Slimfit
  1. MARAQLI

Təsirindən çıxa bilməyəcəyiniz 10 film

Təsirindən çıxa bilməyəcəyiniz 10 film
Sakura

Təsirindən çıxa bilməyəcəyiniz 10 film

Yaxşı film odur ki, tamaşaçıda müəyyən emosiya yaratsın. Tamaşaçı bəzən gülsün, bəzən bütün dünyanı dəyişmək fikrinə düşsün, bəzən isə hönkür-hönkür ağlamaq istəsin. Ümumilikdə ən yaxşı film uzunmüddət təsirində saxlaya bilən filmdir. Film bitdikdən sonra o haqda düşüncələriniz bitmirsə deməli, yaxşı filmi tapmısınız. Beləliklə, sizə təsirində qalacağınız 10 film tövsiyə edirik.

 “Şerburq çətirləri” (“The Umbrellas of Cherbourg”)

Film müharibənin ayrı saldığı çətir satıcısı Jenevyeva və avtomexanik Qinin sevgi əhvatından bəhs edir. Ekran əsəri Kann kinofestivalının “Qızıl palma budağı”nı qazanıb. Filmə bu gün də həyəcansız və kövrəlmədən baxmaq olmur. Bəstəkar Mişel Leqranın əfsanəvi musiqisi isə artıq illərdir ki, sevgililər üçün əsl himnə çevrilib.

 “Yad planetli” (“E.T. the Extra-Terrestrial”)

Rejissor Stiven Spilberq bütün dünyanı bədəndən tısbağaya, üzdən Enşteynə oxşayan yad planetli ilə insanın dostluğuna inandıra bilib. Bu dostluq sizi də düşünməyə və kövrəlməyə məcbur edəcək.

 “Sofinin seçimi” (“Sophie’s Choice”)

Polşadan olan gənc qadın nasist düşərgəsində ərini və uşaqlarını itirir. İndi o, özündə güc tapmalı, müharibədən sonra ona yad olan Amerikada yaşamalıdır. Aktrisa Meril Strip tamaşaçını bu qadının faciəsinə inandıra bilir. Yoxsa Strip “ən yaxşı aktrisa” nominasiyasında “Oskar”ı qazanmazdı.

 “Ölü yazarlar birliyi” (“Dead Poets Society”)

Robin Uilyamsın bənzərsiz ifasında təqdim olunan Con Kitinq minlərlə həmkarı arasında əsl “ağ qarğadır”. O, özünü çox sərbəst və səmimi aparır, tədris proqramına tabe olmur. Kitinq tələbələrini gizli “Ölü yazarlar birliyi” ilə tanış edir və gənclərin həyatı tamamilə dəyişir. Bu filmə baxandan sonra sizin də həyatınız çox dəyişəcək.

 “Oyanış” (“Awakenings”)

Film həkim, utancaq alim və mütəxəssis Malkolm Seyer (Robin Uilyams) və onun pasiyenti Leonardonun (Robert De Niro) dostluq hekayəsindən bəhs edir. “Oyanış”a baxanda siz insan ruhunun dərinliklərinə səyahət edəcəksiniz. Bu film sizə dünyaya yeni gözlə baxmağa və həyatdan zövq almağa vadar edəcək.

 “Mənim həyatım” (“My Life”)

Uğurlu iş adamı Bob Cons (Maykl Kiton) qırx yaşına çatmamış xərçəng xəsətliyindən öləcəyini öyrənir. Bobun yeganə istəyi bütün həyatını, gündəlik yaşayışını, ailəsini videokameranın yaddaşına köçürməkdir. Bob yeni doğulacaq körpəsinə demək istədiklərini bu video vasitəsilə deyəcək. Həqiqətən təsirli hekayədir.

 “Şindlerin siyahısı” (“Schindler’s List”)

Bir insan çox şey etməyə qadirdir. Stiven Spilberqin tarixi dram janrından çəkdiyi film alman iş adamı və nasist partiyasının üzvü Oskar Şindlerdən bəhs edir. Oskar Şindler Holokost illərində minlərlə polşa yəhudisinin həyatını xilas edir. Film 7 nominasiyada “Oskar”ın qalibi olub.

 “Yaşıl xətt” (“The Green Mile”)

Stiven Kinqin romanının motivləri əsasında çəkilən mistik dram qeyri-adi məhkum Con Koffidən bəhs edir. Ölüm cəzasına məhkum olan Con tamaşaçıları da, tənqidçiləri də möcüzələrin olduğuna inandırır. Film inanılmaz uğur qazanıb. Dörd nominasiyada “Oskar”, üç nominasiyada “Saturn” və daha onlarla mükafat qazanıb.

 “Qaranlıqda rəqs edənlər” (“Dancer in the Dark”)

Film tənha və kor ananın faciəvi taleyindən bəhs edir. Tənha ana var gücü ilə çalışır, oğlunu xilas etmək üçün əlindən gələni əsirgəmir. Bu filmdən sonra bütün dünya istedadlı müğənni Börkün aktrisa istedadını da kəşf edib. Filmin unudulmaz musiqilərini də Börk özü yazıb.

 “Qozbel dağ” (“Brokeback Mountain”)

Vayominq ştatının yaşıl mənzərələri və bəstəkar Qustavo Santaolalyanın əsrarəngiz musiqisi fonunda iki gənc homoseksualın mürəkkəb sevgi əhvalatı təsvir olunub. Film kifayət qədər böyük səs-küy yaratsa və müzakirələrə səbəb olsa da “Qozbel dağ” dünya kinematoqrafının şah əsərlərindən birinə çevrilə bilib.

 “Ruanda oteli” (“Rwanda hotel”)

Filmin baş qəhrəmanı Pol, Ruanda paytaxtındakı dəbdəbəli otellərdən birinə rəhbərlik edir. Etnik təmizləmə illərində Polun otelində yüzlərlə insan sığınacaq tapır. Pol onları xilas etmək üçün əlindən gələni əsirgəmir. O, hədələrdən qorxmur, 1268 insanı ölümdən xilas edir.

 “Zolaqlı pijamalı oğlan” (“The Boy in the Striped Pajamas”)

 Filmdə hadisələr İkinci Dünya Müharibəsi illərində cərəyan edir və müharibə düşərgə komendantının oğlu, səkkiz yaşlı Brunonun dilindən təsvir olunur. Brunonun yəhudi oğlanla tanışlığı və dostluğu isə hadisələrin gedişatını alt-üst edir.

 “Hatiko” (“Hachi: A Dog’s Tale”)

Film real hadisələrə əsaslanır. Universitet professoru olan Parker Uilson vağzalda tapdığı balaca küçüyü evə gətirir və adını Hatiko qoyur. Onların dostluğu və bağlılığı uzun illər davam edir, hətta ölüm belə onları ayıra bilmir.

 “Yağış adam” (“Rain Man”)

Çarlinin atası mirasının bir hissəsini autizmdən əziyyət çəkən qardaşı Raymonda vəsiyyət edib. Bu mirası ələ keçirmək üçün Çarli qardaşını oğurlayır və girov saxlayır. Vaxt keçir və eqoist Çarli sevginin, dostluğun nə olduğunu anlayır.

 “Bağışlanma” (“Atonement”)

Brayoni və Sesiliya bacıdırlar. Onlardan biri çox istedadlıdır və pyeslər yazır. Digəri isə qulluqçunun oğluna aşiq olur. Onların həyatı İkinci Dünya Müharibəsinin başlamasından sonra alt-üst olur. Film mərhəmət və bağışlamaq hissinin əhəmiyyətindən, gücündən bəhs edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR