Slimfit
  1. AZƏRBAYCANLI

“Təqaüd vermədilər, qoca vaxtında iş axtarırdı” – Milyonçu Tağıyevin Türkiyədəki nəticələri

“Təqaüd vermədilər, qoca vaxtında iş axtarırdı” – Milyonçu Tağıyevin Türkiyədəki nəticələri
Sakura

“Təqaüd vermədilər, qoca vaxtında iş axtarırdı” – Milyonçu Tağıyevin Türkiyədəki nəticələri

Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabidin Tağıyevin nəticələri hazırda Türkiyədə yaşayırlar.

Əbdürrəhman Tağıyev (Abdurrahman Taki) – Hacı Zeynalabdin Tağıyevin nəvəsidir.  H. Z. Tağıyevin birinci həyat yoldaşı Zeynəb xanımdan olan övladı İsmayıl Tağıyevin oğludur. 1899-cu ildə Bakı şəhərində anadan olub. Bakı gimnaziyasını bitirib. 1926-cı ildə İstanbul Texniki Universitetinin inşaat fakültəsinin məzunu olub.  Həmin illərdə bolşevik hökumətinin Tağıyevlər ailəsinə qarşı olan təzyiqlər səbəbi ilə ölkəyə geri qayıtmayıb. 1926-cı ildə Türkiyədə əmək fəaliyyətinə başlayıb. O, tanınmış bir inşaat mühəndisi olub.  Türkiyə İnşaat Mühəndisləri Birliyinə üzv seçilib. Faika Onat adlı xanımla ailə həyatı qurub. 1932-ci ildə Suna adlı bir qızı dünyaya gəlib. Suna xanımın həyat yoldaşı 1983-1986-cı illərdə Türkiyənin Dövlət naziri vəzifəsini icra etmiş Prof. Dr.Mehmet Nimet Özdaşdır. Əbdürrəhman Tağıyev 1983-cü ildə İstanbul şəhərimdə vəfat edib. Qızı Sona Özdaş 2011-ci ildə, kürəkəni Mehmet Nimet Özdaş 2014-cü ildə vəfat edib. Mehmet və Orxan Özdaş adlı övladları var.

HafizTimes.com uzun müddət davam edən axtarışdan sonra Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq məşhur azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabidin Tağıyevin Türkiyədə yaşayan varisləri Mehmet və Orxan Özdaş qardaşlarını tapıb, həmsöhbət olmağa çalışıb.  Eksklüziv müsahibə zamanı Mehmet və Orxan Özdaş qardaşları ailələri ilə bağlı uzun illərdir ki, gizli qalmış məqamlara aydınlıq gətirib, Bakı, Azərbaycanla bağlı fikir və duyğularını ifadə ediblər. Qeyd edək ki, Özdaş qardaşları Hacı Zeynalabidin Tağıyevin Türkiyədəki varislərinin şəxsi fotolarını da özəl olaraq HafizTimes.com-a təqdim ediblər:

Mehmet Özdaş: “1957-ci ildə İstanbulda dünyaya göz açmışam. Atam NATO-da çalışdığına görə mən liseyi Belçikada bitirdim. Daha sonra isə Türkiyədə prestijli universitetlərdən biri olan Boğaziçi Universitetinin Elektrik mühəndisliyi fakültəsinin məzunu oldum. İstanbul Universitetində “İşlətmə” ixtisası üzrə magistr təhsili aldım. Beynəlxalq inşaat sektorunda əsas yer tutan firmalardan biri olan ENKA-da uzun illər çalışdım. Bundan sonra isə həyatım uşaqlıqdan bəri həvəs göstərdiyim dəniz və yelkən sahəsinə yönəldi. İstanbuldan Egeyə köçdükdən sonra yelkən idman növü ilə məşğul olmağa başladım. Yelkən idarə etməyə əvvəllər hobbi kimi yanaşırdım. Daha sonralar isə professional şəkildə məşğul olmağa başladım. Hələ də davam edirəm. Yelkənlə Ege, Ağdəniz, Qırmızı dəniz və Atlantik okeana  səfərlər etmişəm. İstanbul və Ağdəniz arasında bir həyat yaşayıram.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailəni təsvir edərsiniz…

İstanbulun dənizlə daha çox iç-içə olduğu zamanlarda babam Əbdürrəhman Tağıyev və nənəmlə bir-birinə bidişik olan evlərdə yaşayırdıq. Nəticədə onları daha yaxından tanımaq şansına sahib oldum.  Təhsilə, fərdi inkişafa, elmə, sənətə meyilli, uşaqlarının fərdiliyini dəstəkləyən, Atatürk Türkiyəsinin müasir, dünyəvi və mütərəqqi dəyərləri ilə əhatələnmiş bir ailədə böyüdüm. Demokratik, səyahəti sevən, kitabxanası kitablarla dolu, idmanı sevən,  dostlarla əhatəli bir ailəm vardı. Həyatımın formalaşmasında bunların rolu çox böyükdür.

-Tağıyev (Taki) ailəsini sizin dilinizdən eşitmək, öyrənmək istərik. Onlarla birlikdə keçirdiyiniz illəri necə xatırlayırsınız?

– Tağıyev (Taki) ailəsindən olan babam Əbdürrəhman Tağıyev mənim üçün örnək bir insandır. Həm elmə, həm də sənətə çox meyilli idi. O, hər zaman bu iki mövzu üzərində çalışırdı. Hesab edirəm ki, lap uşaqlıqdan bəri aldığı təhsil onun bu qədər mükəmməl, hərtərəfli bir şəxsiyyət kimi yetişməsinə səbəb olub. Rəsimlər çəkən, bağçasına qulluq edən, idmana, bağçılığa meyilli, ensiklopedik biliyə sahib və 5 dil bilən bir inşaat mühəndisi idi. Onlarla birlikdə keçirdiyim illəri sevgi və həsrətlə xatırlayıram. Və hər zaman qəlbimdə yaşadacağam.

-Hacı Zeynalabidin Tağıyevin, Əbdürrəhman Takinin nəvəsi olmaq necə bir hissdir?

– Zaman keçdikcə Hacı Zeynalabidin Tağıyev haqqında daha çox bilmək şansına sahib oldum. Onun nə dərəcədə uzaqgörən və vətənpərvər olduğunu öyrəndim. Bu mənim üçün böyük bir qürurdur. Və hər zaman onlarla qürur duyucağam.

-Ailənizlə bağlı heç vaxt unutmadığınız bir xatirəni bizimlə bölüşərsiniz…

-Bir neçə dəfə başıma gələn və hər zaman qürur duyduğum, həyəcanlandığım bir hadisəni sizinlə bölüşmək istəyirəm. Bəzən Azərbaycandan olan insanlarla qarşılaşıram, həmsöhbət oluruq. Hacı Zeynalabidin Tağıyevin nəvəsi olduğumu bilən zaman əvvəllcə çox təccüblənirlər. Deyirlər: “Babanızla nə qədər çox qürur duysanız azdır. O, bizim ölkəmizin milli dəyəridir”. Əsrlər sonra da xatırlanan bir babaya sahib olmaq böyük qürurdur. Həmin anlar mənim üçün unudulmazdır.

Əbdürrəhman Tağıyev – Uşaqlıq illəri

-Babanız Əbdürrəhman Taki və ananız mərhum Suna Taki Özdaş sizə ailəniz, keçmişinizlə bağlı nələr danışardılar? 

 -Anam və babam Hacı Zeynalabidin Tağıyevlə qürur duyardılar və onun vətənpərvərliyindən, xalqı üçün həyata keçirdiyi uğurlu işlərdən danışardılar. Onlar Tağıyevin Türkiyədə də tanınması üçün buradakı insanlara, akademiklərə çoxlu məlumatlar verirdilər.

Əbdürrəhman Tağıyev iş yoldaşları ilə birlikdə

-Hacı Zeynalabidin Tağıyev və övladları barəsində nələr bilirsiniz? 

-Anam Azərbaycana bir dəfə səfər etmişdi. Orda olan zaman qohumları ilə görüşüb, söhbətləşib. Bizə həmişə bu barədə danışardı…

-Babanız Əbdürrəhman Tağıyev necə bir insan idi? Necə bir həyat yaşadı? Ailəsiylə bağlı sizə nələr danışardı?

– Babam çox gənc yaşlarında İngiltərəyə səfər edəcəkmiş.Bu səfər ərəfəsində Rusiya inqilabına görə İstanbulda qalmalı olur. Bundan sonra o, bir daha heç vaxt Azərbaycana qayıtmayıb. İstanbul Texnik Universitetinin İnşaat mühəndisi ixtisası üzrə məzunu olub. Daha sonra Türkiyənin müxtəlif bölgələrində çalışıb. O, özünü son dərəcə mükəmməl formada yetişdirib. Elm, bilik, sənətdən tutmuş, idmana qədər bütün sahələrlə məşğul olub. Xeyirxah, mehriban, insanlarla yaxşı münasibət qurmağı bacaran bir insan idi.

Ə. Tağıyevin ailəsi, nəvələri

Onun həyatı Azərbaycanın çox zəngin bir ailəsinin övladı olaraq başladı. Amma, təəssüf ki, Türkiyədə babamın həyatı elə də rahat davam etmədi. Anadolunun müxtəlif yerlərində tikintidə çalışdı. Amma heç vaxt həyatından şikayətlənmədi. Babam həmişə deyərdi ki, əsas maddiyat deyil, əsas şəxsi bilikləri artırmaq və yaxşı savada malik olmaqdır.

Təəssüf ki, təqaüdə çıxanda qanundakı dəyişiklik səbəbindən babamın təqaüdü etibarlı sayılmadı. Ona deyiblər ki, bir müddət yenidən çalışmalıdır. Həmin vaxt isə babam təqaüd alacağına inandığı üçün işdən çıxmışdı. Nəticədə o, yenidən iş tapmaq üçün çox çətinliklər çəkdi. Bir dövlət layihəsi üçün isveç dilində  tərcüməçi axtarılması barədə xəbər eşitdi. Çox qısa bir zamanda isveç dilini öyrəndi və bu vəzifəyə təyin olundu. Hesab edirəm ki, bu dediklərim babamın şəxsiyyəti ilə bağlı sizə olduqca geniş məlumat verir…

Əbdürrəhman Takinin nəvələri

-Əbdürrəhman Takinin qızı, ananız mərhum Suna Taki Özdaş haqqında məlumat verərsiniz…

-Anam çox aktiv bir insan idi. Həmyaşıdlarından fərqli olaraq zamanı qabaqlayırdı. Çox sosial, həyat dolu, həvəsli, hər zaman öyrənən, daimi özünü təkmilləşdirən, şən və səmimi bir insan idi. Ömrünün bir hissəsini Amerika və Belçikada keçirdi. İngilis və fransız dillərini bilirdi. Ömrünün son 10 ilini xəstəliklərlə mübarizdə keçirsə də, son dərəcə həyata bağlı idi.

Əbdürrəhman Takinin nəvəsi Orhan Özdaş

-Bəs ananız heç Azərbaycana gəldimi? 

-Anam Azərbaycana getmişdi. Oradakı qohumlarımızla əlaqə qurub. Babası Hacı Zeynalabidin Tağıyevin gördüyü işlər ilə yerindəcə tanış olan zaman çox təsirlənib, qürur duyub. Həmişə bu barədə bizə danışardı.

-Atanız mərhum Prof. Dr. Mehmet Nimet Özdaşın Türkiyənin tarixindəki rolunu necə dəyərləndirirsiniz?

-Atam Türkiyənin də elmdə inkişaf etmiş ölkələr səviyyəsinə gəlməsini özü üçün hədəf seçmişdi. Bu məqsədlə o, Türkiyə Elmi Araşdırma Təşkilatı (TÜBİTAK) və ona bağlı Mərmərə Araşdırma İnsititutlarının qurulmasına rəhbərlik edib. Daha sonra elm sahəsini Türkiyədə inkişaf etdirəcək, elm siyasətinin qurulduğu “1983-2003 Türkiyə Elm Siyasəti Belgesi”nin yaradılması üçün əsas vəzifəni öz öhdəsinə götürüb. Bununla yanaşı, Türkiyənin o vaxtkı “siyasi konjonktürü” həmin layihənin tətbiqinə icazə verməyib. Nəticədə bu gün Türkiyənin elmdəki səviyyəsi atamın həyata keçirəcəklərindən çox uzaqdır…

Orhan Özdaşın qızı Damla və oğlu Əli

-Babanız Əbdürrəhman Taki öz atası İsmayıl Tağıyevlə bağlı sizə nələrsə danışdı?

-Xüsusi bir məqam xatırlamıram.

-Sizin üçün Hacı Zeynalabidin Tağıyev kimdir?

-Azərbaycanın yetişdirdiyi böyük bir vətənpərvər, xeyriyyəçi ! O, bizim üçün qürur mənbəyi olan bir şəxsiyyətdir.

-Siz Azərbaycana, Bakıya heç gəldinizmi? Azərbaycan sizin üçün nə məna ifadə edir?

-Çox təəssüflə qeyd edirəm ki, bu günə qədər heç Azərbaycana gedə bilmədim. Ancaq anam və mənim danışdıqlarımdan təsirlənən həyat yoldaşım Bakıya getmişdi. Bakını çox sevib. Planımızda var ki, yaxın vaxtlarda Bakını ziyarət edək.

Aslıhan Karay və həyat yoldaşı Mehmet Özdaş

-Türkiyənin məşhur yazarı, jurnalist Refik Halid Karayın nəvəsi, həyat yoldaşınız Aslıhan Karay Özdaş Bakı səfərindən necə təəssüratla qayıdıb? Sizə Bakı haqqında nələr danışdı?

– Tağıyevlərin gəlini olduğunu söylədiyi zaman muzeydəki işçilər ona xüsusi münasibət göstəriblər. Onu sevgi ilə qucaqlayıblar. Muzeydəki pianolar, rəsimlər sənəti sevən həyat yoldaşımı heyran edib. O, həmin binanın gözəlliyi, zərif əzəməti, H.Z. Tağıyevin həyat hekayəsi ilə məst olaraq Türkiyəyə qayıtmışdı…

– Qardaşınız Orhan Özdaş barədə bilmək istərik. O hansı işlə məşğul olur?

-Mən təqaüdçü mühəndis kimi vaxtımın çox hissəsini dənizlərdə keçirirəm. Qardaşım Orhanın isə dəniz elektronikası ilə bağlı bir şirkəti var.

-Sonda Azərbaycanda sizin ailənizi sevənlərə nə söyləmək istərsiniz?

– Hacı Zeynalabdin Tağıyevin nəvələrindən biri olaraq Türkiyədə tez-tez ondan bəhs edirik,  onu nümunə kimi təqdim edirik. Ən qısa zamanda Bakıya gəlmək, həm qohumlarımızla, həm də bizi sevənlərlə görüşmək istəyirik. Sevgi və hörmətimizi ifadə edirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR