Slimfit
  1. DÜNYA

Tramp Türkiyəyə niyə sanksiya tətbiq etdi?

Tramp Türkiyəyə niyə sanksiya tətbiq etdi?
Sakura

Tramp Türkiyəyə niyə sanksiya tətbiq etdi?

Əslində, ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə əməkdaşlığın tərəfdarıdır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elxan Şahinoğlu ABŞ-ın Türkiyədən Suriyadakı əməliyyatları dayandırması barədə tələbini və tətbiq etdiyi sanksiyaları şərh edərkən deyib. O bildirib ki, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluğunu davam etdirmək istəsə də, siyasi sistem buna mane olur:

“ABŞ-da siyasi sistem qarışıqdır. Bütün qərarları Prezident verə bilmir. Hazırda Trampa qarşı böyük təzyiq var. Rəqibləri Konqresdə və digər strukturlarda hər dəfə Trampı impiçmentlə qorxudur. Ona görə də Tramp bu təzyiqlər qarşısında Türkiyəyə sanksiyalar tətbiq edir”.

Analitikin sözlrinə görə, bu sanksiyalar Türkiyəni yolundan döndərə bilməyəcək:

“Türkiyə Suriyada təhlükəsizlik məsələlərini həll edir. Məsələn, bu yaxınlarda Tramp Ərdoğanı noyabrın əvvəllərində Vaşinqtona dəvət edib. Fikrimcə, Türkiyə ordusu əməliyyatı qısa zamanda başa çatdıracaq ki, Ərdoğan Vaşinqtona rahat gedə bilsin. Türkiyəni sadəcə 30-40 km dərinlikdə təhlükəsizlik zolağı yaratmaq maraqlandırır. Mənə elə gəlir ki, artıq əməliyyat əsas hədəflərinə çatıb. Yəqin ki, əməliyyat bir neçə gün də davam edəcək. Amma bu sanksiyalar Türkiyəni qorxutmur. Düzdür, sanksiyalar Türkiyə iqtisadiyyatına müəyyən qədər zərər vura bilər, amma Türkiyənin başqa alternativi yoxdur. Əvvəllər ABŞ-lı keşişin həbsinə görə Türkiyəyəyə sanksiya tətbiq edilmişdi. Türkiyə iqtisadiyyatında müəyyən problemlər yaransa da, sonradan sanksiyalar aradan qaldırıldı. Düşünürəm ki, əvvəl olduğu kimi, bir müddətdən sonra ABŞ Türkiyəyə qarşı bu sanksiyalardan imtina edəcək. Çünki Türkiyə ABŞ-a lazımdır. Türkiyə Yaxın Şərqdə, müsəlman dünyasında dünyəvi bir ölkədir, illər boyu ABŞ-la müttəfiq olub. ABŞ üz döndərsə, Türkiyə Rusiya ilə ittifaq quracaq ki, bu da ABŞ-ın təhlükəsizlik maraqlarına cavab vermir”.

E.Şahinoğlu ABŞ nümayəndə heyətinin Türkiyəyə səfərinin ABŞ-ın ikili oyunundan xəbər verdiyini söyləyib:

“ABŞ guya bir tərəfdən sanksiya tətbiq edir, digər tərəfdən isə Türkiyə ilə dialoqu davam etdirir. Türkiyə əməliyyatı başlatmamışdan bir gün qabaq ABŞ hərbçiləri kənara çəkildilər və onlara şərait yaratdılar. Belə olan şəkildə ABŞ birmənalı olaraq Türkiyə əleyhinə çıxa bilməz. Vaşinqton sanksiyalar tətbiq edib Türkiyəni cəzalandırsa da, əməkdaşlığa davam edir. Çünki ABŞ başa düşür ki, Türkiyəni itirmək olmaz. Bu məqsədlə də Ankaraya gələrək müzakirə aparırlar”.

Politoloq Qabil Hüseynli də sanksiya qəbulunun bir işə yaramayacağını bildirib:

“ABŞ-ın bu tələsik qərarı NATO üzvü olan müttəfiqinə qarşı atılmış amansız bir addımdır. Türkiyənin əməliyyatı işğal məqsədi güdmür. Buna görə də sanksiyalar əbəsdir. Onsuz da Türkiyə elə güclü dövlətdir ki, ona sanksiya tətbiq etmək qeyri-mümkündür. Türkiyə demək olar ki, özü üçün lazım olan məhsulları istehsal edir. Türkiyədən idxal edilən polad üçün tətbiq edilən rüsumların 50 faiz artırılması barədə qərar Türkiyəni başqa yerdə bazar axtarmağa məcbur edir. Vaşinqtonun Türkiyə tərəfinə qarşı bu addımları bumeranq təsiri bağışlayacaq və ABŞ-ın özünə qarşı çevriləcək. Türkiyəni sanksiyalarla məhv etmək planları reallaşmayacaq. Bu, Trampın sayıqlamalarından başqa bir şey deyil. Sanksiyaların qəbul edilməsində israr edən bir neçə ermənipərəst və yunanmənşəli konqresmendir. Əməliyyatlar bitdikdən sonra Türkiyə-ABŞ münasibətləri yenidən öz axarına düşəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR