Slimfit
  1. MƏDƏNİYYƏT

Tələbəsi Toğrul Nərimanbəyov haqqında: Yoldaşı çox qısqanc idi, "dost"larından ağır zərbələr aldı

Tələbəsi Toğrul Nərimanbəyov haqqında: Yoldaşı çox qısqanc idi, "dost"larından ağır zərbələr aldı
Sakura

Tələbəsi Toğrul Nərimanbəyov haqqında: Yoldaşı çox qısqanc idi, "dost"larından ağır zərbələr aldı

Azərbaycan rəssamlıq sənətinə əvəzsiz töhfələr verən, yaratdığı əsərlərlə təkcə ölkəmizdə deyil, bütün dünyada şöhrət qazanmış sənətkarlarımız çoxdur. Onlardan biri də görkəmli rəssam, dünya şöhrətli fırça ustası, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ və Azərbaycan Xalq rəssamı Toğrul Nərimanbəyovdur.

Daim yenilik axtarışında olan, öz üzərində çalışan, ölümdən belə qorxmadığını deyən rəssam Toğrul Nərimanbəyov.

O, 1930-cu il avqustun 7-də Bakıda doğulub. Rəssamın olduqca çətin həyatı olub. Atası əslən şuşalı olan Fərman Nərimanbəyov Fransanın Tuluza Universitetinin mühəndis-elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən F.Nərimanbəyov orada İrma Lya Rude adlı fransız modelyerlə ailə həyatı qurub. Onların iki övladı dünyaya gəlib - Vidadi və Toğrul. Bəlkə də Avropada aldığı təhsil, zəngin mədəniyyətin içərisində böyümək Toğrulda erkən yaşlarından incəsənətə güclü maraq yaradıb.

Lakin Nərimanbəyovlar ailəsi heç gözləmədikləri problemlərlə qarşılaşıblar. O vaxt Avropada təhsil almış bir çox azərbaycanlı kimi Toğrulun atası da repressiyaya məruz qalaraq Sibirə sürgün olunub. 1941-ci ildə Bakıda həbs olunan İrma Lya Rude isə 1961-ci ilədək Səmərqənddə sürgündə yaşayır.

Bütün bunlara baxmayaraq, Toğrul Nərimanbəyov həyatın çətinliklərinə sinə gərərək mübarizə aparıb. Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyub, Litva Dövlət İncəsənət İnstitutuna daxil olub. 1950-ci ildə isə həmin institutda monumental və dəzgah rəssamlığı fakültəsində oxumaqla yanaşı, Vilnüs Konservatoriyasında klassik vokal təhsili alıb.

Sürgündə olan anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşə bilib. Gərgin mübarizədən sonra anasını Bakıya gətirməyə nail olub.

Onun yaratdığı əsərlər digər rəssamların əsərlərindən xüsusi əlvanlığı ilə seçilirdi. Sənətkarın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, özünəməxsus üslubu ilə seçilir. Azərbaycan mövzusu isə onun əsərlərində prioritet istiqamətlərdən biri olub. Rəng harmoniyası dünya incəsənətinin yeni istiqamətlərini özündə birləşdirərək yeni bir üslub yaradırdı.

Rəssamın əsərləri dünyanın sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində nümayiş etdirilir. 30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülür. 1955-ci ildə keçmiş SSRİ Rəssamlar İttifaqının üzvü olan Toğrul Nərimanbəyovun əsərləri ayrı-ayrı nazirlərin, səfirlərin şəxsi kolleksiyalarında qorunub saxlanır. Rəssamın Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə sərgiləri təşkil edilib.

Toğrul Nərimanbəyovun 13 istedadlı tələbəsi arasında onun yolunu davam etdirən rəssam Fikrət Məmmədov ustadı haqqında xatirələrini Oxu.Az-a danışıb.

Fikrət Məmmədov deyir ki, Səttar Bəhlulzadədən, Toğrul Nərimanbəyovdan öyrəndikləri onun həyatında çox uğurlu yollar açıb:

"Toğrul Nərimanbəyov çox mehriban və istedadlı rəssam idi. Mən Səttar Bəhlulzadədən, Toğrul Nərimanbəyovdan, ilk növbədə, istedadlı gənclərə təmənnasız kömək etməyi öyrənmişəm. O vaxt Ə.Əzimzadəyə qəbul olmuşdum. 1978-ci ildə rektorumuz Aslan Aslanov idi. Toğrul müəllimi auditoriyaya gətirdi və tələbələrlə tanış etdi. İlk tanışlığımız da belə başladı. 13 tələbəsindən biri mən idim. Həmişə mənim çəkdiyim əsərləri diqqətlə incələyirdi. Deyirdi ki, istedadlısan, özünü kəşf elə.

Dövlət ona İçərişəhərdə emalatxana ayırmışdı. Yeganə tələbəsi idim ki, emalatxanasının açarını mənə etibar edirdi. Deyirdi ki, nə zaman çəkmək istəyirsənsə, get, başla çəkməyə.

Səttar ilə Toğrul çox yaxın idilər. O vaxt onlar filarmoniya ilə üzbəüz binada qalırdılar. Tez-tez görüşürdük, dərdləşirdik.

Toğrul rəsmlərinə öz duyğularını yükləyirdi. Onun əsərlərinin ağırlığını başa düşmək çətindir".

Rəssam deyir ki, T.Nərimanbəyov boyaların keyfiyyətindən çox hisslərinin harmoniyasını qoruyurdu:

"Boyalarla işləmək sizə asan gəlməsin. Hər bir rəsmin öz rəngi var. Çəkilməzdən qabaq rənglər, tonlar, kölgələr, digər bütün xırda detallar beyində canlanır. O bizə öyrədirdi ki, əsl rəssamın əlini, fırçasını hissləri idarə edir. Əgər içindən rəsm çəkmək gəlmirsə, ən bahalı boyaları, fırçaları, kətanı belə qabağına sərsələr, ortaya bir iş qoya bilməzsən.

1982-1984-cü illərdə emalatxanaya Fransadan bahalı fırçalar, boyalar, kətanlar gətirmişdilər. Birincisini mənə verdi ki, götür, başla çəkməyə. Bu günə qədər də o boyaları saxlamışam.

Nizaminin, Füzulinin portretlərini çəkirdim, bəyənmirdi. Deyirdi ki, tənbəllik etmə, daha gözəlini çəkə bilərsən. Onun əllərinə baxırdım, ən xırda detalları belə öyrənməyə çalışırdım. Rəsm çəkmək üçün kətanın içini doldurmağı həmişə mənə etibar edirdi. Deyirdi, yadında saxla: bu, rəsmin ərsəyə gəlməsində ən önəmli məqamdır. O, kətanı həmişə tərsinə qoyub işləyirdi.

Rənglər çoxdur, siz o rənglərin hər birini yan-yana qoya bilərsiniz, amma rəsm çəkə bilməzsiniz. Müğənni bir mahnını ifa edəndə səs tonlarını bir-birinə uyğun necə dəyişdirirsə, qulağa xoş gəlir. Bax, Toğrul da rənglərin keçidini məhz o cür dəyişirdi və gözə xoş gəlirdi. Açıq rənglərə üstünlük verərdi. Həmişə deyirdi ki, rəssamın daxili dünyası onun barmaqlarından fırçaya, oradan da kətana köçürülür.

Toğrul Nərimanbəyovun monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilir. İnsana böyük estetik zövq verən "Emalatxanada", "Kafedə", "Qız Qalası", "Talış dağlarında", "Yaylaqda", "Çoban ailəsi", "Məhsul bayramı", "Bağda çayxana", "Bakıda bazar" və s. əsərlərin hər biri haqqında geniş müzakirələr aparılıb.

Səttar Bəhlulzadə Toğrulun əsərlərinə olan heyrətini heç vaxt gizlətmirdi. O deyirdi: "Toğrulun əsərləri bərəkətli bir süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir..." 

 Tələbəsi deyir ki, müəllimi iki dəfə ailə həyatı qurub. Sevgi münasibətlərində başı bəlalar çəkib:

"Toğrul Nərimanbəyov iki dəfə ailə həyatı qurmuşdu. Onun birinci yoldaşı tanınmış heykəltəraş Elmira Hüseynova olub. Heykəltəraşlığın məişət və portret janrlarında çalışırdı. Bir-birilərini çox sevirdilər. Birinci evliliyindən Toğrulun bir qız övladı dünyaya gəlib - Əsmər Nərimanbəyova. Hazırda Rəssamlıq Akademiyasının dosentidir. Atasının yolunu davam etdirir, Xalq rəssamıdır.

Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişdikdən sonra Toğrul ikinci dəfə ailə qurmaq qərarına gəlir. Onun ikinci həyat yoldaşı isə musiqiçi Sevil Nəcəfzadə olub. Toğrul həm də vokal təhsili aldığı üçün həyat onları qarşılaşdırıb. O, həmişə müsahibələrində ən yaxın ürək dostunun Sevil xanım olduğunu deyirdi.

Yoldaşı çox qısqanc idi. Bir-birilərini çox sevirdilər. Hərdən elə olurdu ki, mən belə zəng edəndə, mənimlə görüşməyə icazə vermirdi. İstəyirdi ki, daha çox onunla vaxt keçirsin. Bəzən onu yaradıcılığına belə qısqanardı. Çünki o, daim yaradıcılıqla məşğul olurdu, hətta son günlərinə qədər.

Təəssüf ki, onun tamamlanmamış əsərləri qaldı. Qızı rəssam olsa da, onun əsərlərinin davamını gətirə bilmədi.

Toğrul təkcə rəssam deyildi, həm də opera ifaçısı idi. Onun gözəl səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyalar ifa edirdi. Konsertlərində də onu Sevil xanım özü müşayiət edirdi. Sevil xanım bu gün onun sərgilərini təşkil edir".

Toğrul Nərimanbəyov ətrafdakı insanlara qarşı da çox səmimi, mehriban olub. Tələbəsi deyir ki, dünyanın bütün ölkələrindən Azərbaycana gələn qonaqlar Səttarı, Toğrulu axtarırdı:

"Bir gün İtaliyadan qonaqları gəlməli idi. Gecəni Səttarla emalatxanada qalmışdılar. Elə oldu ki, qonaqları qarşılamağa getdi. Düşünürdü ki, emalatxana təmiz deyil, qonaqları bura gətirsə, bir dərd, gətirməsə başqa dərd. S.Bəhlulzadə onun qonaqlarının gələcəyini bilib, emalatxananı səliqəyə salaraq hətta çay süfrəsi hazırlamışdı. Onlar bir-birini baxışlarından anlayacaq möhkəm dost idilər.

İtaliyanlar, hətta fransızlar onun əsərlərinə həsəd aparırdı.

1974-cü ildə məşhur bəstəkar Fikrət Əmirovun "Nəsimi haqqında poema" baletinə verdiyi tərtibata görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1980-ci ildə Fikrət Əmirovun "Min bir gecə" baletinə verdiyi bədii tərtibata görə ikinci dəfə Dövlət mükafatı ilə təltif olunub. O vaxt Fransanın Azərbaycandakı səfiri Toğrulun əsərini sərgidə görüb onunla görüşmək istəmişdi. Səfirə bir əsərini hədiyyə etmişdi.

Birini isə səfir özü almışdı. Öz otağında divardan asmışdı. Hər kəs onun istedadına həsəd aparırdı. İndisə gənc kadrlarda gələcəyin Səttarını, Toğrulunu görə bilmirəm. Bu məni çox incidir.

Toğrulun ürəyində problem vardı. Buna baxmayaraq, heç kimin qəlbinə dəyməz, yorğun olsa belə, hər kəsə canla-başla vaxt ayırardı. Amma həyatının son dönəmlərində "dost"larından çox ağır zərbələr aldı.

Duz-çörək kəsdiyi yoldaşları onun əsərləri haqqında yalan söz-söhbətlər danışmışdılar. Çoxları paxıllığını çəkirdi. Ad çəkmək istəmirəm, bu gün də həmin insanlar sağdır. Toğrul onlardan küskün getdi.

2001-ci ildə Parisdəki qalereya ilə bağladığı müqaviləyə görə, ilin yarısını burada, yarısını orada çalışırdı. Sonra birdəfəlik Parisə köçdü.

Ürəyindəki problemlə bağlı ölümündən iki ay əvvəl cərrahi əməliyyat keçirmişdi. Bir müddət əlaqələrimiz zəiflədi. O Parisdə, mən burada. Sonra 2013-cü ildə məni məyus edən ölüm xəbəri gəldi. Toğrul Parisdəki Jorj Pompido adına hospitalda vəfat etdi.

Düşünürəm ki, rənglər, rəsm, incəsənəst Toğrulsuz çox solub".

2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın "İstiqlal" ordeni, 2010-cu ilin avqustunda isə "Şərəf" ordeni ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "İstiqlal" və "Şərəf" ordenlərinə layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir.

Maraqlı məqamlardan biri isə T.Nərimanbəyovdan fərqli olaraq onun fransız əsilli anasının Azərbaycanda dəfn olunmasıdır. Həyatının son dayanacağı kimi Azərbaycanı seçən İrma Lya Rude Bakıda, Yasamal qəbiristanlığında dəfn olunsa da, T.Nərimanbəyov Azərbaycanda deyil, Fransada Passi qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli sərəncamı ilə görkəmli rəssamın yubileyi dövlət səviyyəsində keçirilib. Yubileyi nəinki doğma vətənində, hətta ölkəmizin sərhədlərindən kənarda da qeyd edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR