Slimfit
  1. MEDİA

Tengiz Txilava: “Ermənistan Gürcüstana düşmən ölkədir”

Tengiz Txilava: “Ermənistan Gürcüstana düşmən ölkədir”
Sakura

“Yerli ermənilər Gürcüstanı öz vətənləri kimi görmürlər” - Gürcü politoloq

Modern.az-ın bu günlərdə Gürcüstanda səfərdə olmuş əməkdaşı “Artparalel” teleradio-prodüser mərkəzinin direktoru, “Beynəlxalq Siyasi Münasibətlər və Politoloji Elmlər Mərkəzi”nin həmtəsisçisi və vitse-prezidenti Tengiz Txilavadan geniş müsahibə alıb.

 - Azərbaycanla Gürcüstan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Ölkələrimiz arasındakı münasibətlərin perspektivini necə qiymətləndirirsiniz?

 - Azərbaycanla Gürcüstan arasında münasibətlər yüz illər boyu dostluq və qardaşlıq məcrasında inkişaf edir. Bu sözü ölkəmizdə çoxları, o cümlədən mən tez-tez təkrar edirəm ki, ölkələrimiz arasındakı münasibətlər bütün dünya birliyi üçün nümunə sayılmalıdır. Çünki adətən düşmənçilik halları qonşu xalqlar arasında olur. Heç bir xalq düşmən axtarışı üçün xaricə üz tutmur. Lakin Qafqazın ən çoxsaylı xalqları olan azərbaycanlılar və gürcülər nəinki birgə mövcudluğun yolunu - çünki sevmədiyin insanla belə birgə mövcud ola bilərsən, həmçinin dost və qardaş kimi yaşamağın unikal formulunu tapıblar. 

Azərbaycan və Gürcüstan dövləti, həmçinin, gürcü və Azərbaycan xalqları arasında münasibətlərin yeni vektorunun əsasını Heydər Əliyev qoyub. O, Gürcüstanı iqtisadi planda ən vacib tərəfdaş kimi seçdi, halbuki, bu zaman xarici təzyiqlər, xüsusən Rusiyanın istəkləri məlum idi. Lakin Heydər Əliyev öz seçimini dəyişmədi. Bu danışıqlar barədə çox məlumatlıyam. Birincisi, bütün prosesləri yaxşı xatırlayıram, ikincisi isə bu barədə ədəbiyyatla geniş tanış olmuşam. Nəticədə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. 
20 sentyabr mənim doğum günüm olduğu üçün bu tarix mənə ikiqat sevinclidir. Həmin müqavilə ölkələrimiz arasındakı münasibətləri qardaşlıq və dostluqdan başqa, qarşılıqlı iqtisadi maraqlara əsaslanan partnyorluğa da çevirdi. Azərbaycanın Gürcüstan iqtisadiyyatında ən böyük investor olması da iqtisadi ab-hava üçün müsbət təsir göstərir. Bundan hər iki ölkə qazanır, çünki iqtisadi maraq və gəlir olmadan heç kəs investisiya yatırmır. Hətta 2010-cu ildə SOCAR barədə film çəkdim. Həmin film “Stabilliyin təminatçısı” adlanırdı. SOCAR digər iri şirkətlər kimi Gürcüstan büdcəsinə vergi ödəyir. Vergilər isə bildiyiniz kimi stabilliyin təminatçısı rolunu oynayır. Münasibətləri daha da inkişaf etdirmək, yeni iqtisadi layihələr hazırlamaq, məsələn, vahid iqtisadi məkana keçmək olar. Bu məsələləri mütəxəssislər daha yaxşı həll edə bilər. Amma istənilən halda, Azərbaycanla iqtisadi münasibətlər Gürcüstanın üçün həyati önəm daşıyır. Ümid edirəm ki, ölkələrin siyasi rəhbərliyi və azərbaycanlı, gürcü xalqları bu əlaqələri daha da möhkəmləndirəcək.

 

- Son statistik məlumatlardan da məlumdur ki, azərbaycanlılar Gürcüstanda ikinci ən böyük etnik qrupdur. Həmçinin, Azərbaycanın şimal ərazilərində də azsaylı gürcülər yaşayır. Növbəti sualım həmin icmaların ölkələr arasında münasibətlərin inkişafındakı rolu barədədir. Bu milli icmalar özlərini necə hiss edirlər?

 - Bilirsiniz, bir neçə gün öncə Dmanisi rayonunda azərbaycanlıların Elat bayramında iştirak edirdim. Bakıdan gələn bir jurnalist bu kimi bayramların ölkələrimiz arasında milli-mədəni münasibətlərin inkişafına hansı töhfələri verdiyini soruşdu. Mən həmişə verdiyim cavabı verdim. Dedim ki, “qonşu xalqlar arasında münasibətlərin inkişafının həmişə tərəfdarı olmuşam, amma bu bayram tamamilə başqa situasiyadır. Çünki bayramı qeyd edənlər bunu öz vətənlərində qeyd edirlər. Gürcüstan azərbaycanlıları barədə diaspor sözündən istifadə olunanda xoşum gəlmir. Gürcüstan azərbaycanlıları diaspor deyil, Gürcüstanın bərabərhüquqlu vətəndaşlarıdır. Gürcüstan azərbaycanlılarının yeni nəsli gürcü dilini aktiv şəkildə öyrənməyə başlayıb. Bu məsələdə vaxtı ilə ciddi boşluq var idi. Bildiyiniz kimi, Sovet İttifaqı zamanı və o dağılandan sonra icmalar arasındakı ünsiyyət dili rus dili idi. Halbuki, ruslar Qafqaza 200-250 il əvvəl gəlmişdilər. Amma ruslar bura gələnə qədər də yerli xalqlar bir-birilə ünsiyyətdə idi. Əslində rus dili heç Çar vaxtı da deyil, Sovet dövründə əsas ünsiyyət vasitəsinə çevrilmişdi. Azərbaycan dili ruslara qədər Qafqazda fransız dilinin dünyada oynadığı rolu oynayırdı. Hamı qəbul etmişdi ki, Azərbaycan dilində danışırsansa, Qafqazda, Türkiyədə və İranda asanlıqla ünsiyyət qura biləcəksən. 

Azərbaycandakı gürcülər də özlərini çox rahat və komfortlu hiss edirlər. Bakıda, Azərbaycanda tez-tez oluram və 2 ay əvvəl sonuncu dəfə Bakıda beynəlxalq konfransda iştirak edən zaman aparıcı mütəxəssislər arasında ingiloylu xanım ekspertlə qarşılaşdım. Ondan başqa, daha bir neçə ingiloy qonaqlar da var idi. Onlar həm gürcü dilində, həm də azərbaycanca sərbəst danışırlar. Son vaxtlar Gürcüstanda azərbaycanlı gənclərin seçki aktivliyi sevindirir. Bu məsəldə Gürcüstan hökumətinin də xidməti qeyd olunmalıdır. Bölgələrə gürcü dili kursları açıldı, gənclər kütləvi şəkildə bu işlərə cəlb olundu. Və əminəm ki, yaxın illərdə azərbaycanlılar Gürcüstanın idarəolunmasında öz sözlərini deyə biləcəklər. 

 - Növbəti sualım məhz Gürcüstan azərbaycanlılarının siyasi aktivliyi ilə bağlı olacaq. Uzun illər azərbaycanlıların Gürcüstan siyasətində geniş təmsil olunmaması, onların gürcü dilini bilməməsi, gürcü cəmiyyətinə kifayət qədər inteqrasiya olunmaması ilə əsaslandırılırdı. Amma son illər bu tendensiya tamamilə dəyişib, azərbaycanlı valideynlər övladlarını kütləvi şəkildə gürcü məktəblərinə aparır, yerlərdə perspektivli gənc azərbaycanlı siyasətçilər meydana gəlib. Digər tərəfdən, Kvemo-Kartli ilə müqayisə etdikdə Samtsxe-Cavaxetiya regionunda yerli ermənilər icra və idarəetmə orqanlarında daha çox təmsil olunub, əhəmiyyətli postlara sahibdirlər. Bu fərqlilik nə ilə bağlıdır?

 

- Tamamilə doğru qoyulmuş sualdır. Ermənilər barədə danışarkən vurğulamaq istərdim ki, məhz onları həm icma, həm də diaspor sayardım. Çünki yerli ermənilərin əksəriyyəti hələ də Gürcüstanı öz vətənləri kimi görmürlər. Tarixə ekskurs etsək, Gürcüstan üçün necə təhlükəli minanın qoyulduğunu görə bilərik. Belə ki, Rusiya və Osmanlı Türkiyəsi arasında imzalanmış Adrianopol sülh müqaviləsi ölkəmiz üçün Azərbaycana Türkmənçay müqaviləsinin verdiyi təsiri bağışladı. Azərbgaycana olduğu kimi, Gürcüstanın cənub bölgələrinə də erməniləri  yerləşdirdilər. Təəssüf ki, azərbaycanlı dostlarıma da iradımı çatdırmalıyam. Azərbaycanlılar Gürcüstanın siyasi həyatında hələ təzə-təzə iştirak etməyə başlayıblar. Halbuki, həmişə bu ölkənin önəmli və sədaqətli sakinləri olublar. Qeyd etməliyəm ki, Gürcüstan azərbaycanlılarının özünəmxsus mədəniyyəti olub və bu, Gürcüstanın milli dəyərlərindən biridir. Azərbaycanın da bir çox mədəniyyət, siyasət və ictimai fuqrlarının həyatı və fəaliyyəti də Gürcüstanla sıx bağlı olub.

Təəssüflər olsun ki, Gürcüstan azərbaycanlıları uzun illər apolitik vəziyyətdə idilər. Son illər gənc azərbaycanlılar Gürcüstan siyasətində fəallıqlarını artırıblar. Hesab edirəm ki, bu qarşısıalınmaz prosesdir və azərbaycsanlıların siyasi fəallığı yalnız artacaq. Onlar həmişə Gürcüstanın vətənpərvərləri olublar və torpaqlarımızın qorunması zamanı qanını tökən yüzlərlə azərbaycanlı bu gün qəhrəman kimi cəmiyyətimizdə qəbul olunur. 

- Gürcüstan-Ermənistan münasibətlərindən danışaq. Ermənistanın Gümrü şəhərində Rusiyaya məxsus hərbi baza var. Sabiq prezident Mixail Saakaşvili həmin bazanı Gürcüstanın milli təhlükəsizliyi üçün hədə adlandırmışdı. Rusiyanın Gürcüstanla müharibə aparmasını və separatçı Abxaziya və Cənubi Osetiya “respublikaları”nı tanıması fonunda həmin baza Gürcüstanla Ermənistan münasibətlərinə hansı təsiri göstərir? 

- Ondan başlamaq istərdim ki, dövlətlərimniz müstəqil respublikaların yaradılmasının 100 illiyini qeyd edir. 1918-ci il dekabrın 9-dan 10-na keçən gün Tbilisidəki Ermənistan səfirliyi ziyafət verir və həmin ziyafətə Gürcüstan hökumətinin üzvlərini də dəvət edir. Paralel olaraq, erməni ordusu sərhədi keçərək Gürcüstana hücum edir. Bu hərbi toqquşma yox, məhz müharibə idi və hərbi dəniz qüvvələrini çıxmaq şərti ilə bütün ordu növləri hərbi əməliyyatlara cəlb olunmuşdu. 

Təəssüf ki, Gürcüstan-Ermənistan müharibəsi bu gün unudulub, ya da onun barəsində heç danışılmır. Həmin dövrün mətbuatını oxuyan zaman sanki gürcülərdə inciklik duyulduğu, qonşu dövlətin xain hücumundan sarsıldığı hiss olunur. Amma müharibə bütün ölkəni bir bayraq altında birləşdirdi və 10 gün sonra ermənilər qaçmağa üz qoydular. Əgər ingilis komandanlığının sülh təkidi olmasaydı, gürcü ordusu Yerevanı da tutacaqdı. Həmin müharibədə bizim daha bir faciəmiz Marneuli rayonunun Trerakvi kəndi ilə bağlıdır. Həmin kənddə ermənilər keşişləri, qadınları, uşaqları və yaşlıları amasızlıqla qətlə yetirmişdilər. Aramızda müharibə olub. Bu, Gürcüstan-Ermənistan münasibətlərini xarakterizə edən hadisələrdən biridir. 

O ki qaldı Rusiyanın Gümrüdəki hərbi bazasına, Gürcüstan açıq ya gizli formada 200 ildən artıqdır ki, Rusiya ilə müharibə aparır. Bu fonda Ermənistanın Gürcüstanın 20%-dən çoxunu işğal altında saxlayan dövlətin ordusunu qanuni əsasla öz ərazisində yerləşdirməsi Gürcüstanın heç zaman qəbul etməyəcəyi faktdlr. Amma siyasi reallığı da qəbul etmək lazım gəlir.

Açıq şəkildə demək lazımdır ki, Ermənistan Gürcüstana düşmən ölkədir. Bu təkcə rus qoşunlarını ərazisində yerləşdirməsinə görə deyil. Ermənilər BMT-də hər dəfə Gürcüstandan olan qaçqınların Abxaziya və Cənubi Osetiyadakı yurdlarına dönməsini nəzərdə tutan qətnamələrə qarşı səs verirlər. Ümumilikdə, 9 dəfə Ermənistan bu qətnaməyə qarşı səs verib. Halbuki, Azərbaycan həmişə bu məsələdə Gürcüstanın xeyrinə səs verib. Qətnamə qəbul olunmaqla qaçqınlar yurdlarına geri dönəsi deyil, reallığı hər kəs anlayır, amma bunu simvolik jest də saymaq olardı. Ona görə də, Ermənistan dostluğa nə qədər and-aman etsə də, Gürcüstan üçün düşmən dövlətdir. Bu ölkə ilə bağlı heç bir illüziyam yoxdur.

 

 - Gürcüstanda olduğum müddətdə hər kəs Cavaxetiya regionu haqda danışarkən həmin ərazinin Gürcüstanın qalan hissəsindən tədric vəziyyətində, yerli ermənilərin inteqrasiya prosesinin zəif olmasını vurğulayırdı. Dediyiniz kimi, Ermənistan dövlətinin Gürcüstana qarşı düşmən olmasını nəzərə alaraq, Cavaxetiyada təxribatlara yol verilə bilərmi? Erməni millətçisi Vaaqn Çaxalyanın fəaliyyətini xatırlamaq olar.

- Bilirsiniz, 1989-cu ildə 9 aprel faciəsinin 40-cı günü ermənilər bizə xaçkar göndərdilər və Gürcüstanın əsas kafedral kilsəsi Sionun həyətinə qoyulmasını təklif etdilər. Amma Katolikos II İlya xaçkarın kilsənin həyətinə deyil, qıraqda qoyulmasını tələb etdi. Çünki 10-20 il sonra ermənilər həmin ərazinin qədim erməni torpağı olduğunu elan edəcəkdilər. Bununla hər şey deyilir. İnanın ki, ermənilər çoxdan bu problemi yaradardılar. Sadəcə, bir faktor bu niyyətlərinə mane olur. Ermənistanı Gürcüstana birləşdirən yeganə həyat yolu gürcü limanlarından başlayır. Yəni Ermənistan bizim ərazidən hər şeylə təmin olunur. Digər yol isə Gürcüstandan Yuxarı Lars sərhəd-keçid məntəqəsindən Rusiyaya gedir. Həmin yol qış aylarında bəzən bağlanır və ermənilər bu zaman aclıqdan əziyyət çəkməyə başlayırlar. 2017-ci ildə Serj Sarkisyan baş nazir İrakli Kvirikaşvilidən işğal altındakı Tsxinvalidən (red-Cənubi Osetiya) əlavə yolun açılmasını istəmişdi. Kvirikaşvili isə cavabında “Tsxinvalidən yolun açılmasına icazə verə bilməyəcəm, amma Azərbaycandan da sizə yol gedir, çalışın onlarla razılıq əldə edin”-deyə replika atmışdı. Bu, doğurdan da yaxşı cavabdır. Odur ki, ermənilər Cavaxetiyada təxribat törətsələr, acından öləcəklərini yaxşı anlayırlar. 

- Mətbuatda periodik olaraq, Abxaziyadan Ermənistana dəmir yolu xəttinin açılacağı ilə bağlı xəbərlər dərc edilir...

- Qulaq asın, bu dəmir yolu Ermənistandan başqa heç kimə lazım deyil. Abxazlara yol lazım deyil. Çünki dəmir yolu xətti Rusiyadan Suxumiyə qədər gedir. Ruslar üçün də bu yol çox vacib deyil, çünki öz hərbi bazalarını başqa vasitələrlə də təmin edə bilirlər. Gürcüstana gəlincə, Rusiyadan nəsə lazım olarsa, bunun üçün Yuxarı Larsdan keçən yoldan istifadə edirik. Dəmir yolu xəttinə ehtiyacı olan yeganə ölkə Ermənistandır. Onlar yolun bərpasını istəyirlərsə, müəyyən addımlar atmalıdırlar. Regionda düşmən siyasət aparmaqla, heç nə əldə edə bilməyəcəklər. Məsələn, Abxaziya müharibəsində yerli ermənilər Baqramyan batalyonu yaradaraq, gürcülərə qarşı vuruşdular. Ermənistan da onlara dəstək verirdi. Bununla onlar nəyə nail oldurlar? İndi açmaq istədikləri dəmir yolu xəttinin bağlanmasına yol açdılar. Sonra da bizə deyirlər ki, ermənilər belə ağıllı siyasətçidirlər. Halbuki, bunun əksidir, heç də ağıllı siyasətçi deyillər. 

- Ermənistandakı Rusiya hərbi bazasının Gürcüstan ərazisindən silah və texnika ilə təmin olunması barədə xəbərlərə münasibətiniz?

- Müəyyən zamanlarda belə bir xəbərlər yayılır. Amma deməzdim ki, Rusiya müntəzəm olaraq Gürcüstan üzərindən Gümrüyə silah daşıyır. Rusiyanın Ermənistanda 5 min hərbçisi var. Bu elə də böyük kontingent deyil ki, müntəzəm silahla təmin olunsun. Rusiya Ermənistandakı hərbi bazasına silahı İran ərazisindən və aviasiyanın köməyi ilə göndərir.

- Azərbaycan və Gürcüstan ərazilərinin 20%-i işğal altındadır. Sizcə, bu iki ölkə ərazi bütövlüyünü bərpa etmək üçün nə etməlidirlər?

- Açıq deməliyik ki, hər iki ərazinin işğalçısı eyni ölkədir. Ermənistanın Azərbaycana təcavüz etdiyini desək də, onun arxasında hansı ölkənin durduğu məlumdur. Bu, Rusiyadır. Onlar məğlub siyasi situasiyadadırlar. Bunu rusiyalı dostlarıma da deyirəm ki, əgər 80-ci illərin sonlarında Moskva Azərbaycanda və Gürcüstanda separatçı qüvvələri yox, bu ölkələrin ərazi bütövlüyünü dəstəkləsəydi, həm Azərbaycan, həm də Gürcüstan indi də Moskvanın sadiq müttəfiqi idi. Əskinə, Rusiya ölkələrimizə düşməncə yanaşdı. Gürcülərə birbaşa, Azərbaycana isə Ermənistanın əli ilə savaş açdı. Amma problem eyni olaraq qalır. Ərazi bütövlüyünün həllinə gəlincə, bu prosesdə Azərbaycan Gürcüstandan daha uğurlu mövqedədir. Çünki konflikt rəsmi olaraq, Rusiya ilə yox, Ermənistanladır. Bu baxımdan aprel döyüşlərində Azərbaycanın ərazilərinin bir hissəsini azad etməsi diqqətçəkən məqamdır. İlk dəfə Ermənistan işğal etdiyi ərazilərdən geri çəkildi və ilk dəfə onun diasporu Yerevana dəstək verməkdən imtina etdi. Çünki onlar da yorulublar. Ermənilər Rusiyada, Fransada, ABŞ-da və hətta Venesuelada yaşayırlar və qayğısız həyat sürürlər. Nə üçün onlar hər dəfə dövlət kimi formalaşmamış bir quruluşa pul daşımalı, dəstək verməlidirlər? Diaspor da Ermənistandan yorulub. Sonda Ermənistan siyasi reallıqlarla barışacaq. Çünki nə vaxtsa, Rusiya da onlardan bezəcək. Bu vaxt tezliklə gələcək. Odur ki, mən ölkələrimizin ərazi bütövlüklərini bərpa edəcəyinə böyük inam bəsləyirəm. Əslində Qarabağ hadisələri Avropada İkinci Dünya Müharibəsindən sonra ölkə sərhədlərinə yenidən baxmaq üçün ilk kobud cəhd idi və Helsinki Yekun Aktının qərarlarını pozurdu. Həmin Helsinki görüşündə Avropa liderləri mövcud sərhədlərə bir daha baxmamaq barədə razılaşmışdılar. Çünki ərazi mübahisələrini sonsuza qədər davam etdirmək olardı. Bütün Sovet respublikalarının nümayəndəsi kimi Leonid Brejnev də bu sənədə qol qoymuşdu. Bu, həm də Ermənistanın adından qoyulan imza idi. 1988-ci ildə bu razılaşmanı pozan cəhdlər Qarabağdan başladı. Qərb çox zəif reaksiya verdi və sonda nəticəni bilirsiniz. 

- Rusiyanın bu münaqişələrin arxasında durduğunu bildirirsiniz. Bəs Rusiyanın beynəlxalq vəziyyətini Qərbin sanksiyaları fonunda necə dəyərləndirirsiniz? 

- Qərb Rusiyaya qarşı sanksiya tətbiq edəndə də hamı gülürdü. Amma sanksiyalar ölkə iqtisadiyyatını sarsıdıb və yoxsulluq səviyyəsindən aşağı yaşayan rusların sayı 32% artıb. Bir neçə gün əvvəl keçirilən sorğuda 62% rusiyalı ölkədəki sosial rifahın pisləşməsində birbaşa Putinin məsuliyyət daşıdığını açıqlamışdı. Rusiya çox böyük ərazini əhatə edir və bu ölkəni demokratik yolla idarə etmək mümkün deyil. Bu ölkəni yalnız diktator, yaxud “ponyatka” yolu ilə idarə etmək olar. Və sonda bu ölkənin bir neçə dövlətə parçalanacağı vaxt məsələsidir. Hələ Sovet vaxtı Sibirdə olarkən yerli sakinlər özlərini rus saymırdılar. Kimsə Moskvaya gedəndə deyirdilər ki, “filankəs Rusiyaya gedib”. 

Muxtariyyət məsələsinə gəlincə, nə üçün Tatarıstan müstəqil dövlət olmasın? Amma Ermənistan müstəqil dövlətdir. Halbuki, Tatarıstan iqtisadi gücü, əhalisi və ərazisinə görə onu bir neçə dəfə üstələyir. Daha bir yanlış təsəvvür onunla bağlıdır ki, Rusiya, Türkiyə və İran müttəfiqdirlər. Rusiya və İran prinsipcə müttəfiq ola bilməzlər. Çünki onlar 2 böyük regionda Qafqazda və Mərkəzi Asiya regionunda rəqibdirlər. İranın bu gün də rəsmi siyasəti ondan ibarətdir ki, Qafqaz və Mərkəzi Asiya İrana məxsusdur və ruslar onları müvəqqəti olaraq buradan qovublar. İranın Rusiyanın müttəfiqi olacağını gözləmək sadəlövhlükdür. Sadəcə, Tehran Rusiyanın axmaq anti-Qərb siyasətindən istifadə edirlər. Rusiya yadelli rəhbər tərəfindən idarə olunan zaman güclü olub. Rus hakimiyyətə gələn kimi hər şey azalan xətlə gedib. 1985-ci ildə rusu hakimiyyətə gətirdilər və olanlar oldu. Siyasi baxımdan ruslara Gürcüstanla düşmən olmaq sərf etmirdi. Amma atdıqları addımlarla bizi düşmən etdilər. Bunun onların nəyinə lazım olduğunu isə rusların özündən soruşmaq lazımdır.

 

- Gürcüstanla Rusiya hansı şərtlər altında barışa bilər?

- İlk növbədə ruslar oğurladıqlarını qaytarmalıdırlar. Ancaq bundan sonra biz hələ Rusiya ilə danışmağa başlayacağıq. Nə qədər böyük ölkə olsan da, qonşularınla özünü belə apara bilməzsən. Qərb artıq ona böyük dövlət kimi baxmır. Bu da rusları qəzəbləndirir. Eyni məsələ, Azərbaycan-Ermənistan münasibətlərinə də şamil edilə bilər. Münasibətlər bərpa oluna bilər? Əlbəttə hə. Amma bunun üçün Ermənistan oğurladığını geri qaytarmalıdır. Müharibə sırf Azərbaycan ərazisində olub və Azərbaycan hərbçiləri başqa ölkənin ərazisinə hücum etməyiblər. Gürcüstan ordusu da yalnız öz torpaqlarında vuruşub. Heç bir hərbi birləşməmiz Rusiya sərhədini keçməyib. Ona görə də, torpaqları qaytarsınlar, qalanı zamanla düzələr.

- Sonda Gürcüstandakı siyasi proseslərə geri qayıdaq. Müşahidələrim və insanlarla ünsiyyət zamanı “Gürcü arzusu” və “Vahid Milli Hərəkar” partiyaları arasında dərin uçurumun, hadisələrə fərqli baxışın olduğunu gördüm. Gürcüstan cəmiyyətində kifayət qədər qütbləşmə hiss olunur. Sizcə, bu kəskin siyasi fərqlər nə ilə bağlıdır? Və haqlı tərəf hansıdır?

- Belə bir Qafqaz məsəli var: ağıllı tülkü tələyə 4 ayaqla, ağılsız tülkü isə yalnız 1 ayağı ilə düşər.”Gürcü arzusu” tələyə 4 ayağı ilə düşüb. Hətta onların öz sorğuları da səslərin 5050-yə olduğunu göstərir. İqtidar partiyası növbəti dəfə Saakaşvilinin ortaya atdığı mövzulara aldandı. Prezident seçkilərini ölüm-dirim mübarizəsi kimi gördülər. Bildiyiniz kimi, Gürcüstanda prezident səlahiyyətləri çox məhduddur, çünki ölkəmiz parlament respublikasıdır. Nə fərqi var prezident Vaşadze olacaq, ya Zurabişvili? Heç bir fərqi yoxdur. 
“Gürcü arzusu” parlamentdə çoxluqdadır və hökumət də nəzarətindədir. Mixail Saakaşvili fiquruna gəldikdə o çox ziddiyyətli siyasi fiqurdur. Bəli, Saakaşvili yaxşı prezident olub, Gürcüstan dövlətçiliyinin 200 il sonra bərpa olunması onun adı ilə bağlıdır. Eyni zamanda, ciddi siyasi səhvlər də, cinayətlər də olub. Ona görə konkret səhvlərə görə cavab vermək lazımdır. 

“Gürcü arzusu” hakimiyyətə gələndə “Milli hərəkatçılar”dan qalan yaxşı işləri davam etdirməli idi. Amma onlar acıqla hərəkət etməyə başladılar. İlk turda onlar qalib gələ bilmədilər. Bunu məğlubiyyət kimi qəbul edirlər. İndi Bidzina İvanişvili telekanallara çıxaraq 1 ilə hər şeyi müsbətə doğru dəyişəcəklərini deyir. Amma əgər 1 ilə bunu etmək mümkün idisə, son 6 ildə onlar nə işlə məşğul idilər? 

Birincisi onlar özlərini, sonrada da başqalarını Vaşadzenin obrazı ilə qorxudurlar. İnsanlara “baxın, Saakaşvilinin adamları qayıdacaq, zülm verməyə başlayacaq” tipində açıqlamalar verirlər. Amma unudurlar ki, Saakaşvili dövründə qanunsuzluq törədənlərin 80%-i indiki hakimiyyətdə təmsil olunurlar. Onların bəziləri hətta irəli gediblər. Bu mənada Tbilisinin bəzi yerlərində quraşdırılmış banner maraqlıdır. Həmin bannerdə Saakaşvilinin, Vaşadzenin şəkilləri fonunda “Milli Hərəkata yox, zülmə yox” cümləsi yazılıb. Bu bannerlərin pulunu “Gürcü arzusu”nun razılığı ilə Kaxetiyadakı Çaxır zavodunun sahibi ödəyib. Telekanalla müsahibəsi zamanı o, Saakaşvili dövründə sahibkar kimi özünün biznesinə təzyiqlərdən şikayətlənib. Amma pul ödədiyi şəxslərdən ikisinin indiki hakimiyyətdə təmsil olunduğunu dediyi hissə hökumət telekanalları və qəzetlər tərəfindən verilməyib. Halbuki, onlardan biri nazir müavini, digəri isə parlamentdə oturur. Odur ki, keçmiş “Milli hərəkatçı”ların bir qismi “Gürcü arzusu”nun tərkibinə qoşulub. Yaxınlarda Axalkalakidə seçkilər zamanı “Milli hərəkatçı”ları döymüşdülər. Davada “Gürcü arzusu”dan Enzeli Mkoyan da iştirak etmişdi. Bağışlayın, amma o, 3 dəfə bundan əvvəl “Milli Hərəkat”ın deputatı kimi seçkilərə qatılmışdı. Belə siyasi keçidlər həddən artıq çoxdur. Keçmiş baş nazir Bidzina İvanişvili özü 2010-cu ilə qədər Saakaşvilini dəstəkləyib. Merimiz Kaxa Kaladze 2008-ci il seçkilərində Saakaşvilinin rəsmi nümayəndəsi idi. Həmin seçkilərdə İvanişvili səs vermək üçün gəldiyi avtomobildə yalnız 5 rəqəmi (red-Milli Hərəkatın seçici siyahısında nöməsi) var idi. Bəli, cəmiyyətimiz siyasi olaraq qütbləşib. Amma vətəndaş müharibəsi olan deyil, xüsusən də prezident kürsüsü üstündə. Bizim cəmiyyət artıq böyüyüb, gürcülər və azərbaycanlılar da böyüyüb amma ermənilər və ruslar böyüməyib. Onlar hələ biz keçdiyimiz yollardan keçməli olacaq. İctimai fikir təxminən yarı-yarıya bölünüb. Amma “Gürcü arzusu” siyasi səhv edərək, prezident seçkilərinə bütün potensialını qoydu. Onlar 2020-ci il parlament seçkilərinə heç bir güc saxlamadılar. Mən onların rəhbərlərinin yerində olsaydım narahat olardım. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR