Slimfit
  1. İDMAN

Süpürgəçilik və içki aludəçiliyi ilə başlayan həyat - "Ulduzlar"

Süpürgəçilik və içki aludəçiliyi ilə başlayan həyat - "Ulduzlar"
Sakura

Süpürgəçilik və içki aludəçiliyi ilə başlayan həyat - "Ulduzlar"

Onu sevməyə bilərsiniz. Aqressiv və çılğın hərəkətləri ilə özünə qarşı antipatiya toplayıb. Ancaq həyat hekayəsini oxusanız, bəlkə də, ona haqq qazandırarsınız.

Həyat hər kəsə bərabər səviyyədə yaşamaq imkanı vermir. Luis Suaresin də həyatı çətinliklərlə başlayıb.

Beləliklə, apasport.az saytının "Ulduzlar" rubrikasının budəfəki qəhrəmanı Uruqvay millisinin və "Barselona"nın hücumçusu Luis Suaresdir. 

Yoxsul ailənin 4-cü oğlu
Luis Alberto Suares Diaz 1987-ci il yanvarın 24-də Uruqvayın ikinci böyük şəhəri Saltoda anadan olub. Atası Rodolfo Suares keçmiş hərbçi və futbolçudur. Suares 7 uşaqlı ailənin dördüncüsüdür. Ailənin kökündə Afrika və İspaniya qarışığı da var. Məsələn, Luisin babasının qaradərili olduğu bildirilir. Geniş ailə olan Suareslər 7 qardaşdır və kasıb təbəqənin nümayəndəsi olub. Yoxsul olsalar da, kəndlərində xoşbəxt həyat sürüblər.

Əksər uşaqlar kimi, Luis də məmləkətinin "Sportivo Artiqa" komandasına yazılaraq, səmərəli vaxt keçirmək, əylənmək qərarına gəlib. Rodolfo Suares həmin vaxtlar paytaxt Montevideodakı biskvit fabrikində çalışaraq, ailəsini dolandırıb. Rodolfo ailəsini də sonradan yanına aparıb. Ancaq 7 yaşlı Luis buna qarşı çıxıb və Saltoda qalıb. O, bir müddət nənəsi Roza ilə yaşayıb. Ancaq çox keçmədən ailəsinin yanına getməli olub. Anası Montevidiodakı mərkəzi avtobus dayanacağında təmizlik işləri görüb. Oğlanları da bu işdə ona kömək edirdi. Təbii ki, onların içində Luis də var idi.

Səfil yeniyetməlik illəri
Paytaxtdakı Tres Krukes küçəsində yerləşən 171 nömrəli məktəbdə oxuyan 8 yaşlı Luis yaxınlıqda idman məktəblərinin olmasına baxmayaraq, "Urreta" klubuna yazılmağı üstün tutub. Vaxt keçdikcə təkcə futbol bacarığını nümayiş etdirmədi, həm də rəqabətə necə dözümlü olduğunu göstərdi. Ancaq yeganə problemi şəhərdəki mühitə uyğunlaşa bilməməyi idi: "Yalın ayaqla ot örtüyünə çıxmağın imkansız olduğu bir şəhərə köçmüşdük. Orada fərqli danışırdılar, məni lağa qoyurdular. Amma bütün bunlara mümkün qədər tez uyğunlaşmalı idim".

Uyğunlaşma dönəmi tam keçməmiş 9 yaşında olarkən valideynlərinin ayrılması ilə ağır zərbə aldı. Artıq 15 yaşında atasız bir ailənin dolanışığını qarşılamaq üçün qardaşları kimi, o da əlində süpürgə Uruqvay küçələrini təmizləyirdi. Buna baxmayaraq, futbolu da atmadı, "Urreta"da oynamaqda davam etdi. Bir müddət sonra "Nasional"ın gənclərdən ibarət komandasının skautu Uilson Piresin diqqətini çəkməyi bacardı. Yoxsulluq, əziyyət onu o qədər sarsıtmışdı ki, içkiyə qurşanmış, pis vərdişlərə aludə olmuşdu. Üstəlik, "Nasional"dakı sınaqdan da uğurla çıxa bilməmişdi: "Həmin vaxtlar uğursuz dönəmdən keçirdim, futbol mənim üçün yaxşı getmirdi. Artıq çalışmaq istəmir, məşq etməyi xoşlamırdım. Yalnız oyunlarda iştirak etməyi sevirdim, ancaq bu yolla nəyəsə nail olmağım çətin görünürdü. Çox əsəbi idim".

"Nasional"a qəbul olundu, ilk ilində çempion oldu
Ancaq Uilson Pires ondan əl çəkmədi. Luisə məsləhətlər verən Pires onu qazanmaq üçün əlindən gələni edirdi. Luisə özünü göstərmək üçün daha bir fürsət verilməsinə çalışdı. Gənc Suares artıq özünü toparlamış, futbolçu kimi ailəsini səfil həyatdan qurtaracağını və özünə bahalı buts ala biləcəyini dərk etmişdi: "Ailəm, qardaşlarım barədə düşündüm. Futbolda yüksəlsəm onlara kömək etmək şansımın olacağını gördüm. Bu üzdən bütün diqqətimi futbola yönəltmək məcburiyyətində qaldım. Baxışa dəvət edilən bəzi uşaqlara da diqqət yetirdim. Axı bu butsları geyinmək üçün çox çalışmalısan".

Artıq 2005-ci ildə "Nasional"ın əsas komandasına cəlb edildi, ilk mövsümdəcə 10 qolla komandasının çempionluğuna töhfə verdi. "Roşa" ilə çempionluq oyunlarının hər ikisində fərqlənməyi bacardı. Get-gedə yüksələn performansları onu "Qroningen"ə, oradan növbə ilə "Ayaks", "Liverpul" və "Barselona"ya qədər apardı. 82,3 milyon avroluq transferlə "Barselona"nın yolunu tutdu və həmin dönəmin ən bahalı keçidləri sırasına düşdü. Ondan sonrası isə həm "Barselona", həm də özü üçün bir tarixdir...

Qurtarıcısı olan uşaqlıq sevgisi
Luis Suares 10 ildir Sofia Balbi ilə evlidir. Hələ "Nasional"ın aşağı yaş qrupuna düşmək istəyərkən, yəni problemlər yaşadığı 15 yaşında olarkən Sofia ilə tanış olub. Onu həmin səfil durumdan çıxaran şəxs Sofiadır. Məhz onun dəstəyi və məsləhətləri sayəsində Luis içkini, pis vərdişləri atdı, həyata daha pozitiv baxmağa başladı. Sofianın atası bütün ailəsi ilə İspaniyaya köçdüyü zaman onların yolları ayrı düşmüşdü. Ancaq Luis "Qroningen"ə keçdikdən sonra Sofianı yanına aparmaq üçün valideynlərini çətinliklə də olsa, razı sala bildi. Hollandiyada bilikdə yaşadıqdan iki il sonra - 2009-cu ildə ailə həyatı qurdular.

Evliliklərini 3 sevimli uşaqla taclandırdılar. Delfina 2010, Benjamin 2013, Lauti isə 2018-ci ildə dünyaya göz açıb.

Luis Suaresin ailə üzvləri haqda
Anası barədə: Sandra Diaz bütün fədakar analar kimi böyüdüb oğlanlarını. Luisin ən böyük dəstəkçisi də məhz anası olub. Sandranın birlikdə xoşbəxt həyat sürdüyü yeni bir həyat yoldaşı var.

Atası barədə: "Deportivo Artiqa"da oynamış keçmiş hərbçi. Bəzi mənbələr Rodolfo Suaresin həyat yoldaşından boşandıqdan sonra ailəsindən uzaqlaşmadığını yazır. Hətta şəriki Karolina ilə ailə həyatı qurduqdan sonra da övladlarına yaxın olduğu bildirilir: "Övladlarımla münasibətim çox yaxşıdır. Tədbirlərə, əyləncə yerlərinə birlikdə gedir, yaxşı vaxt keçiririk. Biz çox yaxın ailəyik".

Qardaşları barədə: Luisin 6 qardaşı var. Bunlar Paolo, Covana, Letisia, Luis, Maksi və Dieqodur. Böyük qardaşı Paolo hazırda Salvadorun "İsidro Metapan" klubunun formasını geyinir və yarımmüdafiəçi mövqeyində oynayır.

Yaşadıqları ilə "canavar"a çevrilən mübahisəli ulduz
Luis Suares son 10 ildə futbol dünyasının ən çox müzakirə etdiyi oyunçulardan biridir. Çılğınlığı və əzmkarlığı uşaqlıqdan qalma xüsusiyyəti, yoxsulluqdan çıxması və pis vərdişlərdən qurtulması ilə əlaqələndirilir. Zəfər qazanmağı, onu qeyd etməyi sevən Luisin məğlubiyyətdən zəhləsi gedir. Bu da onu yaşıl meydanlarda çılğın, mübariz edir. İllər keçdikcə ətrafında baş verənlər, xüsusən də, valideynlərinin boşanması, maddi sıxıntı və ümidsiz şəkildə futbol ayaqqabısı ala bilməməsi onu ipə-sapa yatmayan bir hala gətirdi. Həmin xüsusiyyətlər indi də hücumçunun hərəkətlərində hiss olunur. Bütün yaşadıqları onu bir növ "canavar"a çevirdi. Bu üzdəndir ki, Luis qələbə üçün hər yola əl atır: "Uşaq vaxtı uduzmağı xoşlamırdım. 7 yaşımdan sonra müxtəlif yarışlara qatılırdım və uduzduğum zaman dəli olurdum. Hətta indi həyat yoldaşım və uşaqlarımla oynayanda da qalib gəlmək istəyirəm, onlara kömək etmirəm".

Buna baxmayaraq, meydandan kənarda gözəl ailə başçısı və ideal dostdur. Bədənindəki tatular ailə üzvləri ilə bağlıdır. Hobbisi video oyunları oynamaq və ailəsi ilə vaxt keçirməkdir. Zəngin həyata baxmayaraq, özünü təvazökar aparır, şou-biznesdən uzaq durur. İngiltərədə və Uruqvayda o qədər də dəbdəbəli olmayan evi var. Çünki bütün fikrini meydandakı oyununa yönəldir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR