Slimfit
  1. CƏMİYYƏT

Toyunuz mübarək olsun: Şənliyin qanuna uyğun keçirilməsi üçün nələri bilməliyik

Toyunuz mübarək olsun: Şənliyin qanuna uyğun keçirilməsi üçün nələri bilməliyik
Sakura

Toyunuz mübarək olsun: Şənliyin qanuna uyğun keçirilməsi üçün nələri bilməliyik

Gəlin, bunun üçün heç birimiz əməl edilməsi asan olan qaydaları pozmayaq

İnsanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, şənlik mərasimlərinin keçirildiyi ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır.

Bəli, xalqımızın toy kimi bir adəti var, indiyədək Azərbaycan toyları çox izdihamlı, rəngarəng keçib. Toy bizim gözəl adət-ənənələrimizdəndir. Bu ənənəmizin gözəlliyinin, evlənənlər, eləcə də onların qohumları, yaxınları üçün faydalılığının qorunması isə vacibdir. Xüsusilə, indiki pandemiya şəraitində bütün toplantılar kimi, toylar və digər şənlik mərasimləri də zəruri qaydalara əməl etməklə keçirilməlidir ki, yoluxma hallarına yol verilməsin. Bu baxımdan, ənənələrimizin həm də pandemiyada təhlükəsizlik qaydalarına uyğunlaşdırılmaqla yaşadılmasına hamımız çox diqqət yetirməliyik.

Şənlik mərasimləri (toy, nişan, ad günləri və s.) “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir.

Eləcə də, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.

Yoluxma hallarının qarşısının alınması üçün məsul şəxslər tərəfindən operativ nəzarətin mütəmadi qaydada həyata keçirilməsi zəruridir.

Qaydalara əsasən, şənlik mərasimlərində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir və sahibkarlar tərəfindən bu tələbin icrasına nəzarət edilməlidir. İctimai iaşə müəssisəsində karantin rejiminin tələblərinə riayət olunması üzrə əlaqələndirici məsul şəxs təyin edilməli, obyektlərin giriş-çıxışlarında, masalarda, kassalarda, sanitar qovşaqlarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğular (dispenserlər) yerləşdirilməli və həmin qurğular işlək vəziyyətdə olmalıdır. Qida qəbulu zallarında, otaqlarda, habelə açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Qonaqlar stol arxasında 8 nəfərdən çox olmamaqla əyləşməlidirlər.

Toy etmək üçün icazə portalı

Bildiyimiz kimi, iyulun 1-dən etibarən toyların müəyyən şərtlər daxilində keçirilməsinə icazə verilib. Şənlik mərasimlərinin keçirilməsi üçün icazə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icaze.e-gov.az portalından əldə olunmalıdır.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatı portala daxil etməlidir. Məkan sahibi tərəfindən əməkdaşlar haqqında məlumatlar portala daxil edildikdən sonra qurumda COVID-19 pasportu olan əməkdaşların faiz göstəriciləri haqqında məlumat əsas səhifədə əks olunacaq. 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.

Həmçinin şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatlar icaze.e-gov.az portalına əlavə olunmalıdır. Bu zaman, həmçinin məkan sahibi ilə toy sahibi arasında “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunması ilə bağlı metodiki göstərişlər”də müəyyən edilmiş tələblərə əməl edilməsinə dair iltizam sənədi də doldurularaq portala yüklənilməlidir. Tədbirin başlamasına 5 gün qalmış tədbirlə bağlı heç bir düzəliş edilə bilməz.

Qaydalara əməl etməyənlər cərimələnir

Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərar və tövsiyələrə uyğun olaraq, Daxili İşlər Nazirliyi də aidiyyəti qurumlar tərəfindən bütün respublika ərazisində toy mərasimlərinin, ad günü, nişan və digər şənlik mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı müəyyən olunan formalara vətəndaşlarımız tərəfindən əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri gücləndirilmiş qaydada davam etdirilir.

Məlum olduğu kimi, 50 nəfərə qədər müəyyən olunan ad günü, toy, nişan və digər mərasimləri var ki, həmin məkanda mütləq qaydada tibbi maskadan istifadə tələbi var.

Çünki məclisə daxil olan şəxslərin COVİD-19 pasportu və ya immunitet sertifikatı yoxlanılmadığından, risk qrupuna daxil olan şəxslərin həmin mərasimlərdə iştirak ehtimalı nəzərə alınaraq tibbi maskalardan istifadə məcburiyyəti var və məcburiyyət ona görədir ki, vətəndaşların sağlamlığı nəzarət altında saxlanılsın. Bu cür məkanlarda tədbirlərin keçirilməsi ilə bağlı müəyyən olunmuş kvotalara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçiriləcək.

50 nəfərdən 150 nəfərə qədər vətəndaşların iştirak etdiyi ictimai iaşə obyektlərində, restoranlarda, eləcə də digər tədbir, mərasim keçirilən ünvanlarda mütləq qaydada icaze.e-gov.az portalından icazə alınmaqla tərəflər arasında imzalanmış iltizam sənədinə uyğun olaraq toy və digər şənlik mərasimləri təşkil oluna, keçirilə bilər. Lakin burada COVİD-19 və immunitet sertifikatı tələb olunduğuna görə 150 nəfərlik məkanlarda tibbi maskadan istifadə tələbi yoxdur. Bu tələb yalnız xidmət personalına, işçilərə aid edilir. Yəni xidmət personalı, işçilər mütləq şəkildə tibbi maskadan və əlcəklərdən istifadə etməlidir.

Aidiyyəti qurumlar əsas diqqəti ona yönəldir ki, fəaliyyətinə icazə verilən müəyyən kvota daxilində mərasimlərin keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər effektiv icra olunsun, hansısa sui-istifadəyə yol verilməsin. Daha çox ünvanlanan suallardan biri ilə bağlı diqqətə çatdırmaq istəyirik ki, Nazirlər Kabineti tərəfindən 50-150 nəfərlik toylarla bağlı verilən qərarlar yas mərasimlərinə aid deyil. Dəfn və digər yas mərasimləri ilə bağlı tədbirlərdə vətəndaşlar mütləq şəkildə əvvəlki təyin olunmuş izolyasiya qaydalarına əməl etməlidir.

Göründüyü kimi, pandemiya şəraitində keçirilən bütün tədbirlərin, o cümlədən şənliklərin insan həyatı üçün təhlükəsiz və zərərsiz olmasını təmin etmək məqsədilə zəruri tələblərə əməl olunması, yeni həyat tərzinə uyğun qaydaların tətbiqi vacibdir. Bu qayda və tələblər artıq protokollaşdırılmış, hamının əməl etməsi zəruri olan statusdadır.

Toylar isə hər insan üçün həyatında bir dəfə olur, özünün və yaxınlarının həyatının ən vacib məqamlarından biri kimi yaddaşlara həkk olunur. Odur ki, belə bir əziz mərasimin bütün təhlükəsizlik qaydalarına, o cümlədən pandemiya dövrünün tələblərinə əməl etməklə keçirilməsi gələcəkdə həmin günün yalnız xoş təəssüratlarla yadda qalması, pis sürprizlərdən qaçılması baxımından zəruridir.

Gəlin, şənlik tədbirlərimizin adına və keçirilmə məqsədinə uyğun xoşluqla yekunlaşması, iştirakçılar üçün heç bir virus təhlükəsi törətməməsi üçün hamımız məsuliyyət nümayiş etdirək, qaydalara əməl edək, şənlik bitdikdən sonra da şən əhvalda qalaq! Necə deyərlər, toyumuz mübarək olsun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR