Tikinti ilə əlaqədar xidmətlərə görə dövlət büdcəsinə vəsait ödəniləcək
Dövlət büdcəsinin yeni ödəmə mənbəyi müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödənilir. Tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə ödənilən haqqın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülüb. Təklif edilən dəyişikliyə əsasən, həmin haqqın 7 faizi dövlət büdcəsinə ödəniləcək.
İndiyə qədər Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülüb.
Dəyişikliyə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək ,baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi deyil, 43 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək.
Layihə Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət