Slimfit
  1. MƏDƏNİYYƏT

Teatr millətin güzgüsü, böyük tərbiyə ocağıdır

Teatr millətin güzgüsü, böyük tərbiyə ocağıdır
Sakura

Xəzər Gəncəli: “Regional teatrlarda yaradıcılıq sərbəstliyi üçün hər cür imkan var”

Xəzər Gəncəli: “Regional teatrlarda yaradıcılıq sərbəstliyi üçün hər cür imkan var”

Bildiyimiz kimi ölkə başçısının sərəncamına əsasən bu ilin sonuna kimi Azərbaycanın üç aparıcı teatrı - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90 illik, Mingəçevir Dövlət Dram Teatrı 50 illik və Sumqayıt Dövlət Dram Teatrı 50 illik yubileylərinu keçirməyə hazırlaşırlar. Yubileylərin keçirilməsi bir də ona görə yaxşıdır ki, həmin yubileylərdə illərlə fəxri ad alacaqlarını gözləyən və Azərbaycan teatrı üçün əvəzsiz işlər görənlərə fəxri adlar, mükafatlar veriləcək. Əlbəttə, bu bayramlar təkcə teatrların yox, həm də Azərbaycan mədəniyyətinin bayramı sayılır. Çünki teatr millətin güzgüsü, böyük tərbiyə ocağı, əvəzolunmaz məktəb və xalqın mədəniyyətinin, incəsənətinin ən aparıcı növüdür. Təsadüfü deyil ki, hələ meydan oyunlarından, antik teatr dövründən başlayaraq teatr hər bir millətin sevdiyi bir məkan, səhnə insanları sehirləyən, onlara mənəviyyat, mədəniyyət öyrədən müqəddəs bir yer, bir varlıq olub. Təsadüfi deyil ki, teatra həyatın kiçildilmiş modeli deyilir. İnsanlar özlərinin problemlərini, dərdlərini və onlara cavabları teatrda tapırlar. Məhz buna görə də zaman-zaman millətlər teatrı qoruyub və bu sehirli məkan bu günümüzə qədər gəlib çatıb. Sevundirici haldır ki, Azərbaycanda da teatrlara axır vaxtlar diqqət çoxalıb. Bu işdə ölkə başçısı İlham Əliyevin və Mədəniyyət naziri Əbülfəs Qarayevin əməyini danmaq olmaz. Onların sayəsində Azərbaycanda beynəlxalq teatr günlərinin, festivallarının keçirilməsi, xarici ölkə rejissorlarının, rəssamlarının teatrlarımızda tamaşalara quruluş verməsi və eləcə də azərbaycanlı rejissorların xarici ölkələrdə tamaşalara quruluş vermək üçün dəvət olunması, Azərbaycan teatrlarının xarici ölkələrdə çox uğurlu qastrolları, beynəlxalq müsabiqələrdə yerlər tutması artıq teatrlarımızın dirçəlişindən xəbər verir. Əlbəttə, biz bütün bunları hələ 1990-cı illərdən təklif edirdik, amma keçmiş mədəniyyət rəhbərləri bizim bu təkliflərimizə biganə yanaşır və bizi milli mədəniyyətimizin düşmənləri, radikal fikirli adamlar hesab edirdilər. Hər an da bizə qarşı tənqidi mövqe tuturdular. Zaman gəldi, ulu öndər Heydər Əliyevin, İlham Əliyevin və Əbülfəs Qarayevin sayəsində bizim bu arzularımız reallaşdı. İndi çoxlu teatr mütəxəssislər fikirləşir və açıq-açığına deyirlər ki, “siz həmin vaxtlar heç də faydasız təkliflər irəli sürmürdünüz”...

Əlbəttə, bu haqda gələcəkdə ayrı yazılar yazacam. Amma indiki mövzü Mingəçevir Dövlər Dram Teatrı haqqındadır. Bu teatr yarandığı gündən respublikanın ən aparıcı teatrlarından biri olub. Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb. 1974-cü ildə bu teatra Azərbaycan səhnəsinin korifeylərindən biri SSRİ Xalq artisti Mərziyyə Davudovanın adı verilib. Teatr öz pərdəsini 1969-cu ildə Cəfər Cabbarlının “Almaz” pyesi ilə açıb. Quruluşçu rejissor, teatrın ilk baş rejissoru İldırım Cabbar, rejissor Zülfüqar Abbasov olub.

Teatr yarandığı gündən onun repertuarında klassik və müasir dramaturqların pyesləri geniş yer tutur. Bu teatrın bir vaxtlar ən yaxşı tamaşaları:

- Mirzə İbrahimovun “Kəndçi qızı”, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı", "Unuda bilmirəm”, “Sevgililərin cəhənnəmdə vüsalı”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, Nikolay Qoqolun “Müfəttiş” , Mirzə Fətəli Axundovun “Hacı Qara”, Cəfər Cabbarlının “Aydın”, “Solğun çiçəklər”, İsa Hüseynovun “Haray”, “Təcili teleqram”, “Quru budaq”, Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi”, “Kimin sualı var?” ( eyni adlı poeması əsasında), Cəlil Məmmədquluzadənin “Ölülər”, Mixail Zarudninin “Yol kənarı”, Nəbi Xəzrinin “Qütb ulduzu”, Zülfüqar Abbasovun “Vətən dərdi”, “Qisas günü”, Aleksey Arbuzovun “Sərt oyunlar”, Sabir Azərinin “Duman çəkilir”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”,Vladimr Vinniçenkonun “Günəşli yer”, Ağalar İdrisoğlunun “Məhəkəmədən əvvəl məhkəmə” və başqa tamaşalar olub.

Bu teatrın bir vaxtlar direktoru işləyən Hüseyn Quliyev, Mirbaba Xəlilov, İsa Əlimov və bədii rəhbər- direktor olan Xalq artisti Zülfüqar Abbasov teatrın inkişafı üçün əllərindən gələni ediblər. Baş rejissor işləyən İldırım Cabbar, Vaqif Ağayev, Rövşən Almuradlı, Füzuli Sərkərov, Günay Səttar və quruluşçu rejissor olan başqa rejissorlar da bir-birindən maraqlı tamaşalar hazırlamaqla Mingəçevir Dövlət Dram Teatrını respublikanın ən aparıcı teatrlarından biri ediblər. Bu teatrda bir vaxtlar öz dəsti-xətti olan maraqlı aktyorlar- Xalq artisti Ella Yaqubova, Əməkdar artistlər Vaqif Məmmədov, Nisə Rzayeva, Akif Mirabov, Şıxı Yaqubov, artistlər İsa Əlimov, Kifayət Əliyeva, Heybət Hörmətzadə, Telman Şərifov, Məzahir Məmmədov və başqaları fəaliyyət göstərməklə və maraqlı rollar oynamaqla teatra tamaşaçıların marağını çox artırıblar.

Budur mən teatrın baş rejissoru, 1973-cü ildən tanıdığım, rejissorluğuna, savadına, şəxsiyyətinə, yüksək mədəniyyətinə dərin hörmətim olan, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli ilə qarşı-qarşıya əyləşib, Mingəçevir tearının keçdiyi 50 illik şərəfli yolundan bəzi epizodları xatırlayırıq.

İlk öncə Xəzər Gəncəli haqqında oxuculara qısa məlumat vermək istəyirəm. O, 1956-cı il yanvar ayının 26-da yazıçı, şair- dramaturq Novruz Gəncəlinin ailəsində dünyaya göz açıb. Novruz Gəncəli “Ananın səsi”, “Unuda bilmirəm” kimi qızıl fondda saxlanılan məşhur mahnıların sözlərinin müəllifidir. İki ildən sonra 100 yaşı tamam olacaq Novruz Gəncəlinin 16 kitabı nəşr olunub. Yazdığı publisist yazılar, şeirlər, pyeslər sevə-sevə oxunan sənətkarlardan biri olub. Xəzər Gəncəlidən səndə teara maraq haradan yaranıb sualıma o, belə cavab verdi: “Məndə teatra olan ilkin marağı atam yaratmışdı. Yaxşı xatırlayıram. 1964-cü ilin teatr mövsümündə onun Dövlət Musiqili Komediya Teatrında libretto müəllifi olduğu "Ev bizim, sirr bizim" tamaşası oynanılırdı. Həmin vaxtlar məni də tez-tez o tamaşaya aparırdı. Mən də lap ön cərgədə oturub böyük maraqla tamaşanı seyr edir, Nəsibə Zeynalovanın, İmamverdi Bağırovun, Səyavuş Aslanovun ifasına baxmaqdan zövq alardım. Elə bu maraq da mənim 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun ( Mədəniyyət və İncəsənət Universitetinin) “Dram teatrı rejissorluğu” fakültəsinə daxil olmama səbəb oldu. Rejissorluq sənətinin sirlərini mən, SSRİ Xalq artisti, professor Mehdi Məmmədovdan, təcrübəli müəllimlər Nəsir Sadıqzadədən və Ədalət Ziyadxanovdan aldım. Sonra Naxçıvana gedib oradakı Cəlil Məmmədquluzadə adına Dövlət Müsiqili- Dram Teatrında görkəmli, qocaman rejissor Baxşı Qələndərlinin rəhbərliyi ilə Həmid Arzulunun “İnam” pyesinə quruluş verdim. Həmin vaxtı mən məşhur rejissor, Naxçıvan Dövlət Musiqili-Dram Teatrının inkifaşında əvəzsiz xidmətləri olan Baxşı Qələndərlidən bir ustad sənətkar kimi çox şeylər öyrəndim. Sonra 1978-80-ci illər arasında Sibirin ən uzaq guşələrindən biri olan Xabarovsk vilayətində keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə qulluq etdim. 1981-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində yerləşən Tədris Teatrında rejissor kimi fəaliyyət göstərmişəm, eyni zamanda da Universitetin Teatr sənəti fakültəsində 2000-ci ilə qədər “Rejissorluq və aktyorluq sənəti” üzrə müəllim vəzifəsində də çalışmışam. Tədris Teatrında rejissor kimi fəaliyyət göstərdiyim müddət ərzində bir sıra azəri, rus və qərb yazarlarının pyeslərini həmin teatrın səhnəsində tamaşaya hazırlamışam. Bu işimlə paralel 1987-90-cı illər arasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş rejissorun truppa üzrə köməkçisi vəzifəsində də çalışmışam. 1997-ci ildə elmi iş müdafiə edib, Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almışam.

-Xəzər Gəncəlinin işləri belə uğurla davam etdiyi bir vaxtda, rejissor və müəllim kimi uğurlar qazandığı bir zamanda siz, 2000-ci ildən Türkiyə Respublikasında işləməyə getdiniz. Bu, nədən yarandı?

- Həmin vaxtı Türkiyə Respublikasından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə müraciət edib, orada dərs demək üçün müəllimlər istəyirdilər. Mən də maraq üçün 2000-ci ildən etibarən Türkiyə Cumhuriyyətinə gedib, istər rejissorluq, istərsə də pedaqoji fəaliyyətimi 2000-2014-cü illər kəsimində İstanbul Bələdiyyəsi Göstəri Sənətlər Mərkəzində və eləcə də İstanbul Mərmərə Universitetinin “Atatürk Egitim fakültəsində” həyata keçirməyə başlamışam. İstanbul Göstəri Sənətlər Mərkəzində və Mərmərə Universitesi səhnəsində bu 14 il ərzində qərb, türk, rus və azəri yazarlarının dram əsərlərinə səhnə təcəssümü vermişəm. Bu baxımdan Mirzə Fətəli Axundovun “Yıxılasın Paris!” ( “Müsyö Jordan və Dərviş Məstəli şah”), Nikolay Qoqolun “Müfəttiş”, Vilyam Şekspirin “Venetsiyalı tacir”, Jan Batist Molyerin “Meşşan dvoryanlıqda”, türk yazarları Turqut Özakmanın “Töre”, Tuncər Cücənoğlunun “Dosya”, Nəcib Fazil Kısakürəyin “Para”, Cahid Atayın “Pusquda”, İbrahim Şinasinin “Şair evlənməsi” və sairə pyeslərinin tamaşasını hazırlamışam. Mütəxəssislərin və tamaşaçıların dediyinə görə bütün tamaşalar maraqlı olub. Onu da deyim ki, dahi Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəlişah” tamaşasını ikl dəfə məhz mən türk dilində hazırlamışam və bütün türk tamaşaçıları Axundov istedadına, Axundov təfəkkürünə heyran qalıblar. Yeri gəlmişkən onu da qeyd edim ki, “Yıxılasın Paris!” adı altinda hazırladığım bu tamaşada Dərviş Məstəli şah rolunu da mən özüm ifa etmişəm. 2011-ci ildə İstanbulda rejissorluq problemlərini əhatə edən “Yönetmen ve oyun” (“Rejissor və pyes”) adlı elmi-nəzəri kitabım nəşr olunub. Bu kitab Türkiyədə çox maraqla qarşılanıb. Türkiyədə həm rejissor, həm də pedaqoq olaraq fəaliyyət göstərdiyim illərdən çox razıyam. Mərmərə Universitetində teatr sənəti üzrə pedaqoq, İstanbul Bələdiyyəsi Göstəri Sənətlər Mərkəzində “Dünya teatr tarixi” fənni üzrə müəllim, “Öncü Egitim Müəssisəsi” adlı təhsil ocağında isə sırf rejissor olaraq çalışmağımla fəxr edirəm. Orada bu möhtəşəm sənət ocaqlarında çalışan yeganə azərbaycanlıydım. Türkiyə-Azərbaycan Dərnəyi İstanbul şöbəsinin üzvüyəm. Bəzən tərcüməçi kimi də fəaliyyət göstərirəm. Azərbaycan, rus yazarlarının pyeslərinin bəzisini Türkiyə türkcəsinə çevirmişəm.

-Türkiyə Respublikasında teatra maraq necədir?

- Türk qardaşlarımızın teatra olan sonsuz marağını vəsf etməkdə acizəm. Teatr sənəti onların həyatının bir parçasına cevrilmişdir desəm, heç bir mübaliğəyə yol vermərəm. Bu sənətin sirlərinə yiyələnmək, mümkün qədər çox şey öyrənmək, bacardıqca görüb-götürmək, məşhur teatr islahatçısı Kostantin Sergeyeviç Stanislavski sistemini tətbiq etməkdə onların tayı-bərabəri yoxdur. Stanislavskinin əsərlərindən ibarət bütün külliyyatı türk dilinə tərcümə olunub nəşr edilib və İstanbulun elə bir kitab dükanı yoxdur ki, orada satılmasın. Türklər əbəs yerə demirlər ki, “dünyada Stanislavski sistemini ruslardan sonra ən yaxşı tətbiq edən Türkiyədir”. İş o yerə çatıb ki, teatr sənəti bir fənn kimi artıq bir çox kollecdə, məktəblərdə, universitetlərdə, hətta qeyri-humanitar texniki təhsil ocaqlarında belə dil, ədəbiyyat, coğrafiya, riyaziyyat və sairə kimi predmetlər statusunda keçirilməkdədir. Özü də bu fənn təhsil ocaqlarında çox yaxşı qarşılanır. Türklərin müəllimə olan hörməti və münasibəti də yüksək səviyyədədir. “Hocam” sözü onlar üçün sanki müqəddəs bir ifadədir!.. Yeri gəlmişkən onu da vurğulayım ki, müştərək bayramımız olan Ramazan və Novruz mərasimlərində istər türk qardaşlarımız, istərsə də Türkiyədə yaşayan azəri türkləri hər zaman bir araya gəlir, bu bayram şənliklərini təntənəli surətdə qeyd edir, xalq musiqiləri səsləndirir, folklordan nümunələr göstərilir, şeir yarışmaları, tamaşalardan səhnəciklər, çal-çağır heç bir zaman əskik olmur. Məqsəd iki dövlət bir millət olan xalqın dostluğunu, qardaşlığını, həmrəyliyini, sarsılmazlığını əks etdirmək, bu dostluğa qeyri-səmimi yanaşan qüvvələrə öz gücünü, əzəmətini göstərməkdir.

- Artıq Türkiyədə də işlərinizin çox uğurlu getdiyi bir vaxtda yenidən Azərbaycana qayıtdınız...

- Bəli. Ailə vəziyyətimlə əlaqədar olaraq 2014-cü ildən etibarən doğma Bakıya geri dönmüşəm. Belə ki, həyat yoldaşım Roza xanım dünyasını dəyişəndən sonra orada yaşaya bilmədim... Doğma Azərbaycana geri dönməyimin əsas səbəblərindən biri də burada yenidən çalışmaq, milli kadrların yetişməsində daha yaxından iştirak etmək və milli teatrımızın inkişafı prosesinə müəyyən qədər faydalı olmaq idi. Bu məqsədlə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət etdim. Nazirlik mənim müraciətimə biganə qalmadı və məni Mingəçevir Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin etdi.

- Bir qədər də Mingəçevir Dövlət Dram Teatrında qoyduğunuz tamaşalar haqqında qısa məlumat verin.

- Mən 2015-ci ilin dekabr ayından etibarən Mingəçevir Dövlət Dram Teatrında çalışmaqdayam. Bu 3 illik müddət ərzində irili-xırdalı 10 tamaşaya quruluş vermişəm. İlkin olaraq bu teatrda fəaliyyətimə türk yazarı Cahid Atayın “Pusquda” adlı oyunu ilə başladım. Azəri türkcəsinə uyğunlaşdırdığım bu tamaşada cəmi 3 iştirakçı var. Kəndin ağası, bostançı və müəllim. Pyes əsasən cəhalət və ziya arasında cərəyan edən konflikt zəminində qələmə alınıb. Sonra süjeti Xocalı faciəsinin doğurduğu ailə münasibətləri çərçivəsində əhatə olunmuş və Sevinc Elsevərin müəllifi olduğu “Ürəyində arzu tut” tamaşası isə mənim ikinci çalışmam oldu. Üçüncü tamaşam isə dahi Nikolay Qoqolun “Müfəttiş” pyesi oldu və mən bu tamaşa üzərində düz 8 ay çalışdım. “İnsan ruhunun qaranlıq həyatını” göstərən bu tamaşa şəhər ictumaiyyatinin da dərin marağına səbəb oldu. İki saat yarımlıq oyunu fasilə vermədən nümayiş etdirsək də tamaşaçı bu oyunu sanki “nəfəs dərmədən” böyük məmnuniyyətlə, maraqla izlədi. Sonrakı çalışmamız Süleyman Sani Axundovun “Bir eşqin nəticəsi” tamaşası oldu. Müəllif bu əsəri 1921-ci ildə yazıb. Özfəaliyyət və dram dərnəklərini nəzərə almazsaq bu pyes indiyə qədər respublikamızın heç bir dövlət dram teatrında səhnə təcəssümü tapmamışdı. Beləliklə, bu pyesi tamaşaya hazırlamaqla onun taleyində tarixi bir missiyaya da imza atmış olduq. Növbəti işimiz Mirzə Fətəli Axundovun məşhur “Sərgüzəşti- Vəziri- Xani-Lənkəran” tamaşası oldu və bu tamaşa da eyni ilə “Müfəttiş” kimi tamaşaçıların alqışları altında anşlaqla oynanıldı. Bu tamaşadakı bəzi hadisələrə radikal rejissor yozumu tələbkar tamaşaçıda maraq doğurdu. Müəllifin pyesində olduğu kimi biz də bu komediyaya satirik bir janrda yanaşdıq və acı gülüşlərlə bu pyesin bütün sətiraltı mənalarını açmağa çalışdıq. Mətbuatda da bu tamaşa ətraflı şəkildə təhlil olunub işıqlandırıldı. Ağaddin Babayevin yazdığı 20 yanvar faciəsinə həsr olunmuş “Ağla qərənfil, ağla...” ədəbi-bədii kompozisiyasına, Camal Yusifzadənin “Səhər qatarı” pyesinə də quruluş verdim. Qısa bir müddət ərzində uşaqlar üçün hazırlamış olduğum Azərbaycan nağılları əsasında qələmə alınmış “Kələkbaz keçəl”, qış tətili üşün nəzərdə tutulmuş “Qış nağılı” və Rəhman Rəhmanovun yazmış olduğu “Odunçunun nağılı” pyesləri ilə də repertuarımız zənginləşmiş oldu.

-Siz bir rejissor kimi hansı tamaşalara quruluş verməyi daha çox xoşlayırsınız?

-Etiraf edim ki, məni daha çox müasir mövzulu tamaşalar düşündürür. Janrından asılı olmayaraq istər klassik, istərsə də çağdaş pyeslərdə qoyulan aktual mövzular daim diqqət mərkəzimdədir. Əlbəttə, günümüzlə səsləşən klassik pyeslərə də quruluş verməyi xoşlayıram. Çünki klassik pyeslərdə günümüzlə səsləşən mövzulara daha tez-tez rast gəlmək mümkündür. Yazılış tarixindən asılı olmayaraq elə klassik pyeslər var ki, bu gün də aktualdır. Zaman keçsə də bunlar çağdaşlıq təravətini heç bir zaman itirmir, əksinə bu günün tələb və ehtiyaclarına daha çox cavab verirlər. Vilyam Şekspirin, Jan Batist Molyerin, Nikolay Qoqolun, Anton Pavloviç Çexovun, Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Hüseyn Cavidin, Cəfər Cabbarlının əsərlərini yenidən, təkrar-təkrar oxuduqca bir daha əmin olursan ki, bu ədiblər oxucu və tamaşaçılara öz həyat və yaşantılarında bilmədikləri şeyləri, yəni daha çox bilməkdən qaçındıqları, görməməzlikdən gəldikləri gerçəkləri göstərməyə çalışıblar. Bu əsərləri oxuduqca bizlər bir daha dərk edirik ki, bacarıqlı və istedadlı insanların yaratdığı xarüqələr ilə dünyanın bir anda yox olması qorxusunu yaşadan qüvvələrin əməlləri arasında nə edəcəyimizi bilməyən, az qala sərsəmləmiş olan biz insanlar, həyatın verdiyi güvənsizlik qarşısında mütiləşərək teatrdan "AYAQLARIMIZI MÖHKƏMCƏ BASA BİLƏCƏYİMİZ BİR ZƏMİN OLMASINI" imdad edirik.

Vilyam Şekspirin “Hamlet” ində dediyi kimi, “ səhnə həyatın aynası və qısaldılmış bir tarixi”dir. Bunun üçün də səhnə öz dövrünü və çağını doğru olaraq, açıq və saçıq, heç bir təhrifə yol vermədən inikas etdiyi anda önəmli bir vasitəyə çevrilir. Adını çəkdiyim ədiblər öz pyeslərində gözəlliyi şişirtməmiş, pis olanı ört-basdır etməmiş, çirkin olanı gizlətməmiş, yaxşı olanı unutmamaqla vəzifələrini yerinə yetirmiş və bu gün də müasir səslənən ölməz əsərlər yaratmışlar.

- Xahiş edirəm, Mingəçevir teatrının kollektivi haqqında məlumat verin. Bir vaxtlar bu teatrda yaxşı aktyor ansambılı olub.

- Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi barədə yalnız xoş sözlər deyə bilərəm. Bu teatrı da, onun yaradıcı kollektivini də çox sevirəm. Bəli. Bu teatr yanardığı gündən aktyor ansambılı və rejissorları ilə fəxr edib. Bu gün isə burada Azərbaycanın Xalq artisti Ella Yaqubova, Əməkdar artisti Şıxı Yaqubov kimi səhnə ustaları ilə yanaşı, Elmira İbrahimova, Afət Əliyeva, Asim Məmmədov, Aydın Quliyev, Qabil İbrahimli kimi təcrübəli aktyorlar fəaliyyət göstərir. Kollektivin əksəriyyəti gənclərdən ibarətdir. Hüseyn Mustafayev, Fəridə Məmmədova, Paşa Salmanov, Aytən Allahverdiyeva, Nargilə Abdullayeva, Firuz Hacıyev, İlqar Rəhimov, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Amil Fərzəliyev, Turqut Məsimli, Elvin Əkbərov və başqa bu kimi perspektivli gənclərlə işləmək çox xoşdur. Açığını deyim ki, bu kollektivlə dağı -dağ üstə qoymaq mümkündür. Və bu səhnədə “Müfəttiş” tamaşasını hazırlayarkən mən bir daha bunun şahidi oldum. Bu kollektivin çalışmaq, qurub-yaratmaz əzmi o qədər sağlam, o qədər möhtəşəmdir ki, bir rejissor kimi bu qüvvələrlə mükəmməl tamaşa yaratmamaq ən azından günahdır. Belə bir maraqlı deyim var: “ Pis aktyor yoxdur, pis rejissor var!”

Teatrın nəzdində "İnam" adlı studiya yaratmışıq. Yerli həvəskarları, teatra marağı olan gəncləri bu studiyaya dəvət edib, teatr sənətinin sirlərini onlara öyrətməyə çalışırıq. Mingəçevir Dövlət Daram Teatrının aktyorları və yaradıcı kollektivi ilə fəxr edirəm və inanıram ki, onlar daha yüksək sənət zirvələrini fəth etməyə qadirdirlər. Hələ bizi qarşıda daha böyük uğurlar gözləyir.

- Teatrda hansı aktyorların işindən daha çox razısınız?

- Teatrda elə bir aktyor yoxdur ki, onun fəaliyyətindən narazı qalım. Hamı öz işinə vicdanla, yaradıcı nöqteyi-nəzərdən yanaşır, etik və estetik prinsiplərə riayət edir, mənəvı-əxlaqi dəyərlərə önəm verir, maraqlı, məzmunlu tamaşalar yaratmaq üçün əllərindən gələni əsirgəmirlər. Mən prinsip etibarı ilə qarışıq aktyor ansablının birgə fəaliyyətinə daha çox istinad edirəm. Yəni tamaşalarımda yaş və təcrübəsindən asili olmayaraq bütün aktyorlar bir araya gəlir, ümumi bir vəhdət təşkil edirlər. Belə bir sintez şübhəsiz uğurlu nəticələrə gətirib çıxarır. Bir sözlə, Türkiyə kimi böyük və möhtəşəm bir dövlətdə çalışmaq nə qədər xoş idisə, Mingəçevir Dövlət Dram Teatrının bu gözəl kollektivində çalışmaq mənim üçün ikiqat xoşdur. Türkiyədə daha çox pedaqoji fəaliyyət göstərirdim. Burada isə sırf ixtisasımla - rejissorluq məsləkim üzrə fəaliyyət göstərməkdəyəm. İkincisi Türkiyə bizim üçün nə qədər doğma, nə qədər əziz olsa da, qucağını bizim üçün nə qədər geniş açsa da Vətən - elə Vətəndir. Axı, dahilər Vətənə iman əsəri deyiblər. Doğma Azərbaycanı heç nə ilə əvəz etmək olmaz! Niyə bildiklərimizi, oxuduqlarımızı, eşitdiklərimizi, gördüklərimizi istedadı, qabiliyyəti, bacarığı heç bir xalqın nümayəndəsindən əskik olmayan gənclərimizə, həmvətənlərimizə öyrətməyək? Doğrudur, çətinliklərimiz, problemlərimiz də az deyil, amma bu buzim kollektiv üzvlərini qorxutmur, kollektiv irəliyə nikbinliklə baxır və hər şeyin günlərin bir günü ərsəyə gələcəyinə inamını itirmir. Bir sözlə, Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olmağıma heç də peşman deyiləm. Fikirləşirəm, yaxşı ki, bura işləməyə gəlmişəm.

- Bir rejissor kimi bugünkü Azərbaycan teatrına baxışınız necədir?

- Bir rejissor kimi bu günki Azərbaycan Teatrına baxıb şükür edirəm. Nə yaxşı ki, milli teatrımız hələ ayaq üstədir, hələ nəfəs alır, yaşayır. Bakıda və regionlarda elə bir teatr yoxdur ki, fəaliyyətsiz qalsın. Janr etibarı ilə müxtəlif səhnə əsərlərinə və müxtəlif dramaturqlara müraciət edən teatrlarımızın tamaşalarnda əsasən müasir ruhlu ideyalar səslənməkdədir. Bir qayqa olaraq milli teatrımız hal-hazirda öz tamaşaları ilə bəşəri ideyaları tərənnüm etməyə çalışır. Rejissorun ideyası, nə demək istədiyi, hansı fikri təbliğ etdiyi tamaşaçıya aydın olmalıdır və tamaşaçı teatr zalını əliboş tərk etməməlidir. Yaxşı əsəri tamaşaçıya sevdirən həmin əsərdə onu narahat eləyən problemə cavab tapması ilə əlaqədardır, ondakı ideyalılıqdır, reallıq və inandırıcılıqdır. Bu keyfiyyətlər obrazlı şəkildə sənətkarlıqla işləndikdə tamaşa daha dolğun və təsirli olur, heç bir zaman öz təravətini itirmir, illər keçsə belə tamaşaçıda yüksək amallar, nəcib insani hisslər tərbiyə edir. Düşünürəm ki, hal-hazırda rejissorlarımızdan Ağakişi Kazımov, Azərpaşa Nemətov, Cənnət Səlimova, Vaqif Şərifov, Mərahim Fərzəlibəyov başda olmaqla, Vaqif Əsədovun, Oruc Qurbanovun, Ağalar İdrisoğlunun, Bəhram Osmanovun, Mehriban Ələkbərzadə, Mirbala Səlimlinin, Nicat Kazımovun, İradə Gözəlovanın, Günay Səttarın, Firudin Məhərrəmovun, Novruz Cəfərovun və bu kimi onlarla rejissorun quruluş verdikləri tamaşalar məhz bu kriteriyalar əsasında köklənib.

- Bakıdan uzaqda teatra rəhbərlik etmək çətindirmi? Şəhər rəhbərliyinin və Mədəniyyət Nazirliyinin sizin teara münasibəti necədir?

- Məni Bakıdan cəmi 330 km. məsafə ayırır. Deyim ki, bu baxımdan heç bir əziyyət çəkmirəm. Lazım olan vaxt Bakıya gəlir və indi mənim üçün Bakı qədər doğma olan Mingəçevirə geri dönürəm. Mingəçevir Teatrı mənim üçün doğma və əziz bir yerə çevrilib və düzünü deyim ki, ömür nə qədər vəfa etsə orada qalıb çalışmaq istərdim. Mən “sən getməsən, mən getməsəm, bəs rayona kim gedər?”- devizini rəhbər tuturam. Məncə, regional teatrlarda yaradıcılıq sərbəstliyi üçün hər cür imkan var və bu da rejissor istedadının formalaşması üçün əlverişli fürsət yaradır. Doğrudur, ilk dönəmlərdə mənim üçün də regional teatrda işə başlamaq heç də asan başa gəlmədi. Yaradıcı kollektivin ayrı-ayrılıqda səciyyəvi xüsusiyyətlərinə bələd olmaq,onları bir fərd, bir şəxsiyyət kimi araşdırmaq üçün keçirdiyim adaptasiya dövründə bir çox “testdən” keçməli oldum. Müəyyən əngəllərə rast gəlsəm də büdrəməməyə çalışdım, az öncə yuxarıda qeyd etdiyim kimi ayaqlarımı yerə möhkəmcə basa bilmək üçün öz yaradıcılıq fəaliyyətimdə qüsurlara yol verməməyə çalışdım. Nəticə etibarı ilə adaptasiya dönəmi ümumən uğurla keçdi və öz rejissor “Mən”imi ortaya qoya bildim. Onu da deyim ki, mən regional teatrlarda fəaliyyət göstərən rejissor həmkarlarıma öz peşəsinə sadiq olan, fədakar insanlar kimi baxıram. O ki, qaldı şəhər ictimaiyyatı və rəhbərliyinin bizim teatra olan münasibətinə - burada vəziyyət əlbəttə qənaətbəxşdir. Elə bir tamaşamız yoxdur ki, şəhər rəhbərliyi gəlib iştirak etməsin. Eləcə də başda nazir Əbülfəs Qarayev olmaqla Mədəniyyət Nazirliyi teatrımıza əlindən gələn bütün köməklikləri edir ki, biz daha yaxşı işləyək.

Prezidentimiz İlham Əliyevin sərəncamı ilə bu yaxınlarda Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Niyazi Bayramov Mingəçevirdə çalışdığı müddət ərzində daim bizim teatrla maraqlanırdı, zaman-zaman tamaşalarımıza gəlirdi və tamaşalarımızdan aldığı təəssüratlarını daim bizimlə bölüşürdü, öz maraqlı fikirləri ilə dərin tövsiyələr verirdi, tamaşalarımızın təşkili ilə əlaqədar xeyli işlər görürdü. Yaradıcı kollektivimiz Niyazi Bayramovun teatrımıza göstərdiyi qayğını heç bir zaman unutmayacaq.

- Siz teatrın 50 illik yubileyini böyük bayram kimi keçirməyə hazırlaşırsınız. Bu böyük yubileylə bağlı işlərə necə hazırlaşırsınız?

- Bəli, biz bu yaxınlarda, yəni oktyabr ayında teatrımızın yaranmasının 50 illik jubileyini qeyd etmək ərəfəsindəyik. Bildiyiniz kimi Ulu Öndərin əsasını qoyduğu və möhtərəm prezident İlham Əliyev cənablarının davam etdirdiyi mədəniyyət siyasətinin inkişaf etdirilməsi problemi dövrümüzün ən zəruri məsələlərindən biridir. Bu baxımdan möhtərəm Prezidentimiz bu il Mingəçevir Dövlət Dram Teatrının yaranmasının 50 illik yubileyinin keçirilməsi üçün sərəncam imzalayıb. Bu məqsədlə oktyabr ayında həmin yubileyin keçirilməsi nəzərdə tutulur. Yubileydə vaxtı ilə teatrımızda hazırlanan tamaşalardan müxtəlif səhnəciklər nümayiş etdiriləcək. Tədbirin hazırlanması Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanova həvalə edilib.

- Teatrlarda tez-tez direktorla baş rejissor arsında konfliktlər olur. Bu da kollektivin yaradıcılığına pis təsir edir. Sizdə bu sahədə işlər necədir?

- Dediyim kimi mən teatrda 3 ildir ki, çalışıram və bu müddət ərzində teatrın müdiriyyəti ilə mənim aramda heç bir konflikt yaşanmayıb. Əksinə teatrın direktoru Səxavət Məmmədovla hər zaman bir-birini başa düşməyə çalışmışıq. Aramızda baş verən kiçik mübahisələr isə yalnız yaradıcılıq müstəvisində olur və onun hüdudlarını heç bir zaman aşmırıq, gərgin bir polemikaya yol verməmişik. Bir də ki, teatr sənətinin gerçək yaradıcısı baş rejissordur. Səhnə üzərundə tamaşanın hazırlanma prosesində o, həm bir mütəfəkkir, şərhçi, yozumçu, həm də məzmunla formanı, forma ilə texnikanı uyumlu bir şəkildə araya gətirərək bütönlüyü qazandıran şəxsdir. Elə buna görə də rejissor istər məlumat, istərsə də yaradıcılıq nöqteyi-nəzərindən qeyri-adi fərdiyyətdir. Onun güc qaynaqları zəngin dünyagörüşünə, fərdi yaradıcılığa və elmi istedada əsaslanır. Dünyaya geniş bir pəncərədən baxan rejissor, cahanda baş verən hadisələri yaxından izləyən, öz elmi ilə bunları şərh edən bir insan, müəllim, pedaqoq, təşkilatçı, estet və hər şeydən öncə də bir şəxsiyyətdir. Hər halda direktorla bu illər ərzində ümumi dil tapmamızda düşünürəm ki, bu faktorlar müəyyən dərəcə hər ikimiz üçün faydalı olub. Axı, bizim hər ikimizin ali məqsədi Mingəçevir Dövlət Dram Teatrını dünya səviyyəsində tanıtmaqdır. Hər ikimiz də əl-ələ verib birlikdə buna çalışırıq.

- Gələcək planlarınız necədir? Xarici ölkələrə qastrollar planlaşdırırsınızmı?

- Artıq sentyabr ayının 3-dən yeni teatr mövsümümüz başlayıb. Əlbəttə, arzularım çoxdur, yeni tamaşalar hazırlama istəyim bir an da olsun səngimək bilmir. Hal-hazırda Abdulla Şaiqin “Bir saat xəlifəlik” pyesi üzərində çalışıram. Məşhur türk yazarı Tuncər Cücənoğlunun “Dosya” pyesi üzərində bir ilə yaxındır ki, təhlil işi aparıram və onu azəri türkcəsinə uyğunlaşdırmışam və yaxın zamanda tamaşaya hazırlamağı planlaşdırıram. Əgər tamaşa uğurlu alınarsa onu Türkiyədə hər il keçirilən festivalların birinə aparmaq niyyətindəyik. Yazıçı Çingiz Ələsgərlinin vətənpərvərlik mövzüsünda yazdığı “Şahidə şevrilən şəhid” pyesini hazırlamaq istəyirəm. Çox maraqlı yazıçı, publisist, dramaturq, kinossenarist Vaqif Əlixanlının “Dənizə baxan pəncərə” pyesi çox xoşuma gəlib və qismət olsa bu pyesə də səhnə təcəssümü vermək arzusundayam. Xalq şairi Nəriman Həsənzadənin pyeslərindən də birini repertuara salmaq istəyirəm. Çünki o, maraqlı şair olmaqla yanaşı bir-birindən maraqlı pyeslər də yazıb. Bu pyeslər də Azərbaycan teatrlarında böyük uğurla hazırlanıb. Repertuara bir-birindən maraqlı əsərləri salmaq istəyirik. Hal-hazırda çoxlu xarici və Azərbaycan dramaturqlarının pyeslərini oxuyuram. Bilirsiniz ki, teatrın repertuarı həmin teatr haqqında ilk təəssüratdır. Teatrın pasportudur. Ona görə də çalışırıq ki, ən yaxşı və zamanla səsləşən, insanlarımızın problemlərini özündə əks etdirən, onlara bu yolda kömək edən pyesləri repertuarımıza daxil edək ki, tamaşaçılar teara böyük maraqla gəlsinlər. Bundan əlavə Yeni il tətili, Novruz bayramı üçün bir neçə pyes üzərində də çalışırıq ki, bu tamaşalar da əziz uşaqlarımız üçün bir töhfə olacaq. Bir sözlə iş başımızdan aşır. Bundan gözəl nə ola bilər ki?..

Atam Novruz Gəncəli deyirdi:

- Həyatdan acizlər edər şikayət,

Qar deyil səmadan, yağa səadət.

Əmək cəbhəsində can qoyanların,

Başına tac qoyub daima zəhmət!

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

 

Mənbə: Sia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR