Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlılar UTECA-da görüşüblər
Azərbaycan Texnologiya Universitetində (UTECA) Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlıların görüşü keçirilib. Görüş “Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) Azərbaycan Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı ““Nəsimi ili” - mədəni irsimizin təbliğində Türkiyə Universitetləri Məzunlarının rolu, II Bakı Forumu” layihəsininin icrası çərçivəsində baş tutub.
Hər iki dövlətin himninin səslənməsi ilə start götürən tədbirdə Azərbaycan Texnologiya, Gəncə Dövlət universitetlərinin professor və müəllim heyəti, eləcə də Türkiyədə təhsil almış azərbaycanlı məzunlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan UTECA-nın tədris işləri üzrə prorektoru Vüqar İsmayılov Azərbaycan Texnologiya Universitetinin “Nəsimi ili” ilə bağlı bir sıra tədbirlərə ev sahibliyi etdiyini bildirərək Türkiyə univeritetlərinin azərbaycanlı məzunlarının, eləcə də digər gənclərin mədəni irsimizin təbliğində rolundan danışıb.
“Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov isə bildirib ki, bu günə qədər 400 nəfərdən çox Türkiyənin müxtəlif universitetlərində təhsil almış məzunları ətrafına toplayan qurumun yarandığı gündən əsas məqsədi bu məzunlar arasında əlaqələr yaratmaq və əməkdaşlığın inkişaf etdirilməsinə nail olmaqdır. Bu amalla artıq ikinci ildir ki, Bakıda Türkiyə Universitetləri Məzunlarının roluna həsr olunan forum planlaşdırılır. 6 dekabra təsadüf edəcək forum Bakı Kongres Mərkəzində baş tutacaq. Tədbirdə Türkiyə Universitetlərindən məzun olan Azərbaycan vətəndaşları Nəsimi yaradıcılığı və mədəni irsimizin təbliği ilə bağlı bir araya gələcək, panellər vasitəsilə gələcək hədəflər müzakirə ediləcək, eyni zamanda layihə çərçivəsində Sumqayıt şəhərində də yerli gənclərlə görüşlər keçiriləcək.
Diskusiya zəminində keçən görüşdə digər çıxış edənlər Nəsimi irsindən söz açıb, Nəsimi ideyalarının müasirliyi, elmdə rolundan danışıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət