Sumqayıt Dövlət Universiteti və onun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində…
Yanvarın 22-də Sumqayıt Dövlət Universitetində və onun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, Qeyri-hökumət təşkilatları, valideynlər, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişatı izlənildi.
Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov monitorinq iştirakçılarına 2018-2019-cu tədris ilinin payız imtahan sessiyasının təşkili və gedişi, imtahan qaydaları, imtahan prosesində şəffaflığın və obyektivliyin təmin edilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər haqqında ətraflı məlumat verdi. Bildirdi ki, təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı əmrinə əsasən, imtahanlar mövcud qaydalara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur. İmtahan başlayandan mütamadi olaraq universitetdə İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə SDU-da və eyni zamanda Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində imtahan prosesi izlənilir.
Prorektor onu da diqqətə çatdırdı ki, imtahanlar bir qayda olaraq yazılı formada aparılır. İmtahan başa çatdıqdan sonra cavab blankları imtahan yoxlanma qərargahında kodlaşdırılaraq, müəllimlər tərəfindən yoxlanılır və nəticələr elan olunur. Yazılı imtahanda müsbət qiymət alan tələbələr qiymətlərini artırmaq üçün ərizə ilə müraciət etdikdə, onlardan appelyasiya komissiyasının üzvlərinin və fakültə dekanlarının iştirakı ilə şifahi imtahan götürülür, cavab qane edici olduqda qiyməti artırılır. Əks halda əvvəlki qiymət saxlanılır.Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin tədris binalarında müraciət və təkliflər qutuları asılıb, tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyini vurğuladı.
Sonra Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov nümayəndə heyəti ilə imtahanların gedişini izləmək üçün Tədris Metodik Mərkəzdə, auditoriyalarda, yazı işlərinin kodlaşdırılması otağında oldu. Şura üzvləri imtahan bitdikdən sonra yazı işlərinin şifrələnməsi, müəllimlərin imtahanın nəticələrini yoxlamaları prosesini də izlədilər və bu proseslərdə obyektivliyin şahidi oldular. Eyni zamanda qonaqlar müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya və zəngin elektron kitabxanada oldular.
Prorektor onu da diqqətə çatdırdı ki, imtahanlara şəxsən universitetin rektoru professor Elxan Hüseynov özü nəzarət edir. Rektor qəbul günündən başqa, sessiya müddətində hər gün tələbə və valideynləri qəbul edir, onları dinləyir, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və tapşırıqlarını verir.
İmtahanlar bitdikdən sonra İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri tələbələrlə də söhbətlər apardılar. İmtahanların şəffaf və obyektiv keçirilməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini təqdir edib, tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluq ifadə etdilər.Universitetin rəhbərliyinə, rektor professor Elxan Hüseynova öz minnətdarlıqlarını bildirdilər.
Sonra nümayəndə heyəti Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecdə imtahan prosesini izlədilər. Kollecin direktoru dosent Mətanət Pirquliyeva nümayəndə heyəti ilə görüşdü, qeyd etdi ki, imtahanlarda şəffaflığın təmin olunmasını həyata keçirmək məqsədilə hazırlıq işləri vaxtında həyata keçirilib. İctimai şuranın üzvləri və imtahan prosesinə baxış keçirən digər iştirkaçılar görülən işləri yüksək qiymətləndirdilər.
Tələbələr də öz növbələrində yaradılan obyektiv şəraitə görə kollecin rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət