TƏBİB rəsmisi: “Bir az dünyagörüşü olan adam başa düşər ki, şəhəri havadan dərmanlamaq mümkün deyil”
“Təəssüflər olsun ki, dünən vəfat edən bir xəstəmiz olub. Etik qaydalara uyğun olaraq, ölən xəstə barədə ətraflı danışmayacam. Hər yerdə qeyd olunur ki, qadın koronavirus səbəbindən itirdiyimiz ilk xəstədir. Əslində, bu, belə deyil. Koronavirus onun xəstəliyi ilə yanaşı, gedən bir xəstəlik olub”.
Oxu.Az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri, Nazirlər Kabineti yanında operativ qərargahın üzvü Yaqut Qarayeva İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişində deyib.
Onun sözlərinə görə, xəstədə çox ciddi sistemik qurdeşənəyi deyilən xroniki bir xəstəlik var idi:
“O, uzun müddət idi ki, müalicə alırdı. Bu xəstəliyin xüsusiyyəti odur ki, immun sistemini zədələyir. Müalicəsində istifadə olunan dərman preparatları immunodepresantlardır. Xəstəni müalicə etmək üçün immun sistemini zəiflədən dərmanlar verilir.
Buna görə də bu xəstələrdə qorxduğumuz və gözlədiyimiz səbəblərdən biri infeksiyalardır ki, bu, xəstələrə çox pis təsir edir. Xəstələrin immun sistemində insanın öz hüceyrələrinə qarşı anticisimlər əmələ gəlir. İnsanlar düzgün başa düşsün, ölüm səbəbi məhz koronavirus deyil. Burada əsas xəstəlik səbəbi var. Təəssüf ki, çox ciddi xəstəlikdir”.
Y.Qarayeva sosial şəbəkələrdə virusla bağlı şayiə yayanlarla da bağlı danışıb.
O qeyd edib ki, həmin şəxsləri tapıb cəzalandırmaq lazımdır:
“Bu cür şayiə yayanlar insanları təşvişə salır, bizim işimizə də ciddi şəkildə mane olurlar. Gün ərzində biz bu şayiələrlə bağlı zəngləri cavablandırmağa, açıqlamalar verməyə məcbur oluruq. Hazırda qərargahın ciddi işləri var və bunlarla məşğul olmalıyıq.
Bir çox qurumlar var ki, bu məsələ ilə bağlı var gücü ilə çalışır. Fikrimcə, bununla bağlı ciddi məşğul olmaq lazımdır. Bir az savadı, dünyagörüşü olan adam başa düşər ki, şəhəri havadan dərmanlamaq mümkün deyil”.
“Gigiyenik qaydaların artırılması yaxşıdır. Qəlyan çəkilməsinə qadağa qoyulması da müsbət qərardır. Ağızla təmasda olan bir cihaz olduğu üçün gigiyenik qaydalara ciddi riayət olunmalıdır”, - deyə şöbə müdiri qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət