Slimfit
  1. MƏDƏNİYYƏT

Tarixdə iz qoyanlar – İncidilən Xalq artisti – Hamımızın tanıdığı Simnar xan

Tarixdə iz qoyanlar – İncidilən Xalq artisti – Hamımızın tanıdığı Simnar xan
Sakura

Tarixdə iz qoyanlar – İncidilən Xalq artisti – Hamımızın tanıdığı Simnar xan

Əli Zeynalovun iki ömrü olsaydı... 

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Uşaqlıq  çağlarında  laqeyd  və  hətta  qorxu  ilə  yanaşdığı  teatra  bir  gün vurulacağı  heç  ağlına  belə  gəlməzdi. Onun sənət həyatı bir qorxu ilə bir eşq arasında təcəlli etmişdi... Sonralar qələmə aldığı  “İki  ömrüm  olsaydı...”  xatirə kitabında bu nüansı xatırlayır.

Bu yazımızda görkəmli teatr və kino ustası Əli Zeynalovun maraqlı sənət salnaməsini bir daha vərəqləmək və dahi sənət ustasını  bir daha xatırlamaq istərdik.


O, 1913-cü ildə Salyanda, tanınmış pedaqoq Yusif Zeynalovun ailəsində dünyaya göz açmışdı. Yusif Zeynalov yaddaşlarda keçən əsrin 30-cu-40-cı illərində Azərbaycanda tədris olunmuş ilk “Əlifba” kitabının tərtibçisi kimi qalmışdır. Salyanda qardaşı ilə birlikdə həvəskar dram dərnəyi yaratmış Yusif Zeynalov kiçik Əlini də tez-tez tamaşalara baxmağa gətirirdi. Tamaşaların birində atası ilə əmisinin zindana salınması və atasının tapança ilə özünü vurması səhnələri kiçik Əlini bərk qorxudur və o qışqıraraq huşunu itirir. Bu hadisədən sonra atası onu bir daha dərnəyin tamaşalarına apara bilmir.



Orta məktəbi bitirdikdən sonra müəllimlik olan ata sənətini davam etdirmək üçün pedaqoji texnikuma daxil olur. Bu illərdə ədəbiyyata böyük həvəs göstərən Əli Zeynalov ara-sıra kiçik hekayələrdə yazmağa başlayır. Ancaq bir gün hər şey dəyişir. 1928-ci ilin yayı... Texnikumdakı imtahanlarını müvəffəqiyyətlə başa vuran Ə.Zeynalov Biləsuvara, kənd məktəbində direktor işləyən əmisinin yanına dincəlməyə gedir. Burada çoxlu dost tapan gənc Əli onların hazırladıqları Hüseyn Cavidin “Şeyda” pyesində Şeyda rolunun ifasına dəvət olunur. İlk əvvəl çıxışına razılıq verməsə də, daha sonra çıxışı müvəffəqiyyətli alınır və tamaşa uğur qazanır.

Bakıya qayıtdıqdan sonra o artıq son kursda olan dərslərinə soyuq yanaşır. Bunu müəllimlər və tələbə yoldaşları da sezirlər. Gələcəyin müəllimi olacaq gənc Əli içində yeni bir istəyin böyüdüyünü hiss edir. Bu teatr idi. Çıxılmaz vəziyyətə düşən Əli gecə-gündüz teatr haqqında, səhnə haqqında düşünür. Nə qədər çətin olsa da, qohumlar tərəfindən xoş qarşılanmasa da Əli Zeynalov teatr texnikumuna daxil olur. Təbii ki, oğlunun bu uğurunda Yusif Zeynalovun da böyük dəstəyi vardı.

O, pedaqoji texnikumun məzunu kimi təyinat aldığı Bərdəyə getməyə məcbur olur. Ancaq bir gün belə müəllimlik etmədən Bakıya geri qayıdır və teatr texnikumunda təhsilini davam etdirir. Təhsil aldığı müddətdə Hacıağa Abbasov kimi sənət, Hüseyn Cavid kimi söz ustadlarından dərs alır.

1933-cü ildə teatr texnukumunu müvəffəqiyyətlə bitirən Əli Zeynalov Moskva Dövlət Teatr İnstitutunda təhsil almaq imkanı qazanır. Ancaq sənədlər instituta vaxtında çatdırılmadığı üçün qəbul baş tutmur. Rejissorluq üzrə təhsil almaq təklif olunsa da, söhbət əsnasında gənc Əli Zeynalovun aktyorluq peşəsinə nə qədər saf və səmimi hisslərlə bağlandığını görən institutun tədris hissə müdiri ona bir ay müddətində dövlət teatrlarının tamaşalarına baxmaq imkanı yaradır. Boris Şukin, İqor İlinski kimi dövrünün məşhur aktyorlarının oynadığı tamaşaları izləmək onun üçün əsl istehsalat təcrübəsi olur.


Bakıya qayıdan Əli Zeynalov yeni yaradılmış Şəki və Gəncə dram teatrlarında işləyir. 1934-cü ildə isə İrəvan Azərbaycan Dövlət Dram Teatrı tərəfindən dəvət alan gənc aktyor on ildən çox bir dövrdə (1934-1945) bu teatrın səhnəsində Baxşı (“1905-ci ildə”), Seyran (“Namus”), Tomson (“Hind qızı”), Məlik ağa (“Həlqədə”), Səlim (“Cancur Səməd”), Otello (“Otello”) kimi bir-birindən dolğun və dramatik obrazlar yaratmağa nail olmuşdur.

Onun bir aktyor kimi püxtələşməsində görkəmli səhnə ustadı Kazım Ziyanın və eləcə də görkəmli rejissor-pedaqoq Arkadi Burcalovun böyük dəstəkləri olmuşdur. Əli Zeynalov gənc olmasına baxmayaraq, bu teatrda yaratdığı obrazlarla özünün istedadını və bacarığını göstərərək Ermənistan SSR əməkdar artisti adını alır (1939).



Görkəmli aktyor 1945-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrına işləməyə dəvət olunur. Bu dəvətlə istedadlı aktyorun səhnə həyatında yeni bir səhifə açılır. Teatrın repertuarında mühüm yer tutan bir çox tamaşaların baş rollarının əvəz olunmaz ifaçısına çevrilən Əli Zeynalovun ilk rolu Abdulla Şaiqin “Nüşabə” pyesində Uluqbəy olur. Daha sonralar Elxan (“Od gəlini”,C.Cabbarlı), Çingiz (“Eşq və intiqam”, S.S.Axundov), Yanar (“Sən yanmasan”, N.Xəzri”), Hilbert (“Mariya Tüdor”,V.Hüqo), Antoni (“Antoni və Kleopatra”, V.Şekspir), Əhməd Rza (“Qəribə adam”, N.Hikmət), Protasov (“Canlı meyit”, L.N.Tolstoy), Sanço (“Sevilya bərbəri”, L. de Vaqo) və bir çox lirik, dramatik və faciəvi obrazların yaradıcısına çevrilir. Əli Zeynalovun səhnə təcəssümü öz parlaqlığı, gözəlliyi və reallığı ilə həmişə diqqətləri cəlb etmişdir. Məhz, effektiv və gərgin səhnə fəaliyyətinin nəticəsi olaraq aktyor 1964-cü ildə Azərbaycan SSR xalq artisti fəxri adı ilə təltif olunur.  

Görkəmli aktyorun doğma teatr səhnəsində yaratdığı son obrazlardan biri də İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesində Həsənzadə rolu idi. Aktyor bu obrazı sevərək və yaşayaraq yaratmışdı. Məhz, Həsənzadə rolu Əli Zeynalovun timsalında çox uğurlu alınmışdı. Çox təəssüf ki, ürəyi səhnə ilə döyünən bu qürurlu insan otuz ildən çox bir dövrdə çalışdığı sənət məbədini – teatrı incidilərək tərk edir (1975).

Əli Zeynalov bir çox bədii filmdə də yaddaqalan ifalar sərgiləmişdi.  Yəqin ki, yaşlı və orta nəsil kino həvəskarları “Leyli və Məcnun”da Şeyx Haşimi, “Bir qalanın sirri”ndə Simnar xan, “Kölgələr sürünür”də İmamzadə, “Səhər”də Abuzər bəy, “Üzeyir ömrü”ndə Həsən bəy Zərdabi, “Xoşbəxtlik qayğıları”nda professor rollarını xatırlayırlar. Bundan əlavə görkəmli aktyor aydın diksiya, yumşaq və valehedici səs tembri ilə 40-a yaxın filmin dublyaj və mətn səsləndirmə işində iştirak etmişdi.

Böyük səhnədən getməsinə baxmayaraq daim sənətlə yaşayan və nəfəs alan dahi sənətkar 4 yanvar 1988-ci ildə qəlbi əbədi olaraq dayanır.

O, sənətində öz sözünü deməsinə baxmayaq, bir nəsnə hər daim onu düşündürürdü. Görəsən necə oldu ki, bir vaxtlar laqeyd yanaşdığı teatr sənətinə sonradan böyük həvəs və məhəbbətlə bağlandı. Halbuki, böyük sənətkar iki ömrü belə olsaydı, onu yenə də sevdiyi sənətinə qurban vermək istərdi...   

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR