübahisələləri ilə bağlı məhkəmələrdə hər iki ölkədən bu ana prinsipə uymayan, dürüst iş adamı kimi davranmayanları görmüşəm.

Təəssüf ki, Azərbaycan və Türkiyə vətəndaşlarının şirkətləri arasındakı ticari və iqtisadi məsələlər ortada rəsmi bir razılaşma olmadan, yəni qarşılıqlı etibar əsasında həyata keçirilir.

Bu da tərəflərin sonradan bir sıra çətinliklərlə qarşılaşmasına səbəb olur. Və ya vəkil xidmətindən istifadə etmədən, təsadüfi şəxslər tərəfindən hazırlanmış səthi "sözləşmə" hazırlayırlar.

Halbuki Türkiyə Ticarət Qanununa görə, şirkətlər vəkillə çalışmaq məcburiyyətindədirlər. Hətta ticarət qanununa görə, buna əməl etməyən şirkətlərə qarşı cəza tətbiq olunur.

Bu cür problemlər qarşımıza tez-tez çıxır. Vəkil kimi işə qarışanda isə bəzən görürük ki, bəsit bir məsələni məhkəmə vasitəsi ilə həll etmək məcburiyyətindəyik.

- Bəli, xüsusi ilə son illərdə Türkiyədə Azərbaycan vətəndaşları ilə bağlı boşanma halları artıb.

Boşanma səbəbləri, əsasən, nə olur?

- Xususi ilə mədəniyyətlərin toqquşmasından yaranan boşanmalar ilk sırada yer tutur.

Mədəniyyətlərimiz boşanmaya səbəb ola biləcək qədər fərqlidirmi?

- Bəzi qızlarımız var ki, burada mühafizəkar ailəyə düşürlər, qıza qapanmağı təklif edirlər, o isə qəbul etmək istəmir. Bu isə boşanmaya yol açır.

Son illərdə artan boşanmaların səbəblərindən biri də tərəflərin sosial media vasitəsi ilə tanış olub, bir-birlərini yaxşı tanımadan evlənməsi, sonrasında meydana gələn anlaşılmazlıqlardır.

Bundan başqa, boşanma məhkəmə işləri arasında vətəndaşlıq almaq üçün gerçəkləşən saxta evlilik halları da var.

Türkiyədə boşanma prosesləri zamanı qadının tələbləri nə qədər diqqətə alınır?

- Məhkəmə, xüsusi ilə dəyişən və inkişaf edən dövrümüzdə BMT-nin ana hədəflərindən olan gender bərabərliyi və qadın haqlarına çox önəm veməkdədir.

Xüsusi ilə 6284 Saylı Ailənin Qorunması və Qadına Yönəlmiş Şiddətin Önlənməsinə Dair Qanun, BMT-nin qadınlara qarşı hər cür ayrı-seçkiliyin ortadan qaldırılmasına dair Razılaşma (CEDAW) və İstanbul konvensiyasının ölkədə tətbiqi məhkəmələrdə qadın haqlarına üstünlük verilməsinə zəmin hazırlayıb.

Uşaqların qəyyumluğunun, əsasən, anaya verilməsi, qadının maddi və mənəvi təzminat haqlarının qarşılanması tələbləri məhkəmə tərəfindən hər zaman qəbul edilir.

Sosial mediadakı qadın qruplarında belə bir müzakirəyə rast gəlmişdim ki, türk qadınlar boşanma zamanı o qədər aliment və təzminat tələb edirlər ki, türk kişilər öz qadınları ilə evlənməkdən qorxurlar. Və buna görə də əcnəbilərlə evliliklərə üstünlük verirlər. Azərbaycan qadınları həqiqətən üzüyoladırlarmı?

- Bu yanlış bir düşüncədir. Bu düşüncəyə səbəb Azərbaycan qadınlarının Türkiyə qanunlarındakı haqlarını bilməməsidir.

Məhkəmədə Türkiyədə tərəflər əcnəbi və ya türk vətəndaşı kimi qrupa ayrılmır və boşanmalarda qadın haqlarına üstünlük verilir. Qadın işləsə da, işləməsə da tələb etdiyi aliment, maddi və mənəvi təzminat haqlarını qazanır.

Hətta sadəcə qadınların şiddət görməsi səbəbi ilə deyil, evlilik vəzifəsini yerinə yetirməyən, ailəsi ilə maraqlanmayan ərə qarşı mənəvi təzminat tələbləri də məhkəmə tərəfindən qəbul edilir. Amma bir həqiqət də var ki, Azərbaycan qadınları adət-ənənələrimizə görə ailə həyatında daha fədakardırlar.

Türkiyədəki azərbaycanlı qadınların ailə içərisindəki məruz qaldığı haqsızlığı qəbul etməsinin digər səbəbi də ali təhsil alsa da, xarici ölkədə işləyə bilməməsinə görə iqtisadi müstəqilliyinin olmamasıdır.

Səidə xanım, Türkiyə mətbuatında bəzən Ali Məhkəmənin əmsal qərarlarına rast gəlmək olur. Məsələn, qaynananın yasına getməmək evlilikdə bir qüsur sayılır və təzminatlı boşanmaya səbəb ola bilir. Azərbaycan məhkəməsində belə hallara rast gəlinmir. Ailə-məişət məsələlərinin məhkəmə tərəfindən detallı şəkildə tənzimlənməsinin səbəbi nədir və faydası varmı?

- Türkiyədə boşanmalara ailə məhkəmələri baxır. Bu qərarlardan apellyasiya Ali Məhkəməyə verilir. Ali Məhkəmə də bu şikayətlərə baxandan sonra çox fərqli və əmsal qərarlar qəbul edir.

Məsələn, həyat yoldaşının qadına "çirkin" deməsi onu davranışında qüsurlu sayır, boşanma və təzminat davası açmaqda qadını haqlı sayır və tələbini qəbul edir. Və ya gəlini istəmədən qaynana ilə eyni evdə yaşamağa məcbur etmək həm boşanma, həm də mənəvi təzminata səbəb ola bilər.

Məhkəmələr yalnız şiddətə qarşı qərarlar vermir. Çox müxtəlif səbəblərdən maddi və mənəvi təzminatlara hökm edilən məhkəmə qərarları olur.

Türkiyə məhkəmələrində Azərbaycan vətəndaşlarının fərqli durumla qarşılaşma halları olurmu?

- Dediyim kimi ailə məhkəmələrində qadınları vətəndaşlığına və ya milli mənsubiyyətinə görə bölmür. Məhkəmələr işə qadın haqları və gender bərabərliyi çərçivəsində baxırlar.

Mülki və boşanma proseslərində fərq o zaman yaranır ki, ortada uşaq olur. Boşanma prosesində uşağın valideynlərdən kimin himayəsinə verilməsi mübahisə yarada bilər. Məsələn, qadının qeydiyyat ünvanı Azərbaycan göstərilirsə, uşaq isə Türkiyə vətəndaşıdırsa, məhkəmə onun xaricə aparılmasının tərəfdarı olmur.

Bu zaman məhkəmə Türkiyə vətəndaşı olan atanın tərəfini tutub uşağı onun himayəsinə verə bilir. Çünki məhkəmə hesab edir ki, uşaq xaricə aparılırsa, ata onu görə bilməyəcək. Biz qəbul etməsək də, məhkəmənin belə qərarlarına şahid olmuşuq.

Kayseri şəhərində Azərbaycan vətəndaşı olan bir qadınla bağlı bu durumu yaşamışıq. Onun boşanma məhkəməsində hakim uşağı müvəqqəti ananın himayəsinə versə də, onun xaricə çıxarılmasına qadağa qoymuşdu.

Türkiyədə yaşamaq icazəsi olmayan qadın bu səbəbdən uşağı atasına verməyə məcbur oldu. Bir müddət sonra gənc qadın Kayseriyə gedərək qızını görmək istəsə də, ata buna imkan verməyib. Qadının Azərbaycanın rəsmi dairələrinə şikayətindən sonra onun hüquqlarının müdafiəsi ilə bağlı mənə müraciət olunmuşdu.

Məhkəmədə bildirdim ki, Azərbaycan Konstitusiyasına əsasən, valideynlərindən biri Azərbaycan vətəndaşı olan uşaq ölkə vətəndaşı kimi qəbul edilir, eləcə də qayğıya möhtac azyaşlı olduğu üçün onun yeri ananın yanıdır. Bundan sonra məhkəmə uşağın ananın himayəsinə verilməsi barədə qərar çıxardı.

Siz də 21 ildir ki, bir Türkiyə vətəndaşı ilə evlisiniz. Bir türk ailəsinin üzvü olduqdan sonra ailə həyatını davam etdirə bilmək üçün nə etmək lazımdır?

- Azərbaycanda qadının işləməsinin çox tərəfdarı olmurlar. Universiteti bitirir, evlənəndən sonra evdə oturub uşağa baxır. Amma Türkiyədə elə deyil - həyat müştərəkdir deyib, işləyən həyat yoldaşına həm iş, həm də ev həyatında dəstək olurlar.

Evdə uşağına baxan, ev təmizliyinə kömək edən kişiləri görmüşəm. Türkiyədə kişilər evliliklərində qadınları daha çox bərabər hüquqlu görürlər. Evlilikdə önəmli olan həm də ailələrin anlaşmasıdır. Yəni, həyat yoldaşının anası, bacısı, qardaşına uyğunlaşmalısan.

Ailənin içinə girdikdən sonra hər iki tərəf bir-birini idarə etməlidir. Məhkəmə statistikalarına görə, xüsusi ilə evliliyin ilk iki ili çox təhlükəli illərdir. Bu illərdə hər iki tərəf bir-birini tanımağa, uyğunlaşmağa çalışır. Ailəni qorumaq üçün idarəedici tərəf olmalısan. Hər ailədə söz-söhbət olur. Bu söz-söhbəti böyütməmək lazımdır.

Həyat yoldaşımla Bakı Dövlət Universitetində tələbəlik illərində tanış olduq. Evlilikdən öncə dost kimi bir-birimizi yaxşı tanıdıq. Bu prosesə ilk gündən ailələrimiz daxil oldu. Əslində, hər nə qədər bir-birimizi sevərək evliliyə ilk addımı atmış olsaq da, burada ailələrimizin bir-biri ilə yaxşı anlaşması xoşbəxtliyimizi artıran səbəb oldu.

21 illik xoşbəxtliyimizə xoşbəxtlik qatan əsas səbəb isə uşaqlarımızdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR