Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Allahşükür Paşazadə ilə bağlı sərəncamından yazıb
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 70 illik, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin və “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi barədə imzaladığı sərəncamla bağlı məqalə dərc edib.
"Report"un xəbərinə görə, məqalədə qeyd olunur ki, bu sərəncamlar Azərbaycan prezidentinin bütün dünyaya elan etdiyi tolerantlıq siyasətinə sadiqliyini bir daha təsdiq etməklə yanaşı dövlət və din münasibətlərinin uğurlu tənzimlənməsinin bir mesajı sayıla bilər.
Şeyxülislamın keçmiş SSRİ-dən bu yana fəaliyyətinə işıq salan məqalədə vurğulanır ki, sovet ateizm siyasətinin sərt təpkilərinin bütün ağırlığını yaşamış A.Paşazadə sovet Azərbaycanında dini təhsil almış 16 nəfərdən biri olub.
Yazıda deyilir ki, milli və mənəvi köklərin yenidən baş qaldırması yolunda böyük səy göstərən A.Paşazadə sovet hakimiyyətinin bütün basqılarına rəğmən islamın Qafqazda dirçəlməsi üçün töhfələrini verib.
Məqalədə daha sonra vurğulanır ki, 1988-ci ildə erməni separatçılarının fitvası ilə başlanan Qarabağ münaqişəsi ilə bağlı Allahşükür Paşazadənin tutduğu qətiyyətli mövqe QMİ-ni də bu ictimai-siyasi həyatın aparıcı fiquruna çevirdi.
1990-cı ilin yanvarın 20-də sovet ordusunun Bakıda törətdiyi qanlı qırğını xatırladan yazıda bildirilir ki, Allahşükür Paşazadənin bununla bağlı Moskvanı, şəxsən SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən sərt bəyanatı bütün dünyada böyük rezonans doğurmuşdu.
Məqalədə deyilir ki, öz fəaliyyəti ilə Qafqazda dini tolerantlığın simvoluna çevrilən A.Paşazadə bununla da islam dünyasında və dünya çapında nüfuz qazana bilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət