Taksi şirkətlərinin qiymət fırıldağı – Hara şikayət edək?
Özəl taksi şirkətləri ilə bağlı son günlər şikayətlər durmadan artır. Müştəri ilə kobud rəftar, əraziyə gec gəlmək, müştərini getdiyi ünvana uzun yollarla aparmaq kimi problemlər elə bu şirkətlər yarandığı gündən mövcuddur. Son günlər sakinlər bu şirkətlərin müştəriyə əvvəlcə başqa qiymət deyib, daha sonra fərqli qiymət tələb etməsindən şikayətçidir. Mütəmadi olaraq taksi şirkətlərinin xidmətindən istifadə edən sərnişinlər bildirir ki, taksi sifariş edilən zaman operatorun dediyi qiymətlə mənzil başına çatanda sürücünün tələb etdiyi qiymət eyni olmur.
Ya operatorlar müştəri cəlb etmək üçün əvvəlcədən qiyməti bilərəkdən az deyir, ya da sürücülər bilərəkdən qiyməti süni şəkildə artırırlar. Bu kimi problemlərlə yanaşı sürücülərin kobudluğu, xüsusilə qadın sərnişinlərlə ədəbsiz rəftarı narazılıqları daha da artırıb. Lakin sərnişinlər bu kimi hallarda kimə, hara müraciət və ya şikayət edəcəklərini bilmirlər.
Mövzu ilə bağlı Axar.az-a açıqlama verən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, özəl taksi şirkətlərindən narazı olan müştərilər İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər:
“Bakı Nəqliyyat Agentliyinin səlahiyyəti yoxdur ki, onlara müdaxilə etsin. BNA ancaq onların fəaliyyəti üçün fərqlənmə nişanı verir və dayanmaq üçün yer müəyyənləşdirir. Şikayəti olan müştəri ancaq İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilər. Lakin həmin qurum bu gün sadə vətəndaş üçün əlçatan deyil. Heç çoxları belə bir qurumun olmasından xəbərdar da deyil, əlaqə nömrələrini də bilmir”.
E.Muradlı bildirib ki, son günlər özəl taksi şirkətlərinin fəaliyyəti və göstərdikləri xidmətlə bağlı narazılıq, şikayətlər artdığından onların fəaliyyətinə nəzarət edən bir qurum yaradılmalıdır:
“Ümumiyyətlə, hesab edirəm ki, bu cür taksi şirkətlərinin fəaliyyəti ciddi nəzarətdə saxlanmalıdır. Şikayətlər qeydə alınmalı, tədbir görülməlidir. Məncə, bu işdə taksi şirkətləri özləri də maraqlı olmalıdır. Çünki istənilən nöqsan onların müştəri itirməsinə səbəb olur. Heç bir şirkət də təbii ki, müştərisini itirmək istəməz.
Məncə, taksi şirkətləri müştəri cəlb etmək üçün öz aralarında rəqabət apararaq qiyməti aşağı salmaqdansa, sürücülərinə xüsusi diqqət ayırmalı, nəzarət etməlidir. Bu şirkətlər arasında gedən rəqabət nəticəsində xırda taksi şirkətləri bir-bir aradan çıxdı və hazırda qalanların əksəriyyəti iri şirkətlərdir. Ancaq onlar da bu gün meydanda qalmalarından sui-istifadə edirlər ki, bu cür şikayətlər yaranır.
Əksər taksi şirkətlərinin avtomobilləri köhnədir, çoxu nasaz vəziyyətdədir, sürücüləri kobud və aqressivdir, operatorun dediyindən fərqli qiymət deyirlər, əraziyə gec çatır, sərnişini ünvana gec çatdırırlar. Burada vətəndaşa xidmətdən söhbət gedirsə hər bir şirkət maksimum çalışmalıdır ki, sərnişin razı qalsın”.
Ekspert bildirib ki, şikayətlərin artacağı təqdirdə dövlət məcbur qalıb bu işə əl qoyacaq:
“Vaxtilə bu özbaşınalığı avtobus şirkətləri də edirdi. Şikayətlər artdığından dövlət bu işə məcbur qalıb əl qoydu və özü xaricdən yüksək səviyyəli avtobuslar gətirməyə başladı. Özəl taksi şirkətlərinin fəaliyyəti də bu şəkildə davam edəcəyi təqdirdə dövlət haqlı olaraq bu işə əl qoyacaq və xaricdən yüksək səviyyəli taksi xidməti göstərən maşınlar gətirəcək. O zaman artıq sərnişin bu özəl şirkətlərdən imtina edəcək və zamanla onlar sıradan çıxacaq. Özəl taksi xidməti göstərən şirkətlər bunu istəmirsə, yüksək səviyyədə xidmət göstərsinlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət