Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tibbimizi modern Qərb təbabətinə çatdırmağın əsas şərtləri - nədən başlamalı, nə etməli?

Tibbimizi modern Qərb təbabətinə çatdırmağın əsas şərtləri - nədən başlamalı, nə etməli?
Sakura

Tibbimizi modern Qərb təbabətinə çatdırmağın əsas şərtləri - nədən başlamalı, nə etməli?

Ölkəni dünyada tanıdan və nüfuzlu edən ən mühüm göstəricilərdən biri onun elminin səviyyəsidir. Tarix, adət-ənənə, milli mətbəx və rəqslər, idman – bunlar hamısı əlbəttə önəmlidir, lakin elm zirvədə deyilsə, digər amillərin əhəmiyyəti qat-qat azalır. Yaxud tərsinə, elm inkişaf etmişsə, digər məqamların təsiri qat-qat artır və zatən, elmin yüksək inkişaf səviyyəsi avtomatik olaraq bütün sahələrin irəliləməsinə təkan verir: demokratiyanın da, mədəniyyətin də, iqtisadiyyatın da, ordunun da.

Misal üçün, Braziliyada keçirilmiş son yay olimpiya oyunlarında Keniya da, Efiopiya da qızıl medal əldə edib. Fəqət, bu fakt onların dünya dövlətləri arasında ucaldıb söz sahibi edirmi? Bəs xalqının güzəranını yaxşılaşdırırmı? Halbuki həmin olimpiya oyunlarında dünyanın ən inkişaf etmiş ölkələrindən sayılan Norveç və Finlandiya, yaxud İsrail və Avstriya bircə qızıl medal belə qazanmadı. Məgər bu amil onları hörmətdən düşürürmü? Xeyr, elmdə öndər olduqları müddətcə belə şeylər onları hörmətdən salmaz. Ayrıca, bəzən bu cür ölkələr peşəkar idmandan çox, xalqın ümumi sağlamlığı naminə kütləvi bədən tərbiyəsini üstün tuturlar.

ABŞ, Almaniya və Yaponiya kimi ölkələr isə elmi inkişaflarının təbii davamı olaraq yüksək yaşam standartlarına malikdirlər və eyni zamanda olimpiadada əldə etdikləri qızıl medalların sayına görə öndədirlər. Əgər idman mövzusunda uğurlar bizim üçün prinsipialdırsa, ancaq bu qeyd olunan kontekstdə əldə ediləndə vətəndaşımızı daha dolğun sevindirəcək və bizə də tam mənasında nüfuz və şan-şöhrət qazandıracaq.

Unutmayaq ki, ümumiyyətlə planetimizdə var olan 200 dən çox ölkənin içində sadəcə, elmi nailiyyətləri ilə gündəmdə olan dövlətlər dünyaya hökm edir. Burada heç bir istisna yoxdur, ola da bilməz və hələ bizim ulu babalarımız Nizaminin timsalında bunu çox gözəl anlayıblar: “Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”.

Azərbaycanımız ədəb və əxlaq kimi mövzularda əlbəttə öz yüksək standartlarını təyin edə bilər, lakin elm mövzusunda dünyada qəbul olunmuş qaydaları qəbul etmək, mənimsəmək, həzm etmək lazımdır. Yalnız bu çərçivədə öz bilik və intellektimizi ortaya qoyub yeni ixtiralar edə bilərik və bunlar da dünyada tanınar və qəbul edilər, biz də öz növbəmizdə yüksələrik.

Təbii ki, elmin bütün sahələrini dünyaya tam inteqrasiya edərək inkişaf etdirmək önəmlidir, lakin bir sahə var ki, insanların gündəlik həyatda ən çox qarşılaşdığı, eyni zamanda, yüksək texnologiya və yüksək insanlıq keyfiyyətləri tələb edən sahədir və bu sahənin inkişafı ilə nəinki bütün elmin inkişafı, hətta bütün ölkənin inkişafı və ölkənin dünyada yeri dəyərləndirilir. Bu da tibdir. Ona görə də tibbin inkişafına lokal amil kimi deyil, qlobal bir meyar kimi baxmaq doğrudur.

Bu prizmadan qeyd edim ki, Sovet İttifaqı qapalı bir ölkə olduğundan təbabət burada özünəməxsus, qeyri-standart bir formada həyat sürdürürdü. Hətta sovet rəsmi tibb kitablarda belə dünyada qəbul edilməmiş xəstəliklərin təsnifatı və olmayan dərmanlarla müalicə üsulları ilə qarşılaşırıq. Bu mirasın əziyyətini hələ də çəkməyə davam edirik.

Bəli, Ulu Öndərimizin və cənab prezidentimizin səyləri nəticəsində nəinki yüzlərlə tibb mütəxəssisi Türkiyədə, Avropada yetişdı, həmçinin saysız-hesabsız modern klinikalar tikildi, yeni ultramüasir və bahalı cihazlar alındı. Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva həkim olduğuna görə bu sahədə islahatlar daha da intensivdir. Dövlətimiz səhiyyədə öz öhdəliyini artıqlaması ilə yerinə yetirir. Bu da bizləri kəmiyyətin tam mənada keyfiyyətə dönməsi üçün yeni təşəbbüslər ortaya qoymağa sövq edir.

Hazırda əsas problemimiz nədir?

Əvvəlcə qeyd edim ki, ölkədə tibbin inkişafı haqqında ümumi fikir sadəcə, hansısa bir cərrahın çox mürəkkəb əməliyyatı icra etməsi ilə qoyulmaz. Tibb xidmətinin homogenliyi, daha doğrusu, orta səviyyəsi, həmçinin tibbin əlçatanlığı, müasirliyi, dünyaya inteqrasiyası, avtomatizasiyası, universallığı və sığorta sisteminin fəallığı qiymətləndirilən ilk məsələlərdir. Daha bəsit dillə desək, öncə nail olacağımız hədəf odur ki, Lerikdə, Qaxda və Culfada xəstələrə edilən müayinə, qoyulan diaqnoz, müalicədə yazılan göstərişlər Bostondakı, Frankfurtdakı və İstanbuldakı həkimlərin rəftarından və yazılan reseptlərdən seçilməsin. Şəxsən özüm Bakıda həkimə müraciət edəndə sonda hər dəfə həkimdən soruşuram: sizin yanınıza gəlməsəydim, Nyu-Yorka getsəydim, mənə eyni ilə bu dərmanlarmı tövsiyə edilərdi və ya sizin qeyd etdiyiniz üsulla bu cərrahi müdaxiləmi uyğun görülərdi?

Bu suala cavab şübhə doğuranda əlbəttə ki, həkimin tövsiyələrinə riayət etmə mövzusunda düşünmək lazım gəlir. Buna maneçilik törədən faktorlar nədir və hansı islahatlara ehtiyac vardır?

İlk öncə onu qeyd edim ki, islahat dövründə təməl addımı doğru atmalıyıq ki, digər addımlarımız da möhkəm olsun. Bilindiyi kimi, köynəyin ilk düyməsi səhv bağlandığında, digər düymələri doğru bağlamaq mümkün deyil və hamısı yenidən açılmalıdır. Ona görə öncə tibbimizin adı düzgün, aydın və rəsmi şəkildə qoyulmalıdır. İnkişaf etmiş ölkələrdə tətbiq olunan tibbin adı: Modern Qərb Tibbidir (Modern Western Medicine). Məhz bu məfhumun üzərində qurulan fəlsəfə Qərbin bu qədər inkişaf etməsinə yol açan əsas amillərdəndir. Bu mənada Qərb dedikdə coğrafi qərb nəzərdə tutulmur: Şimali Amerikadan Yaponiyaya, İtaliyadan Avstraliyaya qədər bu tibbin doktrinalarını mənimsəmiş bütün ölkələr əhatə dairəsindədir.

Dünyada bir çox tibb növü var: homeopatiyadan tutmuş ayurvedaya qədər, akupunkturdan tutmuş müxtəlif bioenerji təsirlərə qədər. Əfsus ki, postsovet məkanda həkim diplomu bəzi təbiblər tərəfindən sərhədsiz eksperiment aparma səlahiyyəti verirmiş kimi qəbul edilir... Elələri var ki, sürücülük vəsiqəsinin hər yerdə necə gəldi maşın sürməyə imkan verirmiş kimi anlayırlar, halbuki, sürücülük vəsiqəsi sadəcə qəbul edilmiş qayda-qanun çərçivəsində nəqliyyat vasitəsini idarə etməyə şərait yaradır. Bəzi həkimlər də elə düşünürlər ki, diplom onlara hər cür səlahiyyət verir; zaman-zaman bir məqalədə, yaxud televiziya proqramında hansısa otla, şüa ilə, maqnitlə, masajla nə müalicə görürlərsə, onu da araşdırmadan tətbiq edə bilirlər. Təbabətimizdə bu sərhədlər hələ də dəqiq deyil, çünki dünyada alternativ tibb sayılan və ya sübuta yetirilmədiyindən Qərb universitetlərində tədris edilməyən üsullar və dərmanlar SSRİ-də tətbiq oluna bilirdi. Bu da postsovet məkanda rəsmi və qeyri-rəsmi tiblərin bir birinə qarışmasına yol açıb.

Əslində isə Tamamlayıcı və Alternativ Tibbin (Complementary and Alternative Medicine) tətbiqi qanunla tənzimlənməli və bu sahə ilə məşğul olmaq istəyənlər xüsusi qaydada sertifikasiya edilməli, təlim almalı və istənilən halda xəstələr bu müalicə üsullarının təhlükəsizliyinin və effektinin tam sübut olunmadığı barədə hər dəfə ətraflı məlumatlandırılmalıdır.

Bu gün ehtiyacımız olan ilk addım əlbəttə ki, Qərb tibbinin postulatlarının rəsmi şəkildə ölkəmizdə qəbul edilməsidir. Modern Qərb Tibbi yalnız çox mərhələli xüsusi mürəkkəb üsullarla sübut olunmuş (evidence-based medicine) müayinə və müalicə növlərini qəbul edir. Ən yüksək səviyyədə təhlükəsizliyi və effektivliyi sübuta yetirilmiş müalicə üsulları haqda araşdırmaların nəticələrinə əsaslanan həmin məlumatlar bu məqsədlə yaradılmış Kokreyn Kitabxanasında (Cochrane Library) toplanılır. Çox ciddi tədqiqatlar (meta-analiz, sistematik baxış və gözü bağlı randomizə kontrol sınaqlar) zəminində dünyada dərman və müalicə üsullarına lisenziya verən ən mötəbər qurum ABŞ-ın FDA (Food and Drug Administration - Qida və Dərman Nəzarəti) təşkilatıdır və bir çox ölkə onun qərarlarını avtomatik qəbul edir.

Əlbəttə, bu qədər ciddi araşdırmalar tibbi səhv ehtimalını minimizə edir, həmçinin lazımsız antibiotik və digər dərman vasitələrin istifadəsinə əngəl olur. İnkişaf etmiş ölkələrdə hər istənilən analizə, rentgen və kompüter tomoqrafiyasına da daim müasir elmlə ayaqlaşan nəzarət var. Xəstə əmin olur ki, dünyada mövcud olan ən müasir tibbi yanaşmalar ona tətbiq olunur və daxilən pozitiv olaraq müalicəni qəbul edir. Həkim də əmindir ki, beynəlxalq standartlara uyğun müalicəni həyata keçirir və bu səbəbdən də həm özünü rahat hiss edir, həm daha çox hörmət qazanır. Sərhədlər böyük ölçüdə dəqiq olduğundan, sığorta şirkətlərinin və səhiyyə nazirliyinin də işi xeyli asanlaşır.

Bəzən xəstələrimizi qınayırlar ki, niyə filan müayinə, konservativ müalicə və ya cərrahi əməliyyat ölkəmizdə var ikən, xaricə öz tuturlar? Amma baxaq görək xəstələr hər zamanmı haqsızlar? Xəstələr əksər hallarda ona görə xaricdə müalicə alır ki, bizdə müalicənin tam mənada universallaşmasına nail olunmayıb və mütəxəssis olmayan birisi üçün ağı qaradan ayırmaq çətin olur (hərçənd Qərb tibb sisteminin təməl daşları ümumiyyətlə, “qara”ya yol verməmək üçün hesablanır). Bu gün ən sadə xəstəliklərdə belə bəzən 5 həkimin 5 fərqli dərman nüsxəsi ilə qarşılaşılan hallar olur. Qabaqcıl ölkələrdəki ilə identik şəkildə müalicə almaq istəyən pasiyentlərimiz vətənimizdə zaman-zaman ciddi həkim axtarışına çıxırlar. Bundan başqa, sözün həm həqiqi, həm məcazi mənasında pasiyent yanlış həkim kabinetinə daxil olmuşsa, o heç də hər zaman doğru kabinetə yönləndirilmir.

Qərb tibbinin rəsmi qəbulu və bunun təbliğatı əlifba qəbulu kimidir və öz növbəsində böyük islahatlar silsiləsinə yol açar. Bunlar arasında tibbi terminologiyadakı islahatlar da çox mühümdür. Biz hazırda sovet ənənəsi olaraq beynəlxalq səviyyədə qəbul olunmuş latın terminlərini sözbəsöz Azərbaycan dilinə tərcümə edirik və faktiki olaraq termini termin olmaqdan çıxarırıq və bu da inteqrasiyamızı ciddi şəkildə mürəkkəbləşdirir. Nəticədə loru danışıqla tibb dili terminoloji cəhətdən ciddi fərqlənmir və bu da həkimin imicinə zərər vurur, çünki tibbi müzakirə elmi səslənmir. Halbuki Türkiyədəki həkimlərin söhbətini xəstələrin anlaması mümkün deyil, çünki qardaş Türkiyəmiz, tibbin ən inkişaf etmiş ölkələri kimi bizim getdiyimiz bu yanlış yolla getməyib. Türkiyədə bilindiyi kimi, Türk dilinə xüsusi hörmət və ehtiram bəslənilir, lakin bununla birlikdə terminlər əksər hallarda tərcümə olunmur, sadəcə nə mənaya gəldiyi bilinir və dilin rahat tələffüzü üçün cümlə içində onlara türk şəkilçiləri əlavə olunur. Əlbəttə bu formada davranış Avropa elm dünyasına inteqrasiyanı daha da asanlaşdırır.

Qeyd edək ki, tibbi terminologiya islahatından sonra məqsədyönlü şəkildə ABŞ-ın, Qərbi Avropanın qabaqcıl universitetlərinin dərslikləri tərcümə edilməlidir. Azərbaycan tələbələrinin dünyanın ən gözəl dərslikləri ilə dərs keçməsinə maneçilik edən nədir ki?! Əlbəttə, paralel olaraq həkimlərə ingilis dilində sərbəst ədəbiyyat oxuma məcburiyyəti gətirilməli və kitabların orijinal dildə oxunmasına üstünlük verilməlidir, lakin doğma dilimizdə də müasir vəsaitlər olmalıdır. Öz növbəsində yüksək standartlara cavab verən milli müəlliflərimizin elmi əsərlərinin də tərcüməsinə və qabaqcıl əcnəbi nəşriyyatlarda çap olunmasına çalışmaq lazımdır. Bir də ki, bütün bu proseslər zamanı dünyanın qabaqcıl həkimləri ilə əlaqələr daha da intensivləşər. Eyni zamanda, əlaqələri dərinləşdirməklə Tibb Universitetin hər kafedrasına, hətta digər səhiyyə ocaqlarına tanınmış xarici universitetlərdən məsləhətçilər seçmək də olar. Hər sahədə dünyanın ən qabaqcıl istinad tibb mərkəzləri ilə də (Mayo Clinic, Cliveland Clinic, Johns Hopkins Hospital kimi) əməkdaşlıq edə bilərik.

Əlavə olaraq da, ölkəmizdə fəaliyyət göstərən əcnəbi həkimlər mütləq qaydada ən azından işlədiyi klinikada tədris prosesinə cəlb edilməlidir. Misal üçün, əcnəbilər cərrahi əməliyyatları azərbaycanlı bir assistentlə həyata keçirərək onu öyrətməli və bu təhsil planı konkret şəkildə qayda-qanunla tənzimlənməlidir.

Yuxarıda nümunə kimi gətirilən yalnız rəsmi və alternativ tibb arasında ciddi sədd çəkmək deyil, həmçinin hər ixtisasın özünün və bunun içində hər həkimin fərdi sərhədləri cızılmalıdır. Hazırda ölkəmizdə əksər tibbi ixtisaslarımızın sərhədləri beynəlxalq normalarla cavab vermir, bəziləri isə ümumiyyətlə mövcud deyil. Məsələn, ölkəmizdə baş verən son hadisələr təkrarən doğrulayır ki, “Təcili tibbi yardım” ixtisasını Avropa standartlarına uyğun bir rezidentura şəklində formalaşdırmağa ehtiyac vardır.

Həkimin fərdi sərhədi isə demək olar ki, hazırda, daha çox onun şəxsi təfəkkürünə, şəxsi vicdanına bağlıdır. Əslində isə hər həkimin sərhədi, yəni müstəqil müalicə edə biləcəyi xəstəliklərin siyahısı dəqiq təyin edilməli və keçici fəaliyyətsizliyin və ya aldığı əlavə təlimlərin nəticəsində bu siyahının qısalma və genişlənmə yolları tənzimlənməlidir. Bunun üçün, həmçinin təhsil vaxtı və sonrası icra etdiyi müalicələr və ayrıca, cərrahların apardığı əməliyyatlar rəqamsallaşmalı və məlumat bazasında sistematikləşdirilməlidir. Buna uyğun olaraq tədris proqramına yenidən baxılmalı, həmçinin bütün inkişaf etmiş ölkələrdə var olan rezidentura sonrası “üst ixtisas” (fellowship) proqramları yaradılmalıdır; bu da öz növbəsində ixtisasların əhatəsini dəqiqləşdirəcək, biliyi dərlinləşdirəcək, ixtisaslar arası əlaqəni möhkəmləndirəcək. Ayrıca ümumən həm rezidentura, həm üst ixtisas proqramlarına Qərb tədris fəlsəfəsi gətirilməlidir ki, bu fəlsəfəyə görə, universitet klinikasının ilk hədəfi təhsildir, ikinci hədəfi elmi tədqiqatdır və sadəcə, üçüncü yerdə klassik mənada xəstə müalicəsidir. Digər sözlərlə, universitetin tibb mərkəzinə baş vuran bütün xəstələr öncəliklə rezidentlər tərəfindən müayinə olunmalıdır və sonra da məsələ həll olunana qədər hər dəfə daha üst dərəcədəki mütəxəssisə baş vuraraq məsləhətləşmələr aparılmalıdır. Nəticədə, bir tərəfdən hər həkim bu şəkildə daim yeni şeylər öyrənir, digər tərəfdən hər pasiyent bir çox həkim tərəfindən dəfələrlə müayinə olduqda həm göstərilən diqqətdən, həm də bu şəkildə xətaya yol vermə ehtimalının sıfıra yaxın olduğundan çox məmnun qalır. Universitetdə cərrahi müdaxilələr də bu yanaşma çərçivəsində komanda şəklində aparılır.

Qərb tibbinə rəsmi keçid mərhələsini hamar etmək üçün “Təməl Qərb Tibbi kursları” təşkil edilə bilər.

Hazırda ölkəmizdə icbari tibbi sığortanın tətbiqi prosesi gedir. Dövlətimiz tərəfindən həqiqətən böyük işlər görülür, böyük maliyyə ayrılır. Bəs hansı tibb növünə və tibb kitablarına istinadən bu və ya digər tibbi sığorta halı dəyərləndiriləcək?! Ona görə səmərəli tibbi sığorta sisteminin tətbiqi üçün yuxarıda sadalan və daha bir çox islahatlara ehtiyac var. Tibbi sığortadan söz açılmışkən vurğulayım ki, insan sağlamlığına birbaşa və ya dolayısı yolla ziyan verən müəssisələrə (tütün fabrikı, spirtli içki, sağlıqlı olmayan məhsullar istehsal edən, ekologiyanı korlayan zavodlar və s.) xüsusi sağlamlıq vergisi tətbiq etmək səhiyyə büdcəsinin formalaşmasına ciddi dəstək olar. Nəticədə, həm əhalinin cibindən sığorta ayırmaları minimuma enər, həm də dövlətimiz növbəti dəfə nə qədər sosial yönümlü olduğunu, nə qədər təbiətsevər olduğunu işarə edərək, iş adamlarını daha faydalı, sağlam yaşam tərzinə uyqun bizneslər qurmağa təşviq edər.

Bundan əlavə, ölkənin bütün müalicə müəssisələrini və apteklərini birləşdirən vahid virtual sistemin yaradılması yerinə düşərdi. Bütün xəstəlik tarixlərinin və reseptlərin rəqəmsal formada yazılaraq, elektron imza ilə bu sistemə işlənməsi ciddi sıçrayış olardı. Həkimin xəstənin tibbi keçmişi haqqında bütün məlumatı bir anda əldə etməsindən əlavə, xəstənin özü də tibbi qeydlərinə bütün respublika ərazisində istənilən kompüterdən e-hökumət vasitəsi ilə rahatlıqla ulaşa bilər. Üstəgəl, aidiyyəti orqanlar kimin nə şəkildə müalicə apardığına, habelə hansı preparatlar yazdığına asanlıqla nəzarət edər.

Elmi adların verilmə meyarlarının və ümumi fəlsəfəsinin beynəlxalq normalara uyğunlaşdırılması, habelə “beyin axını”nın qarşısını almaq üçün qabaqcıl xarici universitetlərdə və dövlət xətti ilə xaricdə təhsil almış mütəxəssislərin elmi adlarının avtomatik olaraq tanınması üçün zəruri addımların atılmasına ehtiyac var. Ümumiyyətlə, xaricdə təhsil aldıqdan sonra orada vəzifə qazanmış və ya qayıtmış mütəxəssislərdən geniş istifadə konsepsiyasının işlənilməsinin vaxtı çatıb.

Elmi jurnalların nüfuzu və elmi məqalələrin nəşri, onlara istinad göstəricilərinin (impact factor və citation index) ölkəmizdəki etibarının beynəlxalq normalar çərçivəsinə salınması məqsədəuyğundur. Yeri gəlmişkən, üzülərək qeyd edim ki, hələ də heç bir kitabxanamız qabaqcıl elmi jurnal axtarışı motorlarından və bazalarından (PubMed, Ovid, Ebscohost, Web of Science, Scopus və s.) internet üzərindən ev şəraitində, ictimai nəqliyyatda, parkda tam mətn (full text) məqalə oxumaq üçün loqin və parol vermə xidməti təklif etmir. Unutmayaq ki, müasir elmi yeniliklər ilk öncə periodik jurnallar vasitəsilə əldə edilir. Həkimlərimizin müasir tibbi biliklərə çıxmaq yolları, bütün tibb işçilərinə yeniliklərin dərhal çatdırılma mexanizmləri daha dərindən işlənməlidir.

Avropa və ABŞ-ın tibbi lisenziya əldə etmə imtahanları ilə inteqrasiya olunmaq lazımdır. ABŞ-da müstəqil həkim sayılmaq üçün lisenziya imtahanının (USMLE) həm birinci, həm ikinci mərhələsini İrəvanda inşa edilmiş Amerika Universiteti vasitəsi ilə vermək mümkündür. Əfsus ki, Bakıda belə bir mərkəz hələ yoxdur. Əslində iş sadəcə, həkimlərin lisenizyalaşmasıyla məhdudlaşmır, laboratoriyalarının və klinikaların bütünlükdə işləyiş sistemlərinin beynəlxalq norma çərçivəsində sertifikatlaşmasına ehtiyac var. Dünyada bundan məsul ən etibarlı qurumlardan biri JCİ (Joint Comission İnternational) sayılır. Vurğulamaq lazımdır ki, Türkiyədə 44, İsraildə 32, Rusiyada 4, Azərbaycanda isə 2 klinika bu yüksək akkreditasiyanı ala bilib. Medikal turizmin yayılması üçün əksər əcnəbilərin gözündə bu, ən önəmli göstəricilərdəndir.

Bioetika mövzusunda da ciddi boşluqlar var. Tibb hüququ mövzusu geniş işıqlandırılmalı, həkim-pasiyent, həkim-klinika, pasiyent-klinika, həkim-farmkompaniya münasibətləri qanunla tənzimlənməlidir. Yazılan dərmanlara görə, istədiyi analizə görə, məsləhət bildiyi cihaza görə faiz alan həkimlərin ümumiyyətlə, bəziləri bu halların cinayət təşkil etdiyini belə bilmirlər.

Ayrıca, xaricdə təhqiredici sayılan bizdə isə hələ də keçmişin mirası olaraq normal sayılan bəzi ifadələr işlədilə bilməkdədir: misal, “ürək xəstəliyi” yerinə “ürək qüsuru” (hətta körpələrimizə də bu mənada yol verilməz şəkildə “qüsurlu” deyirlər), “yarıq damaq-dodaq” yerinə “dovşan dodaq və qurd ağız” kimi çeşidli heyvan damğaları, hətta bütün dünyada fiziki məhdud şəxslərin hərəkət etdiyi vasitəyə “təkərli stul” (wheelchair) deyilərkən bizdə əfsus ki, sıx-sıx alçaldıcı şəkildə “invalid kolyaskası” və ya “əlil arabası” termini işlədilir. Zənnimcə, multikultural və tolerant ölkə nümunəsi kimi bu incə məqamlara da diqqət yetirməliyik.

Əməliyyata və istənilən tibbi müdaxiləyə yazılı formada izahlı icazə formasının imzalanması qaydaları da işlənməlidir. Şüuru özündə olmayan (narkoz altında, reanimasiyada və s.) pasiyentin hüquqlarının qorunması ayrıca ciddi bir mövzudur.

Bundan əlavə, etika çərçivəsində də tibbi rütbəyə və keçmiş tibbi vəzifəyə, habelə tibbi quruculuğa hörmət məsələləri bərqərar edilməlidir. Misal üçün, xaricdə bir professorun təqaüdə çıxması rəsmi şəkildə təntənə ilə qeyd edilir və yaxud kafedra müdirliyindən çıxsa belə, xüsusi səlahiyyətlərlə təmin olunur və heç bir şəkildə hörməti azalmır. Digər tərəfdən, qeyd edim ki, qardaş Türkiyədə müəllim və həkimlər cəmiyyətdə sayılıb-seçilən insanlardır, ölkənin elitasını formalaşdıranlar arasındadırlar; həm sadə vətəndaş tərəfindən, həm də dövlət məmurları tərəfindən ehtiramla qarşılanırlar. Yaşından asılı olmayaraq onlara xüsusi hörmət əlaməti olaraq “ağıl öyrədən” mənasında “Hoca” deyərək müraciət edilir. Sistem də bu yüksək “Hoca” adına layiq, daim peşəkar mütəxəssislər yetişdirir. Türkiyədə həm həkimlərin, həm müəllimlərin böyük əksəriyyəti dövlət məmuru sayılırlar və xidməti pasportları var ki, onunla vizasız Avropada beynəlxalq konqreslərə asanlıqla qatıla bilirlər. Bunların hamısının gəncliyin düzgün yetişdirilməsində mühüm rolu var. Tibbi tərbiyə təbib və alimlik adının yüksəlməsində vacibdir və nümunəvi həkimlik anlayışının zəruri parçasıdır.

Qeyd olunanlar hamısı bir-biri ilə əlaqəli mövzulardır və müasir yüksək texnoloji nailiyyətlər buna ciddi şəkildə yardımçı ola bilər. Həmçinin blokçeyn (blokchain), Süni Zəka (Artificial İntelligence), Maşın Öyrənməsi (Machine Learning), Neyron Şəbəkələr (Neural Networks) kimi irəli texnologiyaları dərmanların orijinallığı, tibb standartlarının unifikasiyasi və dünyaya inteqrasiyasında biz də geniş tətbiq edə bilərik. Nəticədə təhsil, diaqnostika, müalicə ən ucqar kəndlərimizdə belə inkişaf etmiş Qərb dünyası ilə eyni olmalıdır və sistemin çarxları o şəkildə sinerjik hərəkət etməlidir ki, həm pasiyent, həm həkim, həm tibb müəssisələri, həm dövlət qurumları uduşlu olsunlar.

Bütün sadaladığım və bu silsilədə digər mühüm islahatları həyata keçirə bilmək üçün rəsmi platformaya ehtiyac var. Bu ya bir çox xarici ölkələrdəki kimi dövlətin güvəndiyi, əsasən xaricdə təhsil almış araşdırıcı, proqressiv, vətənpərvər və kreativ mütəxəssislərin də olduğu nüfuzlu qeyri-hökumət təşkilatı vasitəsi ilə, ya da Səhiyyə Nazirliyi nəzdində yaradılan çox geniş səlahiyyətlərə malik Qərb tibbinə inteqrasiya qurumu vasitəsi ilə ola bilər, ya da hər ikisinin işbirliyi yolu ilə həyata keçirmək mümkündür.

Azərbaycan yüksək intellektə malik olan həkimlər diyarıdır və bu potensialı düzgün istiqamətləndirmək lazımdır.

Əlbəttə dünyada ideal heç bir şey yoxdur, amma bu faktdır ki, dünyanın ən inkişaf etmiş ölkələri məhz bu yolu, bu tibbi təqib edib. Bundan başqa da Qərb standartlarına uyğun xaricdə tibb təhsili almış soydaşlarmızın böyük əksəriyyəti vətənimizdə qısa müddətdə böyük uğur əldə ediblər. Bu da bir daha bu yolun doğru olduğunu göstərir.

Məqaləmin sonunda yenə də bildirmək istərdim ki, bu məsələyə heç də kiçik bir lokal məsələ kimi baxmaq olmaz. İnkişaf etmiş xarici ölkələrdə ən nüfuzlu təbəqə həkimlərdir. Sadəcə, ona görə yox ki, alimdirlər, biliklidirlər, hörmətləri var, ayrıca da zənginlər. Bir də ki, Qərbdə tibb universiteti anlayışı yoxdur, universitet nəzdində digər fakültələrlə yanaşı tibb fakültəsi fəaliyyət göstərir və o da, təbii ki, universitetin ən böyük fakültəsi olduğu üçün, səsvermədə daim həkimlər qalib gəlir və buna görə universitet rektorlarının əksəriyyəti həkimdir. Bu da onlara ciddi səlahiyyət verir və ictimai fikri formalaşdırma imkanını yaradır. Yeri gəlmişkən, bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin ilk fakültəsi məhz Tibb fakültəsi olub.

Tibb elminin nailiyyətlərindən bəhrələnib aid olduğumuz Türk və İslam dünyasında barış və rifahın çoxalmasına, bu vəsilə ilə ümumən bütün dünyaya daha böyük töhfə verə bilərik. Həmçinin bunları birləşdirən qeyri-hökumət elmi təşkilatları yaradıb daha nəhəng işlər görmək, konqreslər, kurslar keçirmək olar, habelə mobil cərrahi qruplar yaradıb Tuvadan Qırğızıstana qədər ödənişsiz əməliyyatlar icra edə bilərik və nəticədə, həm səmimi dostluğu və qardaşlığı dərinləşdirə, həm də hamımız üçün bir çox siyasi divident əldə edə bilərik.

Respublikamızın rəmzlərindən olan bayrağımızın rənglərinin təcəssümü - Türk multi-millətçiliyi, müasir elm və İslamın mənəviyyat, savad və sülh simbiozuna verdiyi dəyəri bu formada düzgün şəkildə təbliğ edib Milli İdeyamızı başqa ölçüyə çıxara bilərik.

Tibdə nailiyyətlərimiz qədim mədəniyyətimizi, şanlı tariximizi və müasir dünya görüşümüzü layiqli şəkildə təzahür etdirməli və birlikdə davamlı inkişaf (sustainable development) çərçivəsində cənab prezidentimiz İlham Əliyevin öndərliyində elmimizi zirvələrə daşımalıyıq.

Uzman Dr Aydın Talışinskiy, 
PhD Azərbaycan Respublikası Prezidenti yanında 
Xüsusi Tibb Xidməti, Xüsusi Müalicə Sağlamlıq Kompleksi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR