Sürücü və sərnişinlər arasında maarifləndirmə işləri aparılıb
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının birinci tağımının nəzarətində olan stasionar postda (Saray postu) yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, qəzaların qarşısını almaq, kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması məqsədi ilə tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı 30-a yaxın avtomobil saxlanılıb. Onların arasında uzaq məsafələrə sərnişin daşımaqla məşğul olan mikroavtobuslar da olub. Yol Patrul Xidməti əməkdaşları tərəfindən mikroavtobus sürücüləri ilə söhbətlər aparılıb, sənədlərinin qaydasında olmasına nəzər yetirilib. Avtomobili sərxoş idarə edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbir görülüb. Həmçinin postun ərazisində olan həkim briqadası bir neçə sürücünü tibbi müayinədən keçirib.
Profilaktik tədbir zamanı postun ərazisində xarici ölkə vətəndaşlarının idarə etdiyi iki nəqliyyat vasitəsi də saxlanılıb. Postda xidmət aparan polis serjantı Elvin Xankişiyev əcnəbilərlə ingilis dilində profilaktik söhbət apararaq, avtomobildəki sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsini nöqsan kimi bildirib. Yol polisinin bu iradı turistlər tərəfindən aradan qaldırılandan sonra onlar yollarını davam etdiriblər.
Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən belə maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət