Dərc edildi: Baxış sayı: 786
Süni mayalanma qadınlarda beyin xərçənginə səbəb olur?
Son zamanlar mətbuatda gündəmi zəbt edən xəbərlərdən biri də 48 yaşlı rus aktrisası Anastasiya Zavaratnyukun beyin xərçəngindən müalicə almasıdır. Onu da qeyd edək ki, məşhur rus müğənnisi Janna Friske də 40 yaşında eyni xəstəlikdən dünyasını dəyişib. Lakin hər iki qadını birləşdirən təkcə onların eyni xəstəlikdən dünyalarını dəyişmələri faktı deyil. Belə ki, onların hər ikisi təbii yolla deyil, süni yolla hamilə qalaraq ana olublar. Məhz bunun nəticəsində də hər iki qadının xərçəngə yoluxma məsələsi aktuallaşaraq gündəmi zəbt edib.
Bir çox onkoloqlar aktrisanın 46 yaşında süni mayalanma etdirdiyi üçün güclü hormonal stimulyasiyaların xərçəngi oyatması barədə fikirlər yürüdür və cəmiyyət də buna artıq inanır.
Görəsən həqiqətənmi yaş amilinin rolu var? Süni mayalanma qadını ağır xəstəliklərlə üz-üzə qoyurmu?
Medicina.az bu suallarını süni mayalanma mütəxxəsisi Elnurə Vəliyeva cavablandırıb.
"Müasir zamanda ailə quran cütlüklər var ki, bir çox səbəblərdən təbii yolla övlad sahibi ola bilmir. Buna görə də alternativ variant olan sini mayalanma ,yəni ekstrokorparal mayalanma tətbiq edilir.
Dünyada ilk dəfə süni mayalanma 1977-ci ildə Böyük Britaniyada həyata keçirilib. Hal-hazırda süni mayalanma yolu ilə doğulan Luiza Braunun 40-dan çox yaşı var və o özü də bu yaxınlarda təbii yolla ana olaraq oğlan uşağı dünyaya gətirib.
Qadınların təbii yolla ana ola bilməməsinin bir çox səbəbləri var. Məsələn qadınların uşaqlıq boruları hər hansı bir əməliyyat və ya keçirdiyi infeksiya səbəbindən tututlubsa, yumurtalıqlarda polikistoz və ya şokolad kisti səbəbindən ovulyasiya, yəni yumurtlama prosesi norlam getmirsə o zaman süni mayalanmaya müraciət edilir. Qadınlarda 35 yaşdan sonra yumurtalama prosesi zəifləyir. Maksimum 45 yaşında yumurta rezervi bitir. Buna görə də xanımlar övlad sahibi olmaq üçün gecikməməlidirlər”.
Əgər qadının ürək, böyrək və beyinlə bağlı həmçinin də yüksək təzyiq kimi problemi yoxdursa, süni mayalanmanın da yaş həddi yoxdur. Hətta 55 yaşında da süni mayalanma ilə dünaya övlad gətirənlər var. Bu yaxında Hindistanda 70 yaşlı bir qadın süni mayalanma yolu ilə ana olub. Qadının yaşı artdıqca təbii ki, onun cinsiyyət hüceyrələrində də bir sıra dəyişikliklər baş verir. Bu isə xəstə uşaqların doğulmasına gətirib çıxara bilər. Buna görə də süni mayalanma prosesi zamanı embrionlar secilərək tam sağlamları təyin edilir və ana bətninə yerləşdirilir. Həmçinin də genetik xəstəliyi olan insanlarda , məsələn talasemiya daşıyıcısı olan valideynlərin sağlam övladının doğulması üçün də süni mayalanma üsulu tətbiq edilir.
Bəs süni mayalanma xərçəngi aktivləşdirə bilərmi?
"Süni mayalanmanın xərçəngin inkişafına səbəb olmaması haqda yetərincə elmi araşdırmalar var. Bu proses qadının sağlamlığı üçün heç bir təhlükə yaratmır. Yəni süni mayalanma onkoloji xəstəliyin yaranmasına səbəb olmur. Amma əgər xəstədə əvvəlcədən hər hansı bir onkoloji problem varsa, olubsa, bu gözdən qaçıbsa, o zaman təbii ki süni mayalanma zamanı tətbiq edilən hormonal preparatalar şişi aktivləşdirə bilər. Bu təkcə beyin deyil, həm də yumurtalıq, süd və tiroid vəzlərində və s orqanlarda da özünü büruzə verə bilər.
Əgər qadında gizli olaraq xərçəng inkişaf edirsə, o zaman yalnız süni mayalanma zamanı deyil, həm də normal hamiləlik və onun 9 ay boyunca gedişatı boyunca orqanizmə oyadıcı təsir göstərərək xəstəliyin üzə çıxmasına şərait yaradacaq. Əgər qadının nəslində xərçəng xəstəsi olarsa, onun gələcəkdə bu xəstəliyə yoluxa biləcəyini yoxlamaq üçün hal hazırda dəqiq metod yoxdur. Bu qadını sadəcə olaraq USM və mammoqrafiya metodu ilə müayinə edərək xəstəliyi aşkarlamaq mümkündür.
Bu mövzu ilə bağlı olaraq Rusiya da reproduktoloqları səs salıblar. Hal-hazırda kütləvi informasiya vasitələri tərəfindən çox anlamsız bir təbliğat aparılır. Ana olmaq istəyən bir çox qadın var ki, bu xəbərdən sonra həyatlarını risqə atmaqdan ehtiyat edərək fikirlərindən vaz keçirlər. Əgər qadının anasında və ya nənəsində xərçəng xəstəliyi olubsa, onda bu xəstədə olub-olmayacağını dəqiq demək olur. Burda əsas məsələ süni mayalanma deyil, hamiləlik faktorudur. Çünki bədənində passiv xərçəng hüceyrələri olan qadınlar hamiləlik keçirdikdən sonra xərçəng xəstəliyi ilə üzləşə bilirlər. Burda günahı süni mayalanmanın üstünə atmaq doğru deyil. Süni mayalanma özünü doğrultmuş bir metoddur.
Bundan əlavə həmçinin surroqat ana, yəni daşıyıcı ana anlayışı da mövcuddur. Bu zaman genetik ananın və genetik atanın hüceyrələrindən istifadə edilərək əldə edilən embrion ananın uşaqlığına deyil, başqa bir qadının bətninə yerləşdirilir.
Təəssüflər olsun Azərbaycanda qanuni olaraq bu metod tənzimlənmir. Hər hansı bir səbəbdən övladını bətnində daşıya bilməyən qadınlar ana olmaq üçün başqa ölkələrə üz tuturlar. Məsələn Ukrayna, Gürcüstan Rusiya kimi ölkələrdə bu üsul qanunla tənzimlənir və bizim qadınların çoxu həmin ölkərə üz tuturlar. Bu zaman daşıyıcı ananı həmin ölkə təqdim edir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət