Slimfit
  1. MEDİA

"Təcili yardımda işləyən tələbəm zəng vurdu ki, virusa yoluxmuşam..." – Baş infeksionistlə MÜSAHİBƏ

"Təcili yardımda işləyən tələbəm zəng vurdu ki, virusa yoluxmuşam..." – Baş infeksionistlə MÜSAHİBƏ
Sakura

"Təcili yardımda işləyən tələbəm zəng vurdu ki, virusa yoluxmuşam..." – Baş infeksionistlə MÜSAHİBƏ

31 may saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb.

Bununla paralel olaraq, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir.

Bu xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Dünən isə ölkədə 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 5 nəfər ölüb, 80 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ens.az xəbər verir ki, Baş infeksionist Cəlal İsayev Publika.az-a müsahibəsində mövcud situasiyanı şərh edib.

Müsahibəni təqdim edirik:

- Hazırda sosial məsafənin saxlanılması ilə bağlı bir çox problemlər mövcuddur. Sərbəstləşmə verildikcə, qadağalar götürüldükcə yoluxma sayı artır. İndiki vəziyyəti necə dəyərləndirirsiniz?

- Fakt var ki, yumşaldılma tədbirlərindən sonra hər gün yoluxma sayının artmasını müşahidə edirik. Bu da insanların səhlənkarlığı ilə bağlıdır. Onlar yumşaltmaya münasibətdə Operativ Qərargahın verdiyi təkliflərə əməl etməli və daha ciddi yanaşmalıdırlar. Əksinə, hesab edirlər ki, xəstəlik yoxdur. Amma hazırda ölkəmizdə epidemiya davam edir. Tədbirlərin yumşaldılması insanların xeyirinədir. Onların iş fəaliyyəti bərpa olundu. Bu nöqteyi-nəzərdən qərarlar qəbul olunub ki, insanlar bir qədər sərbəst olsunlar. Amma vətəndaşlar sərbəst olmaqla yanaşı daha çox sərbəstlik istəyirlər. Əksər insanlar maska taxmır, sosial məsafəni gözləmir, kütləvi şəkildə toplaşır və gigiyena qaydalarına əməl etmir. Bunun nəticəsi olaraq bizdə yoluxma sayı artıb. Artıq qərar qəbul olundu. Kim maska taxmasa və bu qaydalara əməl etməsə cərimələnəcək.

- Qeyd etdiyiniz kimi, yeni qərara əsasən maska taxılmamasına görə cərimələr tətbiq olunacaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-un yayıldığı ilk günlərdə sağlam insanların maska taxmasına ehtiyac olmadığı barədə açıqlaması suallar yaratmışdı. Sizin qənaətiniz necədir?

- Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə verir və biz onu öz mühitimizdə tətbiq edirik. Yoluxan insanların hər birində xəstəliyin əlaməti baş vermir. 85 faiz hallarda xəstəlik yüngül keçir, digər hallarda isə ağır olur. İnsanların bir qismində heç bir əlamət özünü göstərmədən keçir. Xəstəlik inkişaf edəcək adamlarda gizli dövr ərzində, yoluxma halını hiss edənə qədər həmin xəstə virus ifraz edə bilir. Virusu əlamətsiz keçirən insanlar sərbəst dolaşır, heç bir kliniki əlamət olmadığına görə onu asanlıqla yaya bilirlər. Burada da infeksiyanın yayılmasının əsas səbəbi bilavasitə onlardır. Ona görə də maska taxmaq hamı üçün vacibdir. ÜST təklif edir ki, xəstələr maska taxsa daha yaxşı olar. Amma biz də maska taxsaq yoluxmanın qarşısı müəyyən mənada alınar. Virus daşıyıcılarını nəzərə alaraq hər kəsin maska taxması vacibdir.

- Aparılan işlər nə cür nəticə verə bilər?

- İnsanlar bir-birilə ən az 2 metr məsafə saxlamalıdırlar. Sakit şəkildə danışarkən ağzımızdan çıxan damcılar 1,5 metr məsafə qət edir. Asqırma, öskürmə zamanı bu proses 3 metrə çatır. Ən azından 2 metr məsafə saxlasaq, maska taxsaq, kütləvi toplaşmasaq nəticə daha effektiv olar. İnsanlar lazım oldu-olmadı kütləvi şəkildə toplaşırlar. Bəzi insanlar heç nə almadıqları halda belə iri ticarət mərkəzlərinə gedirlər. Məcbur olmadıqca belə yerlərə getməmək lazımdır. Əgər məcbursansa maska ilə getməlisən. Bundan əlavə insanlar bir sıra idarələrə gedirlər. Orada müəyyən şeylərə - qələmə, kağıza, qapının dəstəyinə və s. toxunurlar. Bu zaman mütləq şəkildə əli üzə vurmaqdan çəkinməliyik və əlləri dezinfeksiya etməliyik. Bununla yoluxma halı epidemik cəhətdən o qədər də təhlükəli hesab olunmur. İnsanlar bütün tövsiyələrə əməl etsələr, hesab edirəm ki, tədbirlərin yumşaldılmasının infeksiyanın inkişafına böyük təsiri olmayacaq. Amma etməsək bu hallar artacaq. Artıq bu tövsiyələrə məcburi əməl edəcəyik. Çünki qanun qəbul edilib. Metroda, ictimai yerlərdə, supermarketlərdə, iri ticarət mərkəzlərində və digər bu kimi kütləvi toplaşma yerlərində maska taxmaq məcburi olacaq. Qaydalara əməl etməyənlər cərimələnəcəklər.

- Bəzi insanlar deyir ki, belə bir virus mövcud deyil və uydurmadır...

- Ölkəmizdə virusun yayılmağa başladığı vaxtlar xəstələnmə sayı çox az idi. Uzun müddət ərzində yüksək yoluxma halları qeydə alınmırdı. İnsanlar deyirdilər ki, sayı gizlədirlər və açıqlamırlar. Hazırda yoluxmaların sayı artıb. İndi də deyirlər ki, özləri qəsdən artıq yazırlar, o qədər yoluxma hadisəsi yoxdur. Onlara biz bunu necə başa salaq? Dövlətimiz onlar üçün çalışır və istəmir ki, vətəndaşları xəstələnsin, iqtisadiyyatımız zərər görsün. Bu xəstəliklə mübarizəyə milyonlarla pul ayrılır. Bu da insanların puludur. İnsanlar da verilən təkliflərə, tövsiyələrə əməl etsinlər.

- Son günlər xəstələnmələrin sayı artır. Hazırda yoluxma sayı ölkə üzrə koronavirusun pik həddi hesab edilə bilər?

- İnfeksiya hələ də davam edir. Əvvəllər ölkədə virusa yoluxmanın ən pik həddi 100 və daha çox idi. Bu cür dalğalanmalar epidemiyanın gedişində təbii haldır. Ola bilər ki, qəfildən yoluxma aşağı düşə ya da 300 nəfəri ötə bilər. Epidemiya bu cür gedişə malik olur. Ona təbii baxmaq lazımdır. Amma çalışmaq lazımdır ki, tədbirlərə də əməl edək. Qaydaları pozmasaq, virusa yoluxma sayı da azalar. Bəzi insanlar düşünürlər ki, onları Allah qoruyacaq və heç nə olmayacaq. Amma onlar tək özlərini fikirləşməməlidirlər. Eyni zamanda öz yaxınlarını, doğmalarını, həmvətənlərini və bir vətəndaş olaraq ölkələrini düşünməlidirlər. Həmin şəxslər cəmiyyət üçün nə qədər təhlükəli olduqlarını anlamalıdırlar. Onlara olan ətrafdakılara da olur. Bu yaxınlarda bir tələbəm zəng etmişdi. Virusa yoluxduğunu və həyat yoldaşı, uşaqları ilə birlikdə xəstəxanada olduqlarını dedi. Xahiş etdi ki, ona kömək edim və məsləhətlər verim. Həmin tələbəm təcili tibbi yardımda həkim işləyir. Orada çalışan bir xadimə virusa yoluxub və yüngül keçirib. Xəstəxanadakı insanları da yoluxdurub. Tələbəm də evdə olan 5 nəfəri yoluxdurub. Bu hal hər zaman və hər evdə müşahidə oluna bilər. Bunun baş verməməsi üçün qaydalara əməl etməlidirlər. Vətəndaşlarımız bilməlidir ki, pandemiya dövründə bir nəfərin xəstələnməsi hamını təhlükə altına atır.

- Virusa yoluxma sayının artması qaydaların sərtləşməsinə gətirib çıxara bilərmi?

- Çox ciddi qanun qəbul olundu. Düşünürəm ki, bu tədbirlərə əməl olunacaq. Hava-damcı vasitəsilə keçən infeksiyalarda bu tövsiyələr önəmli rol oynayır. Maska və sosial məsafə hava-damcı infeksiyasının qarşısını alan ən önəmli əks-epidemik tədbirlərdən biridir. Bu qaydalara ciddi əməl olunmalıdır. İnsanlar öyrəşiblər ki, dövlət orqanları, hansısa məmur və polis işçisi gəlib onlara nəyisə məcbur etməlidir. İşimlə əlaqədar olaraq bir idarəyə getmişdim. Gördüm maska taxmayan insanlar var. Dedim ki, bu gün maska taxmamısınız, amma məcbur qalaraq taxacaqsınız. Mən özüm də maskada idim. Belə deyəndən sonra hamısı cibindən maskanı çıxarıb taxdı. İctimai qınaq da olmalıdır və bu çox vacibdir. “Mənə daş dəyməsin, kimə istəyir dəysin” məsələsi olmamalıdır. Hər bir vətəndaş ölkənin mənafeyini düşünməli və insanları fikirləşməlidir.

- İkinci dalğaya hazırlıqla bağlı çağırışları necə qiymətləndirirsiniz?

- İkinci dalğada yoluxma halları son dərəcə aşağı düşür, epidemiya sönür və çox az xəstələnmə faktı qalır. Sonra isə virusun yenidən sürətlə yayılması və xəstələnmə hallarının artması təkrarlanır. Hələ ki, belə hal yoxdur. Amma ikinci dalğa da ola bilər. Hələlik birinci epidemiya davam edir. İnfeksiyaya qarşı mübarizədə hesab edirəm ki, havaların istiləşməsi müəyyən qədər bizə kömək edər. Yeni qəbul olunan qanun da xəstələnmə hallarının sayının azalmasına səbəb olacaq. Əvvəllər güman edirdim ki, bu xəstəliyin də aqibəti SARS-1 virusu kimi olacaq. Çünki COVID-19 məhz bu virusdan törəyib. SARS-1 2002-ci ildə müşahidə olundu və ondan sonra təkrar yayılmadı. Fikirləşirdim ki, koronavirus da onun kimi birdəfəlik həyatımızdan çəkilib gedə bilər. Amma görürəm ki, artıq xəstələnən insanların sayı 6 milyonu keçib. SARS-1-də isə 10 minə yaxın adam xəstələnmişdi. Ondan sonra xəstələnmə halı qeydə alınmadı. Amma bu virus kütləvi hal alıb. Hələ bu qeydiyyata alınan xəstələrin sayıdır. Qeydiyyatda olmayan nə qədər yoluxanlar var. O da heç bəlli deyil. Bunun yəqin ki, mövsümi xəstəlik kimi təkrar baş vermə ehtimalı çox yüksəkdir. İlin soyuq fəsillərinin başlaması ilə bağlı təkrarlana bilər. Bu baş verərsə, ikinci dalğanı dəyərləndirə bilərik. Bu yeni bir virusdur. İkinci dalğanın olması üçün hazırkı virus təkrar baş qaldırmalıdır.

- Artıq virusun vaksininin tapıldığı barədə xəbərlər yayılır. Onun tətbiqinə nə zaman başlana bilər?

- İnsan həmişə ümidlə yaşayır. Çox istərdim ki, vaksin hazırlansın. Amma bu adi bir şeyil ki, tez başa gəlsin. Birinci eksperimentlə bunu sınaqdan keçirirlər. Daha sonra insanlar üzərində kliniki olaraq tətbiq edilir və yoxlanılır. Bu proseslərdən sonra ümumi istifadəyə buraxılır. Elə xəstəliklər olur ki, vaksini hazırlanıb və tətbiqi zamanı yararsız preparat olduğu müşahidə olunub. Belə vaksinlərin heç effekti də olmur. Hələlik vaksinin 1 illik kliniki təcrübədən keçirilərək kütləvi tətbiq olunması gözlənilir. Bu, immunitetin artmasına səbəb olaraq xəstəliyin aradan qalxmasına gətirib çıxarar. Amma hələlik bu barədə danışmaq çox tezdir. Lakin bir sıra ölkələrdə bu yöndə tədqiqatlar gedir və hər kəs öz fikirlərini bölüşür.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR