Slimfit
  1. MEDİA

Tanrıverdi Mustafayev: “Ailə başçısı nə qədər ciddi olarsa…”

Tanrıverdi Mustafayev: “Ailə başçısı nə qədər ciddi olarsa…”
Sakura

Tanrıverdi Mustafayev: “Ailə başçısı nə qədər ciddi olarsa…”

Onun həyatının əsas anlamı, yaşam qayəsi övladlarıdır. Çünki yalnız onların əhatəsində özünü rahat, güvənli və daha güclü hiss edir. Övladları ilə fəxr edir, onlarla nəfəs alır. Ata olmağın şirinliyini dadarkən həyat ona sürprizlər etməyə davam edib, bu dəfə baba statusu qazanıb. Qız övladı olmayıb, bu nisgilin yerini isə ilk qız nəvəsi Şəms doldurub. Hər nə qədər “iki gəlinimin ikisi də mənim qızımdır” desə də, Şəmsdən danışanda, gözlərindəki o parıltını duymamaq mümkün deyil.

Övladlarından bəhs edəndə, üzünə xırda bir təbəssüm qonur, fərəhlə danışır. Sanki qoca bir çinarı ayaqda saxlayan məhz onun pöhrələnən budaqları imiş kimi, onu bu qədər güclü edən, ayaqda dayanmağının səbəbkarı da o budaqlardır.

Müsahibimiz media nümayəndələrinin dostu, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdir. Tanrıverdi müəllimi hər zaman işıq problemi yaşayanda axtarsaq da, bu dəfə missiyamız fərqli idi. Onu sizlərə bir ata və bir baba kimi daha yaxından tanıtmağa çalışacağıq. Tanrıverdi müəllimin iki oğlu və üç nəvəsi var. Kiçik oğlu Muhəmmədin 30, böyük oğlu Niyaməddinin isə 32 yaşı var.

– Övladlarınızın həyatınızdakı yeri hardadır?

– Mənim həyatım onlardan ibarətdir. Həyatımı övladlarımsız təsəvvür edə bilmirəm. Ömrümün mənası, yaşam səbəbim onlardır. Övladlarım mənim üçün müqəddəs varlıqdır. Ümumiyyətlə, mənim üçün ailədən müqəddəs ikinci bir varlıq yoxdur.

– Oğlanlarınızı istədiyiniz şəkildə böyüdə bilmisinizmi?

– Mən Allahımdan çox razıyam. O övladları mənə verən Allahdır. Uşaq yaşlarından onların təlim-tərbiyəsi ilə xanımım məşğul olub. İş adamı olmuşam, səhər evdən çıxıb axşam gəlmişəm. Evin maddi tələbatını ödəmək üçün bütün günü işləmək məcburiyyətində qalmışam. Bunun üçün övladlarımla çox zaman keçirmək imkanım olmayıb. Övladlarımı qarşıma qoyub, yol göstərməmişəm. Onlar evdəki qayda-qanuna riayət edərək böyüyüblər. Bu qayda-qanunu mən də öz ailəmdən götürmüşəm. Təməl insanın doğulduğu ocağından başlayır. Daha sonra cəmiyyətin, məktəbin uşaqların formalaşmasında böyük rolu olur. Mən fürsətdən istifadə edib müəllimlərimə minnətdarlığımı bildirirəm.

– Oğlanlarınızla daha çox dost, yoxsa onlara ata olmusunuz?

– Nəinki ata, onlarla yaxın dost, sirdaş olmuşam. Elə anlar olub ki, onların fikirlərindən yararlanmışam. Məsləhətçim oğlanlarım olub. Bəzi məqamlarda böyük oğlumun məsləhətini dinləmişəm. Onun dediyi yolla getdikdə, uğur qazanmışam. Baxmayaraq yaşları məndən azdır, ancaq həyata baxış, dünyagörüşü baxımından üstünlükləri var. Övladlarıma hər zaman bir şəxsiyyət kimi yanaşmışam və lazım olduqda onlardan məsləhət almaqdan, sözlərini dinləməkdən çəkinməmişəm.

– Oğlanlarınızın hansı sizə daha çox oxşayır?

– Xarici görkəmcə böyük, daxilən isə kiçik oğlum mənə çox oxşayır.

– Övladlarınızla siz tamam fərqli mühitlərdə böyümüsünüz. Yəqin ki, bu, xasiyyət baxımından daha çox hiss olunar. 

– Həm kənd, həm də şəhər mühitini görmüşəm. Mən kolxozçu ailəsində anadan olmuşam. Fərqli cəmiyyət, fərqli mühitlər içərisində böyümüşəm. Uşaqlığımız qoyun otarmaqla, ot biçməklə, dağlara köç etməklə keçib. Uşaq yaşlarından əməyə alışmışdıq. Evə qonaq gələndə heç kim ortalıqda görünməzdi. Qonaq oturub yeyib-içdikdən sonra süfrəyə gələrdik. Ancaq şəhər mühiti bir qədər fərqlidir. Hər yerin bir mühiti var və buna uyğunlaşmaq lazımdır. İndiki uşaqlar bizim uşaqlıqda çəkdiyimiz əziyyətə qatlaşa bilməzlər. Təsəvvür edin ki, günün istisində dağlarda hərarət daha çox olur. Səhər saat 7-dən axşam saat 9-a qədər yaylaqda olurduq. Biz bu çətinlik altında dözümlülüyü və idarəçiliyi öyrənirdik. Bu işlərin içərisində dərslərimizi də çox yaxşı oxuyurduq. Səliqəli olmağa çalışırdıq, ayaqqabımızı təmizləyir, yeri gələndə köynəklərimizi ütüləyirdik. Gündəlik həyatımızda, dərslərimizdə nizam-intizamlı olmağa çalışırdıq. Belə çətin şərtlər altında böyümüşük. Bəzən deyirlər ki, məktəblərdə uşaqları yorurlar. İndiki uşaqların işi ancaq oxumaqdır. Biz o dövrdə bütün bu işlərlə bərabər, eyni zamanda dərslərimizi də yaxşı oxuyurduq.

– Həmin o nizam-intizamın bu gün sizin işlərinizdə köməyi dəyirmi?

– Həyat dərsimi rəhmətlik babamdan almışam. Səhər saat 5-də durub gecə saat 12-yə qədər işləyirdi. O bizə ağsaqqal yanında özünü necə aparmaq lazım olduğunu, böyüyə hörməti, cəmiyyət içərisində davranış qaydalarını izah edirdi. Babam deyirdi ki, səni ağladanın yanında otur, amma güldürənin yanında oturma. O zaman uşaq idim, ancaq babamın o sözlərini yaxşı xatırlayıram. Bir dəfə çox kiçik idim. Oturub masa arxasında yemək yeyəndə ayaqlarımı yellədirdim. Babam sobanın maşasını götürüb, ayaqlarıma vuraraq dedi ki, yemək yeyərkən düz oturmaq lazımdır, ayaqlarını yellətmək olmaz. Bu günə qədər o maşanı unutmuram və hər dəfə masada oturanda, o maşa gözümün qabağına gəlir. Yəni babam ailədə elə nizam-intizam yaratmışdı.

– O nizam-intizamı öz ailənizdə tətbiq edə bilirsinizmi? Yoxsa övladlarınıza azadlıq, sərbəstlik vermisiniz?

– Hər şey ocaqdan başlayır. Onlar ailədə necə görüblərsə, elə də mənimsəyiblər. Mən də babamdan elə görmüşəm. Ailə tərbiyəsi gendən gəlir.

– Siz ancaq babanızdan sitatlar gətirirsiniz, atanızdan danışmırsınız.

– Atam bütün günü işləyirdi. Çalışırdıq ki, onun gözünə görünməyək. Ciddi, sərt rəftarının altında ürəyi yumşaq bir adam vardı. Cəmi beşinci sinfə qədər təhsil almaq imkanı olmuşdu.  Birdən-birə ona bir istedad gəlmişdi, şeirlər yazırdı. O, ali təhsil ala bilməmişdi, buna baxmayaraq, bizim ali təhsil almağımız üçün çalışırdı və istəyirdi ki, biz oxuyaq. Kiçik yaşlarımda atam dünyasını dəyişdikdən sonra babamın yanında böyüdüm. Ona görə babamla yoldaşlığım çox olub. Babam mənim üçün əsl ailə başçısı nümunəsi idi. O, uzaqdan gələndə, özümüzü yığışdırırdıq və nizam-intizam qaydalarına riayət edirdik. Bu nizam-intizam, ciddilik hələ də bizim nəslimizdə davam edir.

– Oğlanlarınızın biri Moldovada, digəri isə Qərbi Azərbaycanda doğulub. Harada olursa-olsun, doğulduğu torpaq hər zaman insanı özünə çəkir. Bu baxımdan, övladlarınızın arasında hər hansı bir fərqlilik varmı?

– Biz azərbaycanlıyıq və heç zaman bunu unutmamışıq. 18 il Qərbi Azərbaycanda, 18 il də Moldovada yaşamışam. Ancaq öz soykökümə, torpağıma, vətənimə bağlı olmuşam. Övladlarım da mənim kimi. Harda yaşamağımızdan asılı olmayaraq, hər zaman evimizdə azərbaycançılıq ideyası, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz hökm sürüb. Mən Moldovada yaşayanda, “Azərbaycan adət və ənənələri mərkəzi” adlı bir Azərbaycan cəmiyyəti yaratdıq. Özüm də orada müəllim olaraq çalışırdım. Orada azərbaycanlı uşaqlara Azərbaycan dili dərsi deyirdim. Ulu öndərimiz Heydər Əliyev demişkən, “fəxr edirəm ki, azərbaycanlıyam”.

 – Nə üçün oğlanlarınızın sizin sənətinizi davam etdirməyini istəmədiniz?

– Onlar sərbəst seçim etdilər, seçimlərinə müdaxilə etmədim. Böyük oğlum bank sistemində, kiçik oğlum isə ASAN xidmətdə çalışır.

– Baba olduqdan sonra həyatınızda nələr dəyişdi?

– Onlar həyatıma yeni bir rəng qatdılar. Bir atanın görmək istədiyi ən ali duyğulardan biri də baba olmaqdır. Mən bu hissi onlarda daddım.

– Nəvə daha şirindi, yoxsa övlad?

– Mənim üçün hər ikisi şirindir. Atalar həmişə deyir ki, dövlətdə dəvə, övladda nəvə. Mənim qız övladım olmayıb. İlk qız nəvəm Şəms mənim üçün qız övladının həsrətini doldurub. Şəms bu il birinci sinfə gedəcək. Böyük oğlumun bir qızı, bir oğlu, kiçik oğlumun isə bir oğlu var. Nəvələrimin hamısına dini adlar qoymuşuq. Nəvələrimin üçü də mənim üçün əzizdir və onların yerini heç nə doldura bilməz.

– Nəvələrinizə zaman ayıra bilirsinizmi?

– Bacardığım qədər onlarla zaman keçirməyə çalışsam da, işlərimin çoxluğundan o qədər də çox zaman keçirə bilmirəm. Buna baxmayaraq, biz bir-birimizə bağlı bir ailəyik. Bizim üçün ailə dəyərləri hər şeydən önəmlidir. İnsanın həyatının xoşbəxtliyi ilk növbədə ailədən başlayır. Torpaq, ailə və peşəni sevdikdən sonra insanın həyatında hər şey öz axarında gedir.

– Sizcə, cəmiyyətə yararlı övlad yetişdirmək üçün hansı metoddan istifadə etmək daha faydalı olardı?

– Mən metodist deyiləm. Bizim çox gözəl adət-ənənələrimiz, dədə-baba qaydalarımız var. Hər şey ilk növbədə oradan başlayır. Ailə bütün başlanğıcların təməlidir. Ailə başçısı nə qədər ciddi olarsa, ailəni də öz qanunları ilə idarə edəcək. Atalarımızın bir misalı var: “Doğru yol gedən yorulmaz”. Hər bir doğulan gənc cəmiyyətimiz üçün lazımdır. Ailə başçısı öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməlidir.

– Sizin yetişdirdiyiniz övladlarınız bu gün öz ailələrinin başçılarıdırlar. Onların ailələrinin idarə edilməsində öz metodikanızı hiss edirsinizmi?

– Əlbəttə, oğlanlarım da onlara aşıladığım tərbiyəni öz övladlarına ötürürlər. Mən onlardan çox razıyam. Mənim qızım olmayıb, ancaq gəlinlərim Sevinc və Sona qızımı əvəz edir.

– Hansını daha çox istəyirsiniz?

– Hər ikisini.

– Bəs hansı sizi daha çox istəyir?

– İkisi də xətrimi çox istəyir. Onların hər ikisi mənim üçün doğmadır. Mən onlara gəlin kimi deyil, qızım kimi baxıram.

– Jurnalistlərlə işləmək daha yorucudur, yoxsa övlad böyütmək?

– Hər birinin mənim üçün ayrı yeri var. Çalışdığım media nümayəndələri ilə yaxşı münasibət saxlamağa çalışıram. 2002-ci ildə jurnalistikaya gəlmişəm. O ildən etibarən heç bir media nümayəndələrinə fərq qoymamışam. Bu sahədə çox çətinliklərlə üzləşmişəm. Ancaq çalışmışam ki, yaranan anlaşılmazlığı ortadan qaldıraq. Elə media nümayəndələri var ki, bizi düzgün anlamayıb. Dəvət edib söhbət etmişik, izah etmişəm və söhbət əsnasında hər şeyə çözüm tapmışıq. Bu iş çox məsul bir işdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR