Slimfit
  1. DÜNYA

Tehran-İrəvan cütlüyü - Cənubi Qafqazda gərginlik ittifaqı

Tehran-İrəvan cütlüyü - Cənubi Qafqazda gərginlik ittifaqı
Sakura

Tehran-İrəvan cütlüyü - Cənubi Qafqazda gərginlik ittifaqı

İran rejimi Ermənistanla münasibətləri inkişaf etdirir. Ölkənin milli təhlükəsizlik şurasının katibi Əli Şəmxani ötən gün ermənistanlı həmkarı Armen Qriqoryanı qəbul edib.

Azərbaycanla mövcud münasibətlər fonunda Ermənistanla təhlükəsizliyin katiblər səviyyəsində müzakirəsi rəsmi Tehranın regionda gərginliyin davam etməsində maraqlı olduğunun göstəricisi də sayıla bilər. Eyni zamanda Ə.Şəmxaninin, “bölgədə istənilən coğrafi dəyişiklik gərginliyə səbəb olacaq”, açıqlaması da Azərbaycana təhdid sayıla bilər.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin hərbi məsələlər üzrə nümayəndəsi və şuranın katibi görüşdə Ermənistanla İran arasında tarixi əlaqələrdən, iki ölkə xalqlarının mədəni münasibətlərindən danışıb. Onun sözlərinə görə, siyasi və iqtisadi əlaqələrdə sabitlik Tehranla İrəvan arasında dostluq münasibətlərindən irəli gəlir. Xaməneinin nümayəndəsi ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələrin müsbət istiqamətdə inkişafından bəhs edərək tərəflər arasında ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı hədəflədiklərini vurğulayıb. (Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 400 milyon dollara yaxın olub). Onun sözlərinə görə, İran və Ermənistanın “Şimal-Cənub kommunikasiya dəhlizi”ndə yerləşməsi bu əməkdaşlığın inkişafı üçün aydın perspektiv yaradır.

A.Qriqoryan İranın Cənubi Qafqazda mühüm rol oynadığını vurğulayıb. O, iki ölkə arasında elektrik enerjisinin ötürülməsini və Ermənistanla Türkmənistan arasında qaz mübadiləsi layihəsinin İranla münasibətlərdə mühüm rol oynadığını bildirib. A.Qriqoryan iki ölkə arasında iqtisadi layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini də vurğulayıb.

Tərəflər arasında müzakirə edilən və KİV-in yaydığı məsələlərə qısaca olaraq münasibət bildirmək istərdik. Ə.Şəmxani çıxışında Ermənistanla İran arasında “tarixi münasibətlərdən” danışarkən saxtakarlığa yol verir. O, bununla həm də regionda “Ermənistan” adlı dövlətin tarixini qədimləşdirməyə cəhd edir. Halbuki ermənilərin indiki İran ərazisinə, oradan da Azərbaycana, Cənubi Qafqaza yerləşdirilməsini təsdiqləyən tarixi mənbələr var. Bu baxımdan Xaməneinin nümayəndəsinin ermənilərə bu istiqamətdə yarınmaq cəhdini uğursuz saymaq olar. İki ölkə arasında ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq isə daha çox blefə oxşayır. Çünki nə İran, nə də qarşı tərəf belə bir iqtisadi gücə malik deyil. Başqa bir tərəfdən isə beynəlxalq ictimaiyyət İran hakimiyyətinə, şirkətlərinə sanksiya tətbiq edib. Bu halda Ermənistanla İranın 3 milyardlıq hədəfinə ABŞ başda olmaqla Qərb bloku göz yumacaq? Ermənistanın İran vasitəsilə Türkmənistan təbii qazını idxal etməsi Rusiyaya alternativ də sayıla bilər. Sanksiyalar səbəbindən İran neft və təbii qaz hasilatında problemlərlə üz-üzədir. Ona görə də bu istiqamətdə vasitəçilik edir. Bu baxımdan Türkmənistanla layihənin reallaşması ehtimalı da azdır.

Tehran rejimi uydurduğu “Şimal-Cənub kommunikasiya dəhlizi” layihəsi ilə Ermənistana üstünlük verməklə Azərbaycanın bu istiqamətdə oynadığı rolu azaltmağa, yaxud ona mane olmağa səy göstərir. İran hakimiyyəti bu layihə ilə həm də Zəngəzur dəhlizi ideyasına qarşı çıxıb, onun mahiyyətini azaltmağı hədəfləyir.

Ə.Şəmxani Tehran rejiminin regional təhlükəsizlik və ya sərhəd dəyişikliyi məsələlərindən bəhs edir. İranın Orta Şərqdə pozuculuq rolu, habelə dövlətlərin sərhədlərini dəyişdirmək kimi cəhdləri sirr deyil. Elə “İsrailə ölüm!”, “ABŞ-a ölüm!” şüarları bunu təsdiqləyir. Ermənistanla Azərbaycan arasında sərhəd məsələsinin heç müzakirə də olunmadığı bir halda Tehran rejiminin araqarışdırıcı bəyanatla çıxış etməsi yersiz görünür. İran hakimiyyəti bu sayaq çıxış və bəyanatlarla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə problem yaradır. Çünki Tehran hakimiyyətinin vaxtilə iki ölkə arasında vasitəçilik etmək səyləri ermənilərin Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmişdi. Tehranın bu istiqamətdə yenidən hay-küy salması isə region dövlətləri üçün yeni və mütərəqqi heç nə vəd etmir. Ona görə də İran hakimiyyəti vasitəçilik məsələsində vaxtı keçmiş məhsula, yaxud etibarsız tərəfsizə oxşayır.

Cənubi Qafqazda gərginliyi İran hakimiyyəti artırır. Azərbaycanla sərhəddə hərbi manevrlər keçirmək, Qarabağ iqtisadi rayonuna qanunsuz erməni hərbi dəstələri üçün terror təlimatçıları göndərmək, habelə sərhədə hərbi texnika cəmləşdirməklə İran hakimiyyəti bölgədə sülhün və sabitliyin yaranmasını əngəlləyir.

Bu baxımdan hesab etmək olar ki, Şəmxaninin Qriqoryanla Tehranda keçirdiyi görüş daha çox Azərbaycan-Ermənistan arasında vəziyyətin daha da gərginləşməsinə xidmət edəcək. Rəsmi Tehran Livanda “Hizbullah”dan istifadə etdiyi kimi, Cənubi Qafqazda da Azərbaycana təzyiq etmək üçün Ermənistandan alət olaraq yararlanır. Ehtimal etmək olar ki, Xaməneinin nümayəndəsi ilə Qriqoryan arasında yeni təxribat planı cızılıb. Çünki Azərbaycanda pozuculuq fəaliyyəti ifşa olunub. Ona görə də İran rejimi regionda vəziyyəti cinayət ortağı, müttəfiqi Ermənistanla birlikdə öz xeyrinə dəyişməyə daha bir uğursuz cəhd edə bilər. Tehran-İrəvan cütlüyü həm də Cənubi Qafqazda sabitliyi və sülhü təhdid edən ittifaqdır.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR