Trans yağların istehlakına görə ən çox ölüm halları olan ölkələr açıqlanıb
Dünyada trans yağların istehlakı nəticəsində ölüm hallarının üçdə ikisinə qədəri ABŞ, Azərbaycan, Banqladeş, Butan, Ekvador, Hindistan, İran, Kanada, Koreya Respublikası, Latviya, Meksika, Misir, Nepal, Pakistan, Sloveniyanın payına düşür.
Ens.az “Report” -a istinadən xəbər verir ki, bunlardan yalnız ABŞ, Kanada, Latviya, Sloveniya Ümumdünya Səhiyyə Təşkilatının (DST) tövsiyələrinə uyğun olaraq bütün ərzaq məhsullarında trans yağların istifadəsini qadağan edib, ya da məhdudlaşdırıblar.
Ötən gün ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı bildirib: “Bütün dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda biz insan sağlamlığını qorumaq üçün daha çox səy göstərməliyik. O cümlədən koronavirus infeksiyası təhlükəsini artıran, erkən ölümlərə səbəb olan qeyri-yoluxucu xəstəliklərin qarşısını almaq üçün addımlar artırılmalıdır. 2023-ci ilədək trans yağları aradan qaldırmaq hədəfimiz də təxirə salına bilməz”.
Qeyd edək ki, çips, free (qızardılmış) kartof, yağda qovrulmuş toyuq və ya balıq çubuqları, həmçinin mayonez, marqarin, kərə yağı, kruasanlar kimi bir sıra məhsullarda böyük miqdarda mövcud olan trans yağların həddindən çox istehlakı ürək-damar xəstəliklərinə səbəb olur. ÜST iki il bundan əvvəl trans yağların qadağan olunması, yaxud məhdudlaşdırılması təşəbbüsü irəli sürüb. Bu təşəbbüsə 3,2 milyard əhalisi olan 58 ölkə əməl etməyə başlayıb, 100 ölkədə isə trans yağlara dair hər hansı məhdudiyyət yoxdur. Halbuki ÜST-ə görə sənaye trans yağların istehlakı nəticəsində yaranan işemik ürək xəstəliyi ildə 500 min insanın erkən ölümünə gətirib çıxarır.
Trans yağlar başqa yağ növlərinə nisbətən daha ucuz və uzun saxlama müddətinə malik olduğundan istehsalçılar onlardan geniş istifadə edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət