Slimfit
  1. MEDİA

Tanınmışlar öz övladlarının hüquqlarını necə qoruyur?

Tanınmışlar öz övladlarının hüquqlarını necə qoruyur?
Sakura

Tanınmışlar öz övladlarının hüquqlarını necə qoruyur?

"Mən övladıma o qədər sayqı ilə yanaşmışam ki, o, artıq özü öz qərarlarını verməyi bacarır"

Bu gün -1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Bəs görəsən azərbaycanlı tanınmışlar öz uşaqlarını yetərincə müdafiə edib, hüquqlarını qoruya bilirlərmi?

Bu suala cavabını almaq üçün AzNews.az bir neçə şəxslə əlaqə yaradıb:

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova düşünür ki, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin və ən əsası hər bir ailənin işidir.

“Övladlarımızın şəxsiyyət kimi formalaşması, söz haqqının olması, onların həm ailədə, həm də cəmiyyət içərisində özünü təhlükəsiz və rahat hiss etməsi, öz güvəninin olması çox vacibdir. Övladımın ilk növbədə yaxşı təhsil alması üçün əlimdən gələni edirəm. Çünki uşaqların hər hansı səbəbdən təhsildən uzaqlaşdırılmasını ən böyük faciə hesab edirəm. Uşaqları ailə içi münaqişələrdən mümkün qədər uzaq tutmalıyıq. Çünki belə hadisələr, onlara qarşı diqqət və qayğının az olması onların dərin stress yaşamasına səbəb olur. Onlar bizim dediklərimizdən çox etdiklərimizi təkrar edirlər. Onlara sevgimizi göstərməkdən yorulmayaq. Mən bəzən bunu həddindən artıq edirəm. Uşaqlar bizim gələcəyimizdir”.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var.

“İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunları qəbul edilib. Son illər ölkədə qəbul olunan və həyata keçirilən onlarca dövlət proqramı uşaqlarla bağlı bütün problemlərin həllinə yönəldilmiş vahid bir siyasəti reallaşdırır. İnsan hüquqlarına hörmət hər bir cəmiyyətin uşaqlara münasibətindən başlayır. Məlumdur ki, uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var. Odur ki, uşaqların hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Azərbaycan ailəsində uşaqlar çox sevilir. Bir körpənin dünyaya gəlişi təkcə onun ata-anasına deyil, nənə və babalarına, əmi-dayısına, bütün qohum-əqrəbaya sevinc gətirir. Körpə əzizlənə-əzizlənə böyüyür. Yəni Azərbaycan ailəsində yaxşı nə varsa - hamısı uşaq üçün, onun xoşbəxt gələcəyi üçündür. Sevindirici haldır ki, ölkəmizdə əhali daim təbii artımla çoxalır. Bu, o deməkdir ki, əhali kənardan köçüb gələn insanlar hesabına deyil, təzə doğulan körpələr hesabına artır. Azərbaycanda doğum ölümü üç dəfə üstələyir. Təsadüfi deyil ki, uşaqlara ali münasibət Azərbaycan Respublikasının Ailə Məcəlləsində də öz geniş əksini tapıb. Uşaqların qayğısına qalmaq, onları müdafiə etmək ailənin borcu olduğu burada bir daha vurğulanıb. Dövlət bu borcun necə yerinə yetirilməsinə daim nəzarət edir. Lakin istər ailədə, istər cəmiyyətdə tək-tək hallarda olsa da, uşaqların incidilməsi faktları ilə rastlaşırıq. Belə hallara qarşı qanun barışmaz mövqedə dayanıb. Dövlət hər bir uşağın mənafeyini yüksək tutur və onu müdafiə edir. Azərbaycanda ailə, qadın və uşaq problemləri ilə məşğul olan dövlət komitəsi fəaliyyət göstərir. Çox təəssüf ki, dünyanın müxtəlif guşələrində uşaqlara hələ də pis münasibət göstərilməsi halları mövcuddur. Əgər keçən əsrin tarixinə nəzər salsaq, görərik ki, neçə minlərlə uşaq təcavüzə, zorakılığa, irqi ayrı-seçkiliyə, deportasiyaya, soyqırımlarına məruz qalıb. XX əsrdə baş vermiş iki dünya müharibəsi, lokal müharibələr yüz minlərlə uşağı valideyn himayəsindən məhrum edib, onların hələ körpə ikən həyatına son qoyub, adi insani hüquqlarını kobudcasına pozub. Ayrı-ayrı ölkələrdə belə acı olaylar yenə də davam edir. Müharibə alovları azərbaycanlı uşaqlardan da yan keçməyib. Ermənilər torpaqlarımıza təcavüz etdiyi zaman bizim balalarımız min bir əziyyətə düçar olub. Belə ki, namərd qonşularımız neçə-neçə balaca oğlan və qızı ev-eşiksiz, ata-anasız qoyublar. Bu az imiş kimi, azyaşlı uşaqları yandırıb, gülləyə tutub, onlara işgəncə veriblər. Düşmən bu gün də məkrindən əl çəkmir. Atəşkəs olsa da, öz alçaq xislətinə "sadiq qalaraq" uşaq oyuncaqlarının içinə mərmi qoyub çaylarımızın axarına atır, Qarabağda və digər sərhəd bölgələrində uşaqlarımızın üstünə silah tuşlayır, onların günahsız qanını axıdır. Başqa sözlə, bütün beynəlxalq qaydaları, uşaqlara aid bütün qanunları, ən başlıcası isə insanlıq və vicdan qanunlarını pozur. Uşaqların hüquqlarını qorumaq əslində elə onların özlərini qorumaq deməkdir. Onlar isə hər bir ölkənin, hər bir xalqın, bütövlükdə bütün bəşəriyyətin gələcəyidir. Bu həqiqəti yer üzündə yaşayan hər bir kəs bütün qəlbi, vicdanı və ağlı ilə dərk etməlidir. Mən iki qızımın hüquqlarını məhz onlara şəxsiyyət kimi yanaşaraq qoruyuram. Onların hər istəyi, hər fikri mənim üçün əsasdır və hörmətlə, diqqətlə yanaşıram. Hətta etirazlarına belə. Bu onların şəxsiyyət kimi formalaşmasına imkan verəcək”.

Aparıcı Pərvin Əsgərli bildirib ki, övladıma o qədər sayqı ilə yanaşmışam ki, o, artıq özü öz qərarlarını verməyi bacarır.

“Ümumiyyətlə mən həmişə düşünmüşəm ki, ailədə “sən uşaqsan”, “uşaqsan, bilməzsən”, “uşaqlar bunu eləməz” kimi sözlərdən istifadə etmək düzgün deyil. Çünki sən uşağa nə qədər "balacasan" dedikdə onlar sanki böyümür, özləri də bunu qəbul edir ki, “ biz uşağıq”, “bizə bu olmaz”. Evimdə artıq 8 yaşlı bir qız uşağı böyüyür, məktəblidir. Biz qəbul etməməliyik ki, birinci növbədə uşaqlarımızın hüquqlarını dövlət qoruyacaq və yaxud da müəllimlər həll edəcək. İlk növbədə bu ailədən başlayır, yəni uşaq evdə nəyi görürsə, o cür də davranır. Evdə, məktəbdə, ümumiyyətlə hara gediriksə, mən onunla fərd kimi yanaşıram. Biz onunla tək qalanda, baş-başa qalanda da mən onunla uşaq kimi danışmıram. Deyirəm ki, “Yağmur, sən artıq böyük qızsan, sən bunları bilməlisən, özün bunları həll etməlisən”.

Mən övladıma o qədər sayqı ilə yanaşmışam ki, o, artıq özü öz qərarlarını verməyi bacarır.

Uşaqların hüquqları o zaman tapdalanmağa başlayır ki, biz onların ali məktəbə sənəd verdikləri zaman ixtisas seçimində müdaxilə edirik. Burada artıq biz seçimi övladımızın öz öhdəsinə buraxmalıyıq. Hanısa peşənin sahibi olmaq bizim uşağımızın öz seçimidir, öz hüququdur. Mən bunu qızımın seçiminə buraxmışam”.

Memarliq və İnşaat Universitetinin tələbəsi, eyni zamanda universitetin Tələbə Gənclər Təşkilatında İdarə heyətinin sədri İlahə Həsənovaya görə, bir insan öz hüquqlarını yalnız başqalarının hüquqlarını pozmadığı təqdirdə düzgün qoruya bilər.

“Dünya uşaqlarının müdafiəsi günü - bu sadəcə uşaqlar üçün əyləncəli bir bayram deyil, eyni zamanda biz böyüklərə və valideynlərə uşaqların daimi qayğıya və qorunmağa ehtiyacları olduğunu, onlardan bilavasitə məsuliyyət daşıdığımızı xatırlamağımız üçün vacib bir gündür. Bir insan öz hüquqlarını yalnız başqalarının hüquqlarını pozmadığı təqdirdə düzgün qoruya bilər. Böyüklərdə olduğu kimi uşaqlar da insan hüquqlarına və öhdəliklərinə malikdirlər. Tək fərq: böyüklərin uşaqlardan daha güclü olduqlarını və daha çox məsulliyyət daşıdıqlarını bilmələridir. Valideynlər uşaqlarını düzgün böyütmək hüququna malikdirlərmi? Sual qəribə görünür, ancaq göründüyü qədər sadə deyil. Ən azından düzgün tərbiyənin tərəfdarları fərqli bir nöqteyi nəzərdən yanaşırlar bu məsələyə. Belə ki, Lev Tolstoy deyirdi ki, insanların məcburi formalaşması və məcburi təlim-tərbiyə almağı qeyri-məhsuldar, qeyri-qanuni və qeyri-mümkündür, təlim-tərbiyənin qayda qanunu yoxdur, icazə verin uşaqlar nəyin özləri üçün daha xeyirli olduğunu anlasınlar, özləri özlərini tərbiyə etsinlər və öz seçdikləri yolda düzgün addımlamağı öyrənsinlər. Övladlarımızın nələrdən qorunmağa ehtiyacları var? Onları tam olaraq kimdən və nədən qorumalıyıq? Biz bu günü uşaqlarımızın yalnızca ətrafdan qorunmağını deyil, eyni zamanda onların fiziki sağlamlıqlarının da qorunmağa ehtiyacları olduğunu xatırlamalıyıq. Gərəksiz fiziki aktivlik, siqaret və tütünə bağlılıq, alkoqollu və energetik içkilər, müxtəlif narkotik vasitələr və həblər uşaqlarımızın sağlamlığının pozulmasında böyük əhəmiyyət daşıyır. Bir çox hallarda valideyn məcburiyyətindən uşaqlarımız öz gələcəkləri üçün uyğun olmayan peşə və sənətə üz tuturlar. Və məhz bu uşağın şəxsinin formalaşmasında uçuruma aparan və səhv addımlardan biridir. Zənnimcə valideynlər övladlarının qabiliyyətlərinə və maraqlarına əsaslanaraq, onları gələcəkdə istər özlərini, istərsə də ailələrini rahat və komfortlu bir həyatla təmin edəcək düzgün peşə seçiminə yönləndirməlidirlər. Mənim üçün bir uşaqların tərbiyəsində ən mühim yeri uşağın özünü motivasiya etməsi və həvəsləndirmə qabiliyyəti tutur. Övladlarımız həyatdan nə istədiklərini və nəyə nail olmaq istədiklərini bilməlidirlər. Əziz valideynlər! Hər doğum günündə, hər bayramda övladlarınıza sadəcə ailə quraraq xoşbəxtliyə çatacaqlarını öyrətməkdən əl çəkin! Qızlarınıza təhsilin insanın həyatında və xoşbəxtliyində o qədər də əhəmiyyət kəsb etmədiyini, işləməyin ümumiyyətcə qadın-qız üçün lazımsız olduğunu və sadəcə sehrli həyat yoldaşı olmağının kifayət etdiyini öyrətməyin. Körpələrinizin psixologiyasına bu cür təsir etməyin. Müsahibəmi hazırladığım zaman ərəfəsində öz övladlarımın verəcəyi cavablar özümə maraqlı gəldi. Onlardan və onların dostlarından “Biz uşaqları nədən qorumalıyıq?” sualına isə bu cavabları aldım: Daha çox şokolad yeməkdən; Havada oyun oynamaq əvəzinə kompyuter oyunlarından; Oğurluq edən insanlardan; Qorxulu cizgi filmlərindən; Ağcaqanadlar, itlər və arılardan; Günəş şüalarından; Soyuq havadan və boğaz ağrısından; Cəmiyyət içində qışqıran və ucadan danışan insanlardan”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR