Gürcüstanda seçkilərin birinci turu göstərdi ki, müxalifətin qələbə çalmaq şansı böyükdür
Gürcüstanda seçkilərin birinci turu göstərdi ki, müxalifətin qələbə çalmaq şansı böyükdür.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, ikinci turda hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili və Saakaşvilinin partiyası nın dəstəklədiyi müxalifətin “Güc Birlikdədir” koalisiyasının namizədi Qriqol Vaşadze iştirak edəcək:
“Birinci turda üçüncü seçilən David Bakradze də öz seçicilərini Vaşadzeyə səs verməyə çağırıb. Bakradze birinci turda 11%-ə yaxın səs toplayıb. Bu o deməkdir ki, ikinci turda müxalifətin namizədi Vaşadzenin Zurabişvili üzərində qələbə çalma ehtimalı böyükdür”.
Politoloq qeyd edib ki, bu baş verərsə, Gürcüstanda radikal dəyişikliklər olacaq:
“Mixail Saakaşvilinin geri qayıtması ehtimalı da artacaq. Çünki Vaşadze onun keçmiş həmkarıdır, onlar eyni siyasi blokda təmsil olunublar. Erkən parlament seçkilərinin keçirilməsini də istisna etmirəm”.
Politoloq Əhəd Məmmədli isə seçkilərin ikinci turunun yaxın zamanlarda keçiriləcəyini bildirib:
“Prezident seçkilərində birinci turla ikinci tur arasında qısa vaxt olur. O müddətdə də əsas iki namizədə təbliğat üçün vaxt verilir. İkinci tura çıxan namizədlər birinci turda məğlub olan namizədlərlə danışıqlar aparır, onlara müxtəlif postlar vəd edib, dəstək istəyir. Oxşar vəziyyət 1996-cı ildə Rusiyada keçirilən prezident seçkilərində olmuşdu. Orda da gərgin mübarizə şəklində birinci və sonra ikinci tur keçirilmişdi. Qalib böyük ölçüdə birinci turda üçüncü yer tutan namizədin kimə dəstək verməsi ilə müəyyənləşdirilmişdi. 1996-cı ildə Rusiyada keçirilən prezident seçkilərinin birinci turunda üçüncü yeri tutan general Lebed prezidentin köməkçisi vəzifəsinin vədini alaraq o vaxtki prezident Yeltsinə dəstəyini vermişdi və ikinci turda demokrat Yeltsin 51 faizlə 47 faiz səs alan kommunistlərin lideri Züqanova qalib gəlmişdi. Gürcüstanda da 2018-ci il prezident seçkilərinin qalibini böyük ölçüdə birinci turda üçüncü yer tutan Bakradze müəyyən edəcək”.
Politoloq qeyd edib ki, artıq Bakradze ikinci tura çıxan digər müxalif namizəd Vaşadzeyə dəstək verəcəyini söyləyib:
“Bu da birinci turda Zarabişvilidən cəmi 1 faizdən də az səslə geri qalan Vaşadzenin şanslarını çox artırır. Düzdür, hakimiyyət yenə adminstrativ resurslarını işə salacaq və əlindən gələni edəcək ki, Zurabişvili qalib gəlsin. Bunun üçün birinci turda 4-5-ci yerləri tutan digər namizədlərin dəstəyini almağa çalışacaq. Bütün bunlara rəğmən, fikrimcə, seçkilərin son nəticələrinə təsir edəcək saxtakarlıq olmasa, müxalifətin namizədi Vaşadze qalib gələcək”.
Qeyd edək ki, dünən Gürcüstanda prezident seçkiləri keçirilib. MSK-nın bülletenlərin 100 faizinin sayılmasından sonra açıqladığı rəqəmlər belədir: Salome Zurabişvili - 38,66%, Qriqol Vaşadze - 37,7%, David Bakradze - 10,97%, Şalva Natelaşvili - 3,76%, David Usupaşvili - 2,26%, Zurab Caparidze - 2,26%, Kaxa Kukava - 1,33%.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət