Təmas xəttinə yaxın hərbi hissələrə baxışlar keçirilib
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirir.
Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, qurumun Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov Müdafiə Nazirliyinin qərb bölgəsindəki arxa və düşmənlə təmas xətdə yerləşən “N” saylı hərbi hissələrin bölmələrinə plan üzrə baxışlar keçirib.
Aparatın əməkdaşı tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxışlar, şəxsi heyətlə görüşlər keçirilib. Hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, onlarla rəftar, həmçinin qidanın keyfiyyəti, müalicə işinin və asudə vaxtın təşkili, habelə şəxsi heyətlə aparılan tərbiyəvi işin təşkili səviyyəsi müsbət qiymətləndirilib.
Ombudsman Aparatının əməkdaşı şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik, hərbi nizamnamələr və Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi mövzusunda söhbətlər aparıb, hərbi qulluqçuların çoxsaylı suallarını cavablandırıb. Görüşlərdə gənclərlə aparılan hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, həmçinin şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumun yüksək səviyyəsi, Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin aidiyyəti şəxslərinə müvafiq tövsiyələr verilib. Görüşlərdə Müdafiə Nazirliyinin aidiyyəti idarəsinin zabiti də iştirak edib.
Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət