Sülh və İnkişaf Naminə Dünya Elm Günü
Hər il noyabrın 10-nu Sülh və İnkişaf Naminə Dünya Elm Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaqdır.
Dünya Elm Günü, bütün maraqlı tərəfləri - dövlət adamlarından tutmuş media nümayəndələrinə və məktəb şagirdlərinə qədər elm mövzusunda sülh və inkişaf naminə səfərbər etmək üçün bir fürsət verir. UNESCO hər kəsi bu gün öz tədbirini təşkil edərək Dünya Sülh və İnkişaf naminə Elm Gününün qeyd olunmasına qoşulmağa çağırır.
Sülh və İnkişaf naminə Dünya Elm Günü cəmiyyətlərin dinc və davamlı inkişafı üçün elmin rolu barədə ictimaiyyətin məlumatlandırılmasını, müxtəlif ölkələr arasında elmi nailiyyətlərin paylaşılması üçün milli və beynəlxalq həmrəyliyi təşviq etməyi, elmin cəmiyyətin xeyrinə istifadəsinə dair milli və beynəlxalq öhdəliyi yeniləməyi, elmin qarşılaşdığı problemlərə diqqət çəkməyi və elmi fəaliyyətə dəstəyi artırmağı qarşısına vəzifə qoyub.
AZƏRTAC xəbər verir ki, 2019-cu ildə Sülh və İnkişaf naminə Dünya Elm Günü “Heç kimi geridə qoymadan açıq elm” şüarı altında qeyd olunur.
Son illərdə əldə olunan nailiyyətlərə baxmayaraq yenə də elm, texnologiya və yeniliklərdə ciddi fərqlərin şahidi oluruq. Bu fərqləri və mövcud boşluqları aradan qaldırmaq üçün “Açıq elm”i inkişaf etdirmək vacibdir.
Elmi məlumatların, araşdırmaların nəticələrinin, fərziyyələrin və fikirlərin açıq mübadiləsi elmi prosesin əsas elementidir. Bu mənada “Açıq elm” elmi tədqiqat və məlumatların hamı üçün əlçatan olması üçün böyüyən qlobal bir hərəkatdır.
Elmi əməkdaşlığın möhkəmləndirilməsi, yeni texnologiyaların inkişafı və tətbiqi baxımından “Açıq elm”in əhəmiyyətli potensialı var. Elmi layihələrin həyata keçirilməsi inkişaf etməkdə olan ölkələrdə, inkişaf etməkdə olan kiçik ada dövlətlərində, xüsusilə Afrika ölkələrində davamlı inkişaf məqsədlərinə çatmaqda “Açıq elm”dəyşiliklik edə bilər.
Dünya Elm Günü münasibətilə UNESCO-nun Baş direktoru Odre Azule dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə qeyd olunur ki, 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi “Heç kimi diqqətsiz qoymamaq” öhdəliyinə əsaslanır. Əvvəlki dövrlərdə olduğu kimi bu gün də biliklərə sahib olmaqda eksklüzivlik bərabərsizliyə, sosial münaqişəyə səbəb ola bilər. Planetimizin iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və təbii fəlakətlər kimi getdikcə artan problemlərlə üzləşdiyi bir dövrdə elmi biliklərin inkişafı hər zamankından daha vacib olmağa başlayır. Bu problemləri həll etmək üçün elmə, elmi və texniki inkişafa, o cümlədən innovativ ideyalara qoyulan investisiyaların həcmini artırmaq lazımdır.
Bəşəriyyətin üzləşdiyi qlobal problemlər bütün dünya ölkələrinin və bütün vətəndaşların iştirak etdiyi qlobal cavab tələb edir. Belə bir yanaşma 2030-cu ilədək Gündəliyinin və Davamlı İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi üçün vacibdir. Birgə iştirak elmin özünəməxsus xüsusiyyətlərindən biridir. Problemlərin həlli və tədqiqat nəticələrinin yayılması prosesində çoxşaxəli bir yanaşmanın tətbiqi yeni biliklərin toplanmasına öz töhfəsini verir. “Açıq elm”in məqsədi elmi informasiyaların, biliklərin və məlumatların hamı üçün əlçatanlığını təmin etməkdir. İnformasiya əldə etmək imkanlarını genişləndirməklə elm adamları, ixtiraçılar, mühəndislər, sahibkarlar və adi vətəndaşlar elm, texnologiya və innovasiya sahəsində araşdırma aparmaq imkanı əldə edəcəklər. Elmə belə bir yanaşma elmi fəaliyyətin nəticələri üçün şəffaflığı və hesabatlılığı artırmaqla yanaşı, hamı üçün bərabər imkanlar yaratmağa kömək edəcəkdir. Bu hədəfləri rəhbər tutan UNESCO, bu ilki Sülh və İnkişaf naminə Dünya Elm Günü üçün "“Heç kimi geridə qoymadan açıq elm” " şüarını seçib.
UNESCO açıq elmin potensialından istifadə etməyə yönəlmiş bu qlobal dialoqda aparıcı rolu öz üzərinə götürməyə hazırdır. Qlobal nöqteyi-nəzərdən elmi informasiyalara və məlumatlara açıq çıxış elm, texnologiya və innovasiya sahəsindəki boşluqların doldurulmasına, elmi və texnoloji tərəqqinin bütün bəşəriyyətin xeyrinə istifadə edilməsinə və heç kimin diqqətdən kənarda qalmamasına təminat verəcəkdir.
Sülh və İnkişaf naminə Dünya Elm Günü 2001-ci ildə UNESKO-nun Baş Konfransında 1999-cu ildə Budapeştdə keçirilmiş UNESKO-nun və Dünya Elmi Şurasının ortaq birliyi zamanı verilən öhdəliklər çərçivəsində təsis edilib.
Bu gün elan edildikdən sonra, Sülh və İnkişaf naminə Dünya Elm Günü UNESKO-nun bir çox konkret layihə və proqramların mənbəyi, eyni zamanda dünyada elmin maliyyələşdirilməsi sahəsində xidmətlər edir. Münaqişə zonalarında elm adamları arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfələrini verib. Sülh və İnkişaf naminə Dünya Elm Günü beynəlxalq birliyə elmi və texnoloji nailiyyətlərin sülh və inkişafı, bəşər sivilizasiyasının rifahı üçün istifadə edilməsinin vacibliyini xatırladır.
Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıb. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır. Bu gün elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir. Azərbaycanın milli məhsulda elm və təhsilin çəkisini artırması, kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması elm və təhsil sahəsində yeni yanaşmalara, bu istiqamətdə nailiyyətlərin genişləndirilməsinə münbit şərait yaradır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət