Sumqayıt şəhər stadionunun söküntüsünə başlanılıb
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun söküntüsünə başlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu sökülərək yerində yeni, müasir tələblərə cavab verən üstü örtülü arena inşa olunacaq.
Qaçış zolağı ləğv olunacaq və genişlənmiş ərazidə üstü örtülü iki ehtiyat meydança da tikiləcək. Arenanın tutumu 17000 nəfər olacaq. Eyni zamanda 5 mərtəbəli otel və yeni elektron tablo inşa olunacaq. Yeni arenanın 2020-ci ilin sonlarında istifadəyə veriləcəyi planlaşdırılır.
Xatırladaq ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.
1966-cı ildən fəaliyyət göstərən stadion indiyə qədər heç vaxt əsaslı təmir olunmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət