Slimfit
  1. MARAQLI

Təxirə salma vərdişindən necə xilas olmaq olar?

Təxirə salma vərdişindən necə xilas olmaq olar?
Sakura

Təxirə salma vərdişindən necə xilas olmaq olar?

Etməli olduğunuz bir iş var və təhvil vaxtı getdikcə yaxınlaşır. Halbuki siz işləmək əvəzinə özünüzü başqa şeylərlə məşğul edirsiniz. İşləməli olduğunuzu bilsəniz də, ürəyinizdən işləmək gəlmir, bir sözlə son günü gözləyirsiniz.

Hər halda bir çoxumuz həyatımızın hansısa bir mərhələsində edəcəyimiz işləri təxirə salmışıq. Boş vaxtlarımızı düzgün dəyərləndirməyib vacib işləri son günə saxlamışıq. Həmin gün gəlib çatdığı zaman isə stress yaşamağımız çox adi bir hala çevrilib. Lakin təxirə salmağı həyat tərzinə çevirmiş insanlar da vardır. Bilməli olduğumuz nüans odur ki, nə qədər zərərsiz görünsə də, etməli olduğumuz işləri təxirə salmaq bizim potensialımızı məhdudlaşdıran bir vərdişdir. Hətta bununla bağlı atalar sözü belə var: “Bugünün işini sabaha qoyma.”

Təxirə salmağı vərdişə çevirməyin. Həyatınızın nəzarəti öz əlinizdə olsun. Aşağıda bu vərdişdən xilas olmağınız üçün əməl etməli olduğunuz bəzi üsullar qeyd edilmişdir:

1. İşinizi hissələrə ayırın

İşlərimizi təxirə salmağımızın əsas səbəblərindən biri əslində şüuraltında edilməli həddindən artıq iş olduğunu və öhdəsindən gələ bilməyəcəyimizi düşünməyimizdir. Odur ki, etməli olduğunuz işi kiçik hissələrə ayırın və hər dəfə məhz bir hissəyə fikrinizi yönəldin. Bir müddət sonra etməli olduğunuz iş o qədər asanlaşacaq ki, “Bu, mənim üçün sadəcə beş dəqiqəlik bir işdir.” deməyə başlayacaqsınız.

2. İş mühitinizi yenidən təşkil edin

İşlədiyiniz yerin əhval ruhiyyənizə təsir göstərdiyinə heç fikir vermisinizmi? İş stolunuza və iş otağınıza bir nəzər salın, ürəyiniz yatmaq yoxsa işləmək istəyir? Əgər birincini seçirsinizsə, bu o deməkdir ki, iş mühitinizi dəyişdirməlisiniz. Diqqət yetirməli olduğunuz digər bir məqam da odur ki, sizə əvvəl ilham verən hansısa bir dizaynın bir müddət sonra eyni təsiri göstərməməsi mümkündür.

3. Vaxt cədvəli tərtib edin

Bütün işi yekunlaşdırmalı olduğunuz bir tarix olduğu zaman işləri təxirə salmağınız olduqca asandır. Bunun səbəbi isə həmin tarix çatana qədər hələ vaxtınızın olmasını düşünməyinizdir. Bəs, əgər bir çox fərqli tarix olarsa? İşlərinizi hissələrə ayırmağınız məsləhət görüldüyü kimi, hər bir hissə üçün də dəqiq bir vaxt müəyyənləşdirməlisiniz.

4. Sizə ilham verən insanlarla vaxt keçirin

Aparılan araşdırmalar göstərir ki, ən çox vaxt keçirdiyimiz 5 nəfərin ən ortaq xüsusiyyətlərini götürürük. 5 varlı insanla vaxt keçirsəniz, 6 – cı siz olacaqsınız. 5 uğurlu insanla dostluq etsəniz, 6 – cı siz olacaqsınız.

Sizi motivasiya edən insanları müəyyənləşdirin. Onlarla daha çox vaxt keçirməyə çalışın. Bir müddət sonra onların enerjisinin sizə də təsir göstərdiyini görəcəksiniz. Belə insanlarla üzbəüz görüşə bilməsəniz də, onların bloqlarını oxuya bilər və ya virtual əlaqə yarada bilərsiniz.

5. Hadisələri qəlizləşdirməyin

İşə başlamaq üçün ən doğru vaxtı gözləyirsiniz? Bu an ən doğru vaxt deyil çünki x, y, z sizə mane olur? Bu fikri ağlınızdan çıxarın. Bir işə başlamaq üçün əsla ən doğru vaxtı tapa bilməyəcəksiniz. Gözləməyə davam edəcəyiniz təqdirdə hədəfinizə nail olmağınız çətinləşəcək. Mükəmməlliyətçilik işləri təxirə salmağın əsas səbəblərindən hesab olunur.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR