Slimfit
  1. MARAQLI

Tarixin unutduğu ixtiraçı: ilk təkmil yazı makinasının müəllifi Peter Mitterhofer

Tarixin unutduğu ixtiraçı: ilk təkmil yazı makinasının müəllifi Peter Mitterhofer
Sakura

Tarixin unutduğu ixtiraçı: ilk təkmil yazı makinasının müəllifi Peter Mitterhofer

 

Dünyada bəzi elmi kəşf və texniki ixtiralar paralel olaraq bir-birindən xəbərsiz şəkildə araşdırma aparan şəxslər tərəfindən edilib, yaxud da bir müəllif digərinin hansısa bir mərhələdəki önəmli uğurundan bəhrələnərək, kütləvi istehsala yararlı modellər hazırlayıb.

AZƏRTAC xəbər verir ki, belə ixtiraçılardan biri də avstriyalı dülgər Peter Mitterhofer (1822-1893) olub. O, uzun illər yazı makinası üzərində çalışıb. Dülgər tam 150 il bundan öncə - 1869-cu ilin avqust günlərində öz hazırladığı yazı makinası üzərində ilk məktubunu yazıb. Əslində, piano kimi dilləri olan musiqi aləti üzərində çalışan P.Mitterhofer 1864-cü ildən diqqətini yazı makinasına yönəldir. Bir neçə uğursuz və natamam modeldən sonra o, 1869-cu ildə öz təkmil modelini təqdim edir. Elmi dairələrdə bu beşinci modelin adı “Vyana modeli 1869” olaraq keçir.

Avstriya, Almaniya, İsveçrə və Fransada uzun illər tədris səfərlərində olan dülgər doğulduğu Tirol əyalətindəki Parçins kəndinə qayıdır və himayədarı Frans fon Qoldeqqin maddi dəstəyi ilə yeni ixtirası üzərində çalışır. Onun 1869-cu ildə hazırladığı təkmil model 82 klavişdən ibarət olmaqla, həm böyük, həm də kiçik hərfləri, eləcə də rəqəm və durğu işarələrini əhatə edirdi. İxtiraçı bu günümüzə qədər gəlib çıxan və makinada yazılan ilk məktubunu isə himayədarı F.fon Qoldeqqə ünvanlayıb.

P.Mitterhofer öz yeni ixtirasını Vyanada imperator sarayına təqdim etsə də, imperatorun ixtiralara rəy verən münsifləri bu icadı yalnız “qeyri-adi maşın” kimi dəyərləndirməklə kifayətləndilər. Dövlət qurumları tərəfindən bu ixtiranın düzgün qiymətləndirilməməsi P.Mitterhoferi ruhdan saldı və o, yazı makinaları üzərində işini dayandırdı. Hətta qəzetlər rişxəndlə sadə bir dülgərin heç nəyə lazım olmayan yazı makinası hazırladığını, bundan sonra düşünmə makinası da ixtira olunarsa, məktəblərə ehtiyac qalmayacağına dair yazılar dərc etdilər. İmperator xəzinəsində P.Mitterhoferə bu ixtirasına görə 150 qulden mükafat verildi, ixtiranın seriya istehsalı barədə düşünən belə olmadı.

Cəmi dörd il sonra ABŞ-da “Sholes & Glidden” adlı ilk yazı makinalarının kütləvi istehsalına start verildi. Bu modeldə P.Mitterhoferin yazı makinasının konstruksiya elementlərinə rast gəlinirdi və belə hesab olunur ki, amerikanlar 1873-cü ildə Vyanada Ümumdünya Sərgisində Mitterhoferin modeli ilə yaxından tanış ola bilmişdilər.

Qeyd edilməlidir ki, Mitterhoferə kimi yazı makinaları üçün bir sıra cəhdlər olmuşdu. Alman Karl Drays (1821), italyan Turri (1808) və Novara (1855), fransız Jan Bernand Fuko (1855) yazı üçün makinalar icad etsələr də, bir çox çatışmazlığı olan bu makinalardan heç biri kütləvi istehsala yaramırdı. Mitterhoferin ixtirası isə müasir yazı makinaları üçün mühüm elementlər təqdim etdi: tiplər üçün qaldırıcı başlıq, üçcərgəli blok klaviaturası və bir klavişdən çoxfunksiyalı istifadə bu qəbildəndir. Eyni zamanda, onun makinası ilə yazı yazarkən mətni görmək də mümkün idi. Amerikada icad olunan makinalarda isə bu imkan yox idi. Yalnız “Underwood” şirkəti 1896-cı ildə belə bir model təqdim edə bildi. Şirkətin 12 milyon ədəd satılan bu modeli tarixə ən çox satılan yazı makinası kimi də düşüb.

Şöhrət və məşhurluqdan kənar yoxsulluq içində dünyasını dəyişən P.Mitterhoferin məzar daşı üzərində isə bu sözlər yazılıb: “Onun istedadının meyvələrini dərmək ondan bəhrələnənlərə nəsib oldu”.

Bu gün P.Mitterhoferin doğulduğu Parçinsdə onun adını daşıyan muzeydə dülgərin həyat və yaradıcılığı ilə, ixtiralarını əks etdirən eksponatlarla yaxından tanış olmaq mümkündür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR